Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa televiziyasının müxbiri ilə müsahibəsi - Paris, 11 yanvar 1996-cı il


Müxbir: Cənab prezident, Sizinlə görüşməyimizi, Sizdən müsahibə almağımızı özümüzə şərəf hesab edirik, bizim üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mənim adım Aluni de Polinidir. Mən bir neçə həftə bundan əvvəl Azərbaycanda olmuşam və Azərbaycana həsr edilən 300 dəqiqəlik film çəkmişəm. Sizdən indi alacağımız müsahibə "Evro-Nyus" kanalı ilə ingilis, fransız, alman və ispan dillərində efirə gedəcəkdir. Bu müsahibə dünyanın 80 ölkəsinə yayılacaqdır.

Cənab prezident, Siz Bakıdan Parisə qədər uzaq bir məsafəni qət edərək mərhum prezident Fransua Mitteranın dəfn mərasimində iştirak etmək üçün gəlmisiniz. Cənab Mitteranla Sizin əvvəllər dostluq əlaqələriniz olmuşdumu?

Cavab: Bəli, olub. Mən cənab Mitteranı çox illərdir tanıyıram. Vaxtilə mən Moskvada işləyərkən, Sovetlər İttifaqının rəhbərlərindən biri - Siyasi Büronun üzvü, eyni zamanda, Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini olduğum zaman cənab Mitteran Moskvaya səfərlər edərkən onunla görüşlərim olub, danışıqlarda iştirak etmişəm və onunla şəxsi tanışlığım olubdur. Sonra mən Azərbaycanda prezident seçkilərindən iki ay sonra, yəni 1993-cü ilin dekabrında cənab Mitteran məni Fransaya rəsmi səfərə dəvət etmişdi. Bu rəsmi səfər zamanı mən cənab Mitteranın Fransada qonağı olmuşam və o vaxt biz çox əhəmiyyətli danışıqlar aparmışıq, bir neçə sənədlər imzalamışıq. Müstəqil Azərbaycan Respublikası ilə Fransa arasında ilk yüksək səviyyəli əlaqələri biz mərhum cənab Mitteran ilə 1993-cü ilin dekabrında yaratmışıq. Sonra cənab Mitteran ilə mən beynəlxalq toplantılarda da görüşmüşəm. Keçən ilin may ayında mən burada faşizm üzərində qələbənin 50 illik yubiley mərasimlərində iştirak edərkən cənab Mitteranla da görüşlərim, söhbətlərim olubdur. Bunlara görə və cənab Mitteranın dünya siyasətində çox görkəmli xidmətləri olduğuna görə mən onun dəfn mərasiminə gəlmişəm.

Sual: İkinci sualım siyasi xarakterli olacaqdır. Cənab prezident Əliyev, Siz ölkənizdə yeni demokratiya yaratmısınız, onun əsasını qoymusunuz. Siz kommunistlərin Rusiyada yenidən hakimiyyətə qayıtmasından qorxmursunuzmu?

Cavab: Bilirsiniz, biz doğrudan da Azərbaycanda demokratik prinsiplər əsasında dövlət qurmuşuq. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Demokratik prinsiplər əsasında yeni parlament seçmişik. Azərbaycan parlamentində, Azərbaycanın hakimiyyət orqanlarında kommunistlər yoxdur. Rusiyada kommunistlərin parlamentdə çox yer götürmələri, şübhəsiz ki, Rusiyada vəziyyətin müəyyən qədər dəyişməsinə gətirib çıxara bilər. Amma mən bunun böyük təhlükəsini görmürəm. Birincisi, parlamentdə çox yer götürmək hələ hakimiyyəti əldə etmək demək deyil. İkincisi, güman edirəm ki, o parlamentə seçilmiş kommunistlər də keçmiş kommunistlər kimi olmayacaqlar. Onlar demokratiya yolu ilə getməyə məcbur olacaqlar.

Sual: Cənab prezident, bayaq qeyd etdiyim kimi, bir ay bundan əvvəl mən Azərbaycanda olmuşam. Azərbaycanda çoxsaylı görüşlərim olub - adi insanlarla küçələrdə görüşmüşəm, biznesmenlərlə, yaşlı adamlarla, gənclərlə görüşlərim olub. Mən ölkənizdə olarkən Azərbaycanın zəngin mədəniyyətinin şahidi olmuşam. Təəssüf ki, dünyanın bu bölgəsində Azərbaycan mədəniyyətinin zənginliyindən bizdə tam təfərrüatı ilə xəbərdar deyillər, Azərbaycana yalnız market, bazar kimi baxırlar. Azərbaycanın neft və qaz ilə zəngin bir dövlət olduğunu bilirlər. Sualım belədir: Siz nefti və qazı Avropaya satmaqdan başqa, Azərbaycan mədəniyyətini Avropaya ixrac etmək, çatdırmaq istiqamətində nələr etmək istəyirsiniz?

Cavab: Biz bunu mütləq edəcəyik. Məsələ burasındadır ki, Azərbaycan keçmişdə müstəqil dövlət olmayıb. O, Sovetlər İttifaqının tərkibində olub. Ona görə də Azərbaycanın özünəməxsus zəngin mədəniyyəti Avropada, Qərbdə o qədər yaxşı tanınmayıbdır. Biz cəmi dörd ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu müddətdə Azərbaycanın tanınması üçün artıq çox işlər görülübdür. Mən çalışacağam ki, Azərbaycanda gördüyünüz zəngin, özünəməxsus milli mədəniyyəti Avropaya daha da geniş yayım. Biz baş qərargahı burada, Parisdə yerləşən YUNESKO-dan da istifadə edirik.

Sual: Cənab prezident, son dəfə olduğum dövrdə məni həddindən çox təəccüb bürüdü, yaxşı mənada çox heyrətləndim. Küçələrdə gənclərdən, qocalardan, hərbçilərdən müsahibələr aldım, çoxsaylı adamlarla görüşdüm. Ömrümdə birinci dəfə idi ki, yüz nəfərdən eyni zamanda müsahibə aldım və hamı sizə olan sevgisindən, məhəbbətindən danışdı. Bir nəfər tapmadım ki, prezidenti sevmədiyini, onun məşhur olmadığını söyləsin. Bu hal ilə ömrümdə birinci dəfə qarşılaşdığım üçün sizə belə bir sualla müraciət edirəm: Siz özünüz məşhurluğunuzu, populyarlığınızı nə ilə izah edirsiniz?

Cavab: Yəqin ki, həyatımda gördüyüm işlərlə. Mən öz xalqıma, millətimə, dövlətə həmişə sədaqətlə xidmət etmişəm. Bilirsiniz ki, mən keçmişdə də uzun müddət, çox illər Azərbaycanda rəhbər olmuşam. Bundan sonra mən Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam. Ancaq sonra bir neçə il mən cəmiyyətdən təcrid olunmuşam. Hətta mənə qarşı repressiyalar da etmişdilər. Mən üç il Naxçıvanda, doğulduğum yerdə, blokada şəraitində olan xırda bir şəhərdə yaşamışam. Ancaq 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi başlayarkən xalq məni yenidən Azərbaycana tələb etdi.

Keçmiş illərdə də, indi də mən xalqa sədaqətlə xidmət edirəm. Mən məmnunam ki, xalq bunu qiymətləndirir. Bu barədə xüsusən Sizin bu fikriniz mənim üçün çox maraqlıdır. Çünki Siz tamamilə kənar, neytral bir müşahidəçisiniz. Sizə bu sözləri deyən adamlar yəqin ki, yalan danışmayıblar. Çünki sizin Azərbaycan dövləti ilə heç bir əlaqəniz yoxdur. Neytral, xarici bir vətəndaşa hər kəs öz ürəyini açıb, istədiyini deyib. Buna görə sizin bu məlumatınız öz orqanlarımın mənə verdikləri məlumatlardan qiymətlidir.

Sual: Cənab prezident, məhz Sizə görə mən başda prezident Heydər Əliyev olmaqla Azərbaycan haqqında xüsusi bir film çəkmək istəyirəm. Əlavə iki sualım var. Bu suallarım Ermənistan ilə münaqişə, qaçqınlar problemi ilə əlaqədardır. Siz Dağlıq Qarabağla bağlı Ermənistanla Azərbaycan arasında olan münaqişənin həll edilməsi yollarını nədə görürsünüz və Ermənistanın təzyiqləri barədə nələr demək istərdiniz?

Cavab: Bilirsiniz, mən bu münaqişənin başa çatmasını onun sülh yolu ilə həll olunmasında görürəm. Yeddi id davam etmiş müharibə nə Ermənistana, nə Azərbaycana heç bir müsbət nəticə gətirməyib. Doğrudur, Azərbaycan çox böyük zərbələr alıb. Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşüb. Bütün bunlara baxmayaraq mən hesab edirəm ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır. Bu münaqişəni sülh yolu ilə həll etmək üçün bizim şərtlərimiz çox sadədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bütün ərazimizin hamısı azad edilməlidir.

Yurdlarından qaçqın düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdır. Bir müstəqil dövlət kimi Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, Azərbaycan Respublikasının, dövlətinin tərkibində Dağlıq Qarabağ yeni status almalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Bax, biz bu prinsiplər əsasında danışıqlar aparırıq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz sülhə, böyük sülhə nail olacağıq. Ermənistanla Azərbaycan əsrlər boyu qonşu xalqlar kimi yaşayıblar. Mən arzu edirəm ki, bizim dövlətlərimiz arasında yenidən sülh, əmin-amanlıq yaransın. Mən bu gün Ermənistan prezidenti cənab Ter-Petrosyanla burada bu barədə qısa bir danışıq aparmışam.

Sual: Cənab prezident, Sizin ölkəniz Qara qızıl ilə, neft və qaz ehtiyatları ilə çox zəngin bir ölkədir. Siz Azərbaycanın bu sərvətlərindən gələcəkdə necə istifadə etməyi planlaşdırırsınız və bu sərvətlərin gələcəyini necə görürsünüz?

Cavab: Biz çalışacağıq ki, bu sərvətlərdən çox səmərəli istifadə edək. Çünki yeraltı sərvətlər, təbii sərvətlər tükənməz deyildir. Onlar da tükənir. Mənim məqsədim budur ki, bu sərvətlərdən elə istifadə edək ki, onlar həm bu günümüz, həm də Azərbaycanın gələcək nəsilləri üçün yararlı olsun. Bunun üçün biz Qərbin bir neçə böyük neft şirkətləri ilə əməkdaşlıq edirik. O cümlədən Fransanın "Elf agiten" şirkəti ilə də bu sahədə əməkdaşlıq etmək üçün danışıqlar aparırıq. Güman edirəm ki, ona elə bir əsas yaradacağıq ki, bizim bu sərvətlərimiz gələcəkdə çox illər Azərbaycan xalqının rifahına xidmət edəcəkdir.

Sual: Cənab prezident, bildiyiniz kimi, Sizinlə indi çəkdiyimiz bu müsahibəyə 80 milyon avropalı baxacaqdır. Artıq yeni ilin ilk günlərini yaşayırıq. Gənc və müstəqil Azərbaycan dövlətinin təmsilçisi, Azərbaycan dövlətinin prezidenti kimi Siz bu yeni ilin ilk günlərində avropalılara nə demək istərdiniz? Öz dövlətiniz ilə Avropa arasında münasibətləri, o cümlədən Fransa ilə Azərbaycan arasında olan münasibətləri necə görürsünüz və bunların inkişaf etdirilməsi barədə nələri söyləmək istərdiniz?

Cavab: Avropa dünyanın ən inkişaf etmiş bir hissəsidir. Dünyanın başqa regionlarının inkişaf etməsinə də əsrlər boyu Avropanın böyük tarixi təsiri olmuşdur. Mən Avropaya daim böyük hörmət və ehtiram bəsləmişəm. Fransanın böyük tarixi, zəngin mədəniyyəti və müasir nailiyyətləri bizi həmişə heyran edir. Mən bu gün Fransanın prezidenti cənab Jak Şirakla, xarici işlər naziri ilə görüşərkən onları Azərbaycana dəvət etmişəm. Baş nazir cənab Alen Jüppe mənim dəvətimi çoxdan alıbdır. Yeni ilin ilk günlərində mən bütün avropalılara, bütün fransızlara səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzu edirəm. Ümidvaram ki, bu il də, gələn illərdə də Avropa bəşəriyyətin tərəqqisinin ön sıralarında gedəcəkdir.

Müxbir: Çox sağ olun, cənab prezident.

"Azərbaycan" qəzeti, 20 yanvar 1996-cı il.

Tarixi arayış