Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri Bronislav Geremek ilə təkbətək görüşü olmuşdur - 25 noyabr 1998-ci il


Xəbər verdiyimiz kimi, noyabrın 25-də Prezident sarayında Azərbaycan prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri, Polşanın xarici işlər naziri Bronislav Geremek ilə təkbətək görüşü olmuşdur.

Cənab Geremeki səmimiliklə, mehribanlıqla salamlayan, hörmətli qonağın respublikamıza səfərindən çox məmnun qaldığını bildirən, ATƏT-in üzvü olan müstəqil Azərbaycan dövlətinin bu beynəlxalq təşkilatın fəaliyyətinə həmişə böyük əhəmiyyət verdiyini nəzərə çarpdıran ölkəmizin başçısı dedi ki, ATƏT-lə bütün sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetiririk.

Polşa ilə Azərbaycan arasında yaranmış dostluqdan və qarşılıqlı surətdə faydalı əməkdaşlıqdan razılıqla bəhs edən respublikamızın rəhbəri 1997-ci ilin avqustunda Polşaya rəsmi səfərini məmnunluqla xatırladı və həmin səfər zamanı imzalanmış sənədləri, xüsusilə prezident Heydər Əliyevin və prezident Aleksandr Kvasnevskinin imzaladıqları "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamə"ni yüksək qiymətləndirdi.

Respublikamızın sıx əlaqələrinin böyük perspektivləri olduğunu nəzərə çarpdıran prezident Heydər Əliyev xüsusən iqtisadi əməkdaşlığı inkişaf etdirmək, Azərbaycan neftinin ixracı, gəmi təmiri, neft kimyası, TRACEKA proqramının həyata keçirilməsində Polşanın iştirakı və bir çox digər sahələrdə ölkələrimizin çox səmərəli münasibətlərini daha da genişləndirmək imkanlarından ətraflı söhbət açdı.

Tarixi İpək yolunun bərpası üzrə Avropa Birliyinin himayəsi ilə TRACEKA proqramının həyata keçirilməsi üçün 1998-ci il sentyabrın 7-8-də Bakıda təşkil olunmuş beynəlxalq konfransda 32 dövlətin nümayəndələrinin, o cümlədən Polşanın böyük nümayəndə heyətinin iştirak etdiyini bildirən respublikamızın rəhbəri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin bütün dünya ölkələri arasında daha sıx əlaqələr qurulmasında çox böyük əhəmiyyət daşıdığını bildirdi.

Polşa prezidentinin 1999-cu ildə Azərbaycana rəsmi səfərinin respublikamızda səbirsizliklə gözlənildiyini vurğulayan dövlətimizin başçısı Heydər Əliyev prezident cənab Kvasnevski ilə birlikdə cənab Geremekin də ölkəmizə yenidən gəlməsini arzuladığını bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in fəaliyyətinə respublikamızın xüsusi əhəmiyyət verdiyini nəzərə çarpdıran və indiyə qədər bu sahədə görülmüş işləri qiymətləndirən prezident Heydər Əliyev dedi: Azərbaycan müstəqil bir dövlətdir və bu müstəqillik əbədi və dönməzdir. Lakin ölkəmiz müstəqilliyə nail olduqdan sonra problemlərlə qarşılaşmışdır. Onlardan ən ağrılısı Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək məqsədi ilə Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzdür. Bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, bir milyondan artıq vətəndaşımız yurd-yuvasından zorla qovulmuşdur və əksəriyyəti ağır vəziyyətdə çadırlarda yaşayır.

Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Minsk qrupu çərçivəsində, zirvə görüşlərində bu beynəlxalq təşkilatın göstərdiyi səylərdən, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə görüşündə qəbul olunmuş qərardan razılıqla bəhs edən respublikamızın rəhbəri 1996-cı ilin dekabrında Lissabon zirvə görüşündə müəyyən edilmiş prinsipləri yüksək qiymətləndirərək dedi: biz bu prinsipləri əsas olaraq qəbul etmişik. Belə hesab edirik ki, Minsk qrupunun həmsədrləri məhz bu prinsiplər əsasında böyük sülh sazişinin hazırlanmasına nail ola bilərlər.

Minsk qrupu həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın bu münaqişənin aradan qaldırılması üçün gördüyü işlərdən, irəli sürdüyü təkliflərdən ətraflı söhbət açan dövlətimizin başçısı bildirdi ki, 1997-ci ilin sentyabrında həmsədrlərin münaqişənin iki mərhələdə həll olunması barədə verdikləri təklifləri biz prinsip etibarilə qəbul etdik. Məlumatlar gəldi ki, Ermənistan tərəfi də bunları qəbul edir. Lakin sonradan həmin təklifləri həyata keçirmək mümkün olmadı. Müəyyən səbəblərdən həmsədrlərin işi bir müddət dayandı. Ancaq biz həmin təkliflərin həyata keçirilməsi ilə əlaqədar Minsk qrupunun həmsədrlərinə müraciətlər, xahişlər etdik. Onlar vəd verdilər ki, yeni təkliflər hazırlayıb təqdim edəcəklər.

