Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın "Asaxi Simbun" qəzetinin müxbirinə müsahibəsi - 27 fevral 1998-ci il


Sual: Xahiş edirəm deyəsiniz, Yaponiyaya səfəriniz uğurludur?

Cavab: Bəli, çox uğurludur. Bu, müstəqil Azərbaycan prezidentinin Yaponiyaya ilk səfəridir və səfər uğurludur. Mən baş nazir cənab Haşimoto ilə, Yaponiya hökumətinin digər üzvləri ilə çoxsaylı görüşləri, səmərəli, səmimi və mehriban danışıqları nəzərdə tuturam. Mən əlahəzrət Yaponiya imperatoru ilə də görüşdüm. Ölkənizin işgüzar dairələri ilə də çox görüşlərim oldu. Burada olduğum üç gündə onlarca görüş keçirmişəm. Başlıcası budur ki, biz çox mühüm hökumətlərarası, dövlətlərarası sənədlər imzaladıq. İki sənədi Yaponiyanın baş naziri cənab Haşimoto ilə mən imzaladım. Bir sözlə, mən səfəri çox uğurlu, əldə olunmuş nəticələri isə yaxşı nəticələr hesab edirəm.

Sual: İmzaladığınız sənədlər bu səfərin ən böyük nailiyyətidir?

Cavab: Sözsüz ki, belədir. Hər hansı səfər, hər hansı danışıqlar müəyyən sənədlərdə öz əksini tapmalıdır.

Sual: Siz baş nazir Haşimotonun "İpək yolu" diplomatiyası adlandırılan diplomatik xəttini necə qiymətləndirirsiniz?

Cavab: Mən bunu çox yüksək qiymətləndirirəm. Onun "İpək yolu" diplomatiyası həmin yolun bərpası üçün gördüyümüz işlərə də tamamilə uyğun gəlir. Dünən, görüşümüz zamanı mən ona ətraflı danışdım ki, biz qədim "İpək yolu"nun bərpası ilə artıq neçə ildir məşğul oluruq və bundan ötrü xeyli iş görmüşük. Baş nazir cənab Haşimotonun "İpək yolu" diplomatiyası isə bizim istədiyimizlə, Avropa Birliyinin də məşğul olduğu işlərlə tam uyğundur. Ona görə də burada baxış və rəylərimiz tamamilə üst-üstə düşür. Biz bu proqramı birlikdə həyata keçirəcəyik.

Sual: Xəbər verilir ki, Siz may ayının axırlarında Bakıda 33 ölkə nümayəndələrinin "İpək yolu"na dair görüşünü keçirməyi planlaşdırırsınız. Bu görüş hansı məqsədlə keçiriləcəkdir?

Cavab: Bilirsinizmi, biz bu görüşü Avropa Birliyinin təklifi ilə böyük bir görüşə çevirəcəyik. Avropa Birliyi həmin məsələ ilə məşğul olur və bu işi intensivləşdirmək, fəallaşdırmaq istəyir. Biz belə bir görüşü mayın axırlarında Azərbaycanda keçirməyə razılıq verdik. Bu məsələyə dair sazişlərin altı layihəsi hazırlanıb. Onlar əsasən çərçivə, normativ səciyyə daşıyacaq, lakin "İpək yolu"nun bərpası üçün səylərimizin daha da inkişaf etdirilməsinin əsas prinsiplərini, istiqamətlərini müəyyənləşdirəcəkdir. Bu yolun üstündə 33 ölkə yerləşir, mən onların dövlət və hökumət başçılarına dəvətlər göndərmişəm. Dünən mən belə bir dəvəti və hazırlanmış sazişlərin layihəsi olan məktubu baş nazir cənab Haşimotoya təqdim etdim. Hesab edirəm ki, bu, "İpək yolu" proqramının inkişafında mühüm mərhələ olacaqdır.

Sual: Siz gələn əsrdə Xəzər bölgəsinin mühümlüyünü necə qiymətləndirirsiniz?

Cavab: Zənnimcə, XXI əsrdə Xəzər hövzəsinin ümumdünya əhəmiyyəti olacaqdır. Çünki Xəzər hövzəsinin və onun ətrafında yerləşən ölkələrin, xüsusən Qazaxıstan, Türkmənistan və Azərbaycanın energetika ehtiyatları çox böyükdür. Bu ehtiyatlardan, karbohidrogen xammalından, daha dəqiq desək, neft və qazdan istifadə edilməsi bütün dünya birliyinin xeyrinədir. Bu, təbii olaraq, belə deməyə əsas verir ki, bu problem böyük bir dünya problemi olacaqdır. Bir də ona görə ki, bildiyiniz kimi, imzaladığımız müqavilələrdə, - 1994-cü ildən başlayaraq doqquz müqavilə bağlanıb, - dünyanın 12 ölkəsinin 20 şirkəti iştirak edir. Bu ölkələr Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Norveç, İtaliya, Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Yaponiyadır. Bir görün, nə qədər ölkə var.

Sual: Yaponiya bu bölgənin energetika sahəsində nə kimi rol oynaya bilər?

Cavab: Yaponiya bu neft yataqlarının işlənməsində iştirak etməyə maraq göstərir. Bunu biz də alqışlayırıq. Yaponiyanın "İtoçu" şirkəti həm də "Əsrin müqaviləsi" adlandırılan birinci müqavilənin səhmdarıdır. 1996-cı ildə "İtoçu" daha bir layihədə 20 faizlik iştirak payı almışdır. Dünən biz "Mitsui" şirkəti ilə saziş imzaladıq. O, İtaliyanın "ENİ/ACİP" şirkəti ilə imzaladığımız müqavilədə 15 faizlik iştirak payı aldı. Bir sözlə, gördüyünüz kimi, Yaponiya artıq Xəzər hövzəsinə gəlmişdir.

Sual: Mümkündürmü ki, sizin bölgə gələcəkdə İran körfəzindən daha əhəmiyyətli olacaqdır?

Cavab: Bunu gələcək göstərəcəkdir.

Sual: Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin inkişafı üçün nə lazımdır?

Cavab: Arzu lazımdır. Belə arzu bizdə də var, Yaponiyada da. İqtisadi maraq gərəkdir. O da var. Yaponiya Azərbaycan iqtisadiyyatına, neft və qaz ehtiyatlarına, iqtisadiyyatın başqa sahələrinə böyük maraq göstərir. Biz Yaponiya texnologiyalarına, texnikasına və elmi-texniki tərəqqi sahəsində hazırda ümumdünya əhəmiyyətinə malik olan bütün nailiyyətlərinizə maraq göstəririk. Yaponiya Azərbaycana Qafqazda coğrafi-strateji mövqeyə malik olan və "İpək yolu"nun mərkəzində yerləşən bir ölkə kimi maraq göstərir. Biz Yaponiyaya maraq göstəririk, çünki o, "İpək yolu"nun ən şərq hissəsində yerləşir. Müxtəsəri, bir görün, nə qədər maraqlar çulğaşır. Əgər bu maraqlara xüsusən Azərbaycanın Yaponiya kimi iqtisadi cəhətdən çox inkişaf etmiş olan ölkə ilə fəal əməkdaşlıq etmək arzusunu da əlavə etsək tamamilə aydın olar ki, əməkdaşlığımız uğurlu və böyük perspektivə malik olacaqdır.

Sual: Qazaxıstan və Türkmənistanda da neft var. Onların nefti sizinkindən nə ilə fərqlənir?

Cavab: Keyfiyyəti ilə. Azərbaycan nefti çox keyfiyyətlidir, Qazaxıstan neftində isə olduqca çox kükürd var, o, çox yapışqandır. İkinci Dünya müharibəsi zamanı təyyarələrə bizim nefti doldururdular və onlar bu emal edilməmiş neftlə uçurdu. Bir sözlə, bizim neft çox keyfiyyətlidir.

Sual: Siz Yaponiyanın ən çox nə gözləyirsiniz?

Cavab: Dünən biz baş nazir cənab Haşimoto ilə razılığa gəldik ki, Yaponiya ilə Azərbaycan arasında fəal əməkdaşlığın xüsusi mexanizmini yaradacağıq. O öz kabinetinin üzvlərinə göstəriş verdi, mən isə öz hökumətimizin üzvlərinə göstəriş verdim. Onlar təkliflər hazırlayacaqlar. Bizə məlumdur ki, 1994-cü ildə Yaponiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan arasında ikitərəfli komissiyalar yaradılmışdır. Dünən biz bu məsələni müzakirə edərkən cənab Haşimoto dedi ki, Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Buna görə də əməkdaşlıq mexanizmi yaratmağı, mövcud təcrübədən bəhrələnməyi təklif etdik. Mən Yaponiyadan, bax, bunları gözləyirəm. Təbii ki, bütün razılaşmaların həyata keçirilməsini gözləyirəm. Mən dünən dedim ki, imzaladığımız sənədlərdə nəzərdə tutulanların hamısını həyata keçirəcəyik. Gözləyirəm ki, Yaponiya tərəfi də öz öhdəliklərinə sadiq olsun.

Sual: Yaponiya Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün nə edə bilər?

Cavab: Dünən cənab Haşimoto ilə imzaladığımız birgə bəyanatda deyilir ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, bizim üçün çox mühümdür, çünki Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz nəticəsində ərazimizin 20 faizini Ermənistan silahlı qüvvələri işğal etmiş, ərazi bütövlüyümüz pozulmuşdur. Dağlıq Qarabağ dövlət müstəqilliyi iddiasındadır. Biz bununla razılaşa bilmərik, çünki öz ərazimizin bir hissəsini kiməsə güzəştə gedib ona müstəqillik statusu verə bilmərik. Dağlıq Qarabağın iddiaları beynəlxalq hüquq normalarına ziddir. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmazlığı, qüvvə tətbiqi ilə sərhədlərin dəyişdirilməsinin mümkünlüyü prinsiplərinin Yaponiya tərəfindən dəstəklənməsi, - bu, mənimlə cənab Haşimotonun imzaladığımız birgə bəyanatda əksini tapıb, - bizim üçün çox mühümdür. Dağlıq Qarabağ və Ermənistan nə qədər çalışsa da, Yaponiya kimi ölkələr əsla razılaşa bilməzlər ki, Dağlıq Qarabağ müstəqillik statusu alsın.

İkincisi. 1996-cı ilin dekabrında Lissabonda, ATƏT ölkələrinin dövlət və hökumət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə aradan qaldırmaq prinsipləri haqqında bəyanat qəbul edilmişdir. Bu prinsiplər üç bənddən ibarətdir: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarə statusu, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də Azərbaycan millətindən olan əhalisinin təhlükəsizliyinə təminat verilməsi. Dünənki bəyanatda vurğulanmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında Lissabon prinsipləri Yaponiya tərəfindən dəstəklənir. Hərçənd Yaponiya ATƏT-in üzvü deyildir. Bir sözlə, bizim üçün bu da vacibdir. Belə beynəlxalq dəstək bizdən ötrü çox böyük əhəmiyyətə malikdir.

Sual: Rusiyaya münasibətdə xarici siyasət xəttiniz necədir?

Cavab: Rusiyaya münasibətdə xəttimiz dostluq, mehriban qonşuluq münasibətləri yaratmaqdan, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Ötən il iyulun əvvəllərində mən Rusiyaya rəsmi səfərə getdim və biz Rusiya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladıq. İstəyirik ki, bu müqavilədə nəzərdə tutulanların hamısı yerinə yetirilsin. Bir sözlə, biz Rusiya ilə münasibətləri məhz bu istiqamətdə inkişaf etdiririk.

Sual: Rusiya ilə Yaponiya arasında münasibətlər yaxşılaşacaqmı?

Cavab: Sözsüz ki, yaxşılaşacaqdır. Rusiya Yaponiya ilə yaxşı münasibətlərə, Yaponiya da Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istəyir. Biz də Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istəyirik. Lakin bir şərtlə ki, bütün bunlar bərabərhüquqlu əsas üzərində olsun.

Sual: SSRİ-nin mövcudluğu dövründə Siz Siyasi Büronun üzvü idiniz. Amma indi SSRİ yoxdur. O vaxtdan bəri ölkənizdə nə kimi dəyişikliklər baş vermişdir?

Cavab: Siz mənim bioqrafiyamı bilirsiniz. Bilirsiniz ki, mən təkcə Sov.İKP üzvü deyil, həm də SSRİ-nin ən ali hakimiyyət dairəsinin - Sov.İKP MK Siyasi Bürosunun üzvü idim, Sovet İttifaqının rəhbərlərindən biri olmuşdum. Siz yəqin bilirsiniz ki, 1987-ci ildə mən bütün vəzifələrimdən istefa verdim, təkləndim, məni gözdən saldılar, mənə qarşı hər cür böhtanlar atdılar, iftiralar dolu məqalələr dərc etdilər. 1990-cı ilin yanvarında Qorbaçov başda olmaqla o vaxtkı Sovet İttifaqının rəhbərləri Azərbaycan xalqına qarşı böyük cinayət törətdilər. Onlar xalq hərəkatını yatırtmaq üçün Bakıya iri qoşun kontingenti yeritdilər və bir gecədə çox böyük insan tələfatı oldu. Bakının küçələri qana boyanmışdı. O vaxt mən Moskvada yaşayırdım və mitinqdə, mətbuat konfransında çıxış edərək sovet hökumətinin, Qorbaçovun bu cinayətini pislədim, etirazımı bildirdim və Kommunist Partiyasının sıralarından çıxdım. Onda mən qəti qərara gəldim ki. Kommunist Partiyası hakimiyyətdən getməlidir, Sovet İttifaqı daha mövcud ola bilməz. 1991-ci ildə Sovet İttifaqı dağıldı və Azərbaycan dövlət müstəqilliyi əldə etdi. 1993-cü ildə mən müstəqil Azərbaycanın prezidenti seçildim və mənim xəttim kommunist ideologiyasından, sosialist sistemindən fərqlənən yeni bir xətdir. Azərbaycanda mən bir prezident kimi və dövlətimiz demokratik, hüquqi, dünyəvi dövlət qururuq, iqtisadi islahatlar aparırıq, iqtisadiyyatı bazar prinsipləri əsasında yenidən təşkil edirik, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaradırıq. Qapılarımız bütün dünyanın üzünə açıqdır. Sovet İttifaqının dövründə olmuş qapalı Azərbaycan daha yoxdur. Bax, belə dəyişikliklər baş vermişdir. Biz kommunist ideologiyasından, sosialist sistemindən, sosialist iqtisadiyyatından imtina etmişik. Biz öz həyatımızın müasir dövrünü nəzərə alaraq milli mənafelərimiz, milli dəyərlərimiz, ənənələrimiz əsasında və ümumbəşəri dəyərlərlə, nailiyyətlərlə sintezdə qururuq.

Sual: Yaponiyada Sizin 30-dan çox görüşünüz oldu. Burada işinizin bu cür intensivliyini nə ilə izah etmək olar?

Cavab: Bu gün mən səhər saat doqquzun yarısından işləməyə başlamışam və işimi günün sonunda qurtaracağam. Ona görə belə intensiv işləyirəm ki, Yaponiyada olmaqdan maksimum fayda götürmək istəyirəm. Əlbəttə, hər hansı bir insan kimi mən də Yaponiyanın təbiətinə baxmaq, görməli yerləri ilə tanış olmaq, küçədə gəzişmək istəyirəm. Deyirlər ki, bu mehmanxanada bağ var. Mən hətta ona da baxa bilməmişəm, çünki ona vaxtım yoxdur. Vaxtdan maksimum istifadə etmək istəyirəm ki, öz xalqıma, öz respublikama, öz dövlətimə fayda gətirim, Yaponiyaya bu ilk səfərin gedişində ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın yaxşı bünövrəsini qoyum.

Müxbir: Biz hesab edirik ki, xalqınız belə prezidentə malik olduğuna görə çox xoşbəxtdir.

Heydər Əliyev: Bizdə də belə hesab edirlər.

Müxbir: Çox sağ olun. Siz sabah evə ucursunuz?

Heydər Əliyev: Bəli, indi biz qatarla Kiotoya gedirik, sizin qədim paytaxtınıza baxmaq istəyirəm, hərçənd orada da görüşlər olacaqdır. Sabah isə evə gedəcəyəm.

Müxbir: Biz elə edəcəyik ki, Siz Yaponiyada olduğunuz son anadək burada özünüzü yaxşı hiss edəsiniz. Çox sağ olun.

Heydər Əliyev: Azərbaycana gəlin. Siz bizdə olmusunuzmu?

Müxbir: Təəssüf ki, yox.

Heydər Əliyev: Elə isə gəlin.

"Azərbaycan" qəzeti, 29 fevral 1998-ci il