ATƏT-in Budapeşt Zirvə görüşü


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin 6-7 dekabr 1994-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən 4-cü zirvə görüşü (sammiti). ABŞ və Kanada da daxil olmaqla 50 Avropa ölkəsinin (cəmi 52 ölkə) dövlət və hökumət başçılarının iştirakı ilə keçirilib. Budapeşt sammitində ATƏM-in təşkilata çevrilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb və onun müvafiq strukturları yaradılaraq ATƏT adlandırılıb. Zirvə görüşünün "Yeni Dövrdə Həqiqi Əməkdaşlığa Doğru" adlı yekun bəyannaməsinin "Regional məsələlər" fəslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlar əks olunub. Bu qərarlarda Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün fəaliyyət göstərən Minsk qrupunun həmsədrlərinin təyin olunması (əvvəllər quruma bir sədr rəhbərlik edirdi) münaqişədə sülh sazişinə nail olunacağı təqdirdə sülhün təminatı üçün ATƏM-in sülhməramlı qüvvələrinin yaradılacağı qeyd olunub.