Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 25 sentyabr 1997-ci il


Sual: Cənab prezident, İtaliyaya ilk rəsmi səfərinizdən məqsəd nədir?

Cavab: Hər dəfə mənim xarici dövlətlərə səfərim ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək xarakteri daşıyır. Biz artıq dünyanın çox ölkələri ilə belə əlaqələr yaratmışıq. İtaliya dünyanın, Avropanın böyük və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biridir. İtaliya ilə ölkəmiz arasında diplomatik əlaqələr var. Bilirsiniz ki, İtaliyanın Azərbaycanda səfirliyi xeyli müddətdir fəaliyyət göstərir. Bizim iqtisadi əlaqələrimizdə Azərbaycanın neft yataqlarına İtaliyanın da çox marağı var. Bunların hamisini nəzərə alaraq İtaliya prezidentinin, hökumətinin dəvəti ilə mən bu ölkəyə rəsmi səfərə gedirəm.Səfər zamanı dövlət, hökumət başçıları ilə çox əhəmiyyətli danışıqlar olacaqdır.

İtaliyaya səfər edərək mən eyni zamanda Vatikana da rəsmi səfərə gedirəm. Çünki Vatikanın, Roma papasının da dəvəti var. Vatikanla da Azərbaycan arasında əlaqələr yaranmalıdır. Bunlar hamısı bizim ümumi məqsədimizi daşıyır - Azərbaycanın həqiqətlərini dünyaya daha da çox çatdırmaq, Azərbaycanla başqa ölkələr arasında bütün sahələrdə əlaqələr yaratmaq və bunları inkişaf etdirmək və ölkəmizin əsas problemi olan Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ölkələri daha da çox cəlb etmək.

Bilirsiniz ki, İtaliya Minsk qrupunun üzvüdür və vaxtilə - 1992-1993-cü illərdə Minsk qrupunun sədrliyi vəzifəsini aparırdı. Mən o vaxt Azərbaycana rəhbərliyə gələndə ilk dəfə məhz Minsk qrupunun sədri olan İtaliyanın nümayəndəsi ilə görüşüb danışıqlar aparmışdır. Bunlar hamısı İtaliya ilə əlaqələrimizin mövcud olduğunu göstərir. Ancaq bu əlaqələr inkişaf etməli və genişlənməlidir.

Sual: Cənab prezident, bu yaxınlarda siz Zaqafqaziyada nüvə silahı olmayan zona yaradılması ideyası ilə çıxış etmisiniz. Bu ideya nə dərəcədə realdır? İtaliyadakı danışıqlarda təhlükəsizlik məsələsi ön planda olacaqmı?

Cavab: Bizim zonada nüvə silahı olmaması tamamilə realdır. Doğrudur, oradan-buradan məlumat gəlir ki, bizim qonşularımızda nüvə silahları əldə etmək və ya nüvə silahları üçün materiallar əldə etmək cəhdləri var. Bu bizi narahat edir və məhz buna görə də belə təşəbbüs etmişik və çalışacağıq ki, buna nail olaq.

Sual: Minsk qrupu həmsədrlərinin Bakıya növbəti səfərini nəticəli hesab etmək olarmı?

Cavab: Bilirsiniz, nəticəli onda olacaq ki, biz məsələni həll edək. Ancaq hesab edirəm ki, Minsk qrupunun nümayəndələri ilə yeni görüşümüz əhəmiyyətlidir. Bilirsiniz ki, iyulun 18-də onlar bizə yeni təkliflər vermişdi və danışıqların intensivləşdirilməsi üçün bunları əsas kimi qəbul etmişdik. İndiki həmin təkliflərin əsasında olan təkliflərdir. Amma biz hesab edirik ki, bunlara müəyyən müsbət dəyişikliklər olunubdur. Ona görə də bu təklifləri öyrənirik. Yenə də ilkin olaraq cavab vermişik ki, biz bunları əsas kimi qəbul edirik. Qısa bir zamandan sonra - bir-iki həftəyə qədər son cavabımızı verəcəyik. Hər halda bu, artıq göstərir ki, danışıqlar prosesi səmərəli gedir və Minsk qrupunun həmsədrləri sentyabrın 23-də bir daha bəyan etdilər ki, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin mənə bəyan etdikləri kimi, gərək 1997-ci ildə bu sahədə ciddi, müsbət dəyişikliklər əldə olunsun.