Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 26 avqust 2001-ci il


Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı hörmətli cənab Hüseyn Qıvrıqoğlu!

Türkiyə Cümhuriyyətindən Azərbaycana qonaq gəlmiş hörmətli generallar, zabitlər, dostlar!

Azərbaycan Ali Hərbi Məktəbinin hörmətli müəllim-professor heyəti!

Azərbaycan Ali Hərbi Məktəbinin ilk məzunları və bütün kursantları!

Hörmətli xanımlar və cənablar!

Bu gün müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verir. Azərbaycanın Ali Hərbi Məktəbi son illər təkmilləşərək, inkişaf edərək, nəhayət, özünün ilk məzunlarını buraxır. Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan ordusu böyük gənc zabit korpusu ilə tamamlanır. Bunlar hamısı son on il içərisində Azərbaycanın müstəqilliyi naminə, dövlətçiliyi naminə, Azərbaycanın qüvvətlənməsi naminə görülən görkəmli işlərdən biridir.

Ordu quruculuğu asan iş deyildir. Müstəqillik əldə etmiş hər bir ölkə, azadlığa çıxmış hər bir xalq öz dövlətinin bütün təsisatlarını yaradır. Məlumdur ki, ötən illərdə müstəqil Azərbaycan bütün bu təsisatları yaradıbdır. Müstəqil dövlət kimi, hüquqi-demokratik dünyəvi dövlət kimi Azərbaycan artıq öz hakimiyyət orqanlarını yaradıb, onlar səmərəli fəaliyyət göstərir və Azərbaycanın müstəqilliyinin inkişaf etməsi üçün, dövlətçiliyinin möhkəmlənməsi üçün üzərinə düşən vəzifələri yerinə yetirirlər.

Bu sırada görülən bütün işlərdən ordu quruculuğu ən çətin, ən mürəkkəb bir sahədir. Əgər nəzərə alsaq ki, Azərbaycan on il bundan öncə dövlət müstəqilliyini əldə edəndə Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün müharibə edirdi və onun mütəşəkkil hərbi hissələri, ordusu yox idi, onda, təsəvvür etmək olar ki, bu illərdə Azərbaycanda ordu quruculuğu sahəsində nə qədər böyük, ağır və çətin yol keçmişik.

Təəssüflər olsun ki, Azərbaycan keçmiş əsrlərdə müstəqil olmadığı kimi, özünün müstəqil ordusu da olmayıbdır. Yəni ordusu, silahlı qüvvələri olmayıbdır. Əgər Azərbaycan müstəqillik əldə edəndə bütün başqa peşələrdə böyük kadr potensialına malik idisə, ordu sahəsində Azərbaycan bundan məhrum idi. Ona görə ordunu qurmaq, yaratmaq hər bir əsgərə hərbi peşəni anlatmaq və nizami ordu yaratmaq üçün zabit kadrları hazırlamaq bunlar böyük iradə, böyük səylər tələb edirdi. Amma indi bütün Azərbaycan xalqı fəxr edə bilər ki, artıq biz bu sahədə məqsədlərimizə nail olmaqdayıq.

Azərbaycanda müstəqil Azərbaycan dövlətinin Hərbi məktəbinin yaranması çətin bir proses idi. Doğrudur, bizim keçmişdə sovet ordusunda xidmət edən müəyyən zabitlərimiz var idi. Bizim 70-ci illərin əvvəllərində yaratdığımız Naxçıvanski adına Hərbi Litseyimiz var idi. Bunlar hamısı hərbi kadrların hazırlanmasında müəyyən qədər əsas yaratmışdır. Ancaq milli Silahlı Qüvvələrin, Milli Ordunun, gərək milli Ali Hərbi Məktəbi də olaydı. Biz bu işə başladıq, bu işi təşkil etdik. İndi onun gözəl bəhrələrinin şahidiyik.

Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında yaranmış əməkdaşlıq bizim bu işdə nailiyyətlərimizin əsasını təşkil edir. Çünki keçmiş zamanlarda bizim zabitlərin aldığı hərbi təhsil indi müstəqil Azərbaycanın həyatı üçün, müasir dövr üçün heç də yetərli deyildir. Ona görə də yeni ali hərbi məktəb yaratmaq lazım idi. Bu məktəbdə tələbələrin təhsil alması üçün lazımi şərait yaratmaq lazım idi. Ən əsası da, yüksək səviyyəli hərbi biliyə malik olan müəllim heyəti yaratmaq lazım idi. Bunların hamısının həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri Azərbaycana böyük yardım etmişdir. Bizim müştərək işimizin nəticəsində, səmərəli əməkdaşlığımızın nəticəsində artıq indi Azərbaycanda Ali Hərbi Məktəb mövcuddur və bu gün o ilk, birinci məzunlarını buraxır. Bir neçə yüz gənc zabit burada dörd il təhsil alandan sonra, hərbi bilikləri mənimsəyəndən sonra, müasir hərbi təcrübəni mənimsəyəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin hissələrinə xidmətə gedəcəkdir. Bu, bizim ordumuzun, silahlı qüvvələrimizin komandan heyətinin keyfiyyətinin yüksəlməsinə çox kömək edəcəkdir. Çünki bu gün Hərbi Məktəbin məzunları artıq yeni dərs proqramı, yeni hərbi nailiyyətlərin təcrübəsi Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin böyük təcrübəsi əsasında təhsil alıblar. Türkiyənin Ali Hərbi Məktəbdə dərs keçən, təlim-tərbiyə işini aparan yüksək rütbəli zabitləri bugünkü məzunları yaxşı hazırlayıblar və inanıram ki, onlar Azərbaycanın hərbi hissələrində yeni bir əhval-ruhiyyənin yaranmasına kömək edəcəklər.

Mən çox məmnunam ki, Azərbaycan üçün bugünkü tarixi gündə Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı hörmətli cənab Hüseyn Qıvrıqoğlu bu mərasimdə iştirak edir. Onun xüsusi olaraq, təbiidir ki, Azərbaycan hökumətinin dəvəti ilə Azərbaycana indiki səfəri və bu mərasimdə iştirak etməsi, burada söylədiyi nitqində Azərbaycan əsgərlərinə, zabitlərinə verdiyi tövsiyələr çox əhəmiyyətlidir. Güman edirəm ki, bu, təkcə buraya toplaşmış Ali Hərbi Məktəbin məzunları, yaxud kursantları üçün yox, bütün Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri, zabitləri üçün də çox əhəmiyyətlidir. Buna görə də mən bu gün böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq öz müsbət nəticələrini verir və bu sahələrdən ən çətini, ən ağırı olan hərbi sahədəki əməkdaşlığımız bax, bu gün burada - gözəl məktəbin gözəl meydanında öz təzahürünü tapır. Mən bunlara görə Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezerə, Türkiyə Cümhuriyyətinin baş naziri hörmətli Bülənd Ecevitə, Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hüseyn Qıvrıqoğluna Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu gün bu mərasimi daha da gözəlləşdirən "Türk ulduzları"nın ikinci gündür ki, Azərbaycanın, Bakının səmasında qəhrəmancasına uçuşları oldu. Biz dünən də, bu gün də Türkiyənin nə qədər qüdrətli, peşəkar, nə qədər inkişaf etmiş Silahlı Qüvvələrinin mövcud olduğunun şahidiyik. Mən "Türki ulduzları"nın Azərbaycana gəlməsi münasibətilə bütün xalqımızın adından, dövlətimizin adından minnətdarlığımı bildirirəm və bəyan edirəm ki, mən onları öz şəxsi hədiyyələrimlə təltif edirəm.

Əziz gənc zabitlər!

Siz xoşbəxt adamlarsınız, xoşbəxt gənclərsiniz. Ona görə ki, bu məktəbdə dörd il təhsil almısınız, hərbi peşəni mənimsəmisiniz və şüurlu olaraq özünüzü bu şərəfli işə, hərbi peşəyə həsr etmək niyyəti ilə yaşayırsınız və Azərbaycan ordusunda şərəflə xidmət etməyə hazırsınız. Sizin qarşınızda çox böyük vəzifələr durur. Siz bu illər ərzində aldığınız təhsili, qazandığınız təcrübəni gərək, Azərbaycanın xidmət edəcəyiniz hərbi hissələrində səmərəli istifadə edəsiniz. Birincisi, siz gərək öz xidmətinizlə sübut edəsiniz ki, dörd il müddətində aldığınız təhsil həqiqətən, Azərbaycan ordusunun peşəkarlığını, səviyyəsini qaldırmağa xidmət edəcəkdir. İkincisi, gərək hər bir hərbi hissədə əsgərlər üçün nümunə olasınız. Çünki siz müstəqil Azərbaycanın milli ordusunun, milli hərbi məktəbinin məzunlarısınız. Bu, çox şərəfli addır. Bu şərəfli adı siz axıra qədər şərəflə daşımalısınız. Bu da sizin üçün çətin deyildir. Çünki bir halda ki, Azərbaycan ordusunda xidmət etmək, zabit olmaq, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin, Azərbaycan torpaqlarının keşiyində durmaq peşəsini şüurlu olaraq özünüz seçmisiniz, demək, siz bu peşəni sevirsiniz. Hərbi hissələrdə gərək əməli fəaliyyətinizdə bunları sübut edəsiniz, nümayiş etdirəsiniz və əsgərlər sizdən nümunə götürməlidirlər. Ümidvaram ki, bu, belə də olacaqdır.

Azərbaycan əsgərinin birinci vəzifəsi xalqına, torpağına, millətinə sədaqətlə xidmət etməkdir. Hər il gənclər Azərbaycan ordusunda xidmət etmək üçün səfərbər olunurlar. Onlar bir il, il yarım ordu sıralarında xidmət göstərib tərxis olunurlar. Siz gərək hərbi hissələrdə tabeliyinizdə olan əsgərlərə az müddətdə hərbi peşəni öyrədəsiniz, həqiqi döyüşçü olmaq qabiliyyətini onlara öyrədəsiniz. Beləliklə də Azərbaycanın hərbi potensialını daha da gücləndirəsiniz.

Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın. Çünki biz artıq bunun canlı şahidiyik ki, Türkiyə Cümhuriyyətinin ağır şəraitdə yaşayaraq inkişaf etməsində və ona qarşı olan təxribatların qarşısının alınmasında, vaxtilə, 20-ci illərdə Türkiyə Cümhuriyyətinin yaranmasına mane olan qüvvələrin qarşısının alınmasında türk əsgəri böyük qəhrəmanlıq, şücaət, vətənpərvərlik nümunələri göstəribdir. Ona görə də bu ənənələri daim inkişaf etdirərək, Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri indi dünyada ən güclülərdən biri hesab olunur.

Türkyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin, onun əsgərlərinin bütün başqa keyfiyyətlərdən əlavə, ən yüksək keyfiyyəti vətənə, millətinə, torpağına daim sədaqət hissi ilə yaşaması və xidmət etməsidir. Bu, hər bir ölkənin əsgərinin borcudur. Dünyada, dünya ölkələrində bu sahədə böyük nümunələr də var. Bu nümunələrdən biri, və bizim üçün çox yaxın, əziz olan nümunələrdən biri türk əsgərinin, Türkiyə Silahlı Qüvvələrinin Türkiyə Cümhuriyyəti yaranandan sonra türk ordusunu daim inkişaf etdirməsidir. Siz də Azərbaycan xalqına xidmət edərək, müstəqil Azərbaycan dövlətinə xidmət edərək, müstəqil Azərbaycan torpağının keşiyində duraraq, xalqınızı sevərək, vətənpərvərlik hissi ilə yaşayaraq, özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız.

Ermənistan silahlı qüvvələri vaxtilə Azərbaycan ərazisinin bir qismini işğal edibdir. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. İşğal olunmuş torpaqlardan bir milyon Azərbaycan vətəndaşı, bizim soydaşlarımız didərgin düşüblər, ağır şəraitdə yaşayırlar və Azərbaycan dövlətinin ən ümdə vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə-obasına qaytarmaq və onlara gələcək yaşayış üçün şərait yaratmaqdır.

Biz bunun üçün məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq və bundan sonra da çalışacağıq. Dünya təcrübəsi, müasir həyatda gedən proseslər onu göstərir ki, bu cür münaqişələr sülh yolu ilə həll olunmalıdır. Nə qədər çətin olsa da, sülh yolu ilə həll edilməlidir. Biz bu çətinliklərin öhdəsindən gələrək bu yol ilə gedirik və gedəcəyik. Ancaq eyni zamanda Azərbaycan ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir. Bu, Azərbaycan dövlətinin üzərinə düşən vəzifədir və bunun icraçıları Azərbaycanın Silahlı Qüvvələridir, Azərbaycan ordusudur, Azərbaycan əsgəridir. Siz hər an, hər dəqiqə Azərbaycan dövlətinin bu qərarını, üzərinizə düşən bu vəzifənizi yerinə yetirməyə hazır olmalısınız.

Azərbaycan sülhsevər dövlətdir. Bizim on illik müstəqillik dövrümüz çox çətin və ağır yollardan keçibdir. Həm daxili qüvvələrin, həm də xarici qüvvələrin bizim müstəqilliyimizi pozmaq cəhdləri dəfələrlə özünü göstəribdir. Ancaq xalqımız bunlara sinə gərib və müstəqilliyimizin onuncu ildönümünü bayram edəcəyik. Ancaq bizim xarici siyasətimizdə, həm qonşularımızla, həm də bütün dövlətlərlə münasibətlərimizdə əsas prinsip sülhsevərlik, qarşılıqlı faydalı əməkdaşlıqdır. Biz heç bir ölkə ilə müharibə etmək fikrində deyilik. Biz heç bir ölkənin torpağına göz dikməmişik.

