Silahlı Qüvvələr Gününə həsr edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Heydər Əliyevin nitqi - 26 iyun 2000-ci il


Əziz əsgərlər, zabitlər, generallar!

Müstəqil Azərbaycanın silahlı qüvvələrində xidmət edən övladlarımız!

Sizin hamınızı Azərbaycanın Silahlı Qüvvələri günü münasibətilə, Azərbaycanda silahlı qüvvələr yaranmasının 82-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Azərbaycan Ordusuna yeni-yeni uğurlar arzulayıram.

Bu bayram münasibətilə mən Azərbaycanın silahlı qüvvələrinə təbrik məktubu göndərmişəm. Məktub mətbuatda dərc olunubdur, sizə məlumdur. Ancaq bu gün, bir neçə saat bundan öncə mən qərar qəbul etdim ki, sizin bu mərasimdə iştirak edim və göndərdiyim məktubdan əlavə bəzi fikirlərimi sizə deyim, ən əsası isə - bu bayram günü sizinlə və sizin simanızda Azərbaycanın bütün silahlı qüvvələrinin şəxsi heyəti ilə bir yerdə olum.

Müdafiə naziri Səfər Əbiyev bu bayram münasibətilə məruzəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi və keçdiyi yol haqqında, bugünkü vəziyyəti barədə ətraflı məlumat verdi.

1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti iyun ayının 26-da ölkənin Milli Ordusunun, silahlı qüvvələrinin yaradılması haqqında qərar qəbul etmiş, silahlı qüvvələr yaranmış və Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə xalqımıza, millətimizə öz xidmətlərini göstərmişdir. Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqının tərkibində olmuşdur. Ancaq azərbaycanlılar ordu xidmətindən ayrı düşməmiş, Sovetlər İttifaqının vətəndaşı kimi hər bir gənc orduya səfərbər edilmiş, orduda xidmət etmiş, vətəndaşlıq borcunu yerinə yetirmiş, gənclərimizin bir hissəsi isə özlərini bu peşəyə həsr etmiş, ali məktəblərdə oxumuş, müxtəlif hərbi hissələrdə xidmət etmiş, yüksək rütbələrə çatmışlar. Ən əsası odur ki, İkinci Dünya müharibəsində, Böyük Vətən müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları, xalqımızın övladları, azərbaycanlılar da döyüşmüş, vuruşmuş, alman faşizmi üzərində qələbəyə öz payını vermişlər.

O dövrdə az da olsa azərbaycanlı zabitlər müxtəlif ordu hissələrində xidmət etmiş, İkinci Dünya müharibəsində Azərbaycan övladlarının böyük bir hissəsi misilsiz qəhrəmanlıqlar göstərmiş və ən yüksək mükafatlara layiq olmuş, Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad almışlar. Həmin illər azərbaycanlı zabitlər öz şücaətlərinə, qəhrəmanlıqlarına görə rütbəcə də ucalmışlar, yüksək zabit rütbələri almışlar, general rütbəsinə çatmışlar: general Həzi Aslanov, general Əbilov, general Akim Abbasov və digər generallar... Onlar Azərbaycan oğlunun nəyə qadir olduğunu göstərmişlər. Biz bunları unuda bilmərik, bu dövrü də xalqımızın hərbi xidmətində heç vaxt boşluq dövrü hesab edə bilmərik.

Bu gün müstəqil Azərbaycanın milli ordusunun, silahlı qüvvələrinin zabit heyətinin əksəriyyəti o dövrdə müxtəlif hərbi hissələrdə xidmət etmiş, ali hərbi məktəblərdə təhsil almış, təcrübə toplamış zabitlərdir, generallardır.

Doğrudur, İkinci Dünya müharibəsindən sonra sovet hökuməti, onun rəhbərliyi bu barədə müəyyən qədər ayrı-seçkiliyə yol vermişdir. İkinci Dünya müharibəsi, Böyük Vətən müharibəsi zamanı alman ordusu sürətlə irəlilədiyinə görə, Sovet İttifaqının vəziyyəti ağır olduğu zaman milli diviziyalar, o cümlədən Azərbaycan milli diviziyaları da yarandı. Bu milli diviziyaların əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Onların əksəriyyəti Azərbaycanda formalaşmışdı, buradan cəbhəyə getmişdi. Bu milli diviziyalarda azərbaycanlılar qısa bir müddətdə hərbi peşə sahəsində nəyə qabil və qadir olduqlarını göstərmişlər. Ancaq İkinci Dünya müharibəsi qurtardıqdan sonra bu milli diviziyalar dağıdılmış, ona görə də zabitlərin bir qismi öz xidmətini başa çatdırdığı üçün ordudan getmiş, ikinci tərəfdən isə belə bir vəziyyəti görən Azərbaycan gənclərində hərbi xidmətə həvəs, maraq azalmışdı. Bütün bunlara baxmayaraq, azərbaycanlılar sovet ordusunda yenə də xidmət etmişlər. İndi Azərbaycanda çox az insan, gənc tapa bilərsiniz ki, o, 18 yaşına çatdıqda və ondan sonra gedib haradasa öz əsgərlik, vətəndaşlıq borcunu yerinə yetirməmiş olsun.

O vaxt əsgərlik üç il idi, hərbi donanmada xidmət müddəti dörd il idi. Demək, hər bir azərbaycanlı gənc orduda xidmət edirdi, silahın, ordunun, orduda xidmət etməyin nə demək olduğunu bilirdi. Bunlar bizim üçün o vaxt da faydalı olubdur, bu gün də faydalıdır. O vaxt bunlar ona görə faydalı idi ki, biz Sovetlər İttifaqının tərkibində olarkən göstərməli idik ki, azərbaycanlılar hər bir peşəyə sahib ola bilər, hər bir sahədə uğurla çalışa bilərlər. O cümlədən hərbi peşədə də, orduda da. Ancaq eyni zamanda, məlumdur ki, müəyyən məhdudiyyətlər olmuşdur. Əgər həmin dövrdə biz ildə 60 min gənci səfərbər edib sovet ordusuna göndərirdiksə, onların çox az bir qismi sonra hərbi mktəblərə gedirdi, zabit olurdu, orduda xidmət edirdi. Ancaq, yenə deyirəm, orduda xidmət müsbət xarakter daşıyır. Yəni indi bizim əhalimizin böyük bir hissəsi ordu sınağından çıxıbdır. Fərqi yoxdur - o, sovet ordusu olubdur, yaxud da indi bizim müstəqil Azərbaycanın ordusu olubdur.

