Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin milli bayramı - ölkə Konstitusiyasının qəbul edilməsi günü münasibətilə Norveçin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxışı - 20 may 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Mən sizi - bu ziyafət iştirakçılarının hamısını, Norveç xalqını Norveçin milli bayramı Konstitusiya günü münasibətilə təbrik edirəm, Norveç xalqına öz xoş arzularımı bildirirəm.

Norveç Yer kürəsinin şimalında yerləşən və qədim tarixi, çox gözəl təbiəti, mənzərəsi, başlıcası isə çox gözəl insanları olan ölkədir. Norveçin çoxəsrlik tarixi var, lakin Azərbaycan kimi, о da bir müstəqil dövlət olaraq gəncdir. Doğrudur, bizim müstəqillik yaşımızın fərqi var. Norveç 90 ildir ki, dövlət müstəqilliyi əldə edib, müstəqil dövlət kimi yaşayır. Azərbaycan isə beş ildir ki, müstəqil dövlətdir.

Ancaq bunlara baxmayaraq, Norveç də müstəqil bir dövlət kimi gəncdir. Dövlət müstəqilliyini əldə etdikdən sonra, öz milli konstitusiyasını qəbul etdikdən sonra Norveç xalqı çox böyük inkişaf dövrü keçmişdir və dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri sırasındadır. Norveç xalqının müstəqillik dövründə əldə etdiyi böyük nailiyyətlərdən biri demokratiyanın bərqərar olmasından, həyatın, dövlətin, cəmiyyətin demokratik prinsiplər əsasında yaşamasından ibarətdir.

Avropanın inkişaf etmiş dövlətlərindən biri, bir çox beynəlxalq təşkilatların fəal üzvü olan Norveç beynəlxalq aləmdə müstəqil siyasət yeridir və bu siyasətinə görə də böyük hörmət, ehtiram qazanıbdır. Norveçin iqtisadi inkişafında mühüm rol oynayan "Statoyl" şirkəti qısa bir zamanda, yəni 25-30 il müddətində dənizin dərinliklərindən neft istehsal edərək həm dünya neft şirkətləri arasında özünəməxsus yer tutub, həm də Norveç xalqının rifahının yüksəlməsində böyük xidmətlər göstəribdir. Lakin Norveçin iqtisadiyyatını inkişaf etdirən təkcə "Statoyl" şirkəti deyildir, onunla bərabər dünyada məşhur olan bir çox şirkətlər Norveçi yüksək sənaye imkanlarına malik bir dövlət kimi tanıdıblar.

Norveç ilə Azərbaycan arasında məsafə böyükdür, lakin bizim əməkdaşlığımız, bir-birimizə olan münasibətlərimiz bizi çox yaxınlaşdırıbdır. Əgər Azərbaycanın böyük dostu, hörmətli Tur Heyerdalın nəzəriyyəsini nəzərə alsaq, deyə bilərik ki, tarixi köklərimiz də bir-birinə çox yaxın olubdur. Bunların hamısının əsasında indi Norveç ilə Azərbaycan arasında çox yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı qiymətləndiririk və onu bundan sonra da irəlilətməyə çalışacağıq. Norveçin "Statoyl" şirkəti Azərbaycanda artıq bir neçə ildir ki, fəaliyyət göstərir. O, bizim 1994- cü ildə imzaladığımız neft müqaviləsinin böyük üzvlərindən biridir.

Ümumiyyətlə, tək "Statoyl" deyil, Norveçin bir çox digər şirkətləri də artıq burada təmsil olunub, fəaliyyətə başlayıblar. Biz bunların hamısını bəyənirik, bunlara müsbət münasibət göstəririk və bu gün bir daha bəyan etmək istəyirəm ki, biz Norveçin Azərbaycana daha fəal gəlməsinə tərəfdarıq.

Bir ay bundan öncə mən Norveçin baş naziri, hörmətli xanım Brundtlandın dəvəti ilə Norveçdə rəsmi səfərdə olmuşam. Bu səfər zamanı biz böyük əhəmiyyətli danışıqlar aparmışıq, iki ölkənin gələcək əməkdaşlığına dair çox mühüm sənədlər imzalamışıq. Mən bu səfəri çox yüksək qiymətləndirirəm. Norveçin baş naziri, hörmətli xanım Brundtland ilə keçirdiyimiz söhbətlərdə biz həm ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi problemlərini müzakirə etdik, həm də regional problemləri, Avropanın təhlükəsizliyi problemlərini, beynəlxalq problemləri, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzlə bağlı məsələləri çox geniş müzakirə etdik. Mən bunları çox əhəmiyyətli sayıram. Norveç kralı ilə, parlamentin sədri ilə görüşlərimiz, parlamentdə keçirdiyimiz görüş zamanı çox maraqlı və əhəmiyyətli söhbətlərimiz oldu. Bunların hamısı birlikdə dövlətlərimiz arasında əlaqələri daha yüksək səviyyəyə qaldırdı.

"Statoyl" şirkəti qərargahının yerləşdiyi Stavanger şəhərinə səfərimiz də çox maraqlı və əhəmiyyətli oldu. Şirkətin prezidenti ilə danışdıqlarımız və ümumiyyətlə, bu şirkətlə yaxından tanışlığımız, başqa şirkətlərlə və onların prezidentləri ilə görüşlərimiz də çox əhəmiyyətli oldu. Şimal dənizində sahildən 240 kilometr məsafədə yerləşən Norveçin "Sleyper" neft-qaz platformasına səyahətimiz, hesab edirəm ki, səfərimizin ən maraqlı səhifələrindən biridir. Bütün bunlar bizdə çox zəngin təəssürat yaratdı, Norveçi daha yaxından tanımağa imkan verdi, Norveç-Azərbaycan dostluğunun, əməkdaşlığının daha yüksəklərə qaldırılması üçün əsas yaratdı. Mən baş nazir xanım Brundtlandın və ümumiyyətlə, Norveç hökumətinin, dövlətinin, "Statoyl" şirkətinin qonaqpərvərliyini xüsusi qeyd etmək istəyirəm. Bizə göstərilən diqqət və qayğıya görə, mənim səfərim zamanı yaranmış mehriban dostluq şəraitinə görə bir daha təşəkkürümü bildirirəm.

Bu gün biz norveçlilərlə birlikdə Norveçin milli bayramını - Konstitusiya gününü qeyd edirik və bu da Norveç-Azərbaycan dostluğunun rəmzidir. Bu bayram günü mən Norveç hökumətinə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram.

Norveç xalqına səadət və xoşbəxtlik diləyirəm.

Norveçin şərəfinə, Norveç xalqının şərəfinə, Norveç hökumətinin şərəfinə, Norveç Azərbaycan dostluğu şərəfinə badə qaldırıram. Sağ olun.