Ancaq eyni zamanda sülhsevər dövlət olaraq biz sülhsevər siyasətimizi təmin etmək üçün güclü orduya malik olmalıyıq. Çünki, əgər kimsə bu sülhü pozarsa, demək, onun qarşısını ancaq ordu ilə, güc ilə almaq olar. Ona görə də Azərbaycan Silahlı Qüvvələri bizim xalqımızın ən mötəbər hissəsidir. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxslər gərək anlasınlar ki, onlar Azərbaycan ordusunun bütün tələblərinə uyğun xidmət etməlidirlər və yaşamalıdırlar. Əgər buna qadir deyillərsə, bu xidmətdən uzaqlaşmalıdırlar. Kiminsə Azərbaycan ordusunda xidmət etməsi özünün şəxsi mənafelərini təmin etmək məqsədi daşıyırsa, belələrini aşkar etmək lazımdır, uzaqlaşdırmaq lazımdır. Azərbaycan əsgəri, Azərbaycan zabiti gərək yüksək mənəviyyata malik olsun. Azərbaycan xalqının yüksək mənəvi dəyərləri ilə yaşasın. Vətənpərvərliyi, Vətəni sevməyi, Vətən yolunda şəhid olmağı daim gözünün önündə saxlasın.

Azərbaycan xalqı Ermənistan silahlı qüvvələrinin qarşısını almaq məqsədi ilə aparılan döyüşlərdə çox şəhidlər veribdir. Şəhidlərin xatirəsi bizim üçün həmişə əzizdir. Eyni zamanda onların şəhidliyi, qəhrəmanlığı hər bir Azərbaycan gənci, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan əsgəri üçün nümunə olmalıdır. Güman edirəm ki, indi bizim ordumuzda bu sahədə vəziyyət xeyli dəyişibdir. Ancaq hələ nöqsanlar, çatışmazlıqlar da var. Onları aradan qaldırmaq lazımdır. Bunun üçün də bizim ordumuzda xidmət edən zabit heyəti - generallar, zabitlər birinci növbədə özlərinə qarşı tələbkar olmalıdırlar. Özləri yüksək mənəviyyat, yüksək vətənpərvərlik, yüksək qəhrəmanlıq nümunələri göstərməlidirlər. Bu nümunələr əsasında da əsgərləri, bütün ordumuzu tərbiyə etməlidirlər, hazırlamalıdırlar.

Mən əminəm ki, siz, gənc zabitlər, Ali Hərbi Məktəbin məzunları məhz bu yol ilə gedəcəksiniz, məhz bu keyfiyyətləri daşıyacaqsınız, məhz Azərbaycan xalqına sədaqətlə xidmət etmək, vətənpərvərlik hissiyatları ilə yaşayacaqsınız və xidmətinizi göstərəcəksiniz. Azərbaycan dövləti isə hər bir Azərbaycan əsgərinin, bütünlükdə Azərbaycan Silahlı Qüvvələrinin xidmətini qiymətləndirməyə qadirdir, qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir. Biz həm bütün Silahlı Qüvvələr üçün, həm də Ali Hərbi Məktəb üçün bundan sonra da lazımi şəraitlərin yaranması üçün tədbirlər görəcəyik. Ancaq siz isə bizim yaratdığımız şəraitdən, imkanlardan gərək, səmərəli istifadə edəsiniz.

Əziz dostlar, qonaqlar!

Mən hesab edirəm ki, bugünkü mərasim eyni zamanda Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, strateji əməkdaşlığının gözəl bir təzahürüdür. Burada həm Türkiyədən gələn hörmətli qonaqlarımız, həm Ali Hərbi Məktəbdə vaxtilə müəllimlik etmiş, yaxud indi müəllimlik edən türk zabitləri, Türkiyənin generalları, həm də Azərbaycan Silahlı Qüvvələrinin generalları və yüksək rütbəli zabitləri, Azərbaycanın dövlət hakimiyyəti orqanlarının nümayəndələri, bugünkü məzunların valideynləri iştirak edirlər. Bu, böyük bir bayrama çevrilibdir. Eyni zamanda bu, gələcək üçün yaxşı bir ənənənin əsasını qoyubdur. Biz bu ənənəni davam etdirməliyik. Bunun üçün yenə də Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə və inkişaf etməsinə hərə öz payını verməlidir.

Mən bir daha Ali Hərbi Məktəbin məzunlarını ali hərbi təhsil alıb ordu sıralarında xidmətə getməsi münasibətilə təbrik edirəm, sizə bu şərəfli işinizdə uğurlar arzulayıram. Azərbaycan ordusuna, Azərbaycan əsgərinə qəhrəmanlıq, cəsurluq, vətənpərvərlik və bütün işlərində, bütün xidmətlərində uğurlar arzulayıram.

Yaşasın qəhrəman Azərbaycan əsgəri!

Qəhrəman, cəsur türk əsgərinə, Türkiyə ordusuna, Türkiyə Silahlı Qüvvələrinə eşq olsun!

Yaşasın sarsılmaz, əbədi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!