Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçmanın Bakının Nəsimi rayonu ərazisində müvəqqəti məskunlaşmış Zəngilan, Qubadlı və Cəbrayıl qaçqınları ilə görüşündə çıxışı - 27 iyul 1995-ci il


Əziz bacılar və qardaşlar! Əziz vətəndaşlar!

Bu gün Ukrayna Respublikasının prezidenti Leonid Kuçma respublikamıza rəsmi səfərə gəlib. Biz dövlətlərarası məsələləri müzakirə edirik. Çox mühüm məsələlərlə məşğuluq, ölkələrimiz arasında, müstəqil Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında əlaqələrin daha da möhkəmlənməsi və inkişaf etməsi haqqında söhbətlər aparırıq. Bizim hörmətli qonağımız bilir ki, Azərbaycana Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur və həmin torpaqlardan bir milyona qədər vətəndaşımız qaçqın düşübdür. O cümlədən siz də Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının qaçqınlarısınız, vətəndaşlarısınız, o rayonlardan zorla qovulmusunuz.

Torpaqlarımız müvəqqəti olaraq erməni silahlı qüvvələrinin işğalı altındadır. Dostumuz Leonid Kuçma bunu yaxşı bilir, mən dəfələrlə beynəlxalq təşkilatlarda onunla görüşərkən bizim məsələlərin müzakirə olunmasında o, həmişə Azərbaycanın mövqelərini müdafiə edibdir. Bu gün də o, Bakıya gələrkən mən sizin vəziyyətiniz haqqında ona məlumat verəndə özü maraq göstərdi ki, gedib bu adamlarla, yerindən-yurdundan, evindən-obasından qaçqın düşmüş insanlarla görüşmək istəyirəm, onları salamlamaq istəyirəm. Ona görə də biz hörmətli qonağımızla birlikdə sizin yanınıza gəlmişik.

Mən yaxşı bilirəm ki, sizin vəziyyətiniz çətindir, ağırdır. Şübhəsiz ki, evini-eşiyini, elini-obasını, varını-yoxunu itirmiş, belə bir ağır şəraitdə yaşayan adamların vəziyyəti heç vaxt yaxşı ola bilməz. Ancaq siz də bilirsiniz ki, biz, Azərbaycanın prezidenti kimi şəxsən mən bütün imkanlardan istifadə edirəm ki, işğal olunmuş torpaqlarımız azad olunsun, siz öz yurdunuza qayıdasınız. İkinci tərəfdən də sizin burada yaşayışınızı heç olmasa müəyyən qədər yüngülləşdirək, şəraitinizi müəyyən qədər yaxşılaşdıraq.

Bunun üçün bütün imkanlarımızdan istifadə edirik və əmin ola bilərsiniz ki, bundan sonra da istifadə edəcəyik. Ancaq ən əsas məqsədimiz işğal edilmiş torpaqların azad olunmasıdır. Biz bu məqsədlə sülh yolu ilə gedirik, danışıqlar yolu ilə gedirik. On dörd aydan artıqdır ki, atəşkəs haqqında saziş əldə edilibdir və Ermənistanla Azərbaycan arasında olan hərbi münaqişədə atəşkəs rejimi davam edir. Biz atəşkəs rejiminə bundan sonra da sadiq qalacağıq. Çünki bir daha müharibənin başlanmasını istəmirik. Eyni zamanda biz torpaqlarımızı işğal altında qoya bilmərik, buna razı ola bilmərik, buna dözə bilmərik. Hər bir Azərbaycan vətəndaşı öz doğma yerinə, yurduna, öz torpağına, öz evinə, öz obasına qayıtmalıdır.

Biz bu arzularla yaşayırıq və bu yolda da çalışırıq. Bugünkü görüşdən istifadə edərək sizə bir daha söz verirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib torpaqlarımızın azad edilməsinə nail olacağıq. Sizi bu ağır, çətin şəraitdən çıxarmaq üçün respublikanın bütün imkanlarından istifadə olunur və bundan sonra da istifadə olunacaqdır.

Mən sizə, sizin simanızda yerini-yurdunu, elini-obasını itirmiş, indi ağır şəraitdə yaşayan bütün Azərbaycan vətəndaşlarına öz hörmət və ehtiramımı bildirirəm. Bildirmək istəyirəm ki, mən daim sizin dərdinizlə yaşayıram. Bu, Azərbaycan xalqının böyük dərdidir, bu, mənim dərdimdir, hər bir vətənpərvər azərbaycanlının dərdidir, mən də bu dərdlə yaşayıram. Amma ağır günün də ömrü çox olmaz. Biz bu ağır günləri keçib gedəcəyik, gələcək xoşbəxt günlərə çatacağıq, respublikamızın ərazi bütövlüyünü təmin edəcəyik və torpaqlarımızın azad olunmasına nail olacağıq, hər bir vətəndaş öz yerinə-yurduna qayıdacaqdır. Bu yolda sizə dözüm arzu edirəm və sizi əmin etmək istəyirəm ki, biz bu sahədə bütün imkanlardan istifadə edəcəyik. Sizə cansağlığı və dözümlülük arzu edirəm.

Sağ olun.

"Azərbaycan" qəzeti, 28 iyul 1995-ci il.