Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və İran İslam Şurası Məclisinin sədri Mehdi Kərrubinin görüşdən sonra jurnalistlərin suallarına verdiyi cavab - 19 may 2002-ci il


Sual: Cənab Kərrubi, Azərbaycan Prezidenti Heydər Əliyev ilə keçirdiyiniz görüşün nəticələrini necə qiymətləndirirsiniz?

Mehdi Kərrubi: Azərbaycanın hörmətli Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərə gəlməsi ölkələrimiz arasındakı münasibətlərdə yeni mərhələ yaradacaqdır. Biz uzun müddət idi ki, cənab Prezident Heydər Əliyevin İrana səfərini gözləyirdik. Nəhayət, bu səfər həyata keçirildi.

Azərbaycan Prezidenti Heydər Əliyev İran Prezidenti Məhəmməd Xatəmi ilə çox səmərəli, mənalı görüşlər keçirmişdir. Hər iki tərəf çalışır ki, ölkələrimiz arasında bütün sahələrdə münasibətlər, o cümlədən parlamentlərarası əlaqələr inkişaf etsin, möhkəmlənsin.

Cənab Prezident Heydər Əliyevi böyük bir nümayəndə heyəti – nazirlər müşayiət edirlər. Onlar öz həmkarları ilə danışıqlar aparıblar. Məqsəd bütün sahələrdə əlaqələri inkişaf etdirməkdən ibarətdir.

Sual: Cənab Kərrubi, görüşdə Xəzər dənizinin statusu məsələsinə toxunuldumu?

Mehdi Kərrubi: Biz belə hesab edirik ki, Xəzər sülh, təhlükəsizlik və əmin-amanlıq dənizi olmalıdır.

Sual: Cənab Prezident Heydər Əliyev, Xəzəryanı ölkələrin ümumi bir fikrə gəlmələri üçün müəyyən əngəllər vardır. Siz buna necə baxırsınız?

İkinci sualım belədir ki, dünyanın bir sıra böyük dövlətləri Xəzər probleminin həllinə maneçilik törədirlər. Sizcə, Xəzər problemi yaxın gələcəkdə həll olunacaqmı? İran dövləti bölgədən kənarda yerləşən böyük dövlətlərin bu məsələyə müdaxiləsinin əleyhinədir.

Heydər Əliyev: Biz – Xəzəryanı ölkələrin dövlət başçıları Aşqabadda görüşdük və Xəzərin statusu barədə müzakirələr apardıq. Müxtəlif fikirlər oldu. Ancaq hesab edirəm ki, Aşqabad zirvə görüşü çox əhəmiyyətli idi. Bu görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının hər biri öz dövlətinin fikrini bildirdi.

Xəzərin hüquqi statusu böyük məsələləri – ekologiya, gəmiçilik, dənizin bioloji ehtiyatlarının qorunması, çirklənmənin qarşısının alınması və Xəzərin enerji ehtiyatlarından istifadə olunması məsələlərini əhatə edir. Biz bu sahədə əməkdaşlığa təzə başlamışıq