O vaxt əsgəri xidmət edib bu gün Azərbaycanda müxtəlif sahələrdə işləyən vətəndaşlarımız hərbi qulluqda olarkən bu gün orduya çağırılmış 18 yaşlı əsgərlər hələ dünyaya gəlməmişdilər. Ona görə də bunların hamısının əhəmiyyəti vardır, heç birini unutmaq lazım deyildir. Ancaq qeyd edirəm ki, o vaxt - 40-cı illər qurtardıqdan sonra, 50-ci illərin əvvəllərində sovet hökumətinin siyasətində əyintilər, ayrı-seçkilik oldu, milli diviziyaları dağıtdılar. Hər bir millətin nümayəndələrinin ali hərbi məktəblərə daxil olmasına da bərabər hüquqlu imkan yox idi. Qeyd etdim ki, bir tərəfdən bizim gənclər həmin o ədalətsizliyə görə həvəsdən düşmüşdülər, digər tərəfdən də onların ali hərbi məktəblərə qəbul olunması üçün müəyyən maneələr, çətinliklər yaranmışdı.

Məhz bu zaman, 70-ci illərdə biz Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratdıq. Indi hamı görür ki, - o vaxtdan 29 il keçir, - bunun nə qədər əhəmiyyəti vardır. Biz onun vasitəsilə və ondan əlavə, 70-ci illərdə hər il Sovetlər İttifaqının ali hərbi məktəblərinə güzəştli şərtlərlə 700-800 gənc göndərirdik. Çünki bəziləri rus dilini o qədər yaxşı bilmədiklərinə görə onların müsabiqədən keçib qəbul olunması çətin idi. Bunu biz bir tərəfdən Cəmşid Naxçıvanski adına məktəb vasitəsilə edirdik, ikinci tərəfdən isə gənclərimizi hazırlamaq yolu ilə həyata keçirirdik.

Xatirimdədir, 1970-ci və yaxud 1971-ci il idi. Bakıda iki ali hərbi məktəb var idi: biri Ümumqoşun Ali Hərbi Məktəbi, digəri də Ali Hərbi Dənizçilik Məktəbi. Mən maraqlandım, - burada nə qədər adam oxuyur, buraya ildə nə qədər kursant qəbul olunur? Məlum oldu ki, bu məktəblərin hər birinə ildə 350 nəfər qəbul edilir. Bəs nə qədər azərbaycanlı qəbul olunurdu? Yoxladığım zaman aşkar oldu ki, Ümumqoşun Ali Hərbi Məktəbinə 25 nəfər, Ali Hərbi Dənizçilik Məktəbinə isə bir nəfər azərbaycanlı qəbul edilmişdir. Niyə belə olsun? Bu məktəblər Azərbaycanda, bizim ölkədə, Bakıdadır, biz bunlara qayğı göstəririk. Amma Sovetlər İttifaqının müxtəlif yerlərindən, xüsusilə Rusiyadan, Ukraynadan, başqa yerlərdən, hətta Ermənistandan da, Gürcüstandan da buraya gəlirlər, qəbul olunurlar.

Biz bu vəziyyəti də dəyişdirdik. Xatirimdədir, Ümumqoşun Ali Hərbi Məktəbinə qəbulu mən o yerə gətirib çıxardım ki, Moskvada narahat olmağa başladılar. Çünki elə vəziyyət yaratdım ki, oraya bir neçə il təxminən 50 faizdən çox azərbaycanlı qəbul edilirdi. Bu da Moskvada müəyyən narahatlığa səbəb oldu.

Bu barədə çox danışmaq olar. Bununla mən nə demək istəyirəm? Mən demək istəyirəm ki, Silahlı Qüvvələrin 82 illik tarixi üç mərhələdən ibarətdir. Birinci mərhələ xalq cümhuriyyətinin, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranması və onun yaşadığı dövrdür. İkinci mərhələ Sovet İttifaqının tərkibində olduğumuz dövrdür. O dövrün qiyməti verilibdir. Ancaq insanlar yaşayıb, inkişaf edib, elm öyrənib, savad alıb və hərbi qulluqda da xidmət ediblər.

İndi buradakı generalları, yüksək rütbəli zabitləri götürün. Hamınız həmin ali hərbi məktəblərdə oxumusunuz, orada təhsil almısınız. Əgər o məktəblər olmasaydı, indi necə olardı? Deməli, həmin dövrü unutmaq lazım deyil, qiymətləndirmək lazımdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman ölkəmizin müstəqilliyini təmin etmək üçün və bu müstəqil dövlətdə ordu yaratmaq üçün yetərli qədər zabit kadrları var idi. Təəssüflər olsun ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman, hətta ondan bir az əvvəl də - artıq Ermənistan Azərbaycana təcavüz etdiyinə görə müharibə getdiyi zaman - Azərbaycanda yaranmış bu zabit potensialından istifadə etmədilər və ermənilərin təcavüzünü ancaq yerli, ayrı-ayrı özünümüdafiə qüvvələri vasitəsilə dayandırmağa çalışdılar.

