Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun Hərbi Komitəsinin sədri, İtaliya hərbi dəniz qüvvələrinin admiralı Quido Venturoninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 28 aprel 2000-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz! "Sülh naminə tərəfdaşlıq" proqramının həyata keçirilməsi ilə əlaqədar son zamanlar NATO ilə Azərbaycan arasında görüşlər və müvafiq tədbirlər intensivləşir. Mən bunu dəstəkləyir və alqışlayıram. Sizin tərəfinizdən Azərbaycana belə ziyarətlər, təbiidir ki, Azərbaycanda mövcud olan real vəziyyəti özünüzün görməyiniz, bilməyiniz deməkdir. Təbiidir ki, bunlar da bizim əməkdaşlığımıza müsbət təsir göstərə bilər.

Düzdür, siz Azərbaycanda olmağa az zaman ayırmısınız. Ancaq bizim müdafiə naziri mənə məlumat verdi ki, bir neçə işlər görə bilmisiniz. Əsas odur ki, danışıqlar aparmısınız, Milli Ordumuzun hərbi məktəbləri ilə tanış olmusunuz. Güman edirəm ki, bu, birinci dəfə üçün bəsdir. Ancaq bu görüşləri, danışıqları daha da genişləndirmək lazımdır. Buyurun.

Quido Venturoni: Cənab prezident, hər şeydən əvvəl şəxsən Sizə minnətdarlığımı bildirirəm ki, bu gün məni və məni müşayiət edən nümayəndə heyətini qəbul edirsiniz. Eyni zamanda bir qədər əvvəl adını çəkdiyiniz "Sülh naminə tərəfdaşlıq" proqramına dəstək verməyinizə görə Sizə minnətdaram.

Mən bilirəm ki, həm NATO, həm də Azərbaycan bu proqrama böyük əhəmiyyət verirlər. NATO-nun bildir Vaşinqtonda keçirilmiş sammitinin əsas məsələlərindən biri də bu proqramı mümkün qədər genişləndirmək olmuşdur.

Brüsseldə, NATO-nun baş qərargahında bizim əsas planlarımızdan, məqsədlərimizdən biri də ondan ibarətdir ki, dövlət rəhbərləri ilə, müvafiq həmkarlarımızla görüşlər keçirək, onların fikirlərini öyrənək və bu proqram çərçivəsində planlarımızı, məqsədlərimizi müəyyənləşdirək və bunları genişləndirək. Bütün bunlar bu təşəbbüsləri bir yerə cəmləşdirməyə yönəldilibdir.

Bu səfər qısa olmasına baxmayaraq, zənnimcə, bizim üçün çox maraqlı, eləcə də çox xeyirli olmuşdur. Mən bu səfərim zamanı sizin müdafiə naziri ilə, baş nazirlə görüşlər keçirdim, onlardan xeyli məlumat əldə etdim. Eyni zamanda ordu hissələrinə gedə bildim və hərbi akademiyada da oldum.

Bu, yalnız məlumat əldə etmək deyildi, eyni zamanda sizin ölkədə birbaşa təcrübə keçmək idi. Tam əminəm ki, burada keçirdiyim görüşlərin gələcək işim üçün çox böyük əhəmiyyəti olacaqdır.

NATO çərçivəsində əməkdaşlığımıza dair hansısa sualınız, fikirləriniz olarsa, mən bu suallara cavab verməyə, fikirlərimi bölüşməyə hazıram.

Heydər Əliyev: Bəli, mənim bəzi suallarım, fikirlərim var. Amma onlara keçməmişdən öncə bir daha bəyan edirəm ki, "Sülh naminə tərəfdaşlıq" proqramının daha da sürətlə həyata keçirilməsinin tərəfdarıyıq. NATO-nun keçirdiyi tədbirlərin hamısında Azərbaycanın nümayəndələri - xarici işlər naziri, müdafiə naziri, başqa nümayəndələrimiz fəal iştirak edirlər.

Mən özüm bir neçə dəfə Brüsseldə, NATO-nun baş qərargahında olmuşam. Havyer Solana Azərbaycanı iki dəfə ziyarət etmişdir və onunla çox geniş danışıqlar aparmışıq. Təbiidir ki, yeni baş katib cənab Robertsonun da qısa zamanda Azərbaycana gəlməsi lazımdır.

Mən Madriddə NATO-nun keçirdiyi böyük tədbirdə də - orada dövlət başçılarının hamısı iştirak edirdi, zirvə görüşü idi - fəal iştirak etdim və Azərbaycanın mövqelərini çox açıq-aydın bildirdim. Bir il bundan öncə, Vaşinqtonda NATO-nun 50 illik yubileyində dövlət başçılarının görüşündə mən Azərbaycanın prezidenti olaraq yenə də NATO-nun fəaliyyətinə və bizim əməkdaşlığımıza aid prinsipial məsələlər barəsində öz fikirlərimi, mövqelərimi bildirdim.

Bir sözlə, siz özünüz də gəldiniz və gördünüz ki, burada olan əməli işlər də dediyimiz sözləri təsdiq edir. Ona görə də bu proqramın yerinə yetirilməsi bizdən də asılıdır, sizdən də. Amma hesab edirəm ki, indi daha çox sizdən asılıdır. Biz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetiririk. Siz bunlara diqqətlə, qayğı ilə yanaşmalısınız və sizin üzərinizə düşən vəzifələri də yerinə yetirməlisiniz.

Quido Venturoni: Cənab prezident, çox sağ olun ki, Azərbaycanın NATO ilə əməkdaşlığa başladığı gündən indiyədək atdığı bütün addımları bizim xatirimizə bir də saldınız. Əlbəttə, Azərbaycanın bu günə qədər atdığı addımları biz daim nəzərdə saxlayırıq, bunlar daim yadımızdadır. Gələcək planlarımızı qurarkən bu səylərdən istifadə edirik ki, möhkəm baza yaradaq, fəaliyyətimiz, birgə işlərimiz daha sürətlə getsin.

Bizim yaxşı, sıx əməkdaşlığımıza misal olaraq Azərbaycanın sülhyaratma qüvvələrinin Kosovodakı əməliyyatlarda iştirakını xüsusi qeyd etmək istəyirəm.

Heydər Əliyev: Bu, bizim təşəbbüsümüzdır.

Quido Venturoni: Bəli, buna görə sizə minnətdarıq və bilirik ki, sizin əsgərləriniz orada özlərini çox yaxşı göstərmişlər.

Cənab prezident, Sizin dediyiniz kimi, mənim öhdəliklərimə gəldikdə isə, Sizə söz verirəm ki, Azərbaycan öz öhdəliklərini yaxşı yerinə yetirdiyi kimi, mən də çalışacağam ki, öhdəliklərimi yaxşı yerinə yetirim.

Dünən müdafiə naziri ilə görüşdən əvvəl mən bir neçə günlüyə buraya gəlmiş nümayəndə heyətinin rəhbəri ilə görüşdüm. O dedi ki, çox yaxşı iş görülübdür.

Proqramlarımız var, məqsədlərimiz müəyyən olunub, davamlı fəaliyyətimiz vardır. Ona görə də gələcəkdə işimizi daha yaxşı qurmaqdan ötrü, əlaqələrimizi genişləndirmək üçün şəxsən məndən nə asılıdırsa edəcəyəm.

Cənab prezident, bundan əlavə, Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu səfər mənə ölkəniz haqqında birbaşa məlumat əldə etməyə, hər şeyi gözlərimlə görməyə imkan verdi. Burada gördüklərim, öyrəndiklərim NATO-nun baş qərargahında məruzə olunacaq və sonra bu, bütün iştirakçılar arasında yayılacaqdır. Əlbəttə ki, mən birbaşa baş katibə də məruzə edəcəyəm.