Azərbaycan Prezidenti Heydər Əliyevin "Jurnalist" jurnalının baş redaktoru Gennadi Maltsevə müsahibəsi - 18 may 2000-ci il


- İyirmi il əvvəl bizim "Jurnalist" jurnalında "Kütləvi informasiya və təbliğat vasitələrinin səmərəliliyini və təsirini yüksəltməli" adlı məqaləniz dərc edilmişdi. Ötən müddət ərzində çox böyük dəyişikliklər baş vermişdir. Bu gün siz cəmiyyətin həyatında KİV-in rolu barədə nə düşünürsünüz?

- Həqiqətən, heyrətamiz dəyişikliklər baş vermişdir. Cəmiyyət totalitar sistemdən çıxaraq demokratiya hüdudlarına keçmişdir. Mətbuatın funksiyaları da dəyişmişdir. Yadımızdadır ki, "sosialist ideologiyası" kütləvi informasiya vasitələrinin vəzifələrini müəyyənləşdirərkən klassik tərifin ehkamına əsaslanırdı: "Qəzet yalnız kollektiv təbliğatçı və kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır". Leninin bu tərifi qanun halına salınmışdı və uzun illər mətbuata rəhbərlik sahəsində partiyanın göstərişinə çevrilmişdi. "Partiya-dövlət" hibridinin mətbuatı inhisara aldığı şəraitdə ona bu üç funksiyanın verilməsi hökmran siyasi-ideoloji təsisatların mütləq hakimiyyətinə təminat yaradır, onların qərarlarını əslində alternativsiz edirdi. Mətbuatın rəhbərlik və idarəetmənin sırf ideoloji (çox vaxt da birbaşa, direktiv şəkildə idarəetmə) vasitəsinə, ictimai şüurun manipulyasiya edilməsi mexanizminə çevrilməsi mətbuatı deformasiyaya uğratmaya, onu başlıca sosial vəzifədən - cəmiyyətdə gedən proseslər barədə məlumat vermək, auditoriyanı maksimum tam həcmdə xəbərlərlə təmin etmək vəzifəsindən məhrum etməyə bilməzdi.

Yada salaq, keçmiş ittifaqın informasiya məkanı necə idi? Bu məkan əzəl başdan cəmiyyətin komanda-siqnal sistemi kimi formalaşmışdı. Qəzet və efir partiya və hökumətin fərmanlarını, direktivlərini auditoriyaya çatdırır, növbəti təbliğat-təşviqat müddəalarını adamların şüuruna yeridir, "sosialist yarışı"nın gedişinə nəzarət edir, "xalq düşmənləri"ni gözdən qoymur və şəxsiyyətə pərəstişin xronikasını yaradırdı. Lakin ideoloji senzorların aradan qaldıra bilmədikləri başqa hal da vardı: sıravi insana, vətəndaşa, onun ehtiyac və qayğılarına diqqət yetirilməsi. KİV ilə auditoriya arasında birbaşa və əks-əlaqə yaranmışdı. Hər bir böyük və kiçik qəzetdə məktublar şöbəsi vardı. Vətəndaşlar haqlı olaraq qəzetə ən mötəbər instansiyalardan biri kimi baxır, öz problemlərini onlara etibar edir, öz fikir və düşüncələrini, təkliflərini bölüşürdülər. Kütləvi informasiya vasitələrindəki tənqiddən oddan qorxan kimi qorxurdular. Bununla yanaşı, mətbuatda tərif ən yüksək mükafat kimi qarşılanırdı. Bu mənada sovet dövrünün kütləvi informasiya vasitələri yüksək səmərəliyə malik idi. Məsələn, respublikamızda mətbuat korrupsiya, oğurluq, yerlibazlıq, mənəvi düşkünlük və s. eybəcər hallara qarşı çox fəal mübarizə aparırdı. Mən iyirmi il əvvəl sizin jurnalınızda dərc edilmiş məqaləmdə məhz bütün bunların barəsində yazmışdım.

İndi mətbuat özünün təbliğat funksiyalarını itirmişdir. O, sərbəst olmuşdur: həm siyasi, həm ideoloji mənada, həm də maliyyə baxımından. Demokratik mətbuat nə deməkdir? Çox ümumiləşdirilmiş şəkildə desək, bu, rəsmi və sırf fərdi nöqteyi-nəzərlərin ifadəsi üçün hüquqların bərabərliyinə nail olmaqdır, hakimiyyətin müxtəlif qollarının (o cümlədən də "dördüncü" qolunun, yəni mətbuatın özünün) fəaliyyəti haqqında operativ xəbərlər axınıdır. Nəhayət, mətbuat dövlətlə cəmiyyəti birləşdirən canlı əlaqə vasitəsidir, fasiləsiz ikitərəfli əlaqə kanalıdır. Yalnız bu şərtlər təminat yaradır ki, hökumət xalqın iradəsinə uyğun olaraq hərəkət edəcəkdir.

- Azərbaycan informasiya baxımından həmişə zəngin region olmuşdur. Kütləvi informasiya vasitələri bazarında vəziyyət necədir? Respublikada müxalifət mətbuatı deyilən mətbuat varmı?

- Cənubi Qafqazda ən iri qəzet-nəşriyyat kompleksi Azərbaycandadır, biz onu hələ sovet dövründə tikdirmişdik. Təkcə Bakıda, - mən hələ rayonları demirəm, - beş yüzədək qəzet çıxır. Onlardan yalnız üçü, - "Xalq" qəzeti, "Azərbaycan" və "Bakinski raboçi" rəsmi qəzetdir. Mətbuatın qalan hissəsi müstəqil, necə deyərlər, kommersiya və müxalifət mətbuatından ibarətdir. Respublikada müstəqil agentliklər ("Trend", "Turan", "Assa-İradə", "Şərq" və digərləri), telekanallar ("ANS", "Speys") fəaliyyət göstərir.

Qeyd etməliyəm ki, Azərbaycanda KİV-in azad fəaliyyət göstərməsi konstitusiyanın müvafiq maddələri ilə, KİV haqqında qanunla, nəhayət, senzuranın hədsiz hakimiyyətinə son qoyulması ilə təmin olunmuşdur. On illər ərzində hər bir mətbu nəşrin buraxılışını nəzarət altında saxlayan, ictimaiyyətə yönəldilmiş hər bir sözü az qala zərrəbinlə yoxlayan qlavlit mənim fərmanımla qəti şəkildə ləğv edilmişdir. Biz bütün bunları Azərbaycan cəmiyyətinin Qərbin demokratiya standartlarına yaxınlaşdığını sübut edən müsbət əlamətlər sayırıq.

Əlbəttə, KİV-in demokratikləşməsi prosesi mürəkkəbdir, birmənalı getmir. Biz mətbuatın və elektron informasiya vasitələrinin müstəqilliyinin hüdudlarını genişləndirməkdən danışarkən, jurnalistlərin hüquq və vəzifələrini uyğunlaşdırmağın zəruriliyini də unutmamalıyıq. Söz azadlığı məsələlərinə ictimai məqsədəuyğunluq mövqeyindən, dövlətin maraqları və milli rifah baxımından yanaşmaq lazımdır.

Azərbaycan jurnalistləri yeni mövzular, janrlar, faktların şərhi metodlarının axtarışında təkcə Qərbin kütləvi informasiya vasitələrinin təcrübəsini öyrənib mənimsəməli deyil, həm də Azərbaycan demokratik mətbuatının baniləri H.Zərdabinin, C.Məmmədquluzadənin, Sabirin, Üzeyir Hacıbəyovun və bir çox başqalarının dərslərini hökmən nəzərə almalıdırlar.