Təbiidir ki, onlar da lazım idi. Torpağı hər kəs, hər bir vətəndaş, hər bir azərbaycanlı müdafiə etməlidir. Ancaq bir var ki, əlinə silah alıb vuruşan adam torpağını müdafiə etmək istəyir, şəhid olmağa hazırdır, amma silahdan istifadə etməyi, hərbi işi, hərbi peşəni bilmir, onun komandiri yoxdur, ona yol göstərən yoxdur. İkinci tərəfdən, o da ola bilərdi ki, Azərbaycanın həmin vətənpərvər övladlarını səfərbər edərək yaranmış milli zabit kadrları potensialından səmərəli istifadə edib, hərbi hissələrin komandirlərini onlardan təyin edib, beləliklə də tezliklə müstəqil Azərbaycanın Milli Ordusu yaradılaydı. Əgər belə olsaydı, Azərbaycan bu məğlubiyyətlərlə rastlaşmazdı və ölkəmizin torpaqları işğal edilməzdi.

Mən bunu iki gün bundan öncə Moskvada, Rusiyada yaşayan Azərbaycan icmaları nümayəndələrinin qarşısında çıxış edərkən demişdim və bu gün də deyirəm: Azərbaycan milləti aciz millət deyildir. Azərbaycan gənci erməni gəncindən aciz deyil, gücsüz, cəsarətsiz deyil, əksinə, azərbaycanlılar daha cəsarətlidirlər, daha qüdrətli, güclü və rəşadətlidirlər. Ancaq bu insanı, gənci müharibə etməyə, silahdan istifadə etməyə öyrətmək lazımdır. Müharibə etmək sadəcə, oradan-buradan atəş açmaq deyildir.

Siz zabitlər yaxşı bilirsiniz ki, ali hərbi məktəb nədir. Ali hərbi məktəb təhsil verir. Bu təhsilin də əsası odur ki, müdafiəni nə cür qurmaq, hücumu nə cür aparmaq və hansı üsullardan, hansı vasitələrdən istifadə etmək lazımdır ki, həm müharibəni uğurlu həyata keçirəsən, həm yaxşı müdafiə olunasan, həm də yaxşı hücum edə biləsən. Başqa elmlər kimi, bu da elmdir. Bu elmi də zabitlər hazırlayan hərbi məktəblərdə hərbi peşəyə yiyələnmək istəyən insanlara öyrədirlər. O vaxtlar da öyrətmişlər. Bax, burada böyük bir cinayət olubdur. Azərbaycan xalqına böyük bir xəyanət olubdur ki, o imkanlardan istifadə edilməyibdir. Buna görə də Azərbaycan hələ müstəqilliyini əldə etməmişdən, Sovetlər İttifaqının tərkibində olarkən döyüşlərdə məğlubiyyətə uğrayırdı. Sovetlər İttifaqının tərkibində Ermənistan silahlı qüvvələri, - ermənilərin hələ o vaxt mütəşəkkil silahlı qüvvələri yox idi, - gəldilər, Dağlıq Qarabağı tamamilə işğal etdilər və azərbaycanlıları oradan çıxardılar.

Bəli, Azərbaycan dövlət müstəqilliyini hələ təzəcə əldə etmişdi ki, 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Sonra - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal olundu. Hərbi mütəxəssis kimi, yəqin ki, siz bunu hamıdan yaxşı bilirsiniz - Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibədə bu üç strateji rayonun işğal olunması ermənilərə çox böyük üstünlüklər verdi. Təsadüfi deyil ki, indi Dağlıq Qarabağ, ümumiyyətlə, ermənilər Şuşanın işğalını özlərinin qələbə günü elan ediblər. Bəli, çünki Şuşanın işğalı ilə bütün başqa uğursuzluqlar artıq bir-birinin ardınca davam etdi. Yenə də bunun səbəbi əsgərdə deyil, hətta zabitdə də, komandirdə də deyildir. Bunun səbəbi nəinki ordunu lazımi səviyyədə təşkil etməmiş, silahlı qüvvələri bir yerə toplamamış insanlardadır, rəhbərlərdədir, həm də ayrı-ayrı şəxsi məqsədlər güdərək qəsdən hər cür xəyanət yolları tutmuş adamlardadır.

Bunlar da dünyaya yenicə gəlmiş körpəyə bənzəyən, yaranmaqda olan Azərbaycan Ordusuna böyük zərbələr vurmuşdur.

Mən bu cəhətə daha çox fikir verirəm ki, siz bütün bunları biləsiniz, heç vaxt unutmayasınız. Eyni zamanda, - burada da deyildi, - mən bunu qeyd edirəm ki, keçmiş illərdə bütün çətinliklərə, Sovetlər İttifaqındakı məhdudiyyətlərə baxmayaraq, Azərbaycan gənclərindən, azərbaycanlılardan yetərli qədər zabit kadrları hazırlanmışdır. Bunların çoxu indi də ordumuzda rəhbər vəzifədədirlər. Bu, o zaman bizim bu günümüz, müstəqilliyimiz üçün etdiyimiz xidmətlərdir.

Bu da həqiqətdir ki, doğrudan da Azərbaycanda ordunun təşəkkül tapması 1993-cü il noyabr ayının 2-dən başlandı. Ondan sonra aparılan hərbi əməliyyatlar bunu göstərdi. Ancaq yenə də Azərbaycan Silahlı Qüvvələrinin içərisində xalqımıza xəyanət edən dəstələr hələ mövcud idi. Əgər onlar olmasaydı, 1994-cü ilin oktyabr ayında Sürət Hüseynov və onun tərəfdarları dövlət çevrilişinə cəhd etməzdilər. Nə üçün? Çünki ordunun bir hissəsi onların əlində idi. Yəni baxmayaraq ki, biz çox iş görmüşük, ancaq o vaxt bizim Müdafiə Nazirliyimiz ordunun hamısının sahibi deyildi. Yenə də ayrı-ayrı dəstələr müxtəlif adamlara tabe idi.

