Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB ölkələri dövlət başçılarının Minsk şəhərində keçirilmiş növbəti görüşündən qayıdarkən, Bakının Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 1 iyun 2001-ci il


Heydər Əliyev: Sizi, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirakım və yəqin ki, orada aparılan söhbətlər, onların nəticəsi, qəbul olunan sənədlər maraqlandırır. Bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Çünki hesab edirəm ki, bunların hamısı televiziya və radio vasitəsilə işıqlandırılıb, verilibdir.

Yəqin ki, bizim üçtərəfli, dördtərəfli görüşlərimiz sizi daha çox maraqlandırır. Bilirsiniz ki, dünən, Minskə gəldiyim gün prezident Putin, Ermənistan prezidenti, bir də mən üçtərəfli görüş keçirdik. Çox geniş müzakirə apardıq. Müzakirə nəticəsində belə fikrə gəldik ki, sülh danışıqlarını hələ bundan sonra da davam etdirmək, bəzi məsələlərə yenidən baxmaq, beləliklə, münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq lazımdır. Mən sizə bu barədə başqa heç nə deyə bilmərəm. Təbiidir ki, bu söhbətlər məxfi xarakter daşıyır, üç prezident arasındadır. Amma nəticəsi bundan ibarətdir. Dünən dördtərəfli görüşlər də oldu. Orada da əsasən, yenə Qafqazda sabitlik, əməkdaşlıq məsələləri müzakirə olundu. Təbiidir ki, biz bu prosesdə iştirak edirdik. Amma mən əvvəllər də bəyanat vermişəm, dünən də bəyanat verdim. Dünən mətbuat konfransı oldu, orada da mən dedim ki, təbiidir, bizə dördtərəfli əməkdaşlıq lazımdır, onu davam etdirmək gərəkdir. Ancaq Ermənistan-Azərbaycan münaqişəsi həll olunmasa, o danışıqlar bir o qədər əhəmiyyətli ola bilməz. Çünki Gürcüstan Ermənistanla, təbiidir, bütün sahələrdə əməkdaşlıq edə bilər. Gürcüstan Rusiya ilə, Rusiya Ermənistanla, Gürcüstanla, Azərbaycanla, eləcə də Gürcüstan Azərbaycanla əməkdaşlıq edə bilər. Amma biz məsələ həll olunana qədər, yəni sülh əldə edilənə kimi Ermənistanla heç bir iqtisadi əməkdaşlıq edə bilmərik.

Təkcə dövlət başçılarının iştirak etdikləri görüşlərdə, ümumiyyətlə, beynəlxalq aləmdə vəziyyət müəyyən qədər təhlil olundu, fikir mübadiləsi aparıldı. Müstəqil Dövlətlər Birliyinin on illiyi tamam olur. Biz bu barədə, başqa bir çox məsələlər haqqında fikir mübadiləsi etdik. Danışıqlarda yenə də ancaq prezidentlər iştirak edirdi, başqa heç kəs olmurdu. Ona görə də qalan detalları deməyə ehtiyac yoxdur. Başqa elə bir sözüm yoxdur.

Sual: Cənab Prezident, Köçəryanla görüşünüzdən sonra Cenevrədə görüş keçirmək ehtimalı artdı, yoxsa azaldı?

Heydər Əliyev: Mənə elə gəlir ki, azaldı.

Sual: Cənab Prezident, burada olmadığınız müddətdə ABŞ səfirliyində bu ölkənin Minsk qrupundakı həmsədri Keri Kavano Azərbaycan və Ermənistan jurnalistləri üçün telekörpü təşkil etmişdi. O belə bir ifadə işlətdi ki, Cenevrə danışıqlarının təxirə salınmasının səbəbi odur ki, münaqişənin həlli yollarının xalqlara çatdırılması üsulları tapılmalıdır. Konkret variantlar varmı və onlar nə vaxt xalqlara çatdırılacaqdır?

Cavab: Bilirsinizmi, əvvəl gərək variantlar olsun, ondan sonra həmin variantları çatdırmaq olar. Çünki keçən dəfə də onların hamısı birlikdə burada olanda Ağcabədiyə gedərək qaçqınlarla, başqa adamlarla görüşmüşdülər. Mən bilirəm ki, ABŞ-ın buradakı səfirliyi də ictimaiyyətin bu məsələyə münasibətini daim izləyir. Bilirsiniz ki, Kavano bir dəfə Yerevanda olarkən, ya oradan qayıtdıqda demişdi ki, bu məsələlərin həll olunmasında ən çətini odur ki, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti bunları qəbul edə bilsin. O bunu deyibdir, yəqin eyni şeyi təkrar edir. Ancaq ictimaiyyətə çatdırmaq üçün gərək əvvəlcə müəyyən razılıq olsun. Əgər bu razılıq olsa və razılığa inanmaq mümkün olarsa, razılığa tam əminlik yaranarsa, ondan sonra başqa proses gedəcəkdir. Yəqin ki, ondan sonra bu məsələyə parlamentdə baxılacaqdır, sonra bu, xalqa çatdırılacaqdır. Nəticədə hamı - həm Ermənistanda, həm də Azərbaycanda - əldə olunan razılıqları qəbul etsələr, deməli, onda məsələnin praktiki olaraq həll edilmə-sinə başlamaq olar. Ona görə də proses belədir. 

Sual: Cənab Prezident, Siz Minskə getməzdən əvvəl belə bir ifadə işlətdiniz ki, Cenevrə görüşlərinin, ümumiyyətlə, yay fəslində baş tutub-tutmaması Minsk danışıqlarından asılı olacaqdır. Bu danışıqlarda da Rusiya prezidentinin və Xarici İşlər nazirinin Qarabağla əlaqədar çıxışları onu göstərirdi ki, Rusiya bu məsələdə fəallaşıbdır. Bütün bunlardan sonra Cenevrə görüşlərinin yay fəslində baş tutmasını gözləmək olarmı?

Cavab: Fəallaşıb, doğrudan da Rusiya fəallaşıbdır. Mən bu gün bunu mətbuat konfransında dedim, eşidəcəksiniz. Mən dedim ki, Rusiya fəallaşıbdır. Rusiya indi Minsk qrupunun həmsədrləri ilə səmimi əməkdaşlıq edir. Birbaşa Rusiyanın özü də fəallaşıbdır. Məsələn, prezident Putinin iki prezidentlə ayrıca görüşməsi birinci dəfə deyildir. Bu görüş prosesinin əhval-ruhiyyəsi bu sözləri deməyə mənə əsas verir. Amma bu heç də Rusiyanın bu məsələni ayrıca, Cenevrəsiz həll etməsi deyildir. O, yerində qalır. Məsələn, mən Putinlə danışarkən - o, ayın 16-da Lyublyanada Buşla görüşəcəkdir - mənə dedi ki, onların orada olacaq danışıqlarının gündəliyində həmin məsələ də durur.

Həm üç həmsədr ölkələri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri arasında əməkdaşlıq var, həm də ki, Rusiya bu regiona daha yaxın olduğuna görə özü fəallaşıbdır. Əvvəllər biz narazı idik ki, münaqişənin həllində Rusiya fəal iştirak etmir, yaxud da ki, bizim başqa iradlarımız var idi. Amma indi mənim hələ ki, elə bir irad tutmağa əsasım yoxdur.

Sual: Cənab Prezident, Keri Kavano həmin telekörpüdə bildirdi ki, danışıqlar sona yaxın mərhələdədir. Ermənistan pozucu mövqeyindən doğrudanmı geri çəkilibdir?

Cavab: Onu Kavanodan soruşun.

Sual: Cənab Prezident, həmsədrlər bildirdilər ki, onları ən çox narahat edən həm də Qırğızıstanın Ermənistanı silahlandırması məsələsidir. Qırğızıstanın Ermənistana silah satması məsələsini Minsk görüşlərində qaldırdınızmı?

