Prezident sarayında keçirilən müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 16 iyun 2003-cü il


Son günlər ölkəmizdə bir neçə ictimai-siyasi tədbir keçirilmişdir. Əgər bir az əvvəlki günləri götürsək, Xalq Cümhuriyyətinin 85 illiyi ilə əlaqədar tədbirlər, indi Qurtuluş günü ilə əlaqədar tədbirlər və başqa tədbirlər keçirilmişdir. Mən müşahidə edirəm ki, ümumiyyətlə, son aylarda ölkəmizdə ictimai-siyasi tədbirlər mənalı keçir, insanların birləşməsinə, bir-birinə daha da yaxın olmasına kömək edir. Xüsusən həm yaşlı nəslə, həm də gənc nəslə çox gözəl imkan verir ki, onların estetik səviyyəsi daha da yüksəlsin.

Mən dünən televiziya ilə Milli parkda keçirilən tədbirə baxırdım. Əvvəldən axıradək baxdım. Çox gözəl idi, indiyə qədər belə şey olmamışdı. Yaxşı təşkil edilmişdi. Orada nə qədər adam olduğunu bilmirəm, hər halda, bizim Milli park insanlarla dolu idi. Məni maraqlandıran bir cəhət də əksəriyyətin gənclər olması idi. Saat 8-də başladı, fikirləşdim, yəqin ki, bir saatdan sonra camaat dağılışacaq, mən də televizorun qabağından durub gedərəm.

Amma saat 8-dən 12-nin yarısınadək adamlar dağılışmadı, heç kəs getmədi. Konsertin axırıncı nömrələrinə elə qulaq asırdılar ki, elə bil, təzəcə başlamışdır.

Düzü, mən televizora çox baxmağı sevənlərdən deyiləm. Fikirləşdim ki, bir hissəsinə baxaram, qalanını da mənə danışarlar. Amma mən ayrıla bilmədim, dedim ki, bir on dəqiqə də oturum, on dəqiqə də oturum..., ondan sonra da gördüm ki, atəşfəşanlıq oldu, amma bununla qurtarmadı.

Təbrik edirəm, bunu yaxşı keçirmisiniz. Təkcə musiqi, mahnı proqramı deyildi. Bizim xalqın, millətin indiki yaşayış səviyyəsini, həyat səviyyəsini və estetik səviyyəsini göstərirdi. Mən gördüm, adamlar var idi ki, uşaqları boyunlarına almışdılar. Fikirləşdim ki, yorulacaqlar, amma bir saat, iki saat keçdi, heç yorulmadılar. Çox yaxşıdır. Təbii ki, bu da bizim Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin xalq üçün, millət üçün verdiyi gözəl töhfələrdir.

Mən sizi təbrik edirəm. Təşəkkür edirəm ki, izdihamlı, eyni zamanda çox məzmunlu, mənalı bir bayram keçirdiniz. Ondan əvvəl Yeni Azərbaycan Partiyası Opera və Balet Teatrında Milli Qurtuluş gününün 10 illiyinə həsr olunmuş bayram keçirmişdir. Düzü, mənim yadımdan çıxıb ki, bunun 10 ili tamam olubdur. Vaxt çox tez gəlib keçibdir. Mən baxdım, məruzəçi Abutalıbovu da dinlədim, çox adam vardı, Ramiz Mehdiyev də, Murtuz müəllim də orada idi. Konsert proqramı oldu, çox yaxşı tədbir oldu.

Rayonlarda başqa tədbirlər keçirdilər. Bunlar, keçən illərdəkindən fərqlənir. Mən hesab edirəm ki, indiki ictimai-siyasi durum, əhval-ruhiyyə ən yüksək səviyyədədir. Təbii ki, bu da insanların həm həyat tərzi, həm yaşayışı ilə, həm də bütün başqa məsələlərlə əlaqədardır. Əgər insanlar rahat olmasalar, hansısa çatışmazlıqları olsa, şəhərin o başından Milli parka gəlməyəcəklər. Bu, bizim xalqımızın yüksək mədəni, siyasi səviyyəsini nümayiş etdirir.

Mən sizə bunları demək istəyirdim. Həm də istədim ki, sizi dinləyim. Yaxşı cəhətləri mən sizə dedim. Amma nöqsansız da deyil. Məsələn, dedilər atəşfəşanlıq olacaq. Mən balkona çıxdım ki, oradan daha yaxşı görüm. Atəşfəşanlıq yaxşı olmadı. Sizin bəzi raketlər zay idi, heç yuxarıya qalxmırdı. Mən gözləyirdim ki, atəşfəşanlıq o tərəfdən, bu tərəfdən bütün səmanı bürüyəcəkdir. Bu cəhətdən yaxşı işləyə bilməmisiniz. Əgər sizə zay raketlər veriblərsə, görün başqalarına nə veriblər. Sözün həqiqi mənasında atəşfəşanlıq olmadı. Mən də balkonda durub gözləyirdim ki, hələ bundan sonra olacaqdır. Amma bununla da qurtardı. Mən bir çatışmazlığı dedim. Qalanlarını da özünüz bilərsiniz.

"Azərbaycan" qəzeti, 17 iyun 2003

Tarixi arayış