Yaxud, 1995-ci ilin mart ayında Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusi Təyinatlı Polis Dəstəsi Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdi və qan töküldü. Nə üçün? Çünki o illərdə bəzi şəxslər həqiqətən vətənpərvərlik göstərərək gedib torpaqlarımızı müdafiə etmişdilər və hərbi peşəni, silahı öyrənmişdilər, amma Azərbaycanın daxilində gedən mənfi ictimai-siyasi proseslər həmin gənclərin bir çoxunu yoldan çıxarmışdı, onların beyinlərini zəhərləmişdi. Onlar artıq elə bir fikrə gəlib çatmışdılar ki, Azərbaycanda dövlət çevrilişi etmək olar və bu cəhdi də göstərdilər. Bu da təsadüfi deyildi, bir gündə olan hadisə deyildi.

Xüsusi Tətinatlı Polis Dəstəsi hələ 1992-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe deyildi. Yəqin ki, xatırlayırsınız, 1992-ci ildə, yaxud 1993-cü ilin əvvəllərində o vaxt respublikanın daxili işlər naziri olan İsgəndər Həmidov nə etmişdisə, Xüsusi Təyinatlı Polis Dəstəsinin rəisi Rövşən Cavadov prokuror qardaşı ilə gəlib onu öz iş otağında döymüş və hər şeyi dağıtmışdılar. Usubov, belədir yoxsa belə deyil?

Ramil Usubov: Cənab prezident, elədir.

Heydər Əliyev: O vaxtdan bunlar artıq Daxili İşlər nazirliyinin tabeliyindən çıxmışdılar, quduzlaşmışdılar, qudurmuşdular və ona görə də sonra gəlib o dərəcəyə çatdılar ki, 1995-ci ilin mart ayında dövlət çevrilişi etmək istədilər. Ancaq o vaxt artıq bizim ordumuzda yaxşı hərbi hissələrimiz vardı. Orada qəsdçilərin qarşısının alınmasında əsas rolu bizim Müdafiə Nazirliyi və o vaxt hazırladığımız hərbi hissələr oynadılar. Mən bunu bir neçə dəfə qeyd etmişəm, - məhz həmin hərbi hissələrin döyüşçülərinin qoçaqlığı, mərdliyi ilə biz onların qarşısını aldıq. Onların qarşısının alınmasında bizim Müdafiə Nazirliyi əsas rol oynadı.

Əgər biz ordumuzda mütəşəkkillik, sədaqətlilik yarada bilməsəydik, o vaxt çox çətin olardı. Bəziləri şəhid oldular. Kim şəhid oldu? Bizim Azərbaycan Ordusunun əsgərləri şəhid oldular. Nə üçün şəhid oldular? Azərbaycanın dövlətçiliyini qorumaq üçün. Buna görə də biz onların şəhidliyini yüksək qiymətləndirdik, onlara yüksək adlar verdik.

Beləliklə, Azərbaycanın Silahlı Qüvvələri, ordusu ağır bir proses keçibdir. Ordunun təşkil olunmasına çox maneələr, təsirlər göstərilibdir. Ancaq biz artıq bunların qarşısını almışıq. İndi Azərbaycan Ordusu mütəşəkkil, güclü bir qüvvədir. Azərbaycan Ordusunda yaxşı, bilikli, bacarıqlı komandirlər heyəti yetişibdir. İndi Azərbaycan Ordusunun müasir dövrə uyğun uğurlu müdafiəni təmin etmək, yaxud da müharibə aparmaq üçün düzgün strukturu yaranıbdır, hərbi hissələrin düzgün strukturu yaranıbdır. 1993-cü ilin noyabrından və 1995-ci ildən sonrakı dövr Azərbaycan Ordusunun güclənməsi, möhkəmlənməsi dövrüdür.

Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycan Ordusu böyük gücə, texnikaya, silaha-sursata malikdir və onun inkişaf etməsi üçün böyük imkanlar yaranıbdır. Görürsünüzmü, son illərdə bir neçə səviyyədə hərbi məktəblərimiz vardır. Ümumqoşun ali hərbi məktəbi və digər hərbi məktəblər, - Səfər Əbiyev bunların adlarını çəkdi, - xüsusən hərbi akademiyanın yaranması - bunların hamısı ilk addımlarımızdır. Əgər işi yaxşı apara bilsəniz, hərə öz sahəsində məsuliyyətlə xidmət etsə, bundan sonra heç kəs vətəninə, torpağına xəyanət etməsə bu addımlar bizi çox irəliyə aparacaqdır. Biz özümüz gənclərimizi səfərbər edib, hərbi xidmətdən keçirib onları döyüşə hazırlayacağıq. Biz özümüz üçün zabitlər, gizirlər, çavuşlar hazırlayacağıq. Biz özümüz üçün hərbi təyyarəçilər hazırlayacağıq. Biz hərbi akademiya vasitəsilə daha da yüksək səviyyəli zabitlər hazırlayacağıq.

Görün, bu gün bizim nə qədər böyük imkanlarımız mövcuddur. Ancaq hər şey bu imkanlardan səmərəli istifadə etməkdən asılıdır. Təbiidir ki, bu, birinci növbədə komandan heyətindən, yəni Müdafiə Nazirliyinin rəhbərliyindən, hər bir hərbi hissənin rəhbərliyindən, hər bir zabitdən, sizdən asılıdır. Əsgərlərdən asılı olan heç nə yoxdur. Əsgərlər səfərbər olunurlar, bir il altı ay müddətində orduda xidmət edirlər, sonra tərxis olunurlar. Deməli, gərək bizim hərbi hissələr və bu hissələrdə olan zabit, komanda heyəti o qədər yüksək səviyyəli olsun ki, bir il altı ay müddətində orduya səfərbər edilən hər bir azərbaycanlı gənci hərbi peşəyə alışdıra bilsin, onu öyrədə bilsin, gənclər hərbi peşəni sevsinlər və ordudan tərxis olunanda bir il altı aylıq xidmətini daim, həmişə böyük məhəbbət hissi ilə xatırlasınlar. Gələcəkdə harada yaşayacaqsa, harada xidmət edəcəksə, lazım olduqda yenə də səfərbər olub orduya gələrək sadəcə, adi insan kimi yox, hərbi hazırlıqlı şəxs kimi Azərbaycanın torpaqlarını müdafiə etsin, respublikamızın dövlət müstəqilliyini təmin etsin.

