Azərbaycan Respublikasının Prezidenti adından Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevskinin şərəfinə təşkil olunmuş rəsmi qəbulda Heydər Əliyevin nitqi - 27 oktyabr 1999-cu il


Zati-aliləri, Polşa Respublikasının prezidenti cənab Aleksandr Kvasnevski!

Hörmətli İolanta Kvasnevskaya!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Cənab prezident, mənim dəvətimi qəbul etdiyinizə və bu gün Azərbaycana öz rəsmi səfərinizə başladığınıza görə sizə təşəkkür edirəm.

Polşa prezidentinin Azərbaycana rəsmi səfəri ilk səfərdir və şübhəsiz, tarixi əhəmiyyətə malikdir. Bu səfər bizə Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərinin, sıx əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etməyə imkan verir.

Polşa Avropanın ən iri ölkələrindən biridir, zəngin tarixi var. Polyak xalqı özünün bütün tarixi ərzində qəhrəmanlıq və mərdlik göstərmiş, çox çətinlikləri, çox məhrumiyyətləri aradan qaldırmış, lakin öz milli ləyaqətini qorumuş, öz mədəniyyətini inkişaf etdirmişdir. Polyak xalqının qismətinə tarixin bir çox faciəli səhifələri düşmüşdür, o, həmişə azadlıq və müstəqillik uğrunda mübarizə aparmış, ancaq onun mübarizəsi heç də həmişə uğurla qurtarmamışdır.

Əsrin əvvəllərində dövlət müstəqilliyi qazandıqdan sonra, 1939-cu ildə polyak xalqının taleyində yeni faciə baş vermişdir. Faşist Almaniyasının Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başlanmışdır. Polyak xalqı öz torpağını, öz ölkəsini mətanətlə və mərdliklə müdafiə etmiş və axıradək əzmkarlıqla dayanmışdır. Keçmiş tarixdə polyak xalqının itkiləri çox olmuşdur, amma ən böyük itki İkinci Dünya müharibəsi illərində baş vermişdir, o vaxt Polşa xalqı özünün altı milyondan çox vətəndaşını itirmişdir.

İkinci Dünya müharibəsindən sonra polyak xalqının, Polşanın həyatının dövrləri də qeyri-adi olmuşdur, hərçənd Polşa tam dövlət müstəqilliyinə malik idi. Lakin "soyuq müharibə" qurtardıqdan, Berlin divarı dağıldıqdan, Varşava müqaviləsi süquta uğradıqdan sonra polyak xalqı tam azadlıq və müstəqillik qazandı və ötən illər ərzində Polşa yüksək sürətlə inkişaf edir.

Polyak xalqı dünyaya elm və mədəniyyət sahəsində Kopernik, Adam Mitskeviç, Şopen kimi bir çox görkəmli şəxslər vermişdir.

Son illər Polşa özünün seçdiyi yolla - demokratiya, tərəqqi, azadlıq, bazar iqtisadiyyatı yolu ilə gedir və böyük uğurlara nail olmuşdur. Ən başlıcası budur ki, Polşa Avropada, bütün dünya birliyində layiqli yer tutmuşdur. Polşa Avropa Şurasının, bir çox Avropa təşkilatlarının üzvüdür, NATO-nun üzvü olmuşdur. Şübhə etmirəm ki, Polşanın Avropa Birliyinə üzv olmaq səyləri də uğurla qurtaracaqdır.

Biz polyak xalqının azad demokratik inkişaf üçün nəhayət imkan əldə etməsinə şadıq və Polşanın gözəl gələcəyinə inanırıq.

Son illər bütün dəyişikliklərində, yəni Polşanın son vaxtlardakı bütün nailiyyətlərində - iqtisadi islahatların aparılmasında, iqtisadiyyatın, sosial sahənin inkişafında və xüsusən Polşanın beynəlxalq miqyasda nüfuz və rolunun artmasında Polşa prezidentinin, dostumuz Aleksandr Kvasnevskinin olduqca böyük rolu var.

Polyak və Azərbaycan xalqları arasında münasibətlər qədim və zəngin tarixə malikdir. Bunu sübut edən bir çox parlaq səhifələr var. Azərbaycan və polyak xalqları arasında əlaqələrin və münasibətlərin nə qədər qədim olduğunu söyləmək üçün yalnız bir neçə ştrixi qeyd edə bilərəm. Hələ orta əsrlərdə, XV əsrdə Azərbaycan hökmdarları Uzun Həsənin və Şah Abbasın Polşa kralı ilə birbaşa əlaqələri vardı, fəal ticarət gedirdi, Azərbaycan Polşaya çox mallar, o cümlədən də gözəl Azərbaycan xalçaları göndərirdi.

Polyak xalqının Azərbaycan xalqı ilə əlaqələrini göstərən faktlar XIX əsrdə və XX əsrin əvvəllərində xüsusilə çoxdur. Məlumdur ki, Polşanın və Azərbaycanın tərəqqipərvər adamları - çar Rusiyası Dövlət Dumasının deputatları "Nasional" fraksiyasında fəal əməkdaşlıq edərək, muxtariyyət uğrunda mübarizə aparırdılar.

Polşa mədəniyyətinə və ədəbiyyatına azərbaycanlıların marağının da böyük tarixi var. Hələ 1912-ci ildə çar Dövlət Dumasının üzvü, "Nasional" fraksiyasına daxil olmuş Əlimərdan bəy Topçubaşov görkəmli polyak şairi Adam Mitskeviçin şerlərini tərcümə etmiş və bu şerləri məşhur bəstəkar, Azərbaycanın professional opera musiqisinin banisi Üzeyir Hacıbəyov özünün "Azərbaycan" qəzetində dərc etmişdir.

Polşanın və Azərbaycanın siyasi xadimləri arasında əlaqələr Azərbaycanda XX əsrin 18-20-ci illərində, Şərqdə ilk dəfə Azərbaycanda demokratik dövlət - Xalq Cümhuriyyəti qurulan dövrdə xüsusilə sıx olmuşdur. Hökumətin tərkibində polyaklar da vardı. Azərbaycanın ilk demokratik hökuməti ordusunun baş qərargah rəisi polyak Sulkeviç idi. 1918-ci ildə Azərbaycanda ilk demokratik hökumətin banilərindən biri Məmməd Əmin Rəsulzadənin polyak Pilsudski ilə fəal əməkdaşlığı tarixə yaxşı məlumdur. Mühacirət illərində Məmməd Əmin Rəsulzadə bir çox illər Polşada yaşamış və onun arvadı Vanda polyak qızı idi.

XIX əsrin axırlarında və XX əsrin əvvəllərində Azərbaycanda çoxlu polyak olmuşdur, onlar yaşayır, çalışırdılar, bir çoxu Azərbaycan sənayesini və mədəniyyətini inkişaf etdirirdi. Əsrin əvvəllərində Azərbaycan neft sənayeçiləri və xarici şirkətlərin nümayəndələri tərəfindən tikdirilmiş və memarlıq baxımından gözəl olan bir çox binalar polyak arxitektorlar Ploşko və Qoslavskinin layihələri əsasında ucalmışdır. Azərbaycanda dənizdə neft hasilatı layihəsini ilk dəfə polyak mühəndisi Pototski həyata keçirmişdir. Bu, 20-ci illərin əvvəllərində olmuşdur. 50 ildən artıqdır ki, Azərbaycan neftçiləri Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının sənaye üsulu ilə işlənilməsi ilə fəal məşğul olurlar və çoxlu neft çıxarmışlar, ən başlıcası isə, neft və qazla zəngin olan yataqlar kəşf etmişlər. 20-ci illərin əvvəllərində məhz dənizdə neft hasilatı sahəsində mühəndis Pototskinin əməyi bizim üçün mühümdür.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Polşa ilə Azərbaycan arasındakı sıx dostluq münasibətlərindən böyük məmnunluqla danışa bilərik. Polşa Azərbaycanın dövlət müstəqilliyini tanımış ilk ölkələrdən biridir. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etmişik. Polşanın Azərbaycana dəstək verməsinə dair faktlar olduqca çoxdur. 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair sənədin qəbul olunması məsələsi böyük çətinliklə həll edilərkən, Polşa Azərbaycanı fəal dəstəkləmiş və ATƏT-in bu məsələ barəsində məlum bəyanatına səs vermiş 53 ATƏT ölkəsindən biri olmuşdur.

Biz bunu da Polşanın böyük nailiyyətləri sayırıq ki, indi Polşa Avropanın bütün strukturlarında öz yerini tutmuş və NATO-nun üzvü olmuşdur. Polşa NATO-nun ən şərq ölkəsidir. Biz Polşa ilə Şimali Atlantika İttifaqı Şurasında, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında fəal əməkdaşlıq edirik. Polşanın nümunəsinin bizim üçün böyük əhəmiyyəti var. Biz onun təcrübəsini, əlbəttə, öyrənirik və mənə elə gəlir ki, bu məsələ barəsində gələcək məsləhətləşmələrimizin bizim üçün böyük əhəmiyyəti olacaqdır.

Azərbaycan prezidentinin 1997-ci ilin avqustunda Polşaya səfəri və Polşa prezidentinin bu gün Azərbaycana səfəri elə hadisələrdir ki, onlar ölkələrimiz arasında daha sürətli inteqrasiyanı, dostluq münasibətlərimizin inkişafını, əməkdaşlığımızın genişlənməsini təmin edir. Hörmətli prezident, sizi əmin edə bilərəm ki, Azərbaycan Polşa ilə dostluğu, bizim aramızdakı xoş və gözəl münasibətləri, bütün sahələrdə əməkdaşlığı yüksək qiymətləndirir və Polşa ilə dostluğu bundan sonra da həmişə qoruyub saxlayacaqdır.

Cənab prezident, dövlət müstəqilliyi əldə edildikdən sonra ötən səkkiz ildə Azərbaycanın keçdiyi mürəkkəb yol sizə məlumdur. Bizim üçün ən çətini, bəlkə də ən faciəlisi budur ki, 1991-ci ilin axırlarında dövlət müstəqilliyi əldə edilərkən, Azərbaycan Ermənistanla üç ildən çox hərbi münaqişə, əslində müharibə vəziyyətində idi, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini qoparıb özünə birləşdirmək məqsədi ilə Azərbaycan xalqına qarşı təcavüz etmişdir. Bu təcavüz, bu müharibə Azərbaycana olduqca böyük ziyan vurmuş, çoxlu insan həlak olmuş, çoxlu qan tökülmüşdür və müxtəlif səbəblər üzündən Ermənistan silahlı birləşmələri nəinki Dağlıq Qarabağ vilayətini, həm də Dağlıq Qarabağ ətrafında yalnız azərbaycanlıların məskunlaşdığı böyük bir ərazini işğal edə bilmişlər. Beləliklə, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı Ermənistan silahlı birləşmələrinin işğal etdikləri torpaqlardan didərgin salınmışdır, onlar çox ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır.

Cənab prezident, şadam ki, siz Azərbaycana səfərinizin proqramında öz ev-eşiyindən, öz torpağından və hər şeyindən məhrum edilmiş qaçqınların yaşadıqları yerlərdən birinə getməyi də nəzərdə tutmusunuz. Doğrudur, onlar Bakıda, amma hər halda yaşayış üçün münasib olmayan binalarda yerləşir. Lakin sabah siz onları gördükdə, təsəvvür edin ki, qaçqınlar - öz ev-eşiklərindən, öz yurdlarından didərgin salınmış, qışda da, yayda da çadırlarda yaşayan azərbaycanlılar necə ağır vəziyyətdədirlər.

Bütün itkilərə, Azərbaycana vurulmuş çox böyük maddi və mənəvi zərərə, vətənin müdafiəsi zamanı qurbanlar verilməsinə baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması mövqelərində durmuşuq. Ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın köməyi ilə, bütün Dünya Birliyinin köməyi ilə biz münaqişənin sülh yolu ilə aradan qaldırılmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə, yurd-yuvasından qovulmuş bütün insanların öz evlərinə qayıtmasına nail ola biləcəyik.

Azərbaycan öz dövlət müstəqilliyini belə ağır şəraitdə əldə etmişdir və təbii ki, Azərbaycan Respublikasının müstəqil dövlətinin təşəkkülü müharibə ilə əlaqədar bir çox çətinliklərlə olmuşdur. Müxtəlif dövlət çevrilişi cəhdləri ilə, ayrı-ayrı silahlı dəstələrin qanunsuz hərəkətləri ilə və ümumiyyətlə, Azərbaycanda sabitsizliklə, - bu sabitsizlik 1993-cü ildə ölkəmizi vətəndaş müharibəsinə gətirib çıxarmışdı, - bağlı ölkənin daxilində də çox çətinliklər olmuşdur.