Cavab: Qaldırdın-qaldırmadın, əhəmiyyəti nədir? Deyəsən, ona deyiblər. Mən özüm ona heç bir şey demədim. Çünki bilirəm ki, indiyə qədər neçə ildir, 7 ildir ki, bu söhbətləri aparıram. Onların bu işə münasibətini bilirəm. Amma mənə elə gəlir ki, ondan soruşublar, o da deyibdir ki, xəbəri olmayıbdır, bunu hansısa firma satıbdır. Patronlar haqqında söhbət gedir.

Sual: Cənab Prezident, Kavano həmçinin bildirdi ki, Cenevrədən əvvəl Moskvada da Köçəryanla görüşünüz ola bilər. Bu nə dərəcədə düzgündür?

Cavab: Biz artıq Minskdə görüşdük. Lazım olsa, yenə də görüşəcəyik. Amma Moskva görüşü planlaşdırılmır.

Sual: Cənab Prezident, Sizin Rusiyaya rəsmi səfərinizin vaxtı Minskə səfəriniz zamanı dəqiqləşdirildimi?

Cavab: Dəqiqləşdirilməyib. Rusiya çox, elə ondan sonra da xatırladır ki, mənim rəsmi səfərim olmalıdır. Onlar bunu həqiqətən ürəkdən istəyirlər. Ancaq hələ vaxt var, dəqiqləşdirəcəyik.

Sual: Cənab Prezident, bu günlərdə məlum oldu ki, Türkmənistan dənizdə hərbi gücünü artırmaq üçün Ukraynadan 20 kater alır. Bildirdilər ki, bununla Xəzərdə öz hərbi gücünü möhkəmləndirməklə yanaşı, zəngin neft yataqlarına nəzarət etmək fikirləri də var. Azərbaycanın da belə bir addımı - hərbi gücünü artırması nəzərdə tutula bilərmi?

Cavab: Bilirsinizmi, mən bunu eşitməmişəm. Mən ayın 6-da Yaltada olacağam, orada biz görüşəcəyik. Kuçma ilə görüşəcəyik, mən bunu ondan soruşaram. Ancaq, təəssüflər olsun ki, Türkmənistan Xəzərin statusunun müəyyən edilməsində hələ indiyə qədər lazımi, konstruktiv mövqe tutmur. Biz Türkmənistan prezidenti ilə İstanbulda görüşmüşdük, danışmışdıq ki, ekspertlər görüşsünlər. O dedi ki, qoy gəlsinlər Aşqabada. Mən də bizim ekspertləri oraya göndərdim. Ancaq heç bir nəticə çıxmadı.

Sual: Cənab Prezident, Siz indicə dediniz ki, Minskdəki görüşlər Cenevrə görüşünün keçirilməsi ehtimalını azaltdı. Bu o deməkdirmi ki, tərəflər hələ də bir-birinə tamamilə zidd, əks mövqedədirlər?

Cavab: Bunlar başqa-başqa şeylərdir. Mən artıq izah etdim ki, planlaşdırıldığı kimi, sonrakı görüşün Cenevrədə keçirilməsinin baş tutması üçün şərait lazım idi. Biz dünən görüşdük, biz tamamilə əks mövqelərdə deyilik. Fikir ayrılığı çoxdur, nə iləsə onlar razı deyillər, nəyəsə biz razı deyilik. Amma əgər həmsədrlər görüşməyi təklif etsələr, mən bundan imtina etməyəcəyəm.

Sual: Cənab Prezident, həmsədrlər müxalifət nümayəndələri ilə görüşəndə kompromislər məsələsinə müxalifətin sərt münasibətinə cavab olaraq belə bir ifadə işlətdilər ki, «Siz də Heydər Əliyev kimi danışırsınız». Cenevrə görüşünün baş tutmamasının səbəbi onların təklif etdikləri, Sizi təmin etməyən kompromisləri sərt qarşılamağınızdırmı?

Cavab: Yenə də deyirəm, Kavano hər şey deyə bilər. Amma nə müxalifət mənim kimi danışır, nə də mən müxalifət kimi.

Sual: Hörmətli cənab Prezident, bugünkü zirvə görüşündə 10 dövlət başçısından dördü türkdilli ölkələrin dövlət başçıları idi. Özbəkistan, Qırğızıstan və Qazaxıstanın dövlət başçıları ikitərəfli görüşlərində Qarabağ problemi ilə əlaqədar Sizi, heç olmasa, şifahi olaraq dəstəklədilərmi?

