Yaponiyanın "İtoçu" şirkətinin Azərbaycan Prezidenti şərəfinə təşkil etdiyi rəsmi qəbulda Heydər Əliyevin nitqi - Tokio, 24 fevral 1998-ci il


Hörmətli "İtoçu" şirkətinin prezidenti!

Möhtərəm dostlar!

Bu gün səhər mən Baş nazir cənab Haşimotonun dəvəti ilə sizin ölkənizə, Yaponiyaya - "Gündoğar ölkəyə" gəlmişəm və gələn kimi də mənim işgüzar görüşlərim başlanmışdır.

Hörmətli dostlar, ilk işgüzar görüş sizinlə, "İtoçu" şirkətinin prezidenti və rəhbərləri ilə oldu. Bu, qanunauyğundur, çünki Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra "İtoçu" şirkəti Yaponiyanın ilk iri şirkəti idi ki, Azərbaycana maraq göstərdi və bizimlə fəal əməkdaşlığa başladı.

Sizin şirkətiniz Azərbaycanda özünü ilk dəfə 1996-cı ildə göstərdi. Mən şadam ki, qısa müddət ərzində əməkdaşlığımız belə böyük inkişaf və geniş vüsət tapdı.

Bu gün sizinlə biz iqtisadi münasibətlərimizin vəziyyətini, gələcək əməkdaşlıq imkanlarını, təkliflərinizi müzakirə etdik. Şəxsən mənim çox xoşuma gəlir ki, siz Azərbaycanda çox fəal işləyirsiniz və öz fəaliyyət dairənizi genişləndirmək istəyirsiniz. Bu gün mən zarafatla sizdən soruşdum: "Görünür, siz bütün Xəzər dənizi hövzəsini işğal etmək istəyirsiniz?". Belə zarafat üçün əsas var. Siz, həqiqətən, Azərbaycanda öz fəaliyyətinizi olduqca genişləndirirsiniz. Mən bunu dəstəkləyirəm, çünki bütövlükdə Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığa və münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verirəm.

Aydındır ki, ölkələrimiz arasında əməkdaşlıq, xüsusən iqtisadiyyat sahəsində əməkdaşlıq şirkətlər vasitəsi ilə, ən əvvəl "İtoçu" kimi şirkətlər vasitəsilə həyata keçirilə bilər. Hesab edirəm ki, biz çox uzun müddət ərzində əməkdaşlıq üçün yaxşı bünövrə qoymuşuq və bizim sizinlə fəaliyyətimiz XXI əsrə yönəldilmişdir. Bunun yaxşı gələcəyi olduğunu görürəm.

Biz çox istəyirik ki, Yaponiya özünün yüksək texnologiyaları, böyük maliyyə imkanları və təcrübəsi ilə bölgəmizdə, xüsusən Azərbaycanda daha geniş fəaliyyət göstərsin.

Bu gün siz bildirdiniz ki, əməkdaşlığımız neft-qaz sahəsinin çərçivələrindən kənara çıxır. Siz başqa sahələrə də, o cümlədən neft və qaz kəmərlərinin çəkilməsinə də maraq göstərdiniz. Mən buna da müsbət yanaşıram. Beləliklə, biz sizinlə birlikdə Yaponiya-Azərbaycan əməkdaşlığının bünövrəsini qoyuruq.

Qarşıda mənim Əlahəzrət İmperatorla, Baş nazir cənab Haşimoto, bir çox digər dövlət xadimləri ilə görüşlərim durur. Lakin bunların əsasını iqtisadi əlaqələrimiz təşkil edir. Bu, konkret olaraq müxtəlif şirkətlərlə əməkdaşlıqda ifadə edilir.

Bu gün sizdən başqa mən Yaponiyanın digər şirkətlərinin prezidentləri ilə də görüşdüm. Sevinirəm ki, Azərbaycana heç də təkcə siz maraq göstərmirsiniz. Bəlkə də siz bunu çox da istəməzdiniz. Lakin özünüz bilirsiniz ki, böyük inkişafa ancaq rəqabət sahəsində nail olmusunuz. Biz də bu fikirdəyik ki, rəqabət çox kömək edir.

Sizə və şirkətinizə onun fəaliyyətində yeni uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, sizinlə əməkdaşlığımız uzunmüddətli olacaqdır. Biz yaxşı, sağlam tərəfdaşlığa tərəfdarıq. Ümidvaram ki, münasibətlərimiz məhz belə olacaqdır.

Ölkənizə, xalqınıza firavanlıq, əmin-amanlıq və hər cür uğurlar arzulamaq istəyirəm. Şirkətinizə arzulamaq istəyirəm ki, o, həmişə Yaponiya şirkətlərinin önündə olsun. Biz isə sizə bu işdə kömək edəcəyik.

Sizin hamınıza cansağlığı, firavanlıq diləyirəm. Diqqətinizə görə çox sağ olun.

"Azərbaycan" qəzeti, 26 fevral 1998-ci il