Türkiyənin xarici işlər naziri İsmayıl Cəm ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 19 yanvar 1999-cu il


İsmayıl Cəm: Cənab Prezident, Sizi Türkiyədə görməyimdən məmnun olduğumu bildirir, Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Heydər Əliyev: Ankaraya gəldiyim ilk gündən mənə göstərdiyi yüksək qayğı və qonaqpərvərliyə görə Türkiyə Respublikasının prezidentinə və hökumətinə təşəkkürümü bildirirəm. Keçmiş SSRİ rəhbərliyində olduğum zaman mən ölkənin səhiyyə sahəsinə də rəhbərlik edirdim. Bununla əlaqədar dünya səhiyyə sahəsində olan bütün nailiyyətlərdən xəbərdar olurdum. Məhz buna görə də Gülhanə Tibb Akademiyasını müasir dünya standartlarına uyğun bir tibb ocağı kimi qiymətləndirir və burada fəaliyyət göstərən mütəxəssislərin dərin biliklərə və yüksək professionallığa malik olduqlarını bildirirəm.

Mən sizi yenidən Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik edirəm və Türkiyənin yeni hökumətinə fəaliyyətinizdə uğurlar arzulayıram. Sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Sizə möhkəm cansağlığı arzulayır, qardaş və dost Türkiyə xalqına səmimi salamlarımı yetirirəm.