Azərbaycan memarlarının XVI qurultayına - Bakı şəhəri, 19 aprel 2000-ci il


Hörmətli qurultay nümayəndələri!

Sizi və sizin şəxsinizdə bütün Azərbaycan memarlarını respublikamızın ictimai həyatında mühüm hadisə - Azərbaycan memarlarının XVI qurultayının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan memarlıq sənətinin qədim zəngin ənənələri vardır. Memarlarımızın yaratdığı daş salnamələr - şəhərlər, körpülər, abidələr xalqımızın mənəvi zənginliyini əks etdirməklə yanaşı, dünya mədəniyyəti tarixinin parlaq səhifələrini təşkil edir, memarlıq məktəbimizin dahi nümayəndəsi Əcəmi Naxçıvaninin XII əsr Azərbaycan mədəniyyəti və ictimai fikrindəki intibahın parlaq təzahürlərindən olan yaradıcılığı uzun müddət Yaxın Şərq ölkələri memarlığına güclü təsir göstərmişdir.

Memarların fədakar və səmərəli əməyi ilə yaradılmış sənət abidələri xalqımızın mədəni həyatının nadir incilərini təşkil edərək həmişə onun milli şüurunun, estetik zövqünün möhkəmlənməsinə və inkişafına xidmət etmişdir. Bu memarlıq abidələri öz əzəməti, orijinal üslubu və yüksək sənətkarlıq keyfiyyətləri ilə mütəxəssisləri indi də heyran edir.

Avropa və Asiyanın qovşağında yerləşən ölkəmizdə dünya memarlığının ən yaxşı ənənələri ilə milli xüsusiyyətlərin sintezini özündə əks etdirən güclü memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini ləyaqətlə davam etdirən Azərbaycan memarları yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə bu gün də xalqımıza sevinc bəxş edirlər. Onlar ölkəmizin digər yaradıcı ziyalıları ilə birlikdə bütün postsovet məkanına xas olan mürəkkəb sosial-iqtisadi problemlərin həlli ilə yanaşı, milli-mənəvi dəyərlərin bərpa və bərqərar edilməsi sahəsində ciddi işin həyata keçirilməsində yaxından iştirak edirlər. Məhz onların əməyi sayəsində ölkəmizin şəhər və rayonlarının, xüsusilə paytaxtının siması son illərdə xeyli dəyişmişdir. Bu müddət ərzində əldə edilmiş nailiyyətlər bir tərəfdən ölkə iqtisadiyyatında baş verən müsbət dəyişikliklərlə bağlıdırsa, digər tərəfdən Azərbaycan memarlarının güclü potensiala malik olduğuna dəlalət edir.

Müstəqil Azərbaycan dövlətinin qarşısındakı mühüm vəzifələrin yerinə yetirilməsi memarların öz səylərini daha da artırmalarını zəruri edir. Bu vəzifələrdən biri də erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarımız azad edildikdən sonra oradakı şəhər və kəndlərimizin bərpasıdır. Ümidvaram ki, qurultayınız memarların qarşısında duran bütün problemləri müzakirə edərək Azərbaycan memarlıq məktəbinin XXI əsrdə inkişaf yollarının müəyyən olunmasında əhəmiyyətli mərhələ olacaqdır.

Qurultayınızın işinə böyük uğurlar arzulayır, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni nailiyyətlər diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT