Azərbaycan Prezidenti Heydər Əliyevin İranın xarici işlər naziri Kamal Xərrazini qəbul edərkən söhbətindən - 11 aprel 2002-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir, ağayi Xərrazi!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz.

Hörmətli ağayi Xərrazi, mən sizin Azərbaycana gəlmək haqqında qəbul etdiyiniz qərardan çox məmnunam. Güman edirəm ki, sizin bu qısamüddətli səfəriniz İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox faydalı olacaqdır.

Mən bir neçə vaxtdır ki, İrana gəlməyə hazırlaşıram. Amma bizdən asılı olmayan bəzi hadisələr bu səfərin müəyyən qədər ləngiməsinə gətirib çıxarır. Ancaq belə bir şəraitdə sizin Azərbaycana, Bakıya gəlməyiniz, hesab edirəm ki, çox faydalıdır.

Bu gün qısa müddətdə baş nazirlə, xarici işlər naziri ilə görüşləriniz olub və güman edirəm, bu görüşlər yaxşı keçibdir. İndi də biz sizinlə görüşüb söhbət etmək imkanı əldə etmişik. Buyurun.

Kamal Xərrazi: Cənab prezident, çox sağ olun. Mən çox şadam ki, ikinci dəfədir Sizinlə görüşürəm. Keçmiş görüşdən yaxşı və yaddaqalan xatirələrim vardır. Sizinlə keçirdiyim görüşdən mən çox faydalanmışam. Belə ki, Siz dünya miqyasında böyük bir siyasətçi kimi tanınırsınız.

Xoşbəxtlikdən, İran-Azərbaycan münasibətləri gündən-günə inkişaf etməkdədir. Sözsüz ki, xarici işlər nazirlərinin gediş-gəlişləri, səfərləri münasibətlərimizin inkişafına daha çox müsbət təsir göstərə bilər. Azərbaycanın xarici işlər naziri cənab Vilayət Quliyevlə biz belə qərara gəlmişik ki, görüşlərimizi mütəmadi şəkildə, 6 aydan bir həyata keçirək. Sözsüz ki, iki dövlətin başçılarının möhkəm siyasi iradələri nəticəsində bizə bu görüşləri keçirmək və həll olunmayan məsələləri daha da tez bir müddətdə həll etmək müyəssər ola bilər.

Cənab prezident, ölkəmizin prezidenti cənab Xatəmi Sizə çox səmimi və hərarətli salamlarını çatdırmağı mənə tapşırmışdır. Deməliyəm ki, Sizin şəxsiyyətinizə onun çox böyük hörməti vardır. O, İranla Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirir və bunu təkidlə izləyir. Belə hesab edirəm ki, zati-aliləri, Sizin və cənab Xatəminin siyasi iradəsi nəticəsində iki ölkə arasında, Azərbaycan və İran arasında münasibətlər gündən-günə daha da genişlənəcək və vüsət tapacaqdır. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Əvvəla, çox məmnunam ki, mənim dostum prezident cənab Xatəmi öz salamlarını sizin vasitənizlə mənə çatdırıbdır. Təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı və ən xoş arzularımı cənab Xatəmiyə çatdırasınız.

Mən sizinlə tamamilə razıyam ki, İran-Azərbaycan əlaqələri inkişaf etməkdədir. Çox sevindirici haldır ki, hər iki tərəf - həm Azərbaycan, həm də İran bu əlaqələri daha da inkişaf etdirmək istəyir. Mən bəyan edirəm ki, biz İranı qonşumuz, dostumuz və qardaş ölkəmiz hesab edirik. İran ilə olan əlaqələrimizə biz xüsusi əhəmiyyət veririk. Bu əlaqələri həm möhkəmləndirmək istəyirik, həm də daim genişləndirmək, inkişaf etdirmək istəyirik. Doğrudur, bu əlaqələrin inkişaf etməsinə maneçilik törədənlər də var və ümumiyyətlə, ayrı-ayrı əngəllər də çıxır. Ancaq bunların heç birisi bizim İran-Azərbaycan əlaqələri haqqında siyasətimizə heç bir təsir göstərə bilməz.

Bu yaxınlarda sizin parlamentin deputatlarının bir qrupu cənab Şerdustun rəhbərliyi ilə Azərbaycana gəlmişdi. Burada çoxsaylı görüşlər keçirdilər. Mən də onlarla görüşdüm, çox faydalı söhbətimiz oldu. Belə görüşlər bizim işlərimizə kömək edir. Mən tam razıyam ki, İranın və Azərbaycanın xarici işlər nazirləri belə qərar qəbul etmisiniz ki, altı aydan bir ya İranda, ya da Azərbaycanda görüşəsiniz. Mən bu fikri dəstəkləyirəm. Ümidvaram ki, bu çox səmərəli olacaqdır.

Bilirsiniz ki, mənim İrana gəlməyimlə əlaqədar artıq biz lazım olan sənədlərin hamısını işləyib hazırlamışdıq. İndi sənədlər masanın üstündədir. Həm dostluq, əməkdaşlıq haqqında müqavilə, həm də siyasi bəyanat. Doğrudur, bunları o səviyyəyə gətirmək üçün bir müddət hər iki tərəfdən çalışdıq. Ancaq eyni zamanda, bu da təbiidir, heç şey bir dəfədən alınmır. Ona görə mən hesab edirəm ki, artıq bizim sənədlərimiz hazırdır. Blirsiniz ki, mənim Amerika Birləşmiş Ştatlarına getməyimlə əlaqədar və orada müəyyən qədər müalicə almağımla əlaqədar o vaxt səfər edə bilmədim. Biz danışacağlq, yaxın vaxtlarda bizim ikimizin də qərarını həyata keçirəcəyik.

Bilirsiniz, 11 sentyabr hadisələrindən sonra bizim regionda çox mürəkkəb vəziyyət var. Hamımız beynəlxalq terrorizmlə mübarizəyə daha da fəal qoşulmalıyıq. Biz bu barədə öz siyasətimizi bəyan etmişik. Bildiyimə görə, İran da bəyan edibdir ki, beynəlxalq terrorizmlə mübarizədə bütün başqa ölkələr kimi, o da öz fəaliyyətini göstərəcəkdir. Biz bu mübarizəni aparmalıyıq. Ona görə ki, bizim bölgəmizdə sülhü, əmin-amanlığı, təhlükəsizliyi daha da etibarlı qoruya bilək. Biz bu sahədə də İranla əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Həll olunmamış başqa məsələlər ki var, məsələn, bizim iqtisadi əlaqələrimiz sahəsində, güman edirəm, onları yavaş-yavaş həll edə bilərik.

Kamal Xərrazi: Çox sağ olun, təşəkkür edirəm.

Hörmətli cənab prezident, sözsüz ki, Sizin səfəriniz münasibətlərimizin daha da sürətlə inkişaf etməsinə öz müsbət təsirini göstərəcəkdir. Ümidvarıq ki, Sizə münasib olan yaxın bir vaxtda bu səfər həyata keçiriləcək, Siz cənab Xatəmi ilə danışıqlarınızı davam etdirəcəksiniz və bunun münasibətlərimizin inkişafına öz müsbət təsiri olacaqdır.

Parlamentlərarası gediş-gəlişlər, yəni səfərlər də çox əhəmiyyətli olur. Cənab Şerdustun Azərbaycana səfəri İranda çox müsbət qarşılanmış və geniş əks-səda doğurmuşdur. İstər parlamentdə, istərsə də mətbuatda onun səfərinin nəticəsi geniş işıqlanmışdır.

Sözsüz ki, bu regiondakı dəyişikliklər çox sürətlə baş verir. Zati-aliləri, Siz dediyiniz kimi, 11 sentyabrdan sonra terrorizmə qarşı mübarizəyə çoxları qoşulub və bu regionda sülhün, əmin-amanlığın təmin olunması üçün daha böyük işlər görülməlidir. Bildiyiniz kimi, 11 sentyabrdan sonra biz bu hərəkəti, yəni terrorizmi tənqid etdik. Biz belə hesab edirik ki, gərək terrorizmə qarşı birgə mübarizə aparılsın, onun kökü beynəlxalq səviyyədə bu yolla kəsilə bilər.

Biz Əfqanıstanın qonşu ölkəsi olduğumuza görə, mütəşəkkil cinayətkarlıqdan və digər xoşagəlməz hadisələrdən çox böyük ziyan görmüşdük. Biz bu gün çox şadıq ki, Əfqanıstanda müvəqqəti hökumət təşkil olunub və beynəlxalq təşkilatlar onlara kömək edirlər. Ümidvarıq ki, narkotik vasitələrə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə lazımi işlər həyata keçiriləcəkdir.

Regiondakı ən böyük problemlərdən biri Qarabağ problemidir. Ümidvarıq ki, region dövlətlərinin himayəsi nəticəsində, o cümlədən İran İslam Respublikasının himayəsi nəticəsində Qarabağ problemi ədalətli həll yolunu tapacaqdır. Biz bu sahədə Azərbaycana kömək etməyə hazırıq. Xoşbəxtlikdən, biz həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlər qura bilmişik. Belə bir nəticə cənab Xatəminin gərginliyi azaltmaq siyasəti nəticəsində əldə olunubdur.

Biz Qarabağ məsələsinin həll olunmasını regionda iqtisadi əlaqələrin inkişafı üçün lazımi bir şərt kimi qəbul edirik. Belə hesab edirik ki, Azərbaycanın müdafiə qüdrətinin möhkəmlənməsi, təmin olunması və siyasi fəaliyyəti davam etdirmək nəticəsində bu münaqişəni həll etmək olar.

Biz Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirmək və daha da genişləndirmək üçün əzmlə çalışırıq. İndiyə qədər bəzi işlər görülüb, amma belə hesab edirik ki, bunlar hələ lazımi qədər deyildir. Biz düşünürük ki, müxtəlif sahələrdə, o cümlədən tikinti, ticarət, birgə sərmayələr qoymaq sahəsində, enerji daşıyıcıları ilə bağlı məsələlərdə bir çox işlər görə bilərik. Əlbəttə, adını çəkdiyim sahələrdə ekspertlər səviyyəsində danışıqlar davam edir. Lakin istərdim ki, Sizin tapşırığınız olsun. Sizin göstərişiniz nəticəsində danışıqlar daha sürətlə davam etdirilə bilər və lazımi nəticəyə gəlib çatarıq.

Mən bir daha təkrar edirəm ki, Azərbaycanın istiqlaliyyəti, səadəti bizim əsas məqsədimizdir və bu sahədə yenə də çalışacağıq, işlərimizi davam etdirəcəyik.

Heydər Əliyev: Cənab Xərrazi, təşəkkür edirəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması sahəsində sizin bundan sonra da səylər qoymaq məqsədinizi mən alqışlayıram və təşəkkür edirəm. Bu münaqişə artıq çox illərdir davam edir. Münaqişənin həll edilməsində, dost, qardaş, qonşu ölkə olan İranın həm dəstəyinə, həm də yardımına həmişə ehtiyacımız olubdur. Bu gün də belədir. Ancaq Ermənistanla əlaqələrinizin yaxşı olması sizin siyasətinizin nəticəsidir. Amma mən istəməzdim ki, siz Azərbaycanla Ermənistana olan münasibətinizi bir tərəzidə eyni çəkidə saxlayasınız.

Siz buyurdunuz ki, xoşbəxtlikdən Azərbaycan ilə yaxşı əlaqə qurmusunuz, Ermənistanla da yaxşı əlaqə qurmusunuz, bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında faydalı ola bilər. Bu, doğrudur. Ancaq İran-Azərbaycan əlaqələrini İran-Ermənistan əlaqələri ilə bərabərləşdirmək olmaz. Çünki bizim ölkələrimizi, xalqlarımızı bir-birinə bağlayan böyük tarixdir, bizim tarixi köklərimizdir, bizim müştərək mədəniyyətimizdir, adət-ənənələrimizdir, bizim bir dinə mənsub olmağımızdır. Amma Ermənistanla sizin yəqin ki, ancaq iqtisadi əlaqələriniz var. Ona görə rica edərdim ki, bu əlaqələrə eyni gözlə baxmayasınız.

İqtisadi məsələlər, hansıları ki, siz dediniz, həqiqətən bizim əlaqələrimizdə belə problemlər var. Biz bunları tədricən həll edirik. Xatirinizdədir, bizim müştərək iqtisadi komissiyamız bir neçə vaxt bundan öncə İranda toplaşdı və orada çox yaxşı müzakirələr keçdi. Ancaq hələ işlərin çoxu həll olunmayıbdır. Mən öz tərəfimdən əlavə göstərişlər verəcəyəm ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün, həm bizim müştərək komissiya çərçivəsində, həm də bütün başqa sahələrdə lazımi tədbirlər görülsün.

Kamal Xərrazi: Zati-aliləri, çox sağ olun.

İran ilə Azərbaycan arasında bizi bağlayan əlaqələr, o cümlədən tarixi, mədəni, dini əlaqələr, sözsüz ki, hər iki xalq üçün böyük sərvətdir. Biz bunların əsasında mövcud olan imkanlardan gələcək üçün geniş istifadə etməliyik. Amma bəlkə də bunları - İranın Azərbaycanla və İranın Ermənistanla əlaqəsini müqayisə etmək olmaz. İstər dərinliyi baxımından, istərsə də vüsəti baxımından İranla Azərbaycanın münasibətlərinin həddi-hüdudu ola bilməz. Ona görə Sizin işarə etdiyiniz o birgə müştərək ilgilər buna əyani sübutdur.

Biz yoxlamalı və baxmalıyıq ki, hansı sahələrdən daha geniş istifadə edək ki, əlaqələriniz ən yüksək nöqtəsinə gəlib çatsın. Biz buna tamamilə hazırıq. Belə hesab edirik ki, iki tərəf arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən və eyni zamanda regional beynəlxalq məsələlər çərçivəsində mövcud olan imkanlardan daha da geniş istifadə edə bilərik və əlaqələrimizin miqyası bundan da artıq ola bilər.

Mən çox şadam ki, ikitərəfli münasibətlərimizdə belə bir ruh mövcuddur. Zati-aliləri, ümidvaram ki, Sizin rəhbərliyiniz və cənab Xatəminin rəhbərliyi altında məsələlər tezliklə öz həllini tapacaq və ikitərəfli münasibətlərimizdə daha böyük işlər görə biləcəyik.

Heydər Əliyev: Sağ olun.


"Azərbaycan" qəzeti, 12 aprel 2002-ci il.