Azərbaycan Prezidentinə "9 Eylül" Universitetinin Fəxri Doktoru adı verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - İzmir, 7 may 1997-ci il


Hörmətli cənab rektor!

Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar, əziz tələbələr!

Mən sizin hamınıza dostunuz, qardaşınız olan Azərbaycandan hərarətli salam gətirmişəm. Sizin simanızda Türkiyə Cümhuriyyətinin bütün universitetlərinə, bütün professorlarına, bütün alimlərinə, bütün müəllimlərinə, bütün tələbələrinə hörmət və ehtiramımı bildirirəm, sizə səadət, xoşbəxtlik və bütün işlərinizdə uğurlar arzulayıram.

Türkiyənin böyük və çox gözəl şəhəri olan İzmir şəhərinin sakinlərini, vətəndaşlarını ürəkdən salamlayıram. İzmir ilə Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlərdir. Həm Bakı sakinləri adından, həm də Azərbaycan vətəndaşları adından İzmir şəhərinin bütün sakinlərini və vətəndaşlarını salamlayıram.

Üçüncü gündür ki, Türkiyə Cümhuriyyətinin cümhur başkanı, əziz dostum, qardaşım Süleyman Dəmirəlin dəvətilə mən Türkiyə Cümhuriyyətində rəsmi səfərdəyəm. Mən və mənimlə bərabər sizin ölkəyə gəlmiş Azərbaycan nümayəndə heyəti bu üç günün içərisində türk qardaşlarımızın, türk xalqının, Türkiyə dövlətinin və hökumətinin qonaqpərvərliyi və sevgi-məhəbbəti içində yaşayırıq. Bu, bizim üçün böyük səadətdir. Bu, bizim üçün unudulmaz günlərdir. Bu Türkiyə - Azərbaycan əlaqələrinin həm türk xalqı üçün, həm də Azərbaycan xalqı üçün nə qədər əziz, nə qədər gərəkli və nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirir.

Türkiyədə, Ankarada olduğumuz zaman biz bir çox görüşlər keçirmişik və Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsi və inkişaf etdirilməsi üçün dəyərli işlər görmüşük, çox əhəmiyyətli dövlətlərarası, hökumətlərarası müqavilələr imzalamışıq. Onların içərisində Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında müqavilə xüsusi əhəmiyyət kəsb edir. Bu müqaviləni Türkiyə prezidenti və Azərbaycan prezidenti imzalamışlar. Bu müqavilə ilə Türkiyə-Azərbaycan əlaqələri keyfiyyətcə yeni səviyyəyə qalxır və bu əlaqələrin gələcəkdə daha sürətlə, eyni zamanda çox geniş və hərtərəfli inkişaf etməsi üçün yeni bir mərhələ açılır.

Mən bu günlərdə Türkiyədə apardığımız danışıqlardan və keçirdiyimiz görüşlərdən, imzalanmış sənədlərdən həddindən artıq razıyam və hesab edirəm ki, bunların hamısı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.

Azərbaycan nümayəndə heyətinə və şəxsən mənə göstərilən bu hörmətə görə, bu məhəbbətə görə, bu qayğıya görə, bu qonaqpərvərliyə görə Türkiyə Cümhuriyyətinə, onun hörmətli prezidentinə, bütün Türkiyə xalqına təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Türkiyəyə səfər zamanı İzmiri ziyarət etmək mənim üçün əzizdir. Mən İzmir şəhərində ilk dəfə 1992-ci ildə olmuşdum və o vaxt Türkiyənin prezidenti mərhum Turqut Özalın və baş nazir hörmətli Süleyman Dəmirəlin dəvəti ilə ölkənizə gələrək, İzmirdə keçirilən III Beynəlxalq İqtisadi Konqresdə iştirak etmişdim. Həmin konqresdə mənə söz deməyə, konqresə müraciət etməyə imkan verilmişdi. Bu, mənim həyatımda, tərcümeyi-halımda çox əlamətdar və əziz bir hadisə olmuşdur. Mən o günləri daim xatırlayıram. İzmir şəhərinin nə qədər gözəl, nə qədər yaraşıqlı və nə qədər də mehriban şəhər olduğunu hiss etdim. Bu, mənim daim xatirimdədir.

Yenidən İzmirə gəlməyimdən çox məmnunam və xüsusən sizinlə görüşmək mənim üçün çox əzizdir, çox qiymətlidir.

Əziz dostlar, siz mənə böyük hörmət və ehtiram göstərmisiniz. Siz mənə həm də çox böyük etimad göstərmisiniz - mənə sizin universitetin Fəxri doktoru vermisiniz. Mən bu barədə qəbul etdiyiniz qərarlarla və fəxri doktor adını vermək üçün sizin qərarlarınızda əks etdirilən əsaslarla çox diqqətlə və məmnuniyyət hissi ilə tanış oldum. Mənə göstərdiyiniz bu qayğıya görə, mənim fəaliyyətimə və xüsusən Azərbaycan Respublikasının dövlət başçısı kimi göstərdiyim fəaliyyətə bu qədər yüksək qiymət verdiyinizə görə, bu qədər hörmət etdiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edirəm. Çox sağ olun. "9 Eylül" Universiteti yaşca gəncdir, onun 15 yaşı var, ancaq bu 15 ildə o, sürətlə inkişaf edib, genişlənib və Türkiyənin, burada deyildiyi kimi, sıra hesabı ilə 4-cü universiteti yerinə gəlib çatıbdır. Bu, çox maraqlı göstəricidir. Yəni cəmi 15 yaşın olsun və həmin illər içərisində bir çox qocaman, yaşlı universitetləri ötüb keçəsən və dördüncü yerə çatasan - bu, böyük qəhərəmanlıqdır.

Mən yaxşı bilirəm ki, Türkiyədə təhsilin yaxşı təşkil olunmasına, ali təhsilin əldə etdiyi nailiyyətlərə qiymət verilməsinə çox ciddi yanaşılır, çox böyük tələblər qoyulur və belə nailiyyətləri əldə etmək, belə qiymət almaq da asan deyildir. Görünür, bu, universitetdə qısa müddətdə, 15 ilin içərisində toplaşmış yüksək səviyyəli müəllimlərin, professorların, doktorların, alimlərin ümumi səyi və birgə əməyi, zəhməti nəticəsində olubdur. Əziz dostlar, ona görə də mən sizi əldə etdiyiniz nailiyyətlər münasibətilə ürəkdən təbrik edirəm, sizin universitetinizə bütün gələcək işlərinizdə uğurlar arzulayıram və arzu edirəm ki, universitetiniz bu sırada dördüncü yerdən daha da irəliləsin, o birisi universitetləri də ötə bilsin.

Rəqabət həmişə insanların, eləcə də təhsil ocaqlarının, universitetlərin sürətlə inkişaf etməsinə şərait yaradır. Güman edirəm ki, sizin əldə etdiyiniz bu nailiyyətlər sizdən yaşlı, qocaman Türkiyə universitetlərini də müəyyən qədər narahat edəcək, onlar da çalışacaqlar ki, öz işlərini daha yaxşı qursunlar. Beləliklə, siz onlara kömək edəcəksiniz və siz də irəli gedəcəksiniz. Mən istəyirəm ki, qardaş, dost Türkiyənin ali təhsili daha da yüksəlsin, Türkiyə universitetləri daha da inkişaf etsin və dünyanın ən görkəmli universitetləri sırasında olsunlar.

Güman edirəm ki, sizin universitetin nailiyyətlərinin səbəblərindən biri də odur ki, universitetiniz "9 Eylül" adını daşıyır. 9 Eylül Türkiyə Cümhuriyyətinin tarixində çox önəmli bir nöqtədir, önəmli bir mərhələdir. Biz hamımız çox yaxşı bilirik ki, Türkiyədə Osmanlı imperatorluğu dağıldıqdan sonra çox gərgin vəziyyət yaranmışdı və Türkiyənin xarici düşmənləri Türkiyəni dağıtmaq, parçalamaq, yenidən ələ keçirmək məqsədi güdürdülər. Türkiyəyə hərbi təcavüzlər olmuşdur və türk xalqının qəhrəmanlığı, rəşadəti o illərdə Türkiyəni bu böyük təhlükələrdən, böyük bəlalardan xilas etdi. Türkiyənin bu qurtuluş savaşında İzmir 9 Eylül hadisəsi, 9 Eylül qələbəsi ölkənin tarixində çox görkəmli yer tutur. Məlumdur ki, Türkiyədə qurtuluş savaşının, qələbənin yaradıcısı, qurucusu və sərkərdəsi, qurtuluş savaşını qələbə ilə sona çatdıran türk xalqının görkəmli oğlu böyük Mustafa Kamal Atatürk olmuşdur.

Mustafa Kamal Atatürkün rəhbərliyi altında burada - İzmirdə yadelli düşmənləri ölkədən çıxarmaq üçün planlar qurulmuş, hərbi əməliyyatlar keçirilmişdir. Onun rəhbərliyi altında Türkiyənin düşmənləri 9 Eylüldə dənizə atılmış, İzmir azad olunmuş və Mustafa Kamal Atatürk bu hərbi əməliyyata, bu qələbəyə bilavasitə rəhbərlik etmişdir.

Bütün bunlar Türkiyə Cümhuriyyətinin tarixinin gözəl səhifələridir. Siz universitetinizi yaradarkən ona 9 Eylül adı verməyiniz də 9 Eylül gününü nə qədər əziz və qiymətli tutduğunuzu göstərir, eyni zamanda Türkiyə Cümhuriyyətinin yarandığı gündən onun banisi olan böyük Mustafa Kamal Atatürkün ideyalarına, qoyduğu yola sizin nə qədər sadiq olduğunuzu göstərir. Universitetiniz gələcəkdə də bu yolla gedərək yeni nailiyyətlər əldə edəcəkdir. Szin universitetiniz artıq mənim də doğma universitetimdir. Çünki mən arıq sizin universitetin Fəxri doktoru kimi, universitetinizin həyatına qatılıram və sizin universitetin həyatı mənim üçün doğma iş olur. Demək, sizin, bizim universitetimiz bundan sonra da yeni nailiyyətlər əldə edəcəkdir. Mən buna əminəm.

Hörmətli dostlar, bu günlərdə biz Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün çox ciddi addımlar atmışıq. Bu gün mən bir daha bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan əlaqələri gündən-günə möhkəmlənir, inkişaf edir, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Bizim dostluğumuz tarixi köklərimizlə, milli birliyimizlə, bir dilə, bir dinə mənsub olmağımızla, eyni adət-ənənələrə, eyni mənəvi dəyərlərə mənsub olmağımızla əlaqədar gündən-günə möhkəmlənəcək, gündən-günə inkişaf edəcəkdir. Biz Azərbaycanda bu dostluğa xüsusi əhəmiyyət, xüsusi yer veririk və əmin ola bilərsiniz, biz bundan sonra da çalışacağıq ki, bu əlaqələr daha da inkişaf etsin.

Azərbaycan müstəqil dövlət kimi gənc bir dövlətdir. O, dövlət müstəqilliyinin 6-cı ilini yaşayır. Bu gün universitetin qəbul etdiyi qərardan da hiss etdim ki, Azərbaycanda gedən proseslər, işlər sizə məlumdur və siz bilirsiniz ki, bu illər içində daim ardıcıl olaraq Azərbaycanın dövlət müsətqilliyini möhkəmləndirmək, Azərbaycanın suverenliyini təmin etmək, Azərbaycanı Ermənistan işğalından azad etmək üçün çalışırıq. Bu illər ərzində işlərimiz çox ağır, gərgin şəraitdə keçir. Bilirsiniz ki, 1988-ci ildən Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz edilibdir və təcavüz ardıcıl olaraq bəzi başqa ölkələrin Ermənistana yardımı ilə əlaqədar və bəzi başqa səbəblərlə əlaqədar genişlənibdir və nəhayət, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olnumuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin, qaçqın düşübdür, onlar ağır vəziyyətdə yaşayırlar, əksəriyyəti 4-5 ildir ki, çadırlarda qalır.

Üç il bundan öncə biz Ermənistanla Azərbaycan arasında gedən döyüşləri dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. Üç ildir ki, atəş yoxdur, biz atəşkəs rejimində yaşayırıq, ancaq eyni zamanda tam sülh də yoxdur. Azərbaycanın ərazi bütövlüyü pozulub, Azərbaycanın dövlət sərhədləri pozulub və bir də qeyd edirəm, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Biz üç ildir davam edən bu atəşkəs rejimi zamanı məsələnin sülh yolu ilə həll olunmasına çalışmışıq və çalışırıq, bundan sonra da çalışacağıq. Keçən ilin sonunda ATƏT-in Zirvə görüşündə qəbul olunmuş sənəd bu məsələnin həll edilməsi üçün daha yaxşı imkanlar yaradır.

ATƏT-in Zirvə görüşündə ATƏT-in 53 üzvünün dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının prinsiplərini qəbul etdilər. Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması, yəni torpaq bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyət statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinə təminat verilməsi prinsiplərini biz qəbul etmişik, ancaq Ermənistan qəbul etmir. İndi məqsəd və xüsusən ATƏT-in Minsk qrupu üzvlərinin və ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa nümayəndələrinin vəzifəsi bu prinsiplər əsasında danışıqları sürətləndirmək və sülh əldə etməkdir.

Türkiyə ATƏT-in üzvü kimi və ATƏT-in yaratdığı Minsk qrupunun üzvü kimi Azərbaycana hərbi təcavüz başlandığı vaxtdan indiyə qədər Azərbaycanla sıx əlaqədədir, Azərbaycanın yanındadır, bizimlə sıx əməkdaşlıq edir və Lissabonda həmin tarixi sənədin qəbul olunmasında Türkiyə Cümhuriyyətinin və onun prezidenti cənab Süleyman Dəmirəlin də çox böyük rolu olmuşdur. Ümidvarıq ki, bundan sonra da Türkiyə Azərbaycanın bu probleminin həll olunması üçün, həm Azərbaycana, həm də Türkiyəyə böyük dərd olan bu erməni işğalına, bu erməni təcavüzünə son qoymaq üçün öz səylərini əsirgəməyəcəkdir. Ümid edirəm ki, biz hamımız birlikdə, ümumi səylərimizlə bu məsələni, nəhayət, sülh yolu ilə həll edəcəyik.

Anacaq eyni zamanda bilməlisiniz ki, Ermənistan tək Azərbaycan üçün yox, ümumiyyətlə, Qafqaz üçün, habelə Türkiyə üçün də böyük təhlükə törədir. Sizə məlumdur ki, son zamanlar Rusiyanın Ermənistana bir milyard dollar dəyərində ağır silahlar verməsi aşkar olunubdur. Bir tərəfdən, biz üç ildir atəşkəs rejimində yaşayırıq, digər tərəfdən isə bu üç ildə Rusiya Ermənistana bir milyard dollar dəyərində silahlar veribdir. Şübhəsiz ki, kiçik bir dövlətə, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş bir dövlətə, Türkiyənin qulağı dibində olan bir dövlətə bu qədər güclü silahların verilməsi hamını narahat etməlidir, o cümlədən Türkiyəni, onun ictimai fikrini, rəyini də narahat etməlidir. Bu gün mən sizin hamınızın diqqətini bu məsələyə xüsusi cəlb edirəm və bilin ki, bu, tək Azərbaycana qarşı yönəldilməyibdir, həm də bu bölgədəki bütün başqa ölkələrə qarşı yönəldilmiş bir hərəkətdir.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan öz müstəqilliyini ildən-ilə möhkəmləndirməyə çalışır. Lakin bununla əlaqədar öz daxilimizdə də çox çətinliklər olmuşdur. Sizə məlumdur ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra onun daxili vəziyyəti sabit olmamış, əmin-amanlıq olmamışdır. Bizim ən böyük nailiyyətimiz bir də ondan ibarətdir ki, son iki-üç il içərisində Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirdik, əmin-amanlıq yaratdıq. İndi Azərbaycanda əmin-amanlıq mövcuddur.

Biz Azərbaycanda hüquqi demokratik dövlət qururuq, dünyəvi dövlət qururuq. Bu, bizim strateji yolumuzdur. Biz bu strateji yolla gedirik. Bilirsiniz ki, Azərbaycan uzun illər öz müstəqilliyindən məhrum idi.

İndi biz müstəqil olmuşuq, öz taleyimizin sahibiyik və müstəqil demokratik dövlət qururuq. Biz istəyirik ki, dövlətimiz tam demokratik, tamhüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüququn aliliyinin təmin olunması bizim əsas vəzifəmizdir və bunu da yerinə yetirməyə çalışırıq.

Biz bu xətti, siyasəti aparmaqda böyük müqavimətlərə, çətinliklərə də rast gəldik. Ancaq biz onların qarşısını aldıq, öhdəsindən gəldik. Əziz dostlar, qardaşlar sizə deyə bilərəm ki, indi Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir, Azərbaycan xalqı öz həyatını özü qurur. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik. Əmin olun ki, Azərbaycan dünya birliyində özünəməxsus, özünə layiq yerini tutacaqdır.

Sizə dediyim problemlərlə əlaqədar Azərbaycan son illər böyük iqtisadi böhran içərisindədir. Şübhəsiz ki, bu böhran insanların rifah halını çox pisləşdirib, sosial vəziyyət çox ağırlaşıbdır. Ancaq eyni zamanda biz iqtisadiyyatda çox ciddi dəyişikliklər edir, iqtisadi islahatlar həyata keçirir, iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə aparır, sahibkarlığı inkişaf etdiririk. "Torpaq islahatı haqqında" qanun qəbul etmişik və bunun əsasında bütün torpaqları şəxsi mülkiyyətə veririk. Beləliklə, Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş dövlətlərin, ölkələrin, o cümlədən Türkiyə Cümhuriyyətinin iqtisadiyyatının tutduğu, getdiyi yolla gedir. Bu sahədə bəzi nailiyyətlər də əldə etmişik. Ümidvaram ki, bu yolla gedərək Azərbaycanın iqtisadiyyatını da yüksəldəcəyik və Azərbaycanın böyük təbii sərvətləri, iqtisadi potensialı, elmi-intellektual potensialı xalqımızın rifahı naminə daha səmərəli istifadə olunacaqdır.

Bütün bu məsələlərin həllində biz Türkiyə Cümhuriyyəti ilə iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk və bundan sonra da Türkiyə-Azərbaycan iqtisadi əlaqələri bizim bütün xarici iqtisadi əlaqələrimizin mərkəzində duracaqdır.

Azərbaycanda bu dəyişiklikləri həyata keçirmək, yeni həyat qurmaq, yeni bir dövlət qurmaq üçün bizə yeni fikirli, yüksək səviyyətli mütəxəssislər lazımdır. Ona görə də Azərbaycanın elmi, ali təhsili nə qədər inkişaf etmiş olsa da, gələcəyimiz üçün biz Türkiyədə də kadrların hazırlanmasını lazım bilmişik.

Sizə bildirmək istəyirəm ki, XX əsrdə Azərbaycanda elm, maarif, mədəniyyət, təhsil çox sürətlə inkişaf edibdir. Bizim müstəqilliyimiz, bağımsızlığımız olmayıbsa da, ancaq eyni zamanda xalqımız üçün bu vacib sahələrdə böyük nailiyyətlərimiz olubdur. Bizim nailiyyətlərimiz o olubdur ki, başqa bir rejimdə, başqa bir ölkənin tərkibində yaşayaraq dilimizi, islam dinini, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi saxlamışıq, mədəniyyətimizi inkişaf etdirmişik. Azərbaycanda bütün əhali savadlıdır, savadsız adam yoxdur. Azərbaycanda orta, yəni 10 illik təhsil həmişə məcburi olub və bu gün də məcburidir. Azərbaycanın bir çox universitetləri var. Bakı universitetinin 77 illik tarixi var. Digər universitetlərin 60-70 illik tarixi var. Azərbaycanın böyük Elmlər Akademiyası var, onun prezidenti burada bizim nümayəndə heyətinin tərkibindədir. Bizim şairlərimizin, mədəniyyət xadimlərimizin bəziləri mənimlə bir yerdə buradadırlar. Yəni, XX əsrdə Azərbaycanın mədəniyyətinin, elminin, təhsilinin inkişafında çox böyük nailiyyətlər əldə olunubdur.

Ancaq biz bu gün hesab edirik ki, bundan daha yüksəklərə qalxmalıyıq. Ona görə biz təhsildə də, ali məktəbdə də islahatlar aparırıq. Bu baxımdan Türkiyənin universitetləri ilə əməkdaşlığa xüsusi fikir veririk. Güman edirəm, mən sizin fəxri doktorunuz olandan sonra sizin universitetlə də əlaqələri daha yaxşı qurmalıyıq. Türkiyənin universitetlərində bizim gənclərin təhsil, ixtisas almasına xüsusi fikir veririk.

Bu baxımdan mən Türkiyənin universitetlərində Azərbaycan gənclərinə, azərbaycanlı tələbələrə təhsil verən müəllimlərə, professorlara və universitetlərin rəhbərlərinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

İzmirdə, sizin universitetdə də Azərbaycan gəncləri təhsil alırlar, bu salonda da onlardan var. Üzümü onlara tutaraq demək istəyirəm ki, əziz övladlarımız, balalarımız, siz müstəqil Azərbaycanın gələcəyi üçün çox lazımsınız, gərəklisiniz. Müstəqil, bağımsız Azərbayacanı yaşatmaq, inkişaf etdirmək, daha qüdrətli etmək üçün siz gərək yüksək təhsilə malik olasınız, müasir tələblərə uyğun ixtisaslar əldə edəsiniz. Bunların hamısını Türkiyədə, Türkiyənin universitetlərində, o cümlədən "9 Eylül" Universitetində almağa imkan var. Sizə tövsiyəm, sizdən xahişim ondan ibarətdir ki, burada olduğunuz günləri, ayları, illəri səmərəli keçirəsiniz, yaxşı təhsil alasınız, Türkiyədə ən gözəl ənənələri mənimsəyəsiniz, Azərbaycana gətirəsiniz, Türkiyə-Azərbaycan dostluğunu möhkəmləndirəsiniz və özünüzü müstəqil Azərbaycanın gələcəyi üçün hazırlayasınız.

Hörmətli dostlar, mən sizə bir daha öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, mən "9 Eylül" Universitetinin Fəxri Doktoru adını daim böyük iftixarla daşıyacağam və bütün gələcək işlərimizdə sizin etimadınızı doğrultmağa çalışacağam. Sizin universitetə, bütün İzmir şəhərinə, İzmirin sakinlərinə, vətəndaşlarına səadət, xoşbəxtlik arzu edirəm. Şübhə etmirəm ki, Türkiyə Cümhuriyyəti, o cümlədən Türkiyənin universitetləri, elm adamları böyük öndər Mustafa Kamal Atatürkün qoyduğu yolla gedərək Türkiyəni gündən-günə gücləndirəcək, onu daha qüdrətli dövlət edəcək, daha firavan, xoşbəxt ölkə edəcəklər və Türkiyə vətəndaşlarının rifah halını yaxşılaşdıracaqlar. Bu yolda, Türkiyə-Azərbaycan dostluğunun möhkəmlənməsi yolunda hamınıza uğurlar arzulayıram

Yaşasın "9 Eylül" Universiteti!

Yaşasın Türkiyə Cümhuriyyəti!

Yaşasın əbədi sarsılmaz Türkiyə-Azərbaycan dostluğu!

Sağ olun.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 9-cu cild səh. 349.