Azərbaycan Prezidenti Heydər Əliyevin Türk Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi Hüseyn Qıvrıqoğlu ilə təkbətək görüşmüşdür - 25 avqust 2001-ci il


Avqustun 25-də Prezident sarayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu arasında təkbətək görüş keçirilmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev hörmətli qonağı səmimiyyətlə salamlayaraq Azərbaycan müdafiə nazirinin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəldiyinə görə ona təşəkkürünü bildirdi.

Görkəmli dövlət xadimi və siyasi xadim, türk dünyasının böyük şəxsiyyəti Heydər Əliyev ilə bir daha görüşmək imkanından şərəf duyduğunu söyləyən cənab Qıvrıqoğlu respublikamızın rəhbərinə Türkiyə prezidenti Əhməd Nəcdət Sezərin və ölənin baş naziri Bülənd Ecevitin səmimi salamlarını yetirdi, Azərbaycana rəsmi səfərə dəvət olduğuna görə minnətdarlıq etdi.

Azərbaycan ordusunun formalaşmasında təhsil-təlim işlərinin təşkili və müasir səviyyəyə çatdırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolunu yüksək qiymətləndirən prezident Heydər Əliyev "Türk ulduzları"nın Bakı səmasındakı nümunəvi uçuşlarının böyük bir hadisə olduğunu vurğulayaraq dedi ki, xalqımız bunu bayram kimi qəbul edibdir. Cənab Qıvrıqoğlu bundan qürur duyduğunu söyləyərək bildirdi ki, "Türk ulduzları"nın bu uçuşlarını bütün Türkiyə, o cümlədən özü də televiziya vasitəsilə seyr etmişdir.

Söhbət zamanı dost və qardaş ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi və dərinləşdirilməsi, o cümlədən silahlı qüvvələr arasında əlaqələrin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi barədə fikir mübadiləsi aparıldı. Ordu generalı Hüseyn Qıvrıqoğlu bildir ki, ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə bu ağır problemin sülh yolu ilə həlli sahəsində qardaş AZərbaycanı həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.

Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

AzərTac

"Azərbaycan" qəzeti, 26 avqust 2001-ci il.