Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Belçika Krallığının Baş Naziri Jan Lük Dean ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 14 aprel 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab Dean! Sizi bir daha səmimiyyətlə salamlayır və əminəm ki, respublikamıza səfəriniz Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişaf etdirilməsində və genişləndirilməsində mühüm rol oynayacaqdır.

Jan Lük Dean: Möhtərəm prezident! Sizin simanızda Azərbaycanın lideri ilə görüşməyimə çox şadam. Respublikanıza səfərə gəlməkdən, keçirdiyim görüşlərdən şərəf duyduğumu bildirirəm.

Bakının görməli yerləri ilə tanışlığım məndə böyük təəssürat yaratmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycanın Xəzər regionunda açar mövqeyinə malik bir ölkə olduğunu bir daha nəzərə çatdırmaq istəyirəm.

Cənab Heydər Əliyev! Rəhbərliyiniz ilə respublikanızda hüquqi demokratik dovlət quruculuğu və iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Son illər Azərbaycanda həqiqətən çox böyük uğurlar qazanıldığını görməkdən məmnun qaldığımı bildirirəm. Respublikanız qısa müddətdə dünya birliyində layiqli yer tutmuşdur. Mən vətənə qayıtdıqdan sonra burada gördüklərim və tanış olduqlarım barədə ölkəmizin iş adamlarına geniş söhbət açacağam və onları Azərbaycanla bütün sahələrdə daha sıx əlaqələr qurmağa çağıracağam. Avropa təşkilatlarının da Azərbaycan ilə əməkdaşlığı ardıcıl surətdə inkişaf etdirməsinə öz əməli köməyimi əsirgəməyəcəm.

Heydər Əliyev: Hörmətli Baş nazir, mənim haqqımda, respublikamız haqqında xoş sözlər üçün təşəkkür edirəm.

Azərbaycan ilə Belçika arasında bir çox sahələrdə yaranmış əlaqələri yüksək qiymətləndirir və əməkdaşlığın durmadan inkişaf etdirilməsinin vacibliyini vurğulayıram. "Böyük İpək yolu"nun bərpa edilməsi ilə əlaqədar Azərbaycanın Avropa Birliyi ilə birgə apardığı işlərin dünya iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacağına əmin olduğumu bildirirəm. Biz Avropa Birliyi, xüsusən onun iqtisadi komissiyası ilə TASİS və TRASEKA proqramlarının həyata keçirilməsində çox sıx əməkdaşlıq edirik və Belçika ilə bütün sahələrdə daha sıx əlaqələr qurmağa maraq göstəririk. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün imzalanmış tarixi müqavilələrin həyata keçirilməsinin böyük perspektivləri vardır. "Lənkəran-dəniz" və "Talış-dəniz" neft yataqlarının müştərək istismarında Belçikanın "Petrofina" şirkətinin xüsusi yer tutmasını məmnunluqla qeyd etmək istəyirəm. Bir daha bildirmək istəyirəm ki, ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük imkanlar vardır. Hasil ediləcək nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutlarında Belçika şirkətlərinin Azərbaycanla sıx əlaqələr qurmağa böyük maraq göstərməsini yüksək qiymətləndirirəm.

Jan Lük Dean: Səmimi söhbət üçün bir daha təşəkkür edirəm. Səfər zamanı mənə və başçılıq etdiyim nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm.

Cənab Əliyev, Sizi Belçikaya rəsmi səfərə dəvət etdiyimi bir daha nəzərinizə çatdırıram. Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram.

Heydər Əliyev: Cənab Dean, dəvətinizi razılıq hissi ilə qəbul edirəm. Sağ olun.