Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Səhiyyə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasında görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüşdəki söhbətindən - 26 may 1998-ci il


Heydər Əliyev: Salam Tofiq müəllim. Mən səni təbrik etməyə gəlmişəm. Mən səni 80 yaşın tamam olanda "İstiqlal" ordeni ilə təltif etmişəm. Bu, Azərbaycanın ən yüksək ordenidir. Mən bu gün bir qrup görkəmli ədəbiyyat və incəsənət xadimlərinə ordenləri təqdim etdim. Ancaq mənə dedilər ki, Tofiq Quliyev xəstəxanadadır. Fikirləşdim ki, bu ordenləri bunlara təqdim etmişəm, amma ona təqdim etməsəm olmaz. Ona görə də onlara orden təqdim edəndən sonra bura, sənin yanına gəlmişəm. Birinci, ona görə ki, səndən hal-əhval tutum, görüm nə var-nə yox. İkinci də, həmin "İstiqlal" ordenini sənə də təqdim etmək istəyirəm. Bu, müstəqil Azərbaycanın ilk, ən yüksək ordenidir. Mən sənə cansağlığı arzu edirəm. Səhiyyə naziri Əli İnsanov mənə məlumat veribdir - nə müalicə lazımdır, edirlər. İnşallah, tezliklə ayağa duracaqsan, yenə də sağ-salamat olacaq, mahnılar bəstələyəcəksən, əsərlər yazacaqsan və səninlə yenə də mərasimlərdə görüşəcəyik. Çox sağ ol, bayramın mübarək olsun.

Tofiq Quliyev (xalq artisti, bəstəkar): Çox sağ olun, cənab prezident. Vəziyyətimlə yaxından maraqlandığınıza, ölkəmizin mədəniyyət və incəsənətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizi 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Macarıstan prezidenti tərəfindən Qızıl medalla təltif olunmağınız münasibətilə də Sizi ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Cövdət Hacıyev (xalq artisti, bəstəkar): Cənab prezident, bu, bizim üçün çox əlamətdardır. Bu günlərdə həm Sizin yubileyiniz, həm Tofiq Quliyevin orden alması, həm də mənim orden almağım hamımızı sevindirir. Tofiq çox gözəl musiqiçidir, insandır, yoldaşdır. O, respublikamızda estrada musiqisinin əsasını qoymuş, bir sıra filmlərə çox gözəl musiqi yazmışdır. Mənim konservatoriyaya daxil olmağıma əsas səbəbkar Tofiq Quliyev olmuşdur. O, çox xeyirxah bir insandır, milli musiqimizin inkişafında böyük xidmətləri vardır. Bu gün bizim hamımızın fərəhli və xoşbəxt günlərindən biridir.

Cənab prezident, Sizi 75 illiyiniz, Xalq Cümhuriyyətinin 80 illiyi və Türkiyə prezidenti Süleyman Dəmirəl, Macarıstan prezidenti Arpad Hents tərəfindən Sizə verilmiş təltiflər münasibətilə təbrik edirəm. Biz bunlardan çox şadıq. Bunların hamısı çox gözəl, sevindirici anlardır. Bütün bunlara görə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

Süleyman Ələsgərov (xalq artisti, bəstəkar): Cənab prezident, ədəbiyyatı, incəsənəti yüksək dəstəkləməyiniz, hədsiz qayğınız bizi heyran qoyur. Biz prezident Heydər Əliyevin 75 illiyi ilə əlaqədar bəstəkarların əsərlərindən ibarət konsert verməyə hazırlaşırıq. Sizi həmin konsertə dəvət edirik. Allah Sizə cansağlığı versin, həmişə xoşbəxt olun.

* * *

Yusif Səmədoğlu (xalq yazıçısı): Möhtərəm prezidentimiz, diqqət və qayğmıza görə dərin minnətdarlığımı bildirirəm. Bütün bunların müqabilində Sizə Azərbaycan xalqının, millətinin, dövlətinin, mədəniyyətinin naminə, Azərbaycanın gələcəyi naminə ancaq cansağlığı, uzun ömür diləyirəm. Allah qoysa, prezident seçkilərinə qədər mən xəstəxanadan çıxacağam və hamımız, bütün ailə üzvlərim, qohum-əqrəbamız, bütün tanışlar yekdilliklə Sizə səs verəcəyik.

Heydər Əliyev: Xoş sözlərə görə çox sağ ol. Mən səni görməyə gəlmişəm və istərdim ki, səni xalq yazıçısı adı almağın münasibətilə təbrik edim. Səni bizim bu bayramımız - Xalq Cümhuriyyətinin 80 illik bayramı münasibətilə də təbrik edirəm və sənə cansağlığı arzu edirəm. Sənin Almaniyada müalicə olunandan sonra burada müalicən mənim nəzarətim altındadır. Bilirəm ki, müalicə edirlər və heç kəsdən də narahat olma. Əli İnsanov dünən böyük iclas keçiribdir, bu barədə mənə deyibdir. Sən,  inşaallah, bütün bu xəstəliyin öhdəsindən gələcəksən, sağalacaqsan, ayağa duracaqsan. Mən sənə də deyirəm, anan Xavər xanım da, uşaqlar da buradadır. Utanmaq lazım deyil, nə lazımdır - kömək edək. Birinci, narahat olmaq lazım deyil, Yusifi müalicə edəcəklər. O, ayağa qalxacaqdır. Hər şey yaxşı olacaqdır. Heç nədən narahat olmayın. Çünki hamısını mənə deyiblər. Yusif, sən Berlində olanda da oradan səfir mənə bu barədə məlumat veribdir və burada da nazir Əli İnsanov bu işlərə nəzarət edir. Müalicəni aparırlar və aparacaqlar. Yenə də hara lazımdır, - Almaniya, Fransa, ABŞ, Moskva və s., haranı istəyirsən, mən səni hökumətin hesabına müalicəyə göndərməyə hazıram. Heç nədən narahat olma. Bütün müalicə xərclərinin də hamısı hökumətin hesabına götürülür. Bil ki, sən mənim üçün və bütün xalqımız üçün əziz bir insansan. Sənin atanın Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür. Mən sənə bu günlərdə xalq yazıçısı adı verdim. Atan xalq şairi, sən də xalq yazıçısı. Sənin bu xəstəliyin ötüb keçəcəkdir. İnşallaş, hər şey keçəcək və ayağa duracaqsan. Ona görə də sənin vaxtını çox almaq istəmirəm. Mən bilirəm, çünki özüm də vaxtilə xəstə olmuşam. Bilirsiniz ki, mən üç ay Moskvada xəstəxanada yatmışam. Özü də elə xəstə idim ki, deyirdilər heç ayağa dura bilməyəcəkdir. Çoxları da deyirdi ki, o, ayağa dursa yaşaya bilməyəcəkdir. Hətta həkimlər də deyirdi. Düzdür, bu, həkimlərin öz işi deyildi. O vaxt Qorbaçov onlara göstəriş vermişdi və onlar bütün professorlar, akademiklər gəldilər, yığıncaq keçirdilər. Mənə dedilər ki, sən işləyə bilməyəcəksən. Mən dedim ki, siz nə istəyirsiniz? Dedilər ki, sən ərizə ver, get, səni işdən çıxarsınlar. Mən də dedim ki, yaxşı, buradan çıxandan sonra işləyə bilməsən, onda işdən çıxaram. Sonra xəstəxanadan da çıxdım və iki aydan sonra vəzifədən də getdim. Ondan sonra da, Allaha şükürlər olsun ki, yaşayıram. Indi sən də sağalacaqsan, duracaqsan və on illərlə yaşayacaqsan.

Xavər xanım (Yusif Səmədoğlunun anası): Cənab prezident, Sizə çox minnətdarıq, çox sağ olun. Göydə Allah, yerdə Siz. Sizi Allah bizə çox görməsin. Sizi yüz yaşayasınız. Biz Sizə minnətdarıq.

Hökumə Billuri (xalq şairi): Əziz və hörmətli prezident, 75 illiyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Cənab prezident, Sizə Azərbaycanın rifahı, inkişafı yolunda saysız və sonsuz uğurlar diləyirəm. Mən həmişə Sizinləyəm. Sizi var olasınız. Qoy Allah Sizə yar olsun. Mən Sizə minnətdaram. Çox sağ olun.

Heydər Əliyev: Azərbaycanın xalq şairi kimi yüksək ada layiq görülməyiniz münasibətilə Sizi təbrik edirəm,möhkəm cansağlığı, şəfa arzulayıram.

Hökumə Billuri: Hörmətli prezident, verilən yüksək ada görə təşəkkür edirəm, çox sağ olun. Yeni əsərlərimlə və yeni arzularımın carçısı olmaqla bu adı doğruldacağam. Mənim arzum bütün xalqımın arzusudur. Mən onu hər halda doğrultmağa çalışacağam. Buna əmin ola bilərsiniz. Allah Sizi bizə, xalqımıza çox görməsin. Mən Sizə çox təşəkkür edirəm ki, məni yad etmisiniz. Siz bilirsiniz ki, mən son 53 ildə mühacir həyatı sürmüşəm. Ona görə də Sizin bizə bu qədər qayğınız, təşəbbüsünüz mənim üçün xüsusi məna kəsb edir. Sizi var olasınız. Sizə uzun ömür, cansağlığı arzulayır, bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT