YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə Bakıda yaradılmış "Azərbaycan Beynəlxalq Gənclər Poçt Xidməti" və "Uşaqlara Kömək Xətti" xidmətlərinin açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin mərasimində çıxışı - 23 iyul 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Bu gün biz buraya BMT-nin YUNİSEF təşkilatının Azərbaycanda gözəl bir təşəbbüsü münasibətilə toplaşmışıq. YUNİSEF, ümumiyyətlə, dünyada xeyirxah işlər görmək, gənclərə qayğı göstərmək, uşaqların problemlərini həll etmək üçün yaranmış təşkilatdır. Mən çox məmnunam ki, bu təşkilat Azərbaycanda kök salıbdır və səmərəli fəaliyyət göstərir. Biz YUNİSEF-in Azərbaycanda gördüyü bir çox dəyərli işlərin şahidi olmuşuq. Ümumiyyətlə, YUNİSEF-in Azərbaycandakı fəaliyyəti bizi çox sevindirir və mən bu fəaliyyəti yüksək qiymətləndirirəm.

Bu gün YUNİSEF uzun müddət hazırlayıb meydana gətirdiyi bir işini bizə təqdim edir. Gənclərin poçt xidmətinin, etimad telefon xəttinin yaranması Azərbaycanda demək olar, yeni bir iş formasıdır. Bu işin çox böyük əhəmiyyəti var. Mən bu işin sosial xarakterini və əhəmiyyətini qeyd etmək istəyirəm.

Bu işin ən böyük xüsusiyyəti ondan ibarətdir ki, o, gənclərə aiddir, gənclərə qayğının təzahürüdür. Nəhayət, fiziki cəhətdən qüsurlu olan, çətinliklərlə rastlaşan gənclərə göstərilən qayğı və diqqətin təzahürüdür. Ona görə də bu gün burada təqdim olunan iş, yenə deyirəm, YUNİSEF təşkilatının nə qədər humanist, xeyirxah olduğunu və insanların həyatının ən çətin nöqtələrinə nüfuz etdiyini göstərir. Bunların Uşaq hüquqları Konvensiyası ilə bağlı olması və hamısının birlikdə böyük humanist xarakter daşıması həm YUNİSEF-in fəaliyyətinin, həm də bu gün burada təqdim edilən işin nə qədər dəyərli olduğunu göstərir.

Mən YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin xeyirxah işini - bu gün bizə təqdim etdikləri həm gənclərin poçt xidmətinin, həm də etimad telefon xəttinin yaranmasını təbrik edirəm, bu gözəl işin uğurlu gələcəyinə inanır və uğurlar arzu edirəm.

Hesab edirəm ki, bu iş eyni zamanda Azərbaycanda bu qəbil işlərin hazırlanması, görülməsi və yayılması üçün örnək olacaq və respublikanın həm özəl, həm dövlət sektorundakı şəxslər, təşkilatlar, həm də Azərbaycanda fəaliyyət göstərən şirkətlər, firmalar gələcəkdə belə xeyirxah, gözəl təşəbbüslərlə çıxış edəcəklər.

Təsadüfi deyil ki, bu işin başlanğıcından indiyə qədər, yəni əməli surətdə həyata keçirilməsinə gəlib çatana qədər Azərbaycanda həm xarici ölkələrdən gəlmiş şirkətlər, təşkilatlar, həm də respublikanın dövlət və özəl təşkilatları bu işə kömək göstərmiş, yardım etmişlər. YUNİSEF-in Azərbaycandakı nümayəndəsi cənab Laurenti böyük bir siyahı təşkil edən təşkilatların, idarələrin, nazirliklərin başçılarına öz təşəkkürünü bildirdi. Mən də bu işin yaradılmasında, qurulmasında və bugünkü səviyyəyə gətirilib çatdırılmasında iştirak edən təşkilatların, idarələrin, şəxslərin hamısına təşəkkür edirəm. Şübhəsiz ki, xüsusi minnətdarlıq və təşəkkür YUNİSEF təşkilatına və onun Azərbaycandakı nümayəndəliyinədir. Ümidvaram ki, gördüyü işlərin nəticəsindən ruhlanaraq, YUNİSEF bundan sonra Azərbaycanda öz fəaliyyətini genişləndirəcək və bizi yeni-yeni təşəbbüslərlə sevindirəcəkdir.

Azərbaycanda sosial-iqtisadi problemlər çoxdur. Respublikamızın keçid dövrünü yaşaması, Azərbaycana Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində bir milyondan artıq vətəndaşımızın didərgin düşməsi və əksəriyyətinin çadırlarda yaşaması belə problemləri daha da çoxaldıbdır. Biz bu sosial-iqtisadi problemlərin həll olunması, mövcud çətinliklərin aradan qaldırılması, insanların həyat tərzinin, rifah halının yaxşılaşdırılması üçün ardıcıl fəaliyyət göstəririk və bu gün cəsarətlə deyə bilərəm ki, müəyyən nəticələr də əldə edə bilirik. Ancaq bizim hələ ki, beynəlxalq təşkilatların yardımına və indi Azərbaycanda fəaliyyət göstərən çoxsaylı firmaların, şirkətlərin humanitar, xeyirxah əməllərinə ehtiyacımız var.

Bir də qeyd etmək istəyirəm ki, təkcə YUNİSEF təşkilatı tərəfindən deyil, başqa təşkilatlar, xüsusən Azərbaycana humanitar yardım göstərən digər təşkilatlar tərəfindən də, o cümlədən ölkəmizdə fəaliyyət göstərən şirkətlər, ələlxüsus neft şirkətləri tərəfindən əhalinin ayrı-ayrı təbəqələrinə, həyatımızın ayrı-ayrı sahələrinə edilən yardımı, xeyirxah təşəbbüsləri də görürük.

Bunlar hamısı bizi bir-birimizə daha da yaxınlaşdırır, əməkdaşlığımızı daha da inkişaf etdirir və Azərbaycanın həyatında, onun sosial-iqtisadi problemlərinin həll olunmasında yeni bir mərhələ, yeni bir mənzərə yaradır. Bunlar da bugünkü Azərbaycanın gerçəklikləridir, ölkəmizdə gedən müsbət dəyişikliklərin, proseslərin əlamətləridir. Mən tam əminəm ki, bu müsbət proseslər, dəyişikliklər gələcəkdə daha sürətlə inkişaf edəcəkdir.

Dünya ölkələri ilə, beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız gündən-günə genişlənir və tam əminəm ki, daha sürətlə inkişaf edəcək və bunlar hamısı yeni, müstəqil, azad Azərbaycanın yaranmasına kömək göstərəcəkdir.

Bu əlamətdar hadisə münasibətilə sizi bir daha təbrik edir və bu gözəl, xeyirxah işdə uğurlar arzulayıram. Sağ olun.