Ona görə də mən birinci növbədə Müdafiə Nazirliyinin rəhbərliyindən, bütün hərbi hissələrin rəhbərlərindən, zabitlərindən tələb edirəm: indiyə qədər görülən işləri mən qiymətləndirdim, ancaq hələ qüsurlar, nöqsanlar, çatışmazlıqlar da vardır, heç vaxt hesab etməyin ki, biz hər şeyə nail olmuşuq. Yox. Necə ki, Azərbaycanın ümumiyyətlə həyatında bir çox çətinliklər və problemlər vardır, o cümlədən ordumuzda da bu problemlər vardır. Doğrudur, bunlar bir-birindən fərqlidir. Çünki Azərbaycanın daxilində başqa sahələrdə də problemlər - dövlət quruculuğu, demokratiyanın inkişafı, bazar iqtisadiyyatı, dağılmış iqtisadiyyatı bərpa etdikdən sonra indi onun inkişafını təmin etmək, iqtisadiyyatın inkişafı nəticəsində insanların rifah halını yaxşılaşdırmaq, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək, ölkəmizi dünyaya daha da çox tanıtmaq, respublikamıza daha çox investisiya cəlb etmək, bütün ölkələrlə Azərbaycan üçün faydalı əlaqələr qurmaq kimi problemlər vardır. Bizim həm vəzifələrimiz çoxdur, həm də həll olunası problemlərimiz çoxdur.

Ancaq ordunun, Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin vəzifələri məlumdur, böyük problemləri isə yoxdur. Əgər təchizat və başqa məsələlər barədə hökumətdən asılı olan problemlər varsa, biz onları imkan daxilində həll edirik və bilin ki, bundan sonra da həll edəcəyik. Ancaq qalan bütün işlər sizdən asılıdır. Mən bunu sizdən tələb edirəm. Gərək hər biriniz düşünəsiniz ki, əgər siz zabitsinizsə, hər hansı bir hərbi hissəyə komandanlıq edirsinizsə, əgər siz çiyninizdə müstəqil Azərbaycan dövlətinin silahlı qüvvələrinin paqonlarını daşıyırsınızsa, bu, hər şeydən üstündür, hər peşədən şərəflidir, hörmətlidir. Demək, sizin məsuliyyətiniz də bütün başqa sahələrdə işləyənlərdən artıqdır. Deməli, sizdən başqalarından tələb olunandan daha çox şey tələb olunur. Ali Baş Komandan, prezident kimi mən bunu sizdən tələb edirəm.

Yenə də deyirəm, indi bizim ordumuz, Silahlı Qüvvələrimiz elə bir mərhələdədir ki, bundan sonra sürətlə inkişaf edə bilərik. Əminəm ki, bu inkişaf da olacaqdır. Ancaq bunun üçün siz işinizdə olan nöqsanları - bəzi adamlar da ciddi nöqsanları - aradan qaldırmalısınız. Hər bir komandir, hər bir zabit əsgərə xidmət göstərməlidir. Əsgərə xidmət müdafiə nazirindən başlamış gizirə, çavuşa qədər hər birinizin borcudur. Əgər əsgərə qayğı, diqqət, atalıq münasibəti olmasa, ordunu yaratmaq mümkün deyil. Çünki ordunun əksəriyyətini təşkil edən əsgərlərdir.

Zabit nə qədər ağıllı, komandir nə qədər bilikli olsa da, əgər tabeliyində olan hərbi hissədəki əsgərlər onu sevmirlərsə, ona hörmət etmirlərsə, zabitdən, komandirdən lazımi hərbi bilik ala bilmirlərsə, beləliklə, hərbi peşəni mənimsəyə bilmirlərsə, onda o zabit, komandir öz hərbi hissəsinə uğurlu rəhbərlik edə bilməz. Bəlkə də o, raport verəcəkdir ki, bəli, hər şey yaxşıdır. Bəlkə də sıraya düzüləndə hamı yaxşı oxuyacaqdır, addımlayacaqdır, hamı yaxşı əsgəri salam verəcəkdir. Bunlar olacaqdır. Amma döyüşdə necə olacaqdır? Həmişə bunu düşünmək lazımdır. Əsas, döyüşdə necə olacağını düşünmək lazımdır.

Ona görə də əsgərə qayğı, atalıq münasibəti göstərmək, onu tərbiyələndirmək lazımdır. Təsəvvür edin, hərbi qulluğa gələn gənc 18 yaşındadır. 18 yaşında gənc hələ tam formalaşmayıbdır. Onun tam formalaşması üçün bir neçə il lazımdır. Amma keçmişdə, bütün dövlətlərdə də belə olubdur ki, orduda xidmət, əsgərlik dövrü hər bir gənci möhkəmləndirir, cəsarətləndirir, onu daha da dözümlü edir, bütün çətinliklərə dözməyi öyrədir. Bu, təbiidir. Çünki əsgər olmaq halva yemək, yaxud anasının hər gün bişirdiyi plovu yemək deyildir. Elə bütün ordularda əsgərlik asan məsələ deyildir.

Məsələn, mən 1999-cu ildə Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olarkən orada Hərbi Dəniz Akademiyasına getdim. Gələcək zabitlərlə - indi onlar orada sıravi olaraq dərs keçirlər - görüşdüm. Elə oldu ki, mənim bu görüşüm onların yemək vaxtına düşdü. Bir salonda dörd min adam - hamısı da gənc - yemək yeyirdi. Mən onların qarşısında çıxış etdim. Onlarda çox yüksək əhval-ruhiyyə var idi, - ona görə yox ki, mən prezidentəm, gəlmişəm, onların qarşısında çıxış edirəm, - mən bunları hiss etdim.

Yenə də deyirəm, onlar Hərbi Dəniz Akademiyasında çox böyük həvəslə təhsil alırlar. Onlar nə qədər maraqla oxuyurlar, bu adamlarda nə qədər yüksək daxili ruh var. Bunlar nəyin səbəbinədir? Mən bunu orada bildim ki, birincisi, onlara tərbiyə, dərs verənlərin özləri intizamlıdır - hərbi iş intizamsız ola bilməz. İkincisi, onları daim intizam çərçivəsində saxlayırlar, intizamsızlığa yol vermirlər. Üçüncüsü, ən əsası isə, onlara qayğı göstərirlər.

Ola bilər, cən tələb edəsən ki, əsgər nizam-intizama tabe olsun, tərbiyəli olsun. Əgər sən ona qayğı göstərməsən, onu lazımi qədər yedirtməsən, yaxşı geyindirməsən, hərbi peşəni ona yaxşı öyrətməsən, nə qədər çalışsan da nailiyyət əldə edə bilməzsən.

Mən bu gün bu bayram münasibətilə buraya gəlmişəm ki, bu sözləri sizə deyim. Çünki, bilirəm ki, bu salonda əsgər çox azdır. Burada oturanlar əsasən Müdafiə Nazirliyinin komandan heyəti - generallar, zabitlərdir. Mən bu sözləri sizə deyirəm və onlara əməl etməyi Ali Baş Komandan kimi sizdən tələb edirəm.

Səfər Əbiyev burada dedi ki, ordunu siyasiləşdirmək istəyirlər, orduya böhtan, şər atırlar, iftiralar uydururlar, qəzetlərdə müxtəlif yalan məlumatlar verirlər. Bəli, bu da bizim günümüzün reallığıdır. Bunlar keçmişin, - 1990-cı ildə güya burada ordu, silahlı qüvvələr qurulmasına başlanmışdı, əslində isə hərə öz dəstəsini əlində saxlayırdı, - o illərin qalıqlarıdır. Bizim dövlət televiziyası bu günlərdə 1993-cü ilin iyun hadisələrinin bəzi xronikasını, Milli Məclisin o vaxt keçirilmiş iclaslarının videoyazılarını göstərirdi. Güman edirəm ki, bunları siz də görmüsünüz. Fikir verirdiniz, orada hansı əhval-ruhiyyə var idi? Ermənilər gəlib Ağdamı alırdılar, amma bunlar burada bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparırdılar, Azərbaycanı dağıdırdılar.

Bəli, o vaxtın qalıqları, indiki müxalifətin beynindəki odur ki, "ordu belə gəldi, ordu elə getdi" - ondan nəsə istifadə etsin. Bilirsiniz ki, belə şeylər də oldu, 1995-ci ildə həmin düşmən qüvvələr gəlib ordunun içərisinə də girdilər. Ordunun bəzi zabitləri, hətta generalları 1995-ci ilin martında yığışıb Azərbaycanda dövlət çevrilişinə yeni cəhd göstərmək istədilər. Onlar gedib xüsusi bir raket alıb gətirdilər. Onu hava limanı yaxınlığında qurdular ki, prezident xarici səfərdən gələrkən onun təyyarəsini vursunlar, - o vaxt mən xaricə səfər etmişdim, oradan qayıdırdım - dağıtsınlar, beləliklə də hakimiyyəti ələ alsınlar. Onu edənlərin əksəriyyəti orduda xidmət edən generallar və zabitlər idi.

İndi ordu bunlardan təmizlənib. Amma hələ tamam təmizlənməyibdir. Mən sizdən tələb edirəm ki, ordunu, xüsusən zabit heyətini belə ünsürlərdən təmizləyin. Orduda gərək hər kəs Azərbaycan dövlətçiliyinə, Ali Baş Komandana tam sədaqətli olsun. Burada ikili mövqe tutmaq olmaz. Hamımız Azərbaycan, onun gələcəyi haqqında düşünməliyik.

Biz yeddi ildir ki, bütün çətinliklərdən keçərək Azərbaycanda ictimai-siyasi sabitlik yaratmışıq. Vəziyyət ildən-ilə yaxşılaşır. Mən buraya gəlməmişdən bir saat öncə Xorvatiyanın ölkəmizdəki səfirini qəbul edirdim. O, Xorvatiya prezidentinin məktubunu mənə gətirmişdi. Xorvatiya prezidenti məni oraya rəsmi səfərə dəvət edir.

Xorvatiya səfiri Bakıda yox, Ankarada oturur. Deyir ki, mən hər il Bakıya gəlirəm, Azərbaycanı, sizin ölkədəki böyük müsbət dəyişiklikləri görürəm. Bilirsiniz ki, bu adam bizim heç birimizdən asılı deyildir. O, Xorvatiyanın Türkiyədə, eyni zamanda Azərbaycanda səfiridir. Heç kim məcbur etmir ki, o, bu sözləri desin. Səfir bir həftədir ki, Bakıdadır, gəlib burada gördüklərini söyləyir. O bildirir ki, mən burada müxtəlif təbəqələrdən olan insanlarla söhbət etmişəm, onların hamısı Azərbaycanda yaranmış bu sabitliyi, sakitliyi, rahatlığı yüksək qiymətləndirir. Səfir deyir ki, Azərbaycandakı bu inkişafı müşahidəçi kimi həm mən özüm görürəm, həm də söhbət etdiyim insanlar bunu mənə bildirirlər.

İndi Azərbaycan belə bir vəziyyətdədir və bundan da yaxşı olacaqdır. Ölkəmiz daha da inkişaf edəcəkdir. Ona görə də cəmiyyətimizin hər bir sahəsində, xüsusən orduda xəyanətkarlara, cinayətkarlara yer olmamalıdır. Mən bunu ordudan, silahlı qüvvələrdən xüsusi tələb edirəm.

Ancaq məsələnin ikinci tərəfi də var. Ordunun ayrı-ayrı hərbi hissələrinin işində nöqsanlar da var. Bunu Səfər Əbiyev özü də dedi. Bəzən çox ciddi nöqsanlar da var. Ayrı-ayrı komandirlər öz vəzifələrini nəinki layiqincə yerinə yetirmir, hətta cinayət edirlər. Bəziləri rüşvətxorluqla məşğul olur, bəziləri başqa pis yollara gedirlər. Bunlar da var. Bunları gizlətmək olmaz. Ali Baş Komandan, prezident kimi mən bu sözləri deməklə, hesab edirəm ki, bunlar bizim ordunun bugünkü simasını təşkil etmir. Eyni zamanda, bu mənfi hallarla, qüsurlarla, çatışmazlıqlarla kəskin mübarizə aparmaq lazımdır. Biz belə düşünürük ki, qüsurlar, nöqsanlar var, onlarla mübarizə aparmalıyıq və bunları aradan qaldırmalıyıq.

Sizin dediyiniz kimi, müxalifət qəzetləri, yaxud müxalifətdən olan ayrı-ayrı şəxslər belə düşünmürlər. Onlar istəyirlər ordu dağılsın, orduda keçmişdə olan vəziyyət olsun ki, istədiklərini edə bilsinlər. Bir var ki, burada bu nöqsanlara, çatışmazlıqlara obyektiv münasibət göstərəsən və onların aradan qaldırılmasına çalışasan. Biz, yəni dövlət belə bir mövqedədir. Mən sizə olan tələblərimi bu mövqedən irəli sürürəm. Bir də var ki, hər bir belə nöqsanı, burada deyildiyi kimi, götürüb beş dəfə şişirdəsən ki, "Azərbaycanda ordu-filan dağıldı, Azərbaycanın ordusu heç bir şeyə qadir deyil". Bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil. Bu, Azərbaycan xalqına qarşı düşmənçilikdir. Hər bir vətənpərvər azərbaycanlı öz ordusunda qüsur varsa, çalışmalıdır ki, onu aradan götürməyə xidmət etsin. Ancaq bu qüsurlardan öz məqsədləri üçün sui-istifadə edənlərə, bu nöqsanları bəzən şişirdənlərə ordunun möhkəmliyi lazım deyildir.

Elə bilirsiniz parlamentdə, qəzetlərdə, televiziyada çıxış edən bəzi adamlar orduya qayğı göstərmək, onun möhkəmlənməsini istəyirlər? Yox. Çünki onlar hakimiyyət mübarizəsinin yolunu əvvəldən əyri tutublar. Hər bir sivil ölkədə, normal demokratiya şəraitində yaşayan hər bir ölkədə hakimiyyət mübarizəsi sivil, namuslu, təmiz, doğru yollarla gedir. Ancaq təəssüf ki, ölkəmizdə vaxtilə iqtidarda olub, indi hakimiyyət uğrunda mübarizə aparan bəzi insanlar 1988, 1989, 1990, 1991-ci illərdə beyinlərinə düşmüş çirkin niyyətlərlə yaşayırlar. Onların bu tənqidi çıxışları səmimi, xeyirxah tənqid deyil.

Tənqid olmalıdır. Ordunun daxilində də tənqid olmalıdır. Sizdə kimsə - nazir, onun müavini, yaxud hansısa bir komandir tənqidi boğursa, bu, yolverilməzdir. Hər şeyə düzgün qiymət vermək lazımdır. Azərbaycanda belə bir məsəl var - "düzü düz, əyrini əyri". Amma bu tənqid nöqsanın aradan qaldırılmasına yönəlməlidir. Bu tənqid işimizin yaxşılaşdırılmasına yönəldilməlidir. Bu tənqid ordunu möhkəmləndirməlidir, parçalamamalıdır. Mən tənqid nöqteyi-nəzərindən bu sözləri sizə ünvanlayıram. Amma müxalifətdə olanlar isə hesab edirlər ki, tənqid edirlər. Əksinə, onlar tənqid məqsədi daşımırlar. Onlar başqa məqsəd, bədxah məqsəd daşıyırlar. Bu adamlar xeyirxah məqsəd daşımırlar, bədxah məqsəd daşıyırlar.

Ancaq bunlara baxmayaraq, lap elə düşmən tərəfindən deyilən hər bir sözə də ciddi münasibət göstərmək lazımdır. Nə demək istəyirəm? Yəni "bu, müxalifətdir, o deyir, - mən bunu qəbul etmirəm. Yaxud o, bunu düşmənçiliklə deyir, - mən bunu qəbul etmirəm". Yox.

Ordumuza qara, çirk yaxanlar, ordumuzu gözdən salmaq istəyənlər, təbiidir ki, Azərbaycan xalqına xəyanət edirlər. Ancaq bu qara, çirk yaxanların dedikləri sözlərin içərisində hansısa həqiqət varsa, baxmayaraq ki, o, bunu düşmənçilik nöqteyi-nəzərindən, düşmənçilik məramı ilə deyib, siz ona baxmalısınız. Siz ona baxmalısınız ki, deyilən sözlərdən hansı həqiqətdirsə - baxmayaraq bu, bədxah tərəfindən deyilib - o nöqsanı aradan qaldırasınız. Nə olar, bədxah tərəfindən də bəzən elə söz deyilir ki, o, doğrudan da həqiqətə uyğun olur.

Gərək orduda yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun. Gərək bizim orduda Azərbaycanın dövlətçiliyinə, dövlətinə, Azərbaycanın Ali Baş Komandanına daim sədaqət olsun.

İndi bizim əsas problemimiz Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş vətəndaşlarımızı öz yerlərinə, yurdlarına qaytarmaqdır. Biz 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalamışıq. Biz o vaxtdan indiyə qədər məsələnin sülh yolu ilə həll olunması üçün müxtəlif səviyyələrdə, təşkilatlarda ardıcıl, arası kəsilmədən fəaliyyət göstəririk, hər gün, hər dəqiqə bununla məşğuluq.

Bu problem çətindir, ağırdır. Nə üçün? Əgər bizim Dağlıq Qarabağın ətrafında olan torpaqlarımız işğal edilməsəydi, bu məsələni həll etmək çox asan olardı. Ancaq ermənilər bizim böyük ərazimizi işğal edib, indi öz şərtlərini diqtə edirlər, qeyri-konstruktiv mövqe tuturlar. Ona görə də biz hesab edirik ki, bu danışıqlarda reallığı nəzərə almaq lazımdır və müəyyən qarşılıqlı güzəştlərə getmək lazımdır.

Bu danışıqlar davam edir. Mən ümid edirəm ki, bunlar öz müsbət nəticəsini verəcəkdir, biz bu münaqişəyə son qoyacağıq. Bu, bizim dövlətimizin vəzifəsidir. Bu, mənim vəzifəmdir. Bu, Azərbaycan hökumətinin vəzifəsidir. Yəni bizim siyasətimizin vəzifəsidir. Sizin vəzifəniz isə bu deyil. Sizin vəzifəniz Azərbaycan torpaqlarını daim qorumağa və atəşkəsi pozmaq, yaxud müharibəni yenidən başlamaq üçün göstərilən hər bir cəhdə vaxtında tutarlı cavab verməyə qadir olmaqdır. Sizin vəzifəniz bundan ibarətdir. Ona görə də siz hər gün, hər dəqiqə, hər saniyə buna hazır olmalısınız. Hazırlıq təkcə ondan ibarət olmamalıdır ki, siz özünüz hazırsınız. Yox. Hazırlıq ondan ibarət olmalıdır ki, sizin bütün imkanlarınız təmin edilməlidir. O imkanlar tamamilə zəmanət verməlidir ki, bəli, siz Azərbaycan torpaqlarını qopumağa hər dəqiqə qadirsiniz və hər bir hücuma tutarlı cavab verib, həmin hücumun qarşısını alıb, bu hücumun əvəzinə hücum etməyə hazırsınız.

Mən dəfələrlə demişəm, biz müharibə istəmirik. Ancaq hər bir müstəqil dövlət, indi dünyada olan müstəqil dövlətlərin tam əksəriyyəti bəyan edir ki, müharibə istəmirlər. Onlar həqiqətən müharibə istəmirlər. Mən indi müharibə istəyən dövlət görmürəm, bilmirəm. Ancaq hər bir dövlətin güclü ordusu var. O, müharibə istəmir, amma güclü ordusu var. Nə üçün? Çünki sülhü təmin etmək üçün, dövlətlər arasında daimi sülhü saxlamaq və müharibələrin baş verməsinin qarşısını almaq üçün gərək hər bir dövlətin güclü ordusu olsun.

İndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixi nöqteyi-nəzərdən müvəqqəti bir münaqişədir. Biz onu həll edəcəyik. Amma iş bununla bitmir. Azərbaycan müstəqillik yolunu tutub, doqquzuncu ildir ki, müstəqillik yolu ilə gedir və bu yolla da gedəcəkdir. Azərbaycan on illərlə, yüz illərlə bu yolla gedəcəkdir. Biz bunun əsasını qoymuşuq və güman edirəm ki, gənc nəsil, bizi əvəz edənlər, bizdən sonra Azərbaycanı idarə edənlər məhz bu yolla gedəcəklər.

Demək, Azərbaycanın güclü ordusu bu gün də, sabah da, on il, yüz il də bundan sonra lazımdır. Bunun üçün Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin qüdrəti hər gün artmalıdır. Onun qüdrəti təkcə əzələsindəki güc deyildir. Müasir texnika, texnologiya, silahlar, döyüş qaydaları, müharibə nəticəsində meydana çıxmış hərb elmi - bunların hamısını həm bizim hərbi ali məktəblərdə öyrətmək lazımdır, bunu həm də hər bir zabit hər gün özü öyrənməlidir, biliyini, hərbi elmini artırmalıdır.

Azərbaycanın Ordusu, Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Ancaq bu böyük gələcəyi təmin etmək üçün bu gün Azərbaycanın güclü ordusu olmalıdır. Bu ordu sabah ondan güclü, beş il sonra ondan da güclü, on il, in beş il sonra daha da güclü olmalıdır. Azərbaycan prezidenti və Ali Baş Komandan kimi, mən bu siyasəti aparıram və sizdən onu tələb edirəm. Buna nail olmaq üçün öz tərəfimdən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm.

Mən inanıram ki, indi Azərbaycan xalqında yüksək vətənpərvərlik ruhu yaranıbdır. Ölkəmizdə hazırkı ictimai-siyasi sabitlik insanların əksəriyyətində vətənə sədaqət, əldə olunmuş nailiyyətlərə yüksək qiymət vermək inamı və belə bir şəraitin daha da yaxşılaşdırılması arzusu yaradıbdır. Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər. Beləliklə, bizim dövlətimiz də, ordumuz da inkişaf edəcəkdir. Azərbaycan ilbəil öz inkişaf yolu ilə gedəcəkdir. Bütün bunların içərisində Azərbaycanın Silahlı Qüvvələri xüsusi yer tutur.

Mən bütün bunları sizə çatdıraraq, bu yüksək və şərəfli vəzifənizi sizə bir daha bildirmək istəyirəm. Mən dəfələrlə demişəm, - hər bir peşə şərəflidir. Ancaq Vətəni, torpağı, dövləti qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir. Arzu edirəm ki, siz bu yüksək ada həmişə layiq olasınız.

Mən bayram münasibətilə sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı, səadət arzulayıram. Azərbaycan Silahlı Qüvvələrinə, ordusuna yeni-yeni uğurlar arzulayıram.

Tarixi arayış

ORDU QURUCULUĞU