Respublikada müxalifət qəzetlərinin spektri kifayət qədər genişdir. Mən bunu normal hal hesab edirəm - demokratik cəmiyyətdə müxalifət mövcud olmalı və öz nöqteyi-nəzərini bildirmək, hakimiyyət orqanlarını və onların həyata keçirdikləri tədbirləri tənqid etmək hüququna malik olmalıdır. Biz konstruktiv və obyektiv tənqidi nəzərə alırıq, sivil müxalifətlə dialoqa gedirik.

Lakin, təəssüflər olsun, plüralizm vasitəsi bəzi nəşrlərin redaktor və jurnalistlərinin əllərində demokratik təsisatların möhkəmlənməsinə deyil, hərdən tamam zidd məqsədlərə xidmət edir. Totalitar rejim mətbuatının ənənələrində fəaliyyət göstərən, opponentləri barəsində siyasi dözümsüzlük, davakarlıq, öz baxışlarının müdafiəsində hansısa neobolşevik fanatizmi nümayiş etdirən müxalifət qəzetləri az deyildir. Onlar demokratiya qanunlarını pozaraq, öz səhifələrində hakimiyyəti ələ keçirməyin yol verilməyən, konstitusiyaya zidd metodlarını təbliğ edirlər. Azərbaycan xalqı hakimiyyətə hər cür vasitələrlə gəlmək cəhdlərinin nə kimi avantürizm ilə nəticələndiyini Xalq Cəbhəsi Partiyasının hakimiyyəti illərində başa düşmüşdür.

Bəzi müxalifət qəzetləri iqtidarla və rəqib radikal partiyaların liderləri ilə barışmaz mübarizəyə başlayaraq, siyasi duel, digər partiyalarla açıq-aşkar haqq-hesab çəkmək vasitəsinə çevrilmişdir. Siyasi diskussiyalar aparmaq metodlarında çox vaxt mənəvi məhdudiyyətlər, əxlaq normaları pozulur. Məsələn, bu yaxınlarda müxalifətçi Müsavat Partiyasının mətbu orqanı Naxçıvandakı Nehrəm kəndi sakinlərinin ünvanına təhqiramiz yazı dərc etmişdi. Azərbaycanlı temperamentini və mentalitetini nəzərə alaraq, onların buna necə münasibət göstərəcəyi qabaqcadan bəlli idi. Onlar "Yeni Müsavat" qəzetinin redaksiyasına gələrək, öz etirazlarını kifayət qədər emosional şəkildə bildirmişdilər.

Lakin, əlbəttə, ən çox da Azərbaycan prezidentinin payına düşür. Hətta ürəyimdə cərrahiyyə əməliyyatı aparılması ilə əlaqədar ABŞ-da olanda da müxalifət mətbuatı mənə də rəhm etmədi.

Mətbuat azadlığı müxtəlif baxışları, nöqteyi-nəzərləri, ideyaları, rəyləri açıq ifadə etməyi nəzərdə tutur. Amma bəla burasındadır ki, tənqid bəzən tənqidbazlığa çevrilir. Belə olanda isə konstruktivlik, obyektivlik itirilir. Aşkar dezinformasiya, böhtan, şantaj, şişirdilmiş sensasiyalı ifşalarla birlikdə bu cür siyasi nihilizm cəmiyyətə, insanların mənəvi sağlamlığına, demokratiya mədəniyyətinin özünə ağır ziyan vurur.

Nəşrlərin başqa bir tipi də var. O, ancaq kommersiya mənafelərinə yönəldilmiş qəzetləri birləşdirir: onlar ideoloji amirlikdən bəzən ən bəsit instinktlərlə oynamağa keçmişlər. Belə münasibət olanda Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması yolları, bir milyondan artıq qaçqının sosial vəziyyətinin yaxşılaşdırılması, Xəzər neftinin hasilatına və nəqlinə dair qlobal layihələrin həyata keçirilməsi və sair kimi respublika üçün aktual problemlər diqqətdən kənarda qalır.

