Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xəzəryanı ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Türkmənistanın paytaxtı Aşqabad şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına cavabı - 23 aprel 2002-ci il


Heydər Əliyev: Mənim Aşqabada səfərim haqqında məlumatınız var. İzahat verməyə ehtiyac yoxdur. Nə məqsəd üçün gedirik, o da məlumdur. Çünki uzun müddətdir Xəzər dənizinin statusunun müəyyən olunması ilə əlaqədar müxtəlif səpkilərdə danışıqlar gedibdir. Xüsusən bizim xarici işlər nazirlərinin rəhbərlik etdikləri ekspert qrupları çox işləyiblər. Eyni zamanda ikitərəfli görüşlər də çox olubdur. Xarici işlər nazirləri, baş nazirlər, prezidentlər görüşüblər. İndi birinci dəfədir ki, biz dövlət başçıları səviyyəsində Aşqabadda toplaşırıq. Gedək, görək nə olur.

Sual: Cənab Prezident, İran belə bir rəsmi məlumat yayıb ki, bu sammitdə İrana 14,5 faiz təklif olunacaq. Bildirilir ki, İran bu təkliflə razılaşır. Həmin təklifin gündəliyə çıxarılacağını gözləmək olarmı?

Cavab: Bilmirəm. Nə olacaqsa, orada görəcəyik. Bu barədə məlumatım yoxdur.

Sual: Cənab Prezident, Azərbaycanın Xəzərlə bağlı mövqeyində hər hansı bir yenilik varmı?

Cavab: Yoxdur.

Sual: Xəzər dənizi enerji daşıyıcıları ilə zəngin olan bir mənbədir. Bu mənbənin istifadə olunması və dünyanın inkişaf etmiş dövlətlərinin diqqətinin buraya cəlb edilməsi Sizin böyük xidmətinizdir. Bizim ictimaiyyət Aşqabad sammitində Xəzərin sektorlara bölünməsində dövlətlərin ümumi razılığa gələcəyinə əmindir. Sizcə, ictimaiyyətimiz öz əminliyində yanılmır ki?

Cavab: Mən də əminəm, camaat da əmindir. Amma lazımdır ki, razılığa gələk.

Sual: Cənab Prezident, Rusiya nümayəndə heyəti burada olanda Siz dediniz ki, koordinatların dəqiqləşdirilməsinə Rusiya ilə Qazaxıstan başlayıblar. Bu koordinatlar Azərbaycanla da razılaşdırılacaqdır. Bunu sürətləndirmək lazımdır. Putinlə görüşünüzdə Siz bu məsələyə toxunacaqsınızmı?

Cavab: Biz artıq bunu danışmışıq. Burada problem yoxdur. Bizim ekspertlər işləyirlər. Nəzərdə tutulur ki, hazır olsa - iyun ayının əvvəlində mən Sankt-Peterburqa gedəcəyəm, orada prezident Putinlə görüşəcəyəm - ola bilər, orada imzalayaq.

Sual: Cənab Prezident, İranın prezidenti Xatəmi ilə görüşəcəksinizmi?

Cavab: Bəli, görüşəcəyəm.

Sual: Cənab Prezident, Türkmənistanın prezidenti Saparmurad Türkmənbaşı ilə görüşəcəksinizmi?

Cavab: Türkmənbaşı ev sahibidir. Yəqin ki, görüş olacaqdır.

Sual: Cənab Prezident, Azərbaycanın Türkmənistana borcu vardır. Türkmənistan tərəfi artıq rəqəmlər deyib, problemin həllini yubadırdı. Bu məsələ barədə danışıq aparacaqsınızmı? Bir də ki, Türkmənistana gediş-gəlişlə bağlı bəzi problemlər barədə söhbətiniz olacaqmı?

Cavab: Bilirsinizmi, indi mən borc məsələsindən heç danışmaq istəmirəm. Buna hazır da deyiləm. Çünki bu səfərimin məqsədi o deyil. Türkmənistana gediş-gəlişi nə mənada deyirsiniz, onlar hamıya viza qoyublar.

Sual: Onlar deyirlər ki, azərbaycanlılar gələndə problem yaranır.

Cavab: Bir halda ki, viza qoyub, bu öz vətəndaşlarının hamısına aiddir. O azərbaycanlılar da Türkmənistanın vətəndaşlarıdır. Burada heç kəsə istisna etmək olmaz.

Sual: Cənab Prezident, Türkmənistanla və İranla mübahisəli yataqlar barədə məsələ qaldırılacaqmı?

Cavab: Bilirsinizmi, bizim mübahisəli yataqlarımız yoxdur.

Sual: Cənab Prezident, Sizin Aşqabada səfəriniz o deməkdirmi ki, İranla Türkmənistanın mövqelərində yaxınlıq var?

Cavab: Mənim mövqeyim bunu bildirmir - bu iki dövlətin mövqelərində yaxınlıq var, ya yox. Biz birinci dəfə toplaşırıq. Bunu başqa məsələlərlə şərtləndirmək olmaz.

Sual: Cənab Prezident, səhhətiniz necədir? Qəzetlərdə məlumat yayılmıĢdı ki, Siz hətta xəstəxanaların birinə baş çəkmisiniz.

Cavab: Sən mənə lap yaxında durmusan. Sən necə düşünürsən? Sən məni görürsən. Necəyəm? O yalan yazılara sən cavab ver - özü də bəzən cavabın tutarlı olur - onlara cavab ver ki, mən prezidentdən 50 santimetr məsafədə durmuşdum, onun səhhətini hiss etdim. Nə hiss etmisən, öz işindir.

Sual: Cənab Prezident, 2003-cü ildəki prezident seçkilərinə şəxsən Sizin özünüzün qatılacağınız gözlənilirmi?

Cavab: Mən bunu çoxdan bəyan etmişəm. Bəyan etmişəm ki, 2003-cü ilin seçkilərində mən yenidən iştirak edəcəyəm.

Sual: Tək namizəd göstəriləcəksiniz, yoxsa başqa namizəd də olacaq? Yeni Azərbaycan Partiyasından İlham Əliyevin namizədliyindən söhbət gedir.

Cavab: Bir partiyadan iki namizəd ola bilməz.

Sual: Cənab Prezident, güc nazirliklərində, habelə Gömrük Komitəsində, Vergilər Nazirliyində rəhbərlərin dəyişdiriləcəyi barədə söz-söhbət gedir. Bu nə dərəcədə doğrudur?

Cavab: Bunu haradan gözləyirsiniz? O qədər belə yalan məlumatlar yayırlar ki, mən bunlara cavab verməyəcəym.

Sual: Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla hərbi təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı bəyanatları Azərbaycan-İran münasibətlərinə hansı yeniliklər gətirə bilər?

Cavab: Bilirsiniz, gəlin burada belə şeyləri müzakirə etməyək. Bizim şərhçilərimiz televiziyada, xüsusən özəl kanallarda bunları şərh edirlər. Düzdür, bəzən səhvlərə yol verirlər, özlərinin subyektiv fikirlərini deyirlər. Bura o söhbətin yeri deyildir.

Sual: Cənab Prezident, ABŞ prezidenti Corc Buş Azərbaycana, Ermənistana və Tacikistana hərbi yardımla bağlı sənəd imzalamışdır. Konkret olaraq Azərbaycana nə cür yardım göstəriləcək?

Cavab: Görək də. O bu sənədi beşinci gün imzalamışdır. Gərək onlar bizə desinlər ki, yardım necə olacaq.

Sual: Cənab Prezident, şənbə gününə müxalifətin icazə verilmiş mitinqi nəzərdə tutulmuşdur. Buna münasibətiniz necədir?

Cavab: Bu, artıq adi haldır. Mitinq keçirirlər. Birinci mitinq deyil ki. Bir-iki gün bundan əvvəl qadınlar da mitinq keçirdilər. İndi kişilər keçirəcəklər. Sonra yəqin qocalar keçirəcəklər.

Sual: Cənab Prezident, bu gün Azərbaycan futbolunda çox böhranlı vəziyyət yaranmışdır. UEFA, FİFA Azərbaycanı hətta bu federasiyalardan uzaqlaşdırmaqla hədələyir. Buna Sizin münasibətinizi bilmək olarmı?

Cavab: Bilirsiniz, mən futbol məsələsi ilə heç məşğul olmuram və xəbərim də yoxdur. Çünki indi bir adam hər şeylə məşğul ola bilməz. Mən maraqlanmıram. Bu, idmançıların, futbol komandalarının işidir.

Sual: Sammitdə hansısa sənəd imzalanacaqmı?

Cavab: Nəzərdə tutulur ki, bəyannamə imzalansın. Bizim ekspertlər onun üzərində işləyib mətnini razılaşdıra bilsələr, imzalayacağıq.

Sual: Cənab Prezident, Siz səfərdən qayıdan kimi sahibkarlarla görüşəcəksiniz. Onların bəzi problemləri var. Məsələn, Nəqliyyat nazirinin təsdiq olunması, Prezidentin Yanında Sahibkarlar Şurasının yaradılması. Qarşıdakı görüşdən bu nəticələri gözləmək olarmı?

Cavab: Bilirsənmi, sən yaxşı jurnalistsən, amma hərdənbir bəsit suallar verirsən. Bu görüşdən çox şey gözləmək olar. İndi belə bir böyük görüş keçirəcəyik və bütün Azərbaycana bəyan etmişik ki, sahibkarlardan kim istəyirsə, gəlib fikirlərini deyə bilər. Məqsədimiz nədir? Məqsədimiz odur ki, sahibkarlar öz işləri haqqında, onlara mane olan səbəblər haqqında açıq danışsınlar. Azərbaycanda biznesi inkişaf etdirmək lazımdır. Özü də, yerli sahibkarlar biznesi inkişaf etdirməlidirlər. Biz müşahidə edirik ki, yerli biznesin inkişaf etməsində də problemlər var, sahibkarlara maneçiliklər var. Onların bəziləri öz işlərini istədikləri kimi apara bilmirlər. Təəssüflər olsun ki, əvvəllər olduğu kimi, yenə də ayrı-ayrı hüquq mühafizə orqanları tərəfindən qanunsuz yoxlamalar aparılır, biznesmenlərin işinə müdaxilə edilir. Hətta mən hiss edirəm ki, bizim vergi orqanlarının da işində bir az səhvlər meydana çıxmağa başlayıbdır. Bunların hamısı biznesin inkişafına mane olur. Azərbaycan prezidenti kimi, mənim də məqsədim ondan ibarətdir ki, bunları biznesmenlərin özlərindən eşidim. Onlara nə mane olur və nə etmək lazımdır ki, onlar öz işlərini daha da uğurla apara bilsinlər və Azərbaycanda yerli biznes inkişaf etsin. Bu çox mühüm məsələdir. Çünki biz islahatlar keçirmişik, dövlətin inhisarında bir şey yoxdur. Bütün iqtisadiyyatımız indi sahibkarların, iş adamlarının əlindədir. Azərbaycanın sosial-iqtisadi inkişafı sahibkarların, iş adamlarının fəaliyyətindən asılıdır. Ona görə də biz buna böyük qayğı göstərməliyik. Necə ki, keçmişdə bunların hamısı dövlətin inhisarında olanda, dövlət onlara qayğı göstərirdi, indi bunlar sahibkarlardadır və biz onlara qayğı göstərməliyik, kömək etməliyik. Biz onların dərdlərini özlərinin dilindən eşitməliyik. Əlbəttə, mən onlara da arzu edirəm ki, vəziyyəti obyektiv qiymətləndirsinlər. Həqiqətən onlara mane olan məsələləri qaldırsınlar, ayrı-ayrı icra orqanlarının onlara qarşı ədalətsizliklərini bildirsinlər. Hesab edirəm ki, bu, yox deyildir. Qorxmasınlar, çəkinməsinlər, açıq söhbət getsin. Bu çox böyük bir şeydir. Təbiidir ki, biz görüşdə aldığımız məlumatları təhlil edəcək, sonra lazımi tədbirlər görəcəyik. Güman edirəm ki, bundan sonra Azərbaycan prezidentinin fərmanı olacaqdır. Ona görə də biz sadə görüş keçirmək istəmirik. Bu, iqtisadi islahatlar sahəsində bizim apardığımız işin bir hissəsidir.

Sual: Cənab Prezident, son zamanlar Rusiyada skinxedlərin fəaliyyəti güclənib. Onların qafqazlılara, o cümlədən azərbaycanlılara münasıbəti çox radikaldır. Siz Rusiya prezidenti ilə görüşərkən bu məsələyə, bir də Krasnodardan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsinə toxunacaqsınızmı?

Cavab: Birinci məsələ Rusiya dövlətinin öz işidir, biz buna qarışmırıq və qarışmayacağıq. Hesab edirəm ki, Rusiya dövləti bu problemlərin nə qədər təhlükəli olduğunu özü bilir və lazımi tədbirlər görür. İkincisi, bizim öz dərdimiz var. Bizə nə lazımdır ki, Krasnodardan ermənilərin haraya köçürülməsi ilə məşğul olaq. İnanmıram ki, onlar Dağlıq Qarabağa gəlsinlər. Dağlıq Qarabağa gəlsəydilər, niyə oraya gedirdilər? Krasnodar çox gözəl yerdir. Ona görə oranı seçiblər. Gəlib Dağlıq Qarabağın daşları üzərində onlar nə edəcəklər?

Sual: Cənab Prezident, bu günlərdə parlamentin sədri Murtuz Ələsgərov nazirləri Nizami Qocayevlə bağlı qanunsuzluqlara və cinayətə yol verməkdə ittiham etmişdi. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Siz bu mövzunu o qədər çeynəmisiniz, yazıq Murtuz Ələsgərovu televiziyada o qədər göstərmisiniz ki... Mənə belə gəlir ki, hər şey məlumdur.

Sual: Cənab Prezident, Siz xarici iş adamları ilə də görüşəcəksiniz? Bu görüşdən məqsəd nədir?

Cavab: Görüşəcəyəm. Məqsəd yenə eynidir. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR