Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Binə hava limanında jurnalistlərə müsahibəsi - 20 noyabr 1999-cu il


Heydər Əliyev: Güman edirəm ki, siz televiziya vasitəsilə hər şeyi görmüsünüz, hər şeyi eşitmisiniz. Ona görə sizə geniş məlumat verməyə ehtiyac yoxdur. Təyyarədə də məni müşayiət edən televiziya, qəzet jurnalistləri xahiş etdilər, mən təxminən 40-45-50 dəqiqə onlara izahat verdim. Ona görə indi siz məndən tam geniş məlumat almaq istəyirsinizsə, bu, mənim vaxtımı çox alacaqdır. Ancaq onu qeyd edə bilərəm ki, İstanbul sammiti dünya tarixində, XX əsrdə ən böyük hadisələrdən biridir və ATƏT-in XX əsrdə son sammitidir, bundan sonra daha olmayacaqdır. Bunun da İstanbulda keçməsi, şübhəsiz ki, Türkiyə üçün və Türkiyənin dostu olan bir ölkə kimi bizim üçün də çox böyük əhəmiyyət kəsb edir. Çünki orada qəbul olunmuş sənədlər artıq İstanbul sənədləri adlanacaqdır. Bu, zahiri tərəfi, yəni xarici tərəfi. Daxili tərəfi də ondan ibarətdir ki, çox məzmunlu bir sammit oldu - həm məsələlərin müzakirə edilməsi, həm qəbul olunan sənədlərin sayı, həm də onların dünya üçün əhəmiyyəti və məzmunu.

Bilirsiniz ki, orada üç sənəd qəbul olundu. Birincisi - İstanbul xartiyasıdır. 1975-ci ildə Helsinki xartiyasından sonra 1990-cı ildə Paris xartiyası qəbul edilmişdir. İndi isə - 1999-cu ildə İstanbul xartiyası qəbul olundu. Bu xartiya dünyada sülhün, təhlükəsizliyin təmin olunması, bu gün dünyada olan reallıqlara söykənərək və Helsinki aktından sonra dünyanın inkişaf etməsi, müstəqil dövlətlərin yaranması - çünki Paris xartiyası qəbul olunanda hələ indiki müstəqil dövlətlər yox idi, nəinki Sovetlər İttifaqından ayrılmış ölkələr, eyni zamanda, Şərqi Avropa ölkələri də hələ Varşava paktının içində idilər - ona görə də bu, reallıqlara söykənən bir xartiyadır. Xartiyanın əsas mənası, məqsədi Avropada sülhü təmin etmək, əmin-amanlığı təmin etmək, təhlükəsizliyi təmin etmək, ölkələrin ərazi bütövlüyünü qorumaq və baş vermiş ixtilafları, münaqişələri sülh yolu ilə həll etmək, demokratiyanı inkişaf etdirmək, insan haqlarına xüsusi fikir vermək və s. - bax, bu məsələlərdir. Yəqin ki, bizim mütəxəssislər bu xartiya haqqında sonra sizə geniş məlumat verəcəklər.

Bu xartiyanı Azərbaycan imzaladı, mən Azərbaycanın xalqı adından, Azərbaycanın dövləti adından imzaladım. Hesab edirəm ki, imzanı, Azərbaycanın imzasını tarixi bir sənədə qoymuşam. Çünki Azərbaycanın imzası keçmişdə heç bir yerdə yox idi. Siz bilirsiniz ki, indi, müstəqillik əldə edəndən sonra mən bir çox yerlərdə Azərbaycanın adından belə beynəlxalq sənədlərə imzalar atmışam. Bunların içərisində ən mühümü İstanbul xartiyasıdır.

İkinci sənəd Avropada adi silahlar haqqında sənəddir. Mən bu yaxınlarda Azərbaycanın hörmətli şairləri, yazıçıları ilə görüşərkən bu barədə bir az izahat vermişdim. Çünki bizim ictimaiyyətimizin bu müqavilə haqqında az məlumatı var və ictimaiyyətdə bu barədə heç vaxt müzakirə getməmişdir.

Ancaq biz özümüz Azərbaycan dövləti olaraq dörd ildən artıqdır ki, bu məsələ ilə məşğul idik və öz mövqelərimizi qorumağa çalışırdıq.

Avropada adi silahlar haqqında bu müqavilə 1990-cı ildə NATO ilə Varşava paktı arasında imzalanıbdır. Ona görə imzalanıb ki, hər bir tərəf o biri tərəfin adi silahlarının həm miqdarını, həm də yerləşdiyi regionları müəyyən etsin, beləliklə də təhlükəsizlik təmin edilsin. Ancaq Varşava paktı dağılandan sonra və ondan sonra da Sovetlər İttifaqı dağılandan sonra, Sovetlər İttifaqına mənsub olan respublikalar dövlət müstəqilliyini əldə edəndən sonra şübhəsiz ki, bu müqavilə pozulmuş hesab olunur. Ona görə də Amerika tərəfi, yəni NATO tərəfi çalışırdı ki, bu müqaviləni yeniləşdirsin. Bunun üçün onlar, yəni NATO tərəfindəki kvotalar məlum idi. Ancaq keçmiş Sovetlər İttifaqının ərazisində silahlar harada nə qədər olmalıdır - bunu müəyyən etmək lazım idi, bu, tələb olunurdu.

O vaxt - 1992-ci ilin may ayının 14-15-də MDB üzvü olan dövlətlərin nümayəndələri Daşkənddə toplaşmışdılar və bu məsələni müzakirə edirdilər. Amma bu, elə bir gündə müzakirə olunmamışdı. Bu məsələ müzakirə olunan zaman hər bir dövlət öz nümayəndə heyətini göndərmişdir. Orada bu müqavilənin hazırlanması prosesi gedirdi.

O vaxt Azərbaycanda hakimiyyətsizlik olduğuna baxmayaraq, daxildə hakimiyyət mübarizəsi getdiyinə baxmayaraq, Azərbaycanın da ekspertləri gedib Daşkənddə bu barədə işlər görmüşdülər və mənə indi verilən məlumatlardan bəlli olur ki, Azərbaycan ekspertləri - indi onlar aşağı vəzifəli insanlardır - orada vətənpərvərlik göstəriblər, Azərbaycanın mənafelərini müdafiə etməyə çalışıblar və sübut ediblər ki, bu kvotalar müəyyən ediləndə Cənubi Qafqazda Azərbaycan ilə Gürcüstanın və Ermənistanın kvotaları fərqli olmalıdır. Azərbaycan həm ərazisinə görə, həm də əhalisinə görə digər iki respublikadan böyükdür. Ona görə də Azərbaycana daha çox kvota verilməlidir və buna nail olublar. Ekspertlər səviyyəsində Azərbaycana təxminən 415, ya 420 tank, o qədər də BMP, o qədər də top, ümumiyyətlə, beş növ silah nəzərdə tutulurdu. Ancaq təəssüflər olsun ki, bir tərəfdən Azərbaycanın rəhbərləri və ikinci tərəfdən o rəhbərlərə müxalifət çıxıb hakimiyyəti ələ keçirən qüvvələr o həlledici dövrdə Azərbaycanın sabitliyini saxlaya bilməmişlər.

Bilirsiniz, o dövr - Sovetlər İttifaqının dövrü keçmiş Sovetlər İttifaqına daxil olmuş hər bir ölkə üçün, xalq üçün çox əhəmiyyətli idi. Çünki Sovetlər İttifaqının bu qədər tezliklə dağılmasını heç kəs gözləmirdi, heç kəs təsəvvür edə bilməzdi. Bu dağılma prosesi gedirdi. Amma heç kəs təsəvvür edə bilməzdi ki, birdən-birə Sovetlər İttifaqı dağıla bilər. Demək, bu dağılan kimi hər bir ölkə, hər bir dövlət müstəqilliyini aldı. Bu müstəqillik də elan olunmuşdu.

Məsələn, Azərbaycan bu prosesi görürdü. Düzdür, Azərbaycan burada təşəbbüskar deyildi. Çünki Azərbaycan 1991-ci ilin mart ayında keçirilən sessiyada Sovetlər İttifaqının, SSRİ-nin saxlanılması haqqında referendumu dəstəklədi və Azərbaycanda doxsan neçə faiz səs toplandı ki, azərbaycanlılar hamısı istəyirlər ki, Sovetlər İttifaqı yaşasın. Bir neçə başqa respublika isə bunu etmədilər. Amma SSRİ çoxluq əldə etdiyinə görə qərar qəbul etdi ki, SSRİ-yə daxil olan respublikalar SSRİ-nin saxlanmasını istəyirlər. Bu mart ayının 17-də oldu. Amma avqust ayında Moskvada qiyam və onunla əlaqədar hadisələr oldu. Ondan sonra isə dərhal bir neçə ölkə öz müstəqilliyini elan etdi. Məsələn, sentyabrda elan edən oldu.

Amma Azərbaycan hələ yenə də qorxurdu. Deyirdi ki, hələ bəlkə SSRİ-nin tərkibində qalmaq lazımdır. Ona görə də demək olar ki, başqa ölkələrdən ən gec - oktyabr ayının 18-də müstəqillik haqqında Konstitusiya aktı qəbul olundu və o qərarla da təyin edildi ki, dekabr ayının 30-da referendum keçiriləcəkdir. Nə üçün referendum keçiriləcəkdir? Əgər mart ayında bunlar o referendumda Sovetlər İttifaqının, SSRİ-nin saxlanılmasına camaatın səsini süni olaraq toplayıb verməsəydilər, indi SSRİ-dən ayrılmaq üçün nə referendum? Müstəqilliyini elan etdin, qurtardı getdi! Bu referendum da dekabrın 30-da keçirildi. Demək, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Azərbaycan dövləti öz müstəqilliyini 1991-ci ilin dekabr ayında aldı. Ancaq biz oktyabrın 18-də Konstitusiya aktının qəbul olunmasını əsas götürürük.

Yəni bu proseslər gedirdi, həm hakimiyyətdə olan qüvvələr, həm də müxalifətdə olan qüvvələr gərək Azərbaycanın milli mənafeləri haqqında düşünəydilər, bir-biri ilə vuruşmaq, dava etmək, hakimiyyət mübarizəsi aparmaq haqqında yox. Bu vaxt bir tərəfdən də Ermənistanla müharibə gedirdi, torpaqlarımız işğal olunurdu.

Bilirsiniz ki, həmin o may ayında Azərbaycanın başına nə kimi fəlakətlər gəldi. Həmin may ayında müxalifət - Xalq Cəbhəsi, Müsavat və onların ətrafında toplaşan adamlar xalqı öz arxası ilə aparırdılar. Çünki xalq o vaxtlar hakimiyyətdən o qədər narazı idi və həqiqətən müstəqillik istəyirdi - kim meydana çıxırdı, onun dalınca gedəcəkdi və getdi. Amma o vaxt, may ayında bu vuruşmanın nəticəsi nə oldu? May ayının 8-də ermənilər Şuşanı işğal etdilər.

O vaxt da mənə demişdilər və indi də mən Ermənistanın nümayəndələri ilə, xüsusən prezident Koçaryanla - o zaman Stepanakertdə oturmuş adamdır - danışıqlar aparıram. O dedi ki, Şuşanı biz işğal etmədik. Sadəcə, Şuşanı azərbaycanlılar tərk edib getdilər, biz də gəldik ora. O, mənə danışır ki, orada kilsə vardır, - bilirsiniz, o kilsə də bərpa olunmuşdur. O vaxtlar, bizim vaxtımızda bərpa işi qurtarmışdı, - deyir o kilsədə o qədər silah var idi ki, onlarla bütün Stepanakerti dağıtmaq olardı. Biz gəldik, silahların hamısını götürdük və ondan sonra başladıq hərəkət etməyə.

Amma Azərbaycanda nə var idi bu vaxt? Hakimiyyət mübarizəsi gedirdi. Mütəllibov yenidən hakimiyyətə qayıtmaq istəyirdi, müxalifət onun qarşısını alırdı və nəhayət, ayın 15-də də həmin o məlum hadisələr baş verdi. Ayın 15-də də Azərbaycanın müqəddəratı Daşkənddə həll olunurdu. Görün, ona biganə qaldılar. Rəhim Qazıyev satqınlıq etdi, xəyanət etdi. Getdi, Qraçovla sövdələşdi və onlar tələb edən, Rusiya tələb edən - bizim ekspertlərin tələbi qaldı - sənədə imza atıldı. Özü də həmin o Əzizbəyov buna imza atdı. Onlar Azərbaycan xalqına böyük xəyanət ediblər.

Bundan üç gün sonra - ayın 17-də yenə də hakimiyyət mübarizəsi gedirdi. Bilirsiniz ki, mayın 18-də Ali Sovetin sessiyası keçirilirdi. Xalq Cəbhəsi Ali Soveti əlinə keçirmək istəyirdi və o vaxt İsa Qəmbəri Ali Sovetin sədri seçdilər. O gün də Laçın işğal olundu. Bəli, həmin o gün Laçın işğal olundu. Çünki onlar hamısı burada hakimiyyət mübarizəsi ilə məşğul idilər, orada da rayonlar işğal edilirdi.

Beləliklə, o vaxt edilən xəyanət, şübhəsiz ki, bizə böyük bir zərbə olubdur. Azərbaycanın hərbi potensialına zərbə olunubdur. Bunu sizə ona görə deyirəm ki, dörd il bundan öncə amerikanlılar bu müqavilənin yeni şəraitə uyğunlaşdırılması prosesini başlayarkən biz bunun qarşısını alırdıq. Məqsədimiz də o deyildi ki, bunun uyğunlaşdırılmasına yol verməyək. Məqsədimiz ondan ibarət idi ki, biz çalışırdıq müqavimət göstərək, çalışırdıq ki, kvotamızı artıraq. Amma bizim kvotamızı artırmadılar.

Mən keçən dəfə demişdim, - Lissabon sammitindən əvvəl Amerikanın böyük nümayəndə heyəti gəldi. Bizdən nə qədər xahiş etdilər biz buna razı olmadıq. Mənə Lissabonda ən yüksək səviyyədə nə qədər müraciət etdilər, mən buna razı olmadım. Amma ondan üç il keçibdir. Nə edək? İndi bu müqavilənin yeni şəraitə uyğunlaşdırılmaması, şübhəsiz ki, təhlükəni daha da artırır. Yəni Rusiya, məsələn, Şimali Qafqazda bu kvotadan artıq silah saxlayır. Amma orada, o müqavilədə cinahlar məsələsi vardır - hansı cinahda nə ola bilər. Məsələn, cənub cinahında Rusiya nə qədər silah saxlaya bilər. Həddindən artıq silah saxlayır. İndi, bu müqavilə imzalanandan sonra, şübhəsiz ki, hər şey qanunlaşdırılmalıdır. Ona görə də bu müqavilənin imzalanmasına biz razılıq verdik və bu müqavilə imzalandı.

Hesab edirəm, indi biz burada ağır vəziyyətdə olmağımıza baxmayaraq - əgər mənim çıxışımı dinlədinizsə, orada dedim, - Azərbaycan, bizim region hərbiləşdirildiyi halda, hərbi silahla doldurulduğu bir halda və nəzarət olmayan - yəni Dağlıq Qarabağı deyirəm - bölgədə həddindən artıq silah olduğu halda biz kvotamızın az olmasına baxmayaraq belə bir müqavilənin imzalanmasına səs vermişik və imzalayırıq. Demək, bu da əsas sənədlərdən biridir, imzalandı. Hesab edirəm ki, bu da sammitin ən gözəl nəticəsidir.

Üçüncüsü, siyasi bəyanat, siyasi bəyannamə. Bu, hər sammitdə qəbul olunur. Orada bugünkü reallıqlar əks olunur - harada hansı münaqişə var, harada hansı məsələlər olmalıdır və s.

Bilirsiniz ki, Lissabon sammitində biz çox mübahisə apardıq ki, bizi qane edən sənəd, maddə qəbul olunsun. Ermənistan buna konsensus vermədi. Mən isə bütün sənədə konsensus vermədim. O maddə, yəni biz istədiyimiz maddə oradan çıxarıldı. Amma mən bütün sənədə konsensus vermədiyimə görə həmin o maddənin məzmunu, müddəaları ondan geniş şəkildə ATƏT-in sədrinin bəyanatında əks olundu. Bu bəyanat da 53 dövlətin səs verməsi ilə qəbul edildi.

Bu dəfə belə bir mübahisə aparmağa ehtiyac yox idi. Orada bizim bugünkü reallığı nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşləri yüksək qiymətləndirilir. Onu bir çox natiqlər çıxışlarında da dedilər və orada da yazılıbdır ki, bu, Minsk qrupunun fəaliyyəti ilə bərabər, məsələnin sülh yolu ilə həll olunmasına bizi yaxınlaşdırır.

Mənim çıxışımı siz eşitmisiniz, oxumusunuz. Mən çox sərt çıxış etdim. Eyni zamanda çox konstruktiv çıxış etdim və konstruktivlik də ondan ibarətdir ki, mən təklif etdim ki, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaransın. Bu, ciddi bir məsələdir. Mən orada onun şərtlərini də dedim. Yəqin o şərtləri oxumusunuz. Həmin o şərtlər ki, buradan xarici silahlar tamamilə çıxarılmalıdır və ikili standartlara yol verilməməlidir, terrorizmin, ekstremizmin, separatizmin və s. - bunların qarşısı alınmalıdır, münaqişələr sülh yolu ilə həll olunmalıdır, baş vermiş faktlar əsasında qərarlar qəbul edilməməlidir. Mən bunu bir çox müddəalarla bağladım. Güman edirəm ki, indi biz bu sahədə öz işimizi aparacağıq. Çünki belə bir paktın qəbul olunması, şübhəsiz ki, Cənubi Qafqazda münaqişələrin aradan götürülməsini təmin etməlidir. Biz bunu edəcəyik.

Bu da siyasi bəyannamə - üç əsas sənəd.

Yekunlaşdıraraq onu demək istəyirəm ki, hesab edirəm, bu, çox müsbət nəticəli bir sammitdir. Mən bundan çox məmnunam və hamı, iştirakçılar da məmnundur. Belə bir məmnunluqla da biz bir-birimizdən ayrıldıq.

Ancaq orada bizim üçün və Türkiyə üçün, bizim bölgə üçün daha da böyük əhəmiyyət kəsb edən tarixi bir hadisə baş verdi ki, o da Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanması idi. Müqaviləni Azərbaycan, Türkiyə, Gürcüstan imzaladılar. Sonra dövlətlərin öhdəliyinə dair siyasi bəyannamə imzalandı. Bunu prezident Klinton imzaladı. Nazarbayev də Qazaxıstanın bizim bu Bakı-Ceyhan xəttinə qoşulması barədə bəyanat verdi, o da imzalandı. Bir çox başqa sənədlər də imzalandı. Beş il öncə bizim başladığımız iş indi öz nəticəsini verdi. Əgər eşitmisinizsə, - mən orada çıxışımda da dedim, - "Əsrin müqaviləsi"ni yaratmasaydıq, Bakı-Ceyhan olmayacaqdı. Amma Bakı-Ceyhanı da beş il müddətində həyata keçirmək üçün çox böyük maneələrin qarşısını aldıq, çox işlər gördük. Nəhayət, buna nail olduq. Bu, bizim üçün böyük bir hadisədir - həm Azərbaycan üçün, həm Türkiyə üçün. Eyni zamanda, əgər Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı və bu barədə fəal iştirakı olmasaydı, bunu etmək mümkün deyildi. Çünki bunun əleyhinə çox qüvvələr var idi.

Türkmənistan qazının Xəzər dənizindən, Azərbaycan, Gürcüstan, Türkiyəyə keçməsi barədə Xəzər qaz kəmərinin layihəsi vardır. O da çoxdan hazırlanırdı. Bunu da imzaladıq. Orada da mənafelərimiz təmin olunub ki, bizim qazımız da o kəmər vasitəsilə keçəcəkdir. Əlavə bir memorandum da imzalandı ki, gələcəkdə Türkiyə həm özü üçün, həm Avropaya keçirmək üçün Azərbaycandan qaz almağı öz öhdəsinə götürür.

Mənim bir çox ikitərəfli görüşlərim oldu, onları da bilirsiniz. Yəqin ki, qəzetlərdə verəcəklər, yazacaqlar. Prezident Klinton ilə, Prezident Şirak ilə, Almaniyanın kansleri Şröder ilə, İsrailin Baş naziri ilə, prezidentlər Şevardnadze, Kuçma və Nazarbayev ilə - bizim bu dostlarımızın hamısı ilə, Avropa Birliyinin yeni sədri Prodi ilə çox əhəmiyyətli danışıqlarımız oldu, görüşlərimiz oldu. Türkiyə Prezidenti Süleyman Dəmirəllə bir neçə dəfə və dünən axşam da, sammit qurtarandan sonra biz bir yerdə oturduq, çox ətraflı söhbətlər etdik. Bunların hamısı ilə də, bu görüşlərdə əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi idi və burada da mən həm Amerika Birləşmiş Ştatlarının, həm Fransanın həmsədrlər kimi dəstəklərini hiss edirəm, görürəm. Orada ayrıca bir görüş də keçirildi: həmsədr olan ölkələrin xarici işlər nazirləri - ABŞ-ın dövlət katibi xanım Olbrayt, Fransanın xarici işlər naziri Vedrin, Rusiyanın xarici işlər naziri İvanov və bir də Azərbaycan, Ermənistan prezidentləri. Orada da biz müzakirə apardıq. Düzdür, bu, qapalı müzakirədir. Hər halda qısa bir zamanda çox işlər gördük və bunların da hamısını Azərbaycan xalqının naminə gördük. Bunları siz daha da dəqiq, daha da ətraflı televiziyada, mətbuatda görəcəksiniz.

Jurnalist: Cənab Prezident, Sizcə, İstanbul sammiti Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması sahəsində aparılan danışıqlara yeni təkan verəcəkmi?

Heydər Əliyev: Mütləq verəcəkdir. Elə mənim də gördüyüm iş bundan ibarətdir.

Jurnalist: İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün qeyd olunmamasını necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Bilirsiniz, birincisi, o, keçən sammitdə qeyd olunubdur. İkincisi, qəbul olunmuş xartiyada bütün dövlətlərin ərazi bütövlüyünün təmin olunması, - indi mən o incəlikləri sizə demək istəmirəm, onu sonra izah edəcəklər, - hətta orada bizim təklifimizlə yazılıbdır ki, məsələn, o yerlərdə ki milli azlıqlar var, özünüidarəetmə, yəni öz hüququnu müəyyənetmə var, bu, heç vaxt ərazi bütövlüyünü pozmamalıdır. Bunlar hamısı vardır. Ona görə burada onun bir daha yazılmasına, sadəcə, ehtiyac yox idi.

Görürəm ki, daha başqa bir sualınız yoxdur. Mən təəccüb edirəm. Yəqin ki, mən sizə geniş danışıram və sual verməyə imkan vermirəm. Gələn dəfə heç bir şey deməyəcəyəm, deyəcəyəm ki, sual verin. Ancaq suallarınıza cavab verəcəyəm.

Jurnalist: Cənab Prezident, Cənubi Qafqazda əməkdaşlıq barədə təklif qəbul olundumu?

Heydər Əliyev: Cənubi Qafqaz ölkələrinin iqtisadi forumu məsələsini Amerika təklif eləmişdi. Bu təklif ilə mənim yanıma gəlmişdilər - əgər xatirinizdədirsə, bu, televiziya vasitəsilə verildi. Amerikanın nümayəndəsinə mən qəti olaraq etiraz etdim. Amma bu, orada da, o bəyannamədə var idi. Biz onu çıxartdıq.

Jurnalist: Cənab Prezident, İstanbul sammitində Azərbaycan ilə Ermənistan arasında hansısa sazişin imzalanacağı nəzərdə tutulurdumu?

Heydər Əliyev: Bilirsiniz, mən çoxdan demişəm ki, heç nə imzalanmayacaqdır. Müxalifət iki-üç ay hay-küy saldı. Bilirəm ki, çoxunuz onlara mənsubsunuz. Qəzetlər yazırdı, o yazırdı, bu yazırdı ki, Azərbaycan batacaq, saziş imzalanacaq, Qarabağ müqavimət hərəkatı yaradaq, qara örpəkli qadınlar küçələrə çıxsınlar, nə bilim, gedib İstanbulda nəsə etsinlər. Mən gedəndə sizə dedim axı, - onların heç birini Biləcəridən o tərəfə heç kim tanımır. Amma mən İstanbulun küçələrində onlardan bir adam görmədim. Mən gedəndə sizə dedim ki, heç bir şey imzalanmayacaqdır. Bu, əvvəldən də nəzərdə tutulmamışdı. Sadəcə olaraq, bunu ayrı-ayrı müxalifət qüvvələri uydurdular, ortaya atdılar ki, özləri üçün bir müddət siyasi məşğuliyyət tapsınlar. İndi bunlar özlərinə məşğuliyyət tapa bilmirlər. Görək bundan sonra hansı məşğuliyyəti tapacaqlar.

Jurnalist: Cənab Prezident, indi də sazişin imzalanmasını onlar öz nailiyyəti hesab edirlər.

Heydər Əliyev: Bəlkə onlar elə dünyanın fırlanmasını da öz nailiyyətləri hesab edirlər ki, onlara görə dünya fırlanır? Sağ olun.

"XXI əsrə sülh körpüsü" (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü ilə əlaqədar Türkiyəyə səfəri - 17-20 noyabr 1999-cu il) - "Nurol" nəşriyyatı, Bakı - 2000, səh. 161-169.

Tarixi arayış