Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanılması - milli parklar proqramı beynəlxalq konfransına - Bakı şəhəri, 1 may 2002-ci il


Hörmətli konfrans iştirakçıları!

Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş Beynəlxalq Konfransın iştirakçılarını Azərbaycan torpağında ürəkdən salamlayıram.

Konfrans Azərbaycanın milli mədəni və təbii sərvətlərinin qorunub saxlanılması ilə bağlı problemlərin həlli işinə həsr olunmuşdur. Milli parkların yaradılması proqramı üzrə keçirilən bu konfrans ətraf mühitin mühafizəsinin olduqca vacib, ümumbəşəri bir vəzifə kimi qarşıda dayandığı indiki dövrdə xüsusilə böyük əhəmiyyət kəsb edir. Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digərqlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür. Keçirdiyiniz forum bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması və genişləndirilməsinin nə dərəcədə zəruri olduğunu göstərir.

Bu konfransın ölkəmizin paytaxtı Bakı şəhərində keçirilməsi Azərbaycanın zəngin təbii və tarixi mədəni irsinə göstərilən dərin maraq və ehtiramın ifadəsidir. Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşu Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü milli mədəni və təbii sərvətlərimizə də olduqca ağır zərbə vurmuşdur.

Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkələrin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Əminəm ki, bu forum milli mədəni və təbii irsimizin qorunması işinə öz layiqli töhfəsini verəcəkdir.

Hörmətli Konfrans iştirakçıları! Ölkəmizə gəlişinizdən, onunla yaxın tanışlıqdan böyük məmnunluq duyacağınıza inanır və Sizə Konfransın işində uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 may 2002-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT