Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın baş naziri Ryutaro Haşimoto ilə görüşdəki söhbətindən - Baş nazirin rəsmi iqamətgahı, 26 fevral 1998-ci il


Ryutaro Haşimoto: Hörmətli cənab prezident Heydər Əliyev! Mən sizi səmimiyyətlə salamlayıram, sizinlə bir yerdə olmağımdan çox məmnunam və sizi Yaponiya xalqı adından, öz adımdan salamlayıram. Dəvətimi qəbul edərək Yaponiyaya rəsmi səfərə gəldiyinizə görə minnətdarlığımı bildirirəm. Burada bizim çox faydalı görüşlərimiz olacaq və belə hesab edirəm ki, tarixi hadisə olan bu səfəriniz Yaponiya ilə Azərbaycan Respublikası arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edəcəkdir.

Mən hələ gənclik illərində Azərbaycana xüsusi maraq göstərirdim. Bu maraq hissi ölkəniz haqqında hətta kiçicik bir məlumatı da böyük məmnuniyyətlə əldə etməyimə səbəb olurdu. Siz zəmanəmizin görkəmli dövlət xadimisiniz. Mən sizin həyat və fəaliyyətinizlə yaxından tanışam.

Yaponiyadan başlayaraq "Böyük ipək yolu" üzərində yerləşən, hələ keçən əsrlərdə Azərbaycanla ticarət əlaqələri olan "gündoğar ölkə"də ölkənizə həmişə böyük maraq göstərilmiş, xalqlarımız həmişə yaxın olmuşdur. Coğrafi-siyasi cəhətdən çox mühüm bir ərazidə yerləşən Azərbaycanla əməkdaşlığın durmadan inkişaf etdirilməsinə Yaponiya xüsusi əhəmiyyət verir.

Əmin olduğumu bildirirəm ki, sizin bu səfəriniz təkcə iki ölkənin qarşılıqlı münasibətlərində deyil, həm də "Böyük ipək yolu" üzərində yerləşən dövlətlərin siyasi, iqtisadi və mədəni əlaqələri tarixində yeni dövrün başlanğıcı olacaqdır.

Sizin rəhbəri olduğunuz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatlar aparılır, böyük işlər görülür, yeni-yeni nailiyyətlər əldə olunur. Yaponiya hökuməti və ictimaiyyəti tərəfindən bütün bunlar diqqətlə izlənilir və çox maraqla qarşılanır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası Dünya Birliyində öz layiqli yerini tutacaqdır.

Heydər Əliyev: Cənab Baş nazir! Hörmətli Ryutaro Haşimoto!

Səmimi sözlərə və qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Məni Yaponiyaya rəsmi səfərə dəvət etdiyinizə görə, cənab Haşimoto, sizə təşəkkür edir və bu səfərin böyük tarixi əhəmiyyətə malik olduğunu vurğulamaq istəyirəm.

Biz dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiya ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xüsusi əhəmiyyət veririk.

Bildirmək istəyirəm ki, Azərbaycanda ictimai-siyasi vəziyyət, hüquqi, demokratik dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, islahatlar həyata keçirilmişdir. Bunun nəticəsində yüksək uğurlar əldə olunmuşdur. Qazanılan müvəffəqiyyətlərə baxmayaraq müstəqil respublikamızın qarşılaşdığı problemlər də vardır.

Sizə məlum olsun ki, Ermənistan silahlı qüvvələri 1988-ci ildən bəri Azərbaycana təcavüz edərək ölkəmizin ərazisinin 20 faizini işğal etmiş, 1 milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün Minsk qrupu çərçivəsində danışıqlar aparıldı. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları tərəfindən 1996-cı ilin dekabrında Lissabonda keçirilən zirvə görüşündə bu münaqişənin həlli üçün prinsiplər qəbul olundu və Minsk qrupunun həmsədrləri olan -Rusiya, ABŞ, Fransa bu münaqişənin sülh yolu ilə həll edilməsi haqqında təkliflər irəli sürdülər. Bu sahədə sizin dəstəyinizə, köməyinizə ehtiyacımız var. Beynəlxalq təşkilatlarda və toplantılarda Yaponiyanın Azərbaycanın haqq işini dəstəkləməsinə ehtiyac duyuruq.

Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni edirik, lakin Ermənsitan tərəfi beynəlxalq təşkilatların qətnamələrinə, hamı tərəfindən tanınmış hüquq normalarına məhəl qoymur. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı bərpa edilsin, qaçqınlarımız öz doğma yerlərinə qayıtsınlar. Elə buna görə də Azərbaycan Minsk qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri əsas kimi qəbul etmiş və münaqişənin Lissabon prinsipləri əsasında həll olunması istiqamətində ciddi səylərini davam etdirir.