Bəzi nəşrlərdə geniş auditoriya üçün nəzərdə tutulan informasiyanın keyfiyyəti tələbatın yanlış yozulmuş strukturu, problemin qətiyyən öyrənilməməsi əsasında formalaşdırılır: oxucu, tamaşaçı, dinləyici bu gün nəyə xüsusilə kəskin ehtiyac duyur? Onu əsasən nələr düşündürür, o, qəzet səhifələrində və efirdə nə axtarır? Bəzi redaktorlar və jurnalistlər bu sualların cavablarını bilmirlər və bilmək də istəmirlər. Onları yalnız bir şey maraqlandırır - mənfəət! Onlar diqqəti özlərinə çəkmə və öz nəşrlərinə reklam yaratmaq üçün söz azadlığından açıq-aşkar sui-istifadə edirlər. Tam bir sıra bu cür nəşrlər öz vəzifəsini sensasiya, "yağlı faktlar" ardınca qaçmaqda, respublikanın tanınmış şəxslərini nüfuzdan salmaq məqsədi ilə böhtanlar, uydurma ifşalar yaymaqda görürlər. Oxucu faktları riyakarcasına saxtalaşdıran, kriminal əhvalatlardan ləzzət alan, özlərindən toxuduqları uydurmalarla adamların beynini dolduran bu qəzetlərin təsiri altına düşür. Nədənsə, onlar bunların hamısını nöqsanların tənqidi və mənəviyyatı düzəltmək metodu adlandırırlar.

- Yeri gəlmişkən, tənqid haqqında. Siz Rusiya mətbuatında Azərbaycan Respublikasının siyasi, iqtisadi və mənəvi həyatına həsr edilmiş yazılara necə yanaşırsınız? Rusiyanın kütləvi informasiya vasitələrində öz ünvanınıza olan tənqid sizə toxunurmu?

- Tənqidə normal yanaşıram, hesab edirəm ki, o, cəmiyyətin demokratik inkişafının ən mühüm şərtlərindən biridir. Tənqidsiz heç bir irəliləyiş, heç bir tərəqqi ola bilməz. Mən Rusiyanın və ya bizim, Azərbaycanın kütləvi informasiya vasitələrində öz ünvanıma olan tənqidi qeydlərə müsbət yanaşıram. Lakin, təkrar edirəm, bir şərtlə ki, bu, xeyirxah, konstruktiv tənqid indi gənc müstəqil dövlətin üzləşdiyi mürəkkəb keçid dövründə Azərbaycana, onun xalqına, onun liderinə ürəkdən kömək etmək arzusundan irəli gələn tənqid olsun.

Sirr deyil ki, Rusiya mətbuatında verilən bir sıra məqalələri sifarişlə yazılmış məqalələr, onların müəlliflərini isə müəyyən siyasi qüvvələr tərəfindən ələ alınmış adamlar adlandırmaq olar. Həm də belə bir qanunauyğunluq özünü göstərir: Şəxsən mənim ünvanıma heç bir aşkar tənqidi iradlar tutulmur, əvəzində, respublikanın xarici siyasətindəki hər şey amansızcasına inkar edilir, Azərbaycanın enerji ehtiyatlarının qiymətləndirilməsinin reallığı şübhə altına alınır. Bakının Böyük İpək yolunun dirçəldilməsinə yönəldilmiş təşəbbüsləri zaman-zaman Rusiyanın mənafelərini məhdudlaşdırmaq, onu Qərblə, ən əvvəl ABŞ-la toqquşdurmaq cəhdləri kimi qələmə verilir.

Mən dəfələrlə bəyan etmişəm və indi də deyirəm: Müstəqil Azərbaycan müxtəlif dövlətlərin mənafeləri ilə oynamır, o, öz xarici siyasətində "soyuq müharibə" dövründən miras qalmış metodları tətbiq etməyəcəkdir. Suveren respublika heç bir ayrı dövləti yeni "böyük qardaş" rolunda görmək istəmir, lakin ona xeyirxahlıqla yanaşanların, əməkdaşlığın əsarətli rejimini ona zorla qəbul etdirməyənlərin və bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı şərtlər seçənlərin, nəhayət, Ermənistan - Azərbaycan münaqişəsindən Azərbaycan ilə Rusiya arasında süni surətdə yaradılmış qarşıdurmanı sərtləşdirmək üçün sui-istifadə edənlərlə deyil, bu münaqişənin tezliklə ədalətli şəkildə nizama salınmasına həvəs göstərənlərin hamısı ilə tərəfdaşlığa açıqdır.

