Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin NTV televiziyasına müsahibəsi - Ankara, 6 may 1997-ci il


Sual: Cənab prezident, bilirsiniz ki, Rusiya Ermənistana hər cür yardım göstərir, ona görə də Ermənistan-Azərbaycan münaqişəsi hələlik öz həllini tapmır. Rusiya Ermənistana gizli yolla silah verir. Bununla əlaqədar Azərbaycan ilə Türkiyə arasında bu sahədə bir iş birliyinin yaradılması faydalı deyildirmi?

Heydər Əliyev: Bildiyiniz kimi, bu gün mən Böyük Millət Məclisində də söylədim. Ermənistanda Rusiyanın hərbi bazası, əsgəri dəstələri vardır. Bundan başqa Rusiya ilə Ermənistan arasında hərbi iş birliyi barədə anlaşma imzalanıbdır. Bu anlaşma artıq həm Ermənistanın, həm də Rusiyanın parlamentlərində təsdiq olunubdur. Rusiyanın rəsmi orqanlarında - Müdafiə Nazirliyində, parlamentin bir neçə komissiyası tərəfindən aparılan araşdırmalar nəticəsində hər şey aydın oldu, sənədlər tapıldı ki, Rusiya Ermənistana son üç il müddətində bir milyard dollar dəyərində ağır silahlar vermişdir.

Bu, təkcə Azərbaycan üçün yox, bütün bölgədə, o cümlədən Türkiyə üçün çox təhlükəlidir. Mən bu gün Böyük Millət Məclisindəki nitqimdə də bunu anlatdım.

Sual: Cənab prezident, bu səfəriniz zamanı belə bir anlaşma bağlanması barədə müzakirələr apardınızmı?

Heydər Əliyev: Biz bu məsələni müzakirə etdik və gələcəkdə də müzakirə edəcəyik.

Sual: İkinci sualım iqtisadiyyatla əlaqədardır. Bir neçə il bundan əvvəl Türkiyənin "Eksimbank"ı Azərbaycana 250 milyon dollarlıq kredit açmışdı. Lakin bu kreditin çox az bir hissəsi ayrıldı. Bu kreditdən istifadə olunması üçün hansı layihələr vardır?

Heydər Əliyev: Bilirsiniz, bu kredit açılmışdır. Lakin ondan istifadə edilməsi Azərbaycana heç bir xeyir verməmişdir. Bu vəsaitin 71 milyon dolları xərclənibdir. Onun böyük bir qismi o illər, yəni 1993-1994-cü illərdə - Azərbaycanda ağır vəziyyət olan vaxt buğda alınmasına sərf edilibdir. Demək, insanlara çörək vermək üçün buğda alınıb. Böyük bir qismi də o vaxt digər məsələlər üçün istifadə edilib. Amma respublikamız bu kreditdən elə bir fayda götürməmişdir. Bu krediti geri qaytarmaq imkanımız yoxdur. Amma biz 10 milyon dollar da onun faizini verməyə məcburuq. Demək, 71 milyon dollar götürmüşük. Əgər ondan bir şey qazansaydıq, başqa məsələ. Amma bir şey qazanmamışıq. Bu vəsait adamların çörəyə olan tələbatının ödənilməsinə xərclənib. Demək biz 10 milyon faiz ödəmişik, indi 71 milyon dollar da qalıb. Mən hörmətli prezident Süleyman Dəmirəldən, baş nazirin müavini, xarici işlər naziri xanım Tansu Çillərdən, baş nazir Nəcməddin Ərbakandan xahiş etdim ki, bu məsələyə baxsınlar. Bunu yardım kimi silsinlər. Böyük ölkələr başqa dövlətlərə nə qədər yardımlar edir.

Sual: Bu kreditin qalan hissəsi hansı şərtlərlə verilməlidir?

Heydər Əliyev: Əgər qalan hissəsi də bu şərtlərlə veriləcəksə, bunu almaq heç lazım deyil. Çünki belə şərtlərlə biz nə edə bilərik?

Sual: Hörmətli prezident, Yuxarı Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bəzi söhbətlər yayılır. Guya siz demisiniz ki, Yuxarı Qarabağ Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunsa, Azərbaycanın ərazi bütövlüyü təmin edilsə, neft kəmərlərindən biri Ermənistanın ərazisindən keçə bilər. Siz necə baxırsınız, ermənilər bu şərtlə razılaşa bilərmi?

Heydər Əliyev: Dağlıq Qarabağ Azərbaycan torpağıdır. İndi Ermənistan silahlı dəstələri oranı sadəcə olaraq işğal ediblər. Amma bu, Azərbaycan torpağıdır və Azərbaycanın torpağı olaraq qalmalıdır. Ancaq söhbət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllindən gedir. Ötən ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşü keçirilmişdir. Orada bu məsələnin sülh yolu ilə həll edilməsinin əsas prinsipləri ATƏT-in üzvü olan 53 dövlət tərəfindən qəbul olunmuşdur. Bu prinsipləri təkcə Ermənistan qəbul etməmişdir.

Biz belə hesab edirik ki, münaqişə bu prinsiplər əsasında həll olunmalıdır. İndi ATƏT-in Minsk qrupunun üç həmsədri müəyyən edilibdir. Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa Azərbaycan və Ermənistanla birlikdə çalışmalıdırlar ki, bu prinsiplər həyata keçirilsin, tətbiq edilsin, beləliklə, bu məsələ sülh yolu ilə aradan qaldırılsın.

O ki qaldı neft boru kəmərinin Ermənistandan keçməsi məsələsi, buna baxmaq olar. Biz şübhəsiz ki, bunu Ermənistana hədiyyə kimi verə bilmərik. Böyük neft borusu elə bir məsələdir ki, bu kəmər hansı ölkənin ərazisindən keçsə, - ölkə daim qazanacaqdır. Ona görə də Ermənistana qazanc vermək üçün gərək Ermənistan da bunun müqabilində bir iş görsün. Bu məsələ müzakirə edilməlidir.

Sual: Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin səylərini necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Türkiyə çalışır. Hörmətli prezident cənab Süleyman Dəmirəllə biz Lissabonda çox sıx danışıqlar apardıq, məsləhətləşdik. Mən dünənki və bugünkü söhbətlərimdə də rica etdim ki, Türkiyə bu məsələlərə daha çox diqqət yetirsin.

Sual: Cənab prezident, Bakı-Ceyhan xətti çəkiləcəkmi? Azərbaycan nefti Türkiyəyə nə vaxt gəlib çatacaqdır?

Heydər Əliyev: Bakı nefti mütləq Türkiyəyə gəlib çatacaq. Ola bilər, ilk neft bu istiqamətə, yəni Qara dənizdə Gürcüstanın Supsa limanına gələn ilin noyabr ayında gəlib çatsın.

Sual: Neft kəmərinin öz ərazisindən keçməsində yəqin ki, çox ölkələr maraqlıdırlar. Buna görə də Bakı-Ceyhan xətti gerçəkləşəcəkmi?

Heydər Əliyev: Gerçəkləşəcəkdir.

Sual: Bilirsiniz, neft kəmərinin Türkiyədən keçməsi bizim arzumuzdur. Amma bu məsələdə müəyyən sıxıntılar da var. Rusiyanın bu məsələdə öz marağı var. Azərbaycan bu təsirin qarşısında dayana biləcəkmi?

Heydər Əliyev: Əlbəttə, bunlar çətin işlərdir. Ümid edirəm ki, biz bu məsələnin həllini tapacağıq.

Sual: Cənab prezident, Ankaraya rəsmi səfərinizdə nəzərdə tutduğunuz məsələlər öz həllini tapdımı? Parlamentdəki çıxışınızda mən Sizin Türkiyədən incidiyinizi anladım. Doğrudanmı siz Türkiyədən incimisiniz?

Heydər Əliyev: Parlamentdəki nitqimdə hər şeyi açıq dedim ki, 1995-ci ilin martında Azərbaycanda ikinci böyük çevriliş cəhdi oldu. Yəni bu dövlət çevrilişi cəhdlərindən birincisi 1994-cü ilin oktyabr ayında olmuşdur, ikincisi ondan altı ay sonra, martda baş verdi. Parlamentdəki nitqimdə mən bu barədə çox geniş danışdım. Təəssüf ki, bu çevriliş cəhdinin hazırlanmasında və icra olunmasında Türkiyə vətəndaşları da iştirak etmişdilər. Yəni Türkiyə vətəndaşları bu çevrilişi edənlərdən olmuşdular. Çox təəssüf ki, Türkiyənin bir sıra vəzifəli şəxsləri də bu işdə iştirak etmişdilər.

1995-ci il martın 17-də dövlət çevrilişinə cəhd göstərənlər gecə hücum etdilər ki, Prezident sarayını zəbt etsinlər, prezidentə qarşı terror etsinlər. Biz bunun qarşısını aldıq. Şübhəsiz ki, bizim əsgəri hissələrlə onların arasında atışma oldu. Bəzi insanlar qırıldı. Nəhayət, sabahı gün oradan bəzi məktublar, kağızlar aşkar edildi. Məlum oldu ki, Azərbaycanda Fərman Dəmirqol kimi bir insan yaşayırmış. O, Türkiyədən gəlib, Türkiyə vətəndaşıdır. Xalq Cəbhəsinin hakimiyyəti dövründə onu gətirib parlamentdə müşavir vəzifəsinə qoymuşdular. Amma o, müşavirlik etməyibdir. Bəzi adamlar da ona çox dəstək veriblər, sonra da Azərbaycan Universitetinin müəllimi ediblər, amma müəllimlik də etməyibdir, sizdə bir TİKA təşkilatı var, eyni zamanda onun təmsilçisi olubdur. Türkiyənin böyük elçisi Altan Karamanoğlu hər ay Fərman Dəmirqola TİKA-nın maaşını verirmiş ki, guya o, TİKA-ya xidmət edir və maaş alır.

Çevriliş cəhdi ərəfəsindəki dörd-beş ay içərisində o, həmin polis polkovniki və digərləri ilə birlikdə bu çevrilişi hazırlamışdı. Onu hazırlayanlardan biri olmuş və hətta Türkiyəyə gəlib buradan bəzi təlimatlar almışdı. Sonra Naxçıvanın Kələki kəndinə getmişdi. Bilirsiniz ki, keçmiş respublika prezidenti Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayında qaçandan orada, dağda yerləşən doğulduğu Kələki kəndində yaşayır. Gedib onunla görüşmüş, danışmışdı ki, çevriliş ediləcək, Heydər Əliyev terror yolu ilə öldürüləndən sonra Azərbaycanda Dövlət Şurası yaradılacaqdır. Dövlət Şurasına bir neçə nəfər daxil olacaq, onun başında isə həmin polis polkovniki duracaqdır. Orada Əbülfəz Elçibəy də, Fərman Dəmirqol da yer alacaqlar, keçmişdə Azərbaycanda az bir müddət respublika prezidenti olub - Ayaz Mütəllibov, o, beş il bundan öncə qaçıb və beş ildir Moskvada yaşayır - o da olacaqdır. Müsavat Partiyasının bir üzvü var, Tofiq Qasımov, o, Xalq Cəbhəsinin hakimiyyəti zamanı Azərbaycanda xarici işlər naziri olubdur. O da bu çevrilişin hazırlanmasında iştirak edibdir.

Onlar hazırlaşmışdılar ki, silahla, qan tökməklə, Azərbaycan prezidentini terrorla qətlə yetirməklə hakimiyyəti ələ alsınlar. Fərman Dəmirqol da bunun ən fəal iştirakçılarından biri idi.

Amma biz bunu bilmirdik. Polis polkovnikinin şəhərdə bir bazası vardı, silahlı polis dəstəsini orada toplamışdı, çoxlu silahları da var idi. Mən bunu bilirdim. Ora şəhərin mərkəzində, yaşayış binalarının ortasında olan bir yer idi. Yəni orada atəş açılsa, həmin ərazidə yaşayan insanlara da çox zərər gətirə bilərdilər. O bazadakılar da bundan sui-istifadə edərək orada özlərini qoruyurdular.

Mən bilirdim ki, o polkovnik bu işlərlə məşğul olur və bir neçə dəfə danışmaq üçün dəvət etmişdim, bəzi adamlar gedib onunla danışmaq istəmişdilər. Onun atası da mənim yanıma gəlmişdi, atasına anlatdım ki, qoy bu cinayətdən əl çəksin. Atası da gedib onunla danışmışdı. O vaxt onun yanında çox adamlar vardı, amma mən bilirdim ki, Fərman Dəmirqol kimi bir adam da var.

Onlar yaxalanandan sonra bir çox sənədlər ortaya çıxdı, bunların arasında bir kağız da var idi, ondan göründü ki, Fərman Dəmirqol bu işdə iştirak edibdir. Ancaq bu zaman o, yaxasını qurtarıb oradan çıxa bilmişdi. Biz bir çoxunu həbs etdik, bəziləri həlak oldu, amma o qaça, gizlənə bilmişdi. Türkiyənin Azərbaycanda olan bəzi məmurları onu gizlətmişdilər. Sonra mənə müraciət oldu ki, Türkiyənin adının ləkələnməməsi üçün bu məsələ açılmasın və onu gizli olaraq Türkiyəyə verdik. Onda mən hesab etmirdim ki, bu məsələ açılmalı, yayılmalıdır. Çünki Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələri bizim üçün hər şeydən üstündür. Əgər belə bir hadisə olmuşsa, biz onun qarşısını aldıqsa, zərərsizləşdirdiksə, bunu açıb Türkiyə-Azərbaycan əlaqələrini ləkələmək lazım deyildir. Mən belə fikirdəyəm.

Bu hadisə iki il öncə, 1995-ci ilin martında oldu. Bu adam buraya gəlib bir müddət yaşadı, amma sonra televiziyanın "32-ci gün" proqramında, qəzetlərdə rəsmi verdilər, elan etdilər. Ona görə mən bu gün deməyə məcburam. Mən demək, bildirmək istəmirdim. Ancaq bir halda Türkiyənin özündə hesab edirlər ki, bunu söyləmək olar, mətbuatda vermək olar, - mən ona görə dedim. Amma o, tək deyil, orada Türkiyənin digər bir vətəndaşı da var - Kənan Gürel, - o, həbs edildi, məhkəmə oldu, cəza aldı, həbsxanadadır. Türkiyənin bəzi məmurları da bu işdə iştirak etmişlər.

Müxbir: Buna görə üzüntünüz varmı?

Heydər Əliyev: Yox, keçdi-getdi, bitdi.

Türk xalqına sevgi-məhəbbətimi bildirmək istəyirəm. İki gündür ki, mən burada, Ankaradayam. Mənə və mənimlə bərabər buraya gələn Azərbaycanın təmsilçilərinə çox gözəl qonaqpərvərlik, çox hərarətli münasibət göstərilir. Bu günlər Türkiyə-Azərbaycan dostluq və qardaşlıq tarixinin yeni parlaq, gözəl səhifələri kimi tarixə daxil olacaqdır. Mən bundan çox məmnunam. Hər iki ölkənin xalqına səadət arzulayır, uğurlar diləyirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı -2000, 9-cu cild, səh. 343.