Ryutaro Haşimoto: Yaponiya Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə aradan qaldırılmasına tərəfdardır. Yaponiya Azərbaycanın haqq işini müdafiə edir, bir ölkənin digər ölkənin ərazisini zor gücü ilə ələ keçirməsini qətiyyətlə pisləyir.

Sizin Yaponiyaya səfərinizin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində yeni mərhələ açdığını bildirirəm. Çox böyük əhəmiyyətli Azərbaycan-Yaponiya sənədlərinin əməkdaşlığımızın durmadan genişləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını vurğulamaq istəyirəm.

Azərbaycanla bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığa Yaponiya böyük diqqət yetirir, gələn ilin ortalarında Bakıda səfirlik açacağıq. Yaponiya Azərbaycanın sosial-iqtisadi inkişafına daim yardım göstərməyə hazırdır.

Bazar iqtisadiyyatı yolunu seçmiş, islahatları müvəffəqiyyətlə aparan Azərbaycan üçün kadrlar hazırlanmasına və ölkəmizin sosial-iqtisadi vəziyyətinin ardıcıl olaraq yaxşılaşdırılmasına, inkişaf etdirilməsinə kömək göstərmək üçün Yaponiya müəyyən proqram həyata keçirməyi nəzərdə tutmuşdur. Təklif edirik ölkələrimiz arasında daha sıx və səmərəli əməkdaşlığı təmin edən mexanizm yaradılsın. Yaponiya hökuməti Azərbaycanın "Şimal" buxar-qaz elektrik stansiyasının tikinti layihəsinə 20,7 milyard iena (165 milyon ABŞ dolları) məbləğində ən güzəştli kredit, etilen-polietilen zavodunda EP-300 qurğusunun yenidən qurulması layihəsinin maliyyləşdirilməsinə 75 milyon ABŞ dolları məbləğində kredit ayırmışdır. 165 milyon dollarlıq güzəştli kredit 40 il müddətində verilir. Həm də ilk 10 il müddətində Azərbaycan tərəfindən heç bir ödəniş olmayacaq, sonrakı 30 il ərzində isə kredit illik 0,75 faizlə qaytarılacaqdır. 75 milyon dollarlıq güzəştli kredit isə 3 ildən sonra ödənilməyə başlanacaq və 10 il ərzində illik 2,5 faizlə qaytarılacaqdır. Bundan başqa Yaponiya Azərbaycana ərzaq məhsulları istehsalının artırılması üçün 400 milyon iena (3 milyon 250 min ABŞ dolları) məbləğində əvəzsiz kömək-qrant vermişdir.

Azərbaycana vərəm xəstəxanası üçün 1,7 milyon dollar məbləğində tibbi avadanlıq göndəriləcək. Yaponiya hökuməti ölkənizə humanitar yardımı daha da artıracaq, o cümlədən Azərbaycan qaçqınlarının BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı xətti ilə təcili yardım göstərməyə başlayacaqdır.

Biz müstəqil Azərbaycan Respublikasının beynəlxalq maliyyə qurumları ilə əlaqələrini müsbət qiymətləndiririk, Azərbaycanın Asiya İnkişaf Bankına və Beynəlxalq Ticarət Təşkilatına üzv qəbul olunmasını dəstəkləyirik.

Respublikanıza kömək göstərən donor ölkələrin bu yaxınlarda Tokio şəhərində görüşü keçirilmişdir. Bu tədbir Azərbaycana maliyyə yardımının daha da artırılmasına müsbət təsir edəcəkdir. Respublikanızın iqtisadiyyatının durmadan inkişaf etdirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan layihələr Yaponiya tərəfindən dəstəklənmişdir. Ölkələrimizin, xüsusilə energetika sahəsində qarşılıqlı əlaqələrinin daha da sıxlaşdırılmasını vacib hesab edirəm. Biz dünyanın enerji ehtiyatları ilə təmin olunmasında Azərbaycana dünya bazarında yeni mənbə kimi böyük ümidlər bəsləyirik.

Xəzərin Azərbaycan sektorundakı yataqların - birgə işlənilməsi üçün imzalanmış müqavilələrin həyata keçirilməsində Yaponiya şirkətlərinə yaradılmış şəraitə görə cənab prezident sizə minnətdarlığımı bildirirəm və digər sahələrdə də ölkəmizlə əlaqələrin daha da möhkəmləndirilməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulamaq istəyirəm.

Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiyanın "Mitsui" şirkəti arasında pay iştirakı haqqında imzalanmış sazişi yüksək qiymətləndirirəm. Bu, ölkələrimizin qarşılıqlı münasibətlərinin daha da inkişaf etdirilməsinin tərkib hissəsidir.

Naxçıvan hava limanının yenidən qurulması layihəsinə Yaponiyanın müsbət münasibət bəslədiyini nəzərə çarpdırıram. Bakıda Onkoloji Mərkəzin tikintisinin başa çatdırılmasının maliyyələşdirilməsinə də Yaponiyanın kömək göstərmək niyyətində olduğunu bildirirəm.

Cənab Prezident! Sizin Yaponiyaya səfərinizi bir daha tarixi hadisə kimi yüksək qiymətləndirirəm. Yaponiyaya bir - çox dövlət başçıları səfərə gəliblər. Lakin Sizin bu rəsmi səfərinizə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən belə dərin maraq Yaponiyada nadir hallardan biridir. Məndə sizin keçirdiyiniz görüşlərin siyahısı vardır. Belə gərgin işiniz məndə heyrət doğurur.

Heydər Əliyev: Azərbaycanla bütün sahələrdə əməkdaşlığın ardıcıl inkişaf etdirilməsinə Yaponiyada böyük maraq bəslənilməsinin ölkələrimiz arasındakı münasibətlərin uğurlu perspektivlərindən xəbər verir. Müstəqil dövlətimizə göstərilən diqqətə görə sizə, hörmətli Baş nazir, təşəkkür edirəm.

Yaponiyaya səfərimin çox uğurlu olduğunu razılıq hissi ilə bildirirəm. Cənab Haşimoto, sizin elan etdiyiniz və Zaqafqaziya, Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutduğunuz "İpək yolu diplomatiyası"nı yüksək qiymətləndirərək demək istəyirəm ki, bir vaxtlar Asiyadan Avropaya uzanan həmin yolun üzərində 33 ölkə yerləşib və biz "İpək yolu"nun gələcəyi ilə bağlı məsələləri müzakirə etmək üçün 1998-ci ilin may ayında Bakıda Avropa Birliyinin iştirakı ilə bu ölkələrin nümayəndələrinin beynəlxalq konfransını keçirməyi qərara almışıq və çox istərdik ki, Yaponiyanın nümayəndə heyəti də bu konfransda iştirak etsin.

Ryutaro Haşimoto: Yaponiyanın nümayəndə heyəti bu beynəlxalq konfransda iştirak edəcəkdir.

Heydər Əliyev: Mən "Toşibo" şirkətinin 1970-ci illərdə Azərbaycanda kondisionerlər zavodunun tikintisində yaxından iştirak etdiyini məmnunluqla xatırlayıram. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün "Əsrin müqaviləsi"ndə "İtoçu" şirkəti böyük paya malikdir. Digər bir müqavilənin həyata keçirilməsində "Mitsui" şirkəti cəlb olunmuşdur. Bu rəsmi səfərim zamanı Yaponiyanın çoxsaylı şirkətləri ilə uğurlu danışıqlar aparılmışdır.

Yaponiyanın zəngin təcrübəsinin Azərbaycanda öyrənilib tətbiq edilməsinin böyük əhəmiyyətini vurğulayır və kadr hazırlığı sahəsində bu ölkənin respublikamıza göstərəcəyi köməyin çox faydalı olacağına əmin olduğumu nəzərə çarpdırmaq istəyirəm.

Ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının genişləndirilməsinin zəruriliyini xüsusi qeyd edirəm. Azərbaycan Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə seçilməsini dəstəkləyir.

Hörmətli Baş nazir, cənab Haşimoto, mən sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Fevralın 26-da hökumət binasında Yaponiya ilə Azərbaycan arasında ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra jurnalistlər qarşısında Heydər Əliyevin bəyanatı

Cənab Baş nazir Haşimoto, hörmətli dostlar! Bugünkü hadisə, çox mühüm sənədlərin - "Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat"ın və "Azərbaycan Respublikası ilə Yaponiya arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat"ın imzalanması münasibətilə sizi təbrik edirəm. Hesab edirəm ki, bu sənədlərin, xüsusən Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq, ticarət əməkdaşlığı haqqında bəyanatların və digər sənədlərin imzalanması ilə ölkələrimizin əməkdaşlığında yeni mərhələ açılır. Mən bəyan edirəm ki, biz öz üzərimizə götürdüyümüz btün öhdəlikləri yerinə yetirəcək və etibarlı tərəfdaşlar olacağıq.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 14-cü cild Azərnəşr, Bakı - 2005, səh. 383