Bəli, bu gün Rusiya kütləvi informasiya vasitələrinin bəzi vicdansız jurnalistləri azərbaycanlılardan düşmən obrazı yaradılmasında, azərbaycanlılar barəsində aşkar mənfi rəy və onlara qarşı etimadsızlıq doğurmalı olan mənfi stereotiplərin formalaşdırılmasında yarışırlar. Bu belədir. Lakin Rusiya KİV-nin əksəriyyətində vicdanlı jurnalistlər işləyirlər. Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal etmiş Ermənistana Rusiya tərəfindən təmənnasız olaraq bir milyard dollarlıq ağır silahlar verilməsi kimi görünməmiş faktdan dünya bu jurnalistlərin sayəsində xəbər tutmuşdur. Azərbaycan ərazisində guya çeçen yaraqlılarının düşərgələrinin olduğu barədə, respublikamız vasitəsilə Çeçenistana silah ötürüldüyü barədə uydurmanı Rusiya mətbuatı hamıdan daha fəal yayır və hamıdan da fəal ifşa edir.

Rusiyanın bir sıra iri qəzetləri və agentliklərinin rəhbərləri bu yaxınlarda respublikamızın qonağı oldular. Özlərinin dediklərinə görə, onlar Cənubi Qafqazın bəzi moskvalı "biliciləri" tərəfindən yaradılmış mənfi Azərbaycan obrazı ilə respublikanın bugünkü reallıqları arasındakı təzadı gördükdə yaxşı mənada təəccübləndilər. Onlar azərbaycanlıların Rusiyaya, ruslara meyl göstərdiklərini hiss edən və bunu təsdiqləyən minlərlə misal tapa bildilər. Rusiya jurnalistlərinin hamısı deyirdi ki, Azərbaycan postsovet məkanında yeganə respublikadır ki, burada ruslar özlərini yad hiss etmir, çoxlu rus məktəbi fəaliyyət göstərir, hətta ayrıca rus dili institutu var və rus dilində çoxlu qəzet çıxır.

Mən dəfələrlə bəyan etmişəm ki, Rusiya bizim strateji tərəfdaşımızdır. Ölkələrimiz inteqrasiya, kooperasiya prosesinə tarixən cəlb olunmuşlar. Bu, sübuta ehtiyacı olmayan həqiqətdir.

SSRİ-nin dağılmasının mənfi nəticələrindən biri də respublikalar arasında iqtisadi və mədəni əlaqələrin bünövrəsini sarsıtması olmuşdur. Bu süqut Rusiya ilə Azərbaycan arasında münasibətlərə də mənfi təsir göstərmişdir. Lakin, gəlin, hələ bu yaxınlaradək ümumi olmuş tariximizdən haqq-hesab istəməyək. Yaxşısı budur, düşünək: Keçmiş mehriban qonşuluq münasibətlərini necə dirçəltməli, etimadsızlığı necə aradan qaldırmalı, maddi və mənəvi sahələrdə ənənəvi əməkdaşlığı necə bərpa etməli? Əminəm ki, bu nəcib vəzifənin həllində jurnalistlərdən, onların istedadından və Azərbaycanın həyatının müxtəlif sahələrində gedən proseslər barədə məlumat verərkən nə dərəcədə obyektiv, səmimi və ədalətli olmalarından çox şey asılıdır.

- Heydər Əliyeviç, söhbətə görə sağ olun.

"Azərbaycan" qəzeti, 19 may 2000-ci il.

Tarixi arayış