Həmsədrlərin 1998-ci il noyabrın 9-da verdikləri yeni təkliflərdən danışan prezident Heydər Əliyev dedi ki, biz həmin təklifləri çox diqqətlə öyrənmişik, onlara çox məsuliyyətlə yanaşmışıq. Biz noyabrın 9-da axşam Minsk qrupunun həmsədrlərinə bəyanat vermişik ki, bu təkliflər Azərbaycan tərəfindən qəbul edilə bilməz. Onlar söz verdilər ki, bizim fikirlərimizi nəzərə alacaqlar. Gələn məlumatlardan aydın oldu ki, Ermənistan tərəfi həmin təklifləri prinsip etibarilə qəbul edib. Biz bu təkliflər haqqında öz fikrimizi Minsk qrupunun həmsədrlərinə noyabrın 19-da rəsmi olaraq yazılı bildirmişik.

Azərbaycanın bu təklifləri nə üçün qəbul etmədiyini cənab Geremekə ətraflı izah edən dövlətimizin başçısı bildirdi ki, bir çox dövlətlərin çox yaxından yardımı və dəstəyi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdir, bu torpaqlardan didərgin düşmüş bir milyondan çox insan altı ildir ki, çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilibdir. Amma Azərbaycan öz torpaqlarının hansısa bir hissəsini başqa dövlətə heç vaxt verə bilməz. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in prinsipləri ilə qorunur və qorunmalıdır.

Dövlətimizin başçısı daha sonra bildirdi ki, biz kompromisə gedərək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində beynəlxalq praktikada, beynəlxalq hüquq normalarında mövcud olan yüksək özünüidarə statusu verilməsinə razı ola bilərik. Ancaq indi verilən yeni təkliflərin əsas prinsipi "ümumi dövlət" prinsipidir ki, nə beynəlxalq təcrübədə, nə də beynəlxalq hüquq normalarında belə bir dövlət forması yoxdur. Bu təkliflərdən belə məna çıxır ki, Azərbaycan mövcud olmayan və heç kəs tərəfindən tanınmayan "Dağlıq Qarabağ Respublikası" ilə ümumi dövlət yaratmalıdır. Müstəqil Azərbaycan Respublikası öz tərkibində, müəyyən səbəblərdən və Ermənistanın ölkəmizə qarşı etdiyi hərbi təcavüzün, apardığı işğalçılıq siyasətinin nəticəsində müəyyən sərbəstlik almış Dağlıq Qarabağla ümumi dövlət yarada bilməz. Bu təklif Azərbaycan dövlətinin, xalqının milli mənafelərinə ziddir. Azərbaycana edilən təcavüzü, ölkəmizə vurulan zərbələri, respublikamızın böyük məhrumiyyətlərlə üzləşməsini görənlər Azərbaycana qarşı gərək belə hərəkət etməsinlər.

Yeni təkliflərin Azərbaycanla razılaşdırılmadan irəli sürülməsindən təəssüfləndiyini bildirən, müharibədə atəşkəs rejiminin 1994-cü ildən bəri davam etməsindən söhbət açan respublikamızın rəhbəri əmin olduğunu bildirdi ki, Dünya Birliyinin və ATƏT-in birgə səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerlərinə qayıdacaq, Dağlıq Qarabağ isə Azərbaycanın tərkibində yüksək özünüidarə statusu alaraq normal yaşayacaqdır.

Respublikamıza səfərindən və prezident Heydər Əliyevlə görüşündən çox məmnun qaldığını bildirən cənab Bronislav Geremek dedi ki, ATƏT Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, qaçqınların öz daimi yaşayış yerlərinə qayıtması, bölgədə sülhün, sabitliyin və ədalətin bərqərar olunması üçün öz dəstəyini verəcəkdir.

Dövlətimizin başçısının fikirlərini məmnuniyyətlə qəbul etdiyini vurğulayan cənab Geremek Minsk qrupunun işini dəstəklədiyinə görə prezident Heydər Əliyevə təşəkkür etdi və Azərbaycanın sülh təşəbbüslərini, atəşkəs rejiminin davam etməsini yüksək qiymətləndirdi.

Respublikamızın rəhbəri Heydər Əliyevin 1997-ci ildə Polşaya rəsmi səfərinin çox yüksək nəticələr verdiyini vurğulayan qonaq ümidvar olduğunu bildirdi ki, prezident Kvasnevskinin Azərbaycana qarşıdakı səfəri ölkələrimiz arasındakı tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrin ardıcıl surətdə inkişafına kömək edəcəkdir.

Təkbətək görüş qarşılıqlı anlaşma şəraitində keçdi.

AzərTAc

"Azərbaycan" qəzeti, 27 noyabr 1998.