Biz bu çətinlikləri, əlbəttə, böyük əziyyətlə dəf etdik. Azərbaycanda biz demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, həyatın bütün sahələrini demokratikləşdirmək, ümumbəşəri dəyərləri Azərbaycan xalqının milli, mənəvi, əxlaqi dəyərləri ilə inteqrasiyada, sintezdə bərqərar etmək yoluna qətiyyətlə qədəm qoyduq. Biz bazar iqtisadiyyatının inkişafı yoluna qətiyyətlə qədəm qoyduq və Azərbaycanın qapılarını xarici sərmayələrə açdıq ki, bu da öz müsbət nəticələrini verir. Biz siyasi, sosial, iqtisadi islahatları, özəlləşdirməni, torpağın kəndlilərə verilməsini və bu cür bir çox digər tədbirləri müvəffəqiyyətlə həyata keçiririk. Məhz bunun sayəsində biz iqtisadiyyatın vəziyyətində dönüşə nail ola bilmişik. 1995-ci ildə biz Azərbaycan iqtisadiyyatının artım sürətinin ildən-ilə geriləməsini dayandırmağa, iqtisadiyyatın inkişafını təmin etməyə müvəffəq olduq. Son illərdə ümumi daxili məhsulun artım sürəti orta hesabla 5,6 faiz, bəzən isə hətta 7 faiz təşkil edir. Biz sənaye və kənd təsərrüfatı məhsulları istehsalının artımına nail olmuşuq. Lakin bütün bunlar başlanğıc addımlardır, yəni iqtisadiyyat sahəsində həyata keçirdiyimiz konkret praktiki tədbirlərin ilk nəticələridir.

Bununla yanaşı, Azərbaycan bir çox iqtisadi çətinliklər çəkir, bizdə həll edilməmiş çoxlu sosial problemlər var, xalqımızın rifahının lazımi səviyyəsini hələlik təmin edə bilmirik və bunun da səbəbi aydındır. Bu, əvvəla, keçid dövrünün şəraiti ilə, ikincisi isə, onunla bağlıdır ki, Azərbaycanın bir milyon sakini hər halda qaçqın vəziyyətindədir və onların əksəriyyəti işləmir. Ancaq biz nikbin insanlarıq. İnanırıq ki, gördüyümüz və görəcəyimiz bütün işlər iqtisadiyyatda, sosial sahədə durmadan yüksəlişi, xalqın həyat səviyyəsinin yaxşılaşmasını təmin edəcəkdir.

Biz bütün bunlarda Polşanın çox zəngin və qiymətli təcrübəsindən bəhrələnirik. Bilirik ki, son illərdə Polşa iqtisadiyyatın inkişafında böyük müvəffəqiyyətlər qazanmışdır. Ölkəyə böyük həcmdə xarici sərmayələr gəlir, tikinti işləri gedir. Bütün bunlar Polşa hökumətinin və ən əvvəl ölkənin prezidenti hörmətli Aleksandr Kvasnevskinin düzgün iqtisadi siyasətinin nəticəsidir. Buna görə də biz Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərini təcrübə əldə etmək üçün də, qarşılıqlı yardım, əməkdaşlığın inkişafı üçün də mühüm amil kimi qiymətləndiririk.

Mən 1997-ci ilin avqust ayında Polşada olarkən Varşava, onun bəzi məhəllələri ilə tanış ola bildim. Bu şəhərin büsbütün dağıldığını təsəvvür etmək çətindir. Yeri gəlmişkən, tarixi binalarla əhatələnmiş bir meydana getməyimi xatırlayıram. Orada ziyafət verildi, sonra isə biz həmin meydanda pivə içdik. Orada çox sayda gözəl evlər var, özü də heç biri digərinə bənzəmir. Bizə dedilər ki, bunların hamısı tamamilə dağıdılmışdı. İndi isə bütün bunlar bərpa olunub, özü də necə vardısa, o cür. Bu, bir daha onu göstərir ki, polyak xalqı necə nəhəng intellektual potensiala, çox böyük hünərə və mətanətə malik xalqdır.

Hörmətli prezident, Sizə, Polşadan gəlmiş bütün qonaqlara Azərbaycan xalqının polyak xalqına olan ən dərin hörmət hisslərini çatdırıram. Bəyan edirəm ki, biz dostluğumuzu, əməkdaşlığımızı bundan sonra da inkişaf etdirəcək və möhkəmləndirəcəyik.

Müstəqil Polşanın şərəfinə badə qaldırmağı təklif edirəm!

Qəhrəman polyak xalqının şərəfinə!

Polyak xalqının əldə etdiyi böyük uğurların şərəfinə!

Polşa-Azərbaycan dostluğunun şərəfinə!

Polşanın prezidenti, mənim hörmətli dostum Aleksandr Kvasnevskinin və onun xanımı hörmətli İolanta Kvasnevskayanın şərəfinə!

Sizin sağlığınıza!


"Azərbaycan" qəzeti, 28 oktyabr 1999-cu il.