"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq rəssamı Mikayıl Abdullayevə təbrik məktubu" (18 dekabr 1997-ci il) sənədinə tarixi arayış


Müasir təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Hüseyn oğlu Abdullayev 1921-ci il dekabrın 19-da Bakı şəhərində anadan olub. 1939-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini, 1949-cu ildə isə V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.

İlk fərdi sərgisi 36 yaşında Moskvada keçirilib. O, məhz bundan sonra məşhurlaşıb. SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ Rəssamlar İttifaqının katibi seçilib. (http://www.medeniyyet.az/)

Mikayıl Abdullayev öz yaradıcılığı ilə klassik və müasir Azərbaycan ədəbiyyatına möhkəm bağlı olub. Dahi Nizamidən başlamış bu gün yazıb-yaradan şair və nasirlərimizə qədər o, bir çox sənətkarların əsərlərinə - poema, hekayə və romanlarına illüstrasiyalar çəkib. Bunların arasında Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin, M.F. Axundovun, Aşıq Ələsgərin, M.Ə. Sabirin, S. Vurğunun və başqalarının əsərləri var. Mikayıl Abdullayevin kitab qrafikasında Azərbaycan ədəbiyyatı nümunələri böyük yer tutur. Şifahi xalq ədəbiyyatından "Kitabi - Dədə Qorqud", "Molla Nəsrəddinin lətifələri", yazılı ədəbiyyatdan "Leyli və Məcnun", "Poçt qutusu", "Şamo" və başqa əsərlərə çəkdiyi illüstrasiyalar Azərbaycan kitab qrafikası sənətinin bitkin nümunələrindəndir.(http://www.kataloq.net/)

Böyük Vətən müharibəsi illərində çəkdiyi tarixi kompozisiya və portretlərdə vərənpərvərlik tərənnüm edilib. Müharibədən sonrakı illərdə Mikayıl Abdullayevin yaradıcılığı daha da püxtələşib. Dögma təbiəti təsvir edən bir sıra tabloları ölkəmizdə və xaricdə də müvəffəqiyyət qazanıb.

Məşhur rəssamın yaradıcılığında xarici ölkə mövzuları da geniş yer tutub. 1956-71-ci illərdə Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliya, və b. ölkələrə səfəri zamanı çəkdiyi rəsmlər silsiləsində milli və fərdi xarakteristika, plastika, kalorit zənginliyi əsas yer tutub. Əsasən, tematik tablolar ustası kimi tanınan Mikayıl Abdullayev portretlər qalereyası yaradıb. Ü. Hacıbəyovun, S. Vurğunun, Vaqifin, Nəsiminin və başqalarının portretlərində rəssam təsvir etdiyi şəxsiyyətlərin daxili aləminə, psixologiyasına nüfuz edib, onların xarakterini ustalıqla aça bilib.

Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və s. şəhərlərdə nümayiş etdirilib. 1966-67-ci illərdə Berlin və Leypsiq şəhərlərində rəssamın fərdi sərgisi açılıb. (http://www.az.wikipediya.org/)

Mikayıl Abdullayevin yaradıcılığında Bakı metrosunun "Nizami" stansiyasının interyerinin tərtibatı xüsusi yer tutur. Oradakı rəsmlər mozaika sənətinin ən gözəl nümunələri kimi zövq oxşayır.

Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abduıllayev Azərbaycan Dövlət və Beynəlxalq Nehru mükafatları ilə yanaşı "İstiqlal" ordeninə layiq görülüb.(http://www.anl.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də Mikayıl Abdullayevin anadan olma günü və rəssamlıq fəaliyyətinin 60 illiyi münasibətilə təbrik məktubu göndərib. Məktubunda prezident Mikayıl Abdullayevi

Azərbaycan incəsənətinin inkişafında böyük xidmətləri olan mahir fırça ustası kimi xarakterizə edib. Onun yaratdığı əsərlərin Azərbaycan sənət tarixinə əbədi daxil olduğunu qeyd edib: " Vətən eşqi, ana məhəbbəti, Azərbaycan qadınının səadəti sizin lirik lövhələrinizdə ustalıqla öz əksini tapıb. Böyük emosional təsir qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna malik əsərləriniz gənc nəslin formalaşmasında böyük rol oynayıb. Sizin yorulmaz, məhsuldar fəaliyyətiniz daim Azərbaycan xalqına xidmət edib".

Tarixi arayış 24 yanvar 2007-ci ildə tərtib edilib.