Cavab: Yox. Heç vaxt bildirməyiblər. Hər dəfə deyiblər ki, məsələni həll etmək lazımdır.

Sual: Cənab Prezident, son bir ay ərzində xüsusilə Bakıda kriminogen vəziyyət çox gərginləşibdir. Biz bununla günaşırı, iki gündən, üç gündən bir rastlaşırıq. Bu gün də növbəti qətl hadisəsi baş veribdir. Mərkəzi Seçki Komissiyası katibinin qardaşını öldürüblər. Bununla bağlı hər hansı bir tapşırıqlar vermisinizmi?

Cavab: Bilirsinizmi, mən Azərbaycanda hər şeyə nəzarət etmirəm. Birincisi, sizin müxalifət qəzetləri, televiziyalar təbliğat aparırlar ki, Azərbaycanda kriminogen vəziyyət kəskinləşibdir - bu, düzgün deyildir. Mən bununla razı deyiləm. Qənirə xanım bir-iki gün bundan öncə Ramil Usubovla danışırdı. O danışanda, bilirsiniz də, başqasına söz deməyə imkan vermir. Sualı verir, cavab almamış təzyiq edir. Onu tanıyırsınız. Mən o verilişə başdan-ayağa qulaq asdım. Birinci, hesab edirəm ki, Usubov bu barədə bizim ictimaiyyətə çox yaxşı məlumat verdi. Bəlkə də bu, lazım idi. Çünki bir var orada-burada yazırlar, bir də var ki, Daxili İşlər naziri çıxıb televiziyada danışır. Mən belə başa düşdüm ki, Qənirə xanım da Usubovla danışandan sonra başa düşdü ki, bunu şişirtməyə ehtiyac yoxdur. İndi siz deyirsiniz ki, bu gün bir hadisə olubdur. Bəli, Usubov mənə məruzə etdi. İndi bunu aydınlaşdırdılar. Onlar bir-biri ilə tanış olan adamlardır. Biri o birini tapanca ilə vurubdur və gəlib özünü təhvil veribdir. Burada bir kriminogenlik yoxdur. Olur ki, kişi arvadını öldürür, gəlib deyir ki, öldürmüşəm. Anasını öldürür, gəlib deyir ki, öldürmüşəm. Nə bilim, bacısını öldürür… belə şeylərlə Azərbaycanda kriminogen vəziyyətin səviyyəsini ölçmək olmaz.

Sual: Cənab Prezident, Beynəlxalq Valyuta Fondunun Yerevandakı nümayəndəsi belə bir bəyanatla çıxış edib ki, onun müşahidəsinə görə, Ermənistanda büdcədən hərbiyə ayrılan xərclər Azərbaycanda ayrıldığından çoxdur. Bu onu göstərir ki, orada güclü hərbi hazırlıq gedir. Azərbaycanda bu istiqamətdə hər hansı bir iş görüləcəkmi?

Cavab: Əgər onlar çox artırırlarsa, Valyuta Fondu niyə bunun qarşısını almır? Çünki Valyuta Fondu bizim büdcələrimizə nəzarət edir. Bizim büdcədə işlərə ayrılan pulların bir limiti var. Ondan artıq ayırmağa qoymur. Onlar bunu müşahidə ediblərsə, gərək ölçü götürsünlər. Amma hər bir ölkə nə etdiyini özü bilir.

Sual: Cənab Prezident, Siz, adətən, ölkə qarşısında xidmətləri olan şəxslərin adlarını əbədiləşdirirsiz. Əbülfəz Elçibəyin adını əbədiləşdirməklə bağlı hər hansı bir sərəncamınız gözlənilirmi?

Cavab: Bilirsinizmi, adam var ki, on il bundan qabaq vəfat edib, adını əbədiləşdirmişəm. Adam var ki, beş il, adam var ki, üç il… Mən indi nə deyə bilərəm, kim layiqdirsə, onun adı əbədiləşdiriləcəkdir.

Tarixi arayış