Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətlərini icra edən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin "Sobesednik" qəzetinin müxbiri ilə müsahibəsi - 9 avqust 1993-cü il


- Heydər Əliyeviç, doğru deyirlərmi ki, Siz yoqa ilə məşğul olursunuz? Ona görə də bu qədər işləyirsiniz?

- Mənim haqqımda çox şey deyirlər. Lakin hamısına inanmaq lazım deyil. O ki, qaldı gündə 14-16 saat işləməyimə, gənclik illərindən özümü buna alışdırmışam. İndi yaşımın o vaxtı deyil ki, vərdişlərimi dəyişəm.

- Belə işləmək üçün necə də sağlam olmaq lazımdır! Üstündən iki ay keçsə də, hər halda yetmiş illiyiniz münasibətilə Sizi təbrik edirik. Yəqin heç vaxt papiros çəkməmisiniz, içkiyə meyl etməmisiniz?

- Təbrik üçün sağ olun. Papirosa gəldikdə, çəkməmişəm. Spirtli içkilərə də meylim olmayıb.

- İsteriya vəziyyətində olan dövləti necə idarə etmək olar?

- İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı, tikinti sıfır həddindədir. Adamlar harada işləsin, nə ilə dolansın, ailələrini necə saxlasınlar? Axı keçmiş SSRİ-nin heç bir respublikasında belə vəziyyət yoxdur. Əlbəttə, Elçibəyin başçılıq etdiyi əvvəlki rəhbərlik də öz işini görmüşdür. Onların bir "müqəddəs" prinsipləri vardı: rəhbər vəzifəni yalnız Xalq Cəbhəsindən olan tuta bilərdi: dövlət işi səriştəsiz adamlara, adi aşpaza belə etibar olunurdu. Bunun tək bircə nəticəsini deyim: 35 nəfərin ölümü ilə qurtaran Gəncədəki iyun hadisələri zamanı şəhərə 23 milyard rubl zərər dəymişdir. Bütün bunlar üçün keçmiş rəhbərlik ciddi cavab verməli olacaq.

- Çoxları artıq həbs olunmuşdur. Ali Sovetin keçmiş sədri İsa Qəmbər, keçmiş baş nazir Pənah Hüseynov. Əbülfəz Əliyev isə doğma Kələki kəndində məskən salmışdır. Yeri gəlmişkən, bu kənd Naxçıvandadır. Sizin Vətəninizdə…

- Beş barmağın beşi də bir olmur.

- Onun sonuncu bəyanatından xəbəriniz varmı? Azərbaycan ərazilərini, o cümlədən də Laçını qaytarmaq təklifi ilə Ermənistana müraciət etmiş və bildirmişdir ki, təklif qəbul olunarsa, o zaman Dağlıq Qarabağ Respublikasını tanıyar.

- Mən bunu birinci dəfədir eşidirəm. Amma belə demək istərdim: indən belə onun hansısa sərxoş hərəkətlərinə fikir vermək istəmirəm. Mən bir neçə dəfə onunla telefonla danışmış və Bakıya qayıtmasına çalışmışam. Şəxsi təhlükəsizliyinə təminat vermişəm. Ancaq...

- Kişiyə yaraşan sifət deyil. Bir də ki, sərxoşluq etmək məgər kişilikdəndir?

- Doğma kəndində indi də içməyinə ara vermir.

- İndi prezidentin səlahiyyəti Sizin əlinizdədir. Yeni komandanı necə təşkil edəcəksiniz?

- İndiyədək bir neçə təyinat olmuşdur. Yüksək vəzifəli şəxslərdən yeni komanda yaratmaq indi xüsusilə çətindir: hər şey, o cümlədən adamların qəlbləri də o dərəcədə dağılmışdır ki... Bir də ki, Ali Sovetin sədri vəzifəsinə təyin edilməyim məndən ötrü gözlənilməz oldu. Mən heç öz komandamı da hazırlamağa macal tapmadım.

- Heydər Əliyeviç, Siz son illər necə yaşamısınız? Biz ucundan-qulağından eşidirik. Dedi-qodu çoxdur, həqiqəti isə bilmirik.

- 87-ci ildə, məni Sov.İKP MK Siyasi Bürosundan istefaya "göndərəndə", özümə söz verdim ki, dövlət fəaliyyətinə bir daha qayıtmayacağam. Uzun müddət buna əməl etdim, hətta siyasətlə də məşğul olmadım. 1990-cı il yanvarın 19-da gözlənilmədən Qorbaçov zəng etdi. Məni qəbul etmək, dinləmək barədə təkidlə etdiyim xahişlərə üç il məhəl qoymamışdı. Xahişlərim isə şəxsi məsələlərlə bağlı deyildi - məni Qarabağdakı hadisələr narahat edirdi. Yox, keçmiş "yoldaş" məni qəbul etmirdi ki, etmirdi. İndi isə, budur… deyir: Bakıda vəziyyət pisdir, Azərbaycana nə isə bir əlac tapmaq lazımdır. Axı siz onun həyəcanlı-hamar nitqini eşitmisiniz. Buna görə də başa düşə bilmədim: ona görə pisdir ki, mən günahkaram, yaxud məndən kömək istəyir? Sonra söhbət kəskin şəkil aldı, mən təfərrüata varmaq istəmirəm, lakin biz yenə acılı-ağrılı fikirlərlə ayrıldıq. Ən başlıcası isə, heç cür təsəvvürümə gətirə bilmirdim ki, o, Bakıya qoşun yeritmək və oradakı iğtişaşları güc işlətməklə yatırtmaq barədə artıq qərar qəbul etdikdən sonra mənə zəng etmişdir. Faciə baş verdi. Bundan sonra bütün gecəni yata bilmədim. Hey fikirləşdim. Nəhayət, başa düşdüm ki, adamlar fəlakətə düçar olanda kənarda qala bilmərəm.

- Partiyadan da buna görəmi çıxdınız?

- Bir il sonra. Azərbaycan partiya MK-sının birinci katibi Mütəllibov… partiyadan çıxmağımla əlaqədar dərhal mənim fəaliyyətimi yoxlamaq üçün komissiya təşkil etmişdi. Mənim isə bundan xəbərim yox idi. Bu əsnada xarici jurnalistlərdən biri zəng edib həmin məsələni şərh etməyimi xahiş edir. Mən də cavab verdim: axmaq adamdan nə gözləyirsiniz? Mən bəziləri kimi, qorxaq deyiləm, həm də yenidən Azərbaycanın xalq deputatı idim. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Bakıya gəldim. Bir neçə gün sonra isə Moskvada qiyam baş verdi. Mütəllibov da onu dərhal müdafiə etdi. Ali Sovetin sessiyası toplandı. Mən orada çıxış edərək qiyamçıları, ən başlıcası, onların Azərbaycandakı əlaltılarını ittiham etdim. Mütəllibovun bəzi çirkin əməllərindən xəbər tutdum və onu prezident seçməkdən qəti şəkildə çəkindirdim. Məni iclası qəsdən pozmaqda təqsirləndirdilər. Amma sessiyanın ikinci günü yenə çıxış etdim. Gecə isə...

Qardaşımın evində qalırdım. Gecənin bir vədəsi xeyirxah bir adam qapını döydü və mənə dedi ki, ciddi tədbir hazırlanmışdır, evə atəş aça bilərlər. Buradan gedin. Səhər saat beşdə qardaşımla aeroporta yollandıq. Hara getməli? Moskvaya qayıtmaq istəmirdim. Buna görə də Naxçıvana uçdum. Hər halda Vətənimdir. Orada isə mitinq gedirdi. Nə qədər boyun qaçırdım olmadı, adamlar məni Naxçıvan Ali Sovetinin sədri vəzifəsini tutmağa razı sala bildilər. Adamlar isə az deyildi - 60 min nəfər idi. Qışqırırdılar: "Ə-li-yev!" Bütün günü, mən razılıq verənə qədər, dağılışmadılar.

- Beləliklə də özünüzə verdiyiniz sözdən geri çəkildiniz.

- İnanın, bu, müstəsna haldır. Mən özüm-özümə söz vermişdim... Bilirdim ki, Naxçıvanda vəziyyət mürəkkəbdir. Muxtar Respublika Azərbaycanın əsas ərazisindən aralı düşmüşdür. Ermənistanla böyük bir ərazidə sərhədi var. Əvvəllər Mütəllibov təzyiq edirdi: Bizim parlament prezident seçkilərində iştirak etməməyi qərara almışdı. Sonra Elçibəy müxalifət bloku yaratdı. Axı ilk vaxtlar mənim müavinlərim Xalq Cəbhəsinin adamları idi. Baş nazir də həmçinin. Günlərin birində məlum oldu ki, onlar ən adi fırıldaqçılar imiş. Qovmaqdan başqa çarəsi yox idi. Onlar güman edirdilər ki, cəbhəçilərin nümayəndələridirlərsə, deməli, istədiklərini edə bilərlər. Lakin mən tələbkar adamam. Boyunlarının ardından vurub yola saldım.

- Rüşvətxorlardan yaxanız qurtardı, amma yanacaqsız və çörəksiz qaldınız.

- Lakin əvəzində Türkiyə və İran rəhbərləri ilə olan köhnə şəxsi əlaqələr kara gəldi. Axı biz onlarla qonşuyuq.

Türkiyədən elektrik xətti çəkdik. Ərzaq üçün 10 milyon dollar kredit, cürbəcür humanitar yardım da aldıq. Qışda şaxta otuz dərəcəni keçirdi. Ağacların 70 faizi kəsilib yandırıldı. Yada salmalı deyil, səhərlər əl-üz yumaq olmurdu, üz qırxmaq üçün su qızdırmağa belə bir şey tapılmırdı.

- Mən Sizi saqqallı təsəvvür edə bilmirəm.

- Nə deyirsiniz, belə hallar olmuşdur. Xalq Cəbhəsi həmyerlilərimə diz çökdürmək istəyirdi: fikirləşirdi ki, xalq yığılacaq və özü Əliyevi kənar edəcək. Adamlara dedim: Mən sizinləyəm, acından ölsək də, birlikdə öləcəyik. Lakin inanırdım ki, qışdan çıxacağıq.

- Bəs necə oldu ki, Ermənistanla silahlı münaqişədən yaxa qurtara bildiniz?

- Bizim ümumi sərhədimizin uzunluğu 300 kilometrə çatır. Mən Ermənistan rəhbərliyi ilə müntəzəm əlaqə saxlayıram. Onlarla dil tapa bildim. Naxçıvanlılar elə belə də deyirdilər: hər cür şaxtaya-aclığa dözərik, təki vuruşmayaq.

- Bu gün bütün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük deyilmi?

- Bir daha demək istəyirəm ki, bugünkü vəzifəni tutmaq arzusunda deyildim. Hakimiyyətin ləzzətini görmüşəm - düşünüldüyü qədər şirin deyil. Bəzilərinə elə gəlir ki, yenidən bu ləzzəti dadmaq istəmişəm. İstəmirəm. Hakimiyyətdən çəkilməyə də hazıram.

Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o adamlardan deyiləm ki, deyəm: Siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində yaşayacaqsınız, - yox! Mən Elçibəy deyiləm. Milli Məclisin - bizim Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab verdim: Heç nə! Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə daha da pis olacaq. Lakin bir şeyi bilirəm: bu dəhşətli anda hər şeyi atıb getmək - adamlara xəyanət etmək deməkdir.

- Sizin ən ağır yükünüz müharibədir. Necə bilirsiniz, onu tezliklə qurtarmaq üçün real imkan varmı?

- Burada olduğum ilk dəqiqələrdən başlayaraq ancaq münaqişənin dinc yolla aradan qaldırılması barədə düşünürəm. İndi qarabağlılar strateji baxımdan əhəmiyyətli bir sıra yüksəklikləri ələ keçirmişlər və danışıqlar sanki onlara lazım deyildir. Ermənistan rəhbərliyi isə özünü elə aparır ki, guya Dağlıq Qarabağ xadimlərinə təsir göstərə bilmir. Lakin nə qədər müharibə aparmaq olar? Adamlar mənasız yerə həlak olurlar. Bu barədə daha danışa bilmirəm…

- Deyəsən, Azərbaycanın əvvəlki rəhbərliyi Türkiyədən başqa heç kimi sevmirdi. Hər halda Türkiyədə istehsal edilən məhsulların, açıq deyim ki, heç də yüksək keyfiyyətli olmayan məhsulların axını məhz bunu təsdiq edir. Bəs lap deyək ki, keçmiş SSRİ-nin "qardaş" respublikalarının dostluğu necə oldu?

- Mən bu barədə demişəm, özü də tamamilə rəsmi şəkildə: Azərbaycan keçmiş SSRİ-nin istisnasız olaraq bütün respublikaları ilə yaxın münasibətlər saxlamalıdır.

- Ermənistanla da?

- Hamı ilə.

- Rusiya prezidenti ilə şəxsi münasibətləriniz necədir?

- Hələlik şəxsi əlaqəmiz olmayıb. Boris Nikolayeviç həmişə səfərlərdə olur. Lakin, hesab edirəm ki, hər şey normal olacaqdır. Yeltsinə böyük hörmətim var. Onun da problemləri başından aşır. Özü də çox ağır problemlərdir. Lakin deməliyəm ki, o, zəif adam deyil. Siyasətçi üçün isə bu, mühüm keyfiyyətdir.

- Heydər Əliyeviç, haradasa on il əvvəl Siz bazar münasibətləri haqqında bəlkə də eşitmək belə istəməzdiniz. Əslində, hamımıza ağlasığmaz görünürdü - bu, faktdır. "Qərbin bu törəməsinə" Sizin münasibətinizi bilmək maraqlı olardı.

- Prinsip etibarilə hesab edirəm ki, iqtisadiyyatın başqa yolu yoxdur. İndiyədək mövcud olan və bizim yeganə düzgün sistem hesab etdiyimiz sistem özünü doğrultmadı. Əlbəttə, biz bazarı qaydaya salmalıyıq. Lakin bunu ağılla və… ehtiyatla etmək lazımdır.

- Tabeliyindəkilərin rüşvətxorluğa qurşanmaları barədə verilən məlumatlara Elçibəyin necə yanaşdığını mənə danışıblar, deyirmiş ki, qorxmaq lazım deyil. Doyandan sonra dayanacaqlar. Bu da reallıqdır. Belə məlumatlara Siz necə yanaşmaq niyyətindəsiniz?

- Onu deyim ki, keçmiş prezidentin baş prokuroru həbsxanada oturur. İndi həmin vəzifəyə təyin etdiyimiz adama bu barədə ən ciddi göstərişlər verilmişdir.

- Sizinlə Bakıda söhbət edib neft barədə soruşmamaq mümkün deyil. Küveytin şöhrətini kölgədə qoyacağınız gün nə vaxt gələcək?

- Bu sual çoxlarını maraqlandırır.

İyun ayında keçmiş baş nazirin səyləri sayəsində bir çox xarici şirkətlərlə respublikamız arasında neftə dair bəyannamə hazırlanıb imzalanmışdı. Mən Ali Sovetin sədri seçildikdən sonra Nazirlər Kabinetindən bir neçə nəfər yanıma gələrək dedilər ki, bu məsələdə qaranlıq qalan çox şey var. Xaricdə hay-küy qaldırdılar, guya əsrin sövdələşməsi pozulur. Biz izah etdik ki, heç nəyi pozmaq niyyətində deyilik, sadəcə olaraq məsələni araşdırmaq istəyirik. Axı bəyannamədən sonra növbə müqavilələrindir və əgər hər şey qaydasındadırsa, onda həmin müqavilələr imzalanacaqdır. Lakin məni şübhəyə salan o idi ki, bütün bunlar, necə deyərlər, üstüörtülü, tələm-tələsik edilmişdi. Axı neft Azərbaycanın sərvətidir, təkcə bizim deyil, həm də nəvələrimizin və onlardan sonra gələnlərin sərvətidir. Gələcək nəsillərimiz barədə düşünməmək olarmı?

- Sizə kələk gəlmək olmaz?

- Heç cəhd göstərmək də lazım deyil.

- Sizin barənizdə çox şey məlumdur. Həm də heç nə məlum deyil. Siz kommunist ideallarına inanırdınız. Bu gün nəyə inanırsınız?

- Haqq-ədalətə. Mən ki, qayıtmışam, deməli, təcrübəm, zəkam, biliyim adamlara lazım olmuşdur. Deməli, dünya xali deyil, haqq və ədalət var. Axı, məni istefaya göndərməklə insafsızlıq etmişdilər. Sevdiyim, inandığım adamların 95 faizi birdən-birə mənə arxa çevirdi. Çünki başqa adam gəlmişdi və fərdi maşının, bağın əldən çıxmamasının, uşaqların yerbəyer edilməsinin və i.a. qayğısına qalmaq lazım idi. Onlar vicdanlarını bu şeylərə satdılar.

- Belə şeyi bağışlamaq olar?

- Mən onların hamısının günahından keçmişəm.

- Bəs Siz adamlara hansı keyfiyyətlərinə görə hörmət edirsiniz?

- Ağlına, elminə, ziyalılığına görə.

- Bəs uşaqlıqda kim olmağı arzulayırdınız?

- Şer yazırdım. Şəkil çəkirdim. Rəssam olmaq arzusunda idim, lakin sonra fikrimdən daşındım və memarlıq fakültəsinə daxil oldum. Müharibə başlandı, dərslər kəsildi. Halbuki mən tikmək istəyirdim. Özü də gözəl binalar tikmək istəyirdim!

- Deməli, Siz xarakter etibarilə yaradıcı adamsınız? Həyatınız boyu heç nə dağıtmamısınız?

-Bakıdakı uçuq-sökük daxmaları dağıtmışam. Adamlar həmin daxmalarda yaşamır - zillət çəkirdilər. Biz həmin adamları abad mənzillərə köçürdük. Həyatım boyu yaxşı çox şey tikmişəm. Uçurduqlarım isə adamlara mane olanlar idi. Adamlar bunu unutmamışlar.

- Əgər belədirsə, əvəzini görəcəksiniz. Yeri gəlmişkən, yəqin Siz Allaha inanmırsınız.

- Əvvəllər bu barədə sadəcə olaraq düşünmürdüm. İndi inanıram.

- Nə vadar etmişdir?

- Yəqin ki, yaş. Bundan əlavə, son vaxtlar mənə əziz olan çox adamı itirmişəm. Həyat yoldaşım Zərifə Əzizovna 85-ci ildə vəfat etmişdir. Moskvada Novodeviçye qəbiristanında dəfn olunmuşdur. Tanınmış oftalmoloq idi. Üstəlik, musiqi də bəstələyir, gözəl piano çalır, oxuyurdu. Biz otuz il birlikdə ömür sürmüşdük. Bu yaxınlarda böyük qardaşlarım və bacım dünyalarını dəyişmişlər. Ailədə səkkiz uşaq idik. Atam dəmir yolunda fəhlə idi, gecə-gündüz işləyirdi. Bizi anamız boya-başa çatdırmışdır. Məndən böyük qardaşlarımdan biri akademik idi. Azərbaycanda Elmlər Akademiyasını yaratmışdı, o biri rəssam idi. Məni də ki, tanıyırsınız. Kiçik qardaşlarım və bacılarım sağdırlar. İndi Bakıda onlardan birinin mənzilində yaşayıram. Uşaqlarından birinin çox da böyük olmayan otağını məndən ötrü ayırmışlar. Orada taxt var. Mənə bəs edir.

- Bəs uşaqlarınız nə ilə məşğuldurlar?

- İki uşağım var. Qızım Sevil Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirmişdir. Oğlum İlham isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qurtarmışdır. İki dil bilir, İngiltərəyə getməyə hazırlaşırdı, lakin buraxmadılar. Bax, budur, bizim keçmiş sistemin yaramazlığı: atasını vəzifədən götürdülər, oğluna da mane oldular. İndi hansısa bir şirkətdə məsləhətçi işləyir. Kürəkənim əks-kəşfiyyatda işləyirdi. Polkovnik idi, adı da yaxşılığa çəkilirdi. Məni vəzifədən çıxaran kimi, onu da işdən uzaqlaşdırdılar.

- Sizin ailə həyatınızın sevinc içində keçdiyini demək çətindir. Bütün müdrikliyinizi səfərbər edib məsləhət verin: bu çətin dövrdən necə salamat çıxaq?

- Düşünəcəyəm.

Söhbəti Mixail Serdyukov aparmışdır.

"Azərbaycan" qəzeti, 10 avqust 1993-cü il.

Tarixi arayış