Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Roma Papası II İoann Pavel ilə görüşdə söhbətindən - Vatikan, "Palasio Kastel Qondolfo", 26 sentyabr 1997-ci il


II İoann Pavel: Hörmətli cənab Prezident Əliyev, Sizi səmimiyyətlə salamlayıram və dəvətimi qəbul edib mənimlə görüşə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Cənab prezident bizə məlumdur ki, Siz görkəmli dövlət xadimisiniz və müstəqil Azərbaycan Respublikası məhz Sizin rəhbərliyiniz sayəsində son illər Dünya Birliyində layiqli yer tutmuşdur və bildirirəm ki, ölkənizdə hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri biz diqqətlə izləyirik və onları dəstəkləyirik.

Heydər Əliyev: möhtərəm zati-müqəddəsləri papa II İoann Pavel, Vatikana dəvətə, qonaqpərvərliyə və xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm və vurğulayıram ki, İtaliya prezidenti cənab Skalfaro, baş nazir cənab Prodi ilə və ölkənin digər yüksək vəzifəli şəxslərilə çox səmərəli danışıqlarımız olmuşdur və bir sıra hər iki ölkə üçün qarşılıqlı sənədlər imzalanmışdır.

Bildirirəm ki, yeni müstəqillik qazanmış, bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran Azərbaycanın ilk demokratik konstitusiyası ilə vətəndaşlara geniş hüquqlar verilmiş, ölkəmizdə söz və vicdan azadlığı təmin olunmuşdur.

Vurğulayıram ki, ölkəmizdə müxtəlif dini konfessiyalar sərbəst fəaliyyət göstərir, Azərbaycanda insan hüquqları möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir.

Bir daha nəzərə çarpdırıram ki, Azərbyacanda dövlət quruculuğu, islahatların həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmiş, Dünya Birliyi ilə əlaqələrin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür. Ölkəmiz nə lazımdırsa edir ki, Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olsun.

Ermənistan 1988-ci ildən bəri Azərbaycana qarşı əsl təcavüz yoluna qədəm qoymuşdur. İldən ilə genişlənən, öz amansızlığı və qəddarlığı ilə fərqlənən bu təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin torpaqlarının 20 faizini işğal etmiş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşmüş, çadırlarda ağır vəziyyətdə yaşayır. Azərbaycanın işağl altında olan ərazilərində xalqımızın maddi mədəniyyət abidələri, dini ocaqları, məktəb, xəstəxana binaları, bütün varidatı vəhşicəsinə dağıdılmış, viran edilmişdir.

Bütün bu ağır zərbələrə baxmayaraq Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə üstünlük vermişdir. Müharibədə üç il bundan əvvəl atəşkəs əldə edilmiş, bu münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda, Böyük Sülh müqaviləsinin hazırlanması prosesində fəal iştirak etmişdir.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabonda keçirilmiş görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əsas prinsiplər qəbul edildi. Biz münaqişənin 53 dövlət tərəfindən təsdiq olunan bu prinsiplər əsasında həllinə tərəfdarıq.

Lakin təcavüzün müvəqqəti nəticələrindən bəhrələnməyə çalışan Ermənistan Lissabon prinsiplərinə məhəl qoymaq istəmir və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək və yaxud orada ikinci bir erməni dövləti yaratmaq niyyətindədir. Bütün bunlar beynəlxalq hüququn normalarına tamamilə ziddir, ona görə də buna yol verə bilmərik.

Respublikamız Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə hüququ verməyə hazırdır. Bildirirəm ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin - ABŞ-ın, Rusiyanın və Fransanın irəli sürdükləri yeni təkliflərdə də Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla Lissabon prinsipləri əsasında münaqişənin iki mərhələdə həll olunmasına dair təklif bir daha bizim beynəlxalq hüquq normalarına əsaslanan mövqeyimizin tamamilə haqlı olduğundan xəbər verir.

II İohann Pavel: Vatikan dövlətinin bütün katoliklərinin başçısı kimi mən də Ermənistan-Azərbaycan münaqişəsinin Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həllinə tərəfdar olduğumu bildirirəm və hamını da bu işə yardım göstərməyə çağırıram. Vurğulayıram ki, yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir, separatçılığa qarşı birgə mübarizə aparılmalıdır...

Hörmətli cənab Prezident, Sizinlə görüşümdən çox məmnun qaldığımı vurğulayıram.

Heydər Əliyev: Cənab zati-müqəddəsləri, səmimi və mehriban görüş üçün Sizə təşəkkürümü bildirir və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, zati-müqəddəslərinin ölkəmizə səfəri Azərbaycan xalqı üçün əlamətdar bir hadisəyə çevrilər, dövlətimizin əməkdaşlığının daha da möhkəmləndirilməsində mühüm rol oynaya bilər.

II İoann Pavel: Hörmətli Prezident, mən bu dəvəti minnətdarlıqla qəbul edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.238