Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın yüksək səviyyəli dövlət nümayəndələrini - bu ölkənin MDB məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Stiv Sestanoviçi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Kerri Kavanonu və ABŞ-ın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ross Uilsonu qəbul edərkən söhbətindən - Vaşinqton, 20 fevral 2000-ci il


Stiv Sestanoviç: Cənab prezident, bildirmək istəyirəm ki, Siz bu gün prezident Bill Klintonla görüşəndən sonra biz özümüz qısa bir görüş keçirdik. Prezident Klinton hamımıza dedi ki, bu, fövqəladə əhəmiyyətli və çox xeyirli bir görüş oldu. Prezident Klinton Sizinlə görüşündən sonra bizə tapşırıq verib bu görüşə göndərdi ki, Sizin onunla bugünkü görüşünüzdə müzakirə etdiyiniz məsələlər - həm sülh sahəsində diplomatiyanın irəli aparılması, danışıqların irəli aparılması, həm enerji sektorundakı əməkdaşlığınızın irəli getməsi üçün Sizinlə onun arasında olmuş müzakirələri bir növ davam etdirək.

Heydər Əliyev: Mən çox məmnunam. Öz tərəfimdən deyə bilərəm ki, mən bu gün Ağ evdə prezident Klintonla və onun ətrafında olan şəxslərlə görüşümdən həddindən ziyadə məmnunam.

Siz dediniz ki, prezident Klinton bəyan etdi ki, bu görüş fövqəladə əhəmiyyətlidir. Mənim üçün isə bu, qat-qat artıq fövqəladə əhəmiyyətlidir. Birincisi, prezident Klinton ilə mənim aramda yaranmış səmimi dostluq münasibətləri bu gün daha öz təzahürünü göstərdi. İkincisi, bizim danışıqlarımız çox mehribanlıq şəraitində keçdi və prezident Klinton bütün danışılan məsələləri çox diqqətlə dinlədi.

Mən belə anladım ki, prezident Klinton bütün bu məsələləri çox dərindən bilir, onun həm Amerika Birləşmiş Ştatlarında, həm dünyada bir çox problemlərlə məşğul olmasına baxmayaraq, bizim ölkənin, bizim bölgənin problemlərini çox gözəl bilir və çox dəyərli fikirlər söylədi. Bizim bu görüş, bu danışıqlar təkcə mənim üçün yox, bütün Azərbaycan dövləti üçün, cəmiyyəti üçün, bizim xalqımız üçün çox əhəmiyyətlidir. Əminəm ki, xalqımız bunu çox böyük ruh yüksəkliyi ilə qəbul edəcəkdir.

Mən məmnunam ki, bizim bölgəmizdə sülh barədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ barəsində geniş fikir mübadiləsi apardıq. Bədnam 907-ci maddə haqqında, enerji ehtiyatları və onların ixrac edilməsi, Xəzər dənizi və bunlarla bərabər problemləri də, hesab edirəm, biz çox ətraflı müzakirə etdik.

Mən hesab edirəm ki, bugünkü görüşümüz və danışıqlarımız bütün bu problemlərin həll olunmasında irəliyə getmək üçün şərait yaradır. Buna görə mən prezident Klintona bu görüş üçün və çox səmərəli, çox əhəmiyyəti danışıqlar üçün bir daha təşəkkür edirəm və çox məmnunam ki, bu gün biz sizinlə bu danışıqları davam etdirəcəyik.

Stiv Sestanoviç: Cənab prezident, icazə verin, mən bir şeyi əlavə edim. Bugünkü görüş zamanı Siz və prezident Klinton 907-ci maddə barədə ətraflı danışdınız. Siz bilirsiniz ki, prezident Klinton 907-ci maddənin əleyhinədir. Amma xatırlayırsınızsa, görüş zamanı o, sizə bildirdi ki, öz tərəfindən səylər qoyub ki, bu 907-ci maddədən istisnalar təşkil edərək Azərbaycana yardımları artırsın. Biz bu sahədə artıq bir sıra nailiyyətlər əldə etmişik və bu yaxınlarda da Azərbaycana göstərilən yardımı artırmışıq. Bu işimizi də davam etdirəcəyik. Biz buna ona görə nail ola bilmişik ki, 907-ci maddənin mövcud olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları Konqresində Azərbaycanın əhəmiyyəti anlanılır və bu, dərindən dərk edilməyə başlanıbdır.

Sabah dövlət katibi xanım Olbrayt Konqresin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi qarşısında çıxış edəcəkdir. Mən əminəm ki, xanım Olbrayt bu çıxışında da həmin məsələlər ətrafında fikirlərini bildirəcək və əvvəlki mövqeləri təsdiqləyəcəkdir.

Sizin regionunuzda son dövrlər meydana çıxmış qeyri-sabitlik bizi daha çox sövq edir ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətləri daha da gücləndirək və bu münasibətləri daha da yaxınlaşdırmaq və gücləndirmək yolu ilə, regionda meydana çıxan qeyri-sabitliyin sizin bölgəyə, sizin ölkələrə sirayət etməsinin qarşısını almağa və o təhlükələrin aradan qaldırılmasına nail olaq.

Heydər Əliyev: Mən bundan çox razıyam. Bəli, bu gün prezident Klinton dedi ki, bu 907-ci maddədən bəzi istisnalar əsasında müəyyən yardımlar göstəriləcəkdir. Mən inanıram ki, bu, ediləcəkdir və çox məmnunam ki, sabah xanım Olbrayt Konqresdə çıxış edəcəkdir. O, əgər bu məsələləri bir daha pozitiv mövqedən qaldırsa, təbiidir ki, Konqresdə də fikir artıq dəyişir və dəyişiləcəkdir. Gözləyəcəyik.

"Azərbaycan" qəzeti, 18 fevral 2000-ci il.