Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in hazırki sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qama ilə təkbətək görüşü - Prezident sarayı, 7 mart 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri, Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Jaymi Qama ilə təkbətək görüşü olmuşdur.

Hörmətli qonağı səmimiyyətlə salamlayan Prezident Heydər Əliyev cənab Jaymi Qamanın başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərindən çox məmnun olduğunu söylədi.

Səmimi sözlərə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlıq edən Jaymi Qama Bakıya ötən ilki səfərini həmişə məmnunluqla xatırladığını, Azərbaycanla əməkdaşlığın daha da möhkəmləndirilməsinə ATƏT-in böyük əhəmiyyət verdiyini bildirdi.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin daha da canlandırılmasının zəruriliyi vurğulandı.

Prezident Heydər Əliyev bir daha bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bu işdə Minsk qrupunun həmsədrləri çox müsbət rol oynaya bilərlər.

Prezident Heydər Əliyev və cənab Jaymi Qama əmin olduqlarını bildirdilər ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in və onun Minsk qrupunun bütün imkanlarından istifadə ediləcəkdir.