Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynaya işgüzar səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərin suallarına cavabı - 30 noyabr 1999-cu il


Sual: Cənab prezident, Ukraynaya Sizin hər bir səfəriniz xalqlarımız arasındakı əlaqələrin sıxlaşdırılmasına çox böyük kömək göstərir. Bu səfəriniz barədə nə deyə bilərsiniz?

Cavab:  Məlumdur ki, Ukraynada prezident seçkiləri keçirilibdir. Leonid Kuçma yenidən prezident seçilibdir. Bununla əlaqədar bu gün andiçmə mərasimi keçiriləcəkdir. O, mənə müraciət edib, yəni dəvət edibdir.

Hər bir ölkənin öz adəti var. Belə hallarda adətən, başqa ölkələrdən dəvət olmur. Ancaq vaxtilə Boris Yeltsin öz andiçmə mərasiminə məni dəvət etmişdi. İndi də Leonid Kuçma dəvət edibdir. Mən də bu dəvəti qəbul etmişəm, oraya gedirəm. Çünki Ukrayna ilə Azərbaycan arasında yaxın dostluq əlaqələri vardır.

Bu yay mövsümündə taxıl yığımı zamanı vəziyyət ağır olduğuna görə biz onlara çox yaxşı kömək etdik, istənilən qədər yanacaq verdik. Ukraynaya Rusiyadan, başqa yerlərdən gələn yanacaq nədənsə kəsilmişdi. Taxıl məhsulunun toplanması təhlükə altında idi. Onlar mənə müraciət etdi, Ukraynanın Baş naziri buraya gəldi. Biz onlara təcili olaraq yanacaq göndərdik. Ancaq təkcə bu deyil. Bizim ölkələrimiz arasında həm siyasi, həm iqtisadi əlaqələrimiz çox yaxındır. Ona görə də mən bu dəvəti qəbul etmişəm və oraya gedirəm, axşam da qayıdacağam.

Sual: Cənab prezident, Siz orada digər görüşlər keçirəcəksinizmi?

Cavab: Orada proqram çox gərgindir. Mən inanmıram ki, belə bir şey ola bilsin.

Sual: Cənab prezident, Ukrayna ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaqmı?

Cavab: Azərbaycan ilə Ukrayna arasında çox yaxşı əlaqələr vardır və bu əlaqələr inkişaf edir. Sağ olun.

Tarixi arayış