Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Birliyi rəhbərləri ilə görüşmək üçün Belçikaya yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibəsi - 17 aprel 1995-ci il


Azərbaycanın Avropa Birliyinə qoşulması respublikamız üçün çox böyük imkanlar verir. Ümumiyyətlə, indi qitədə və dünyada Avropa Birliyinin fəaliyyəti bütün sahələrdə - həm iqtisadi, həm də siyasi sahədə çox genişdir. Ona görə də indi Avropa Birliyi ilə əlaqələrimizin inkişaf etməsi respublikamız üçün hərtərəfli mənfəətlidir.

Bu birlik və onun iqtisadi komissiyası Azərbaycana xeyli kömək-humanitar yardım edib, respublikamıza xüsusən taxıl məhsulları və başqa ərzaq malları göndəribdir. Onlar ölkəmizin böhran vəziyyətindən çıxmasına kömək edirlər. Bu yardımın indən sonra da davam etdirilməsi üçün onların geniş bir proqramı var. Ona görə də Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi və qarşımızda duran bütün məsələlərin, siyasi məsələlərin, o cümlədən Ermənistan- Azərbaycan münaqişəsinin aradan qaldırılması və Avropa Birliyinin, onun iqtisadi komissiyasının ölkəmizə köməyinin daha da artırılması üçün bu səfər çox əhəmiyyətlidir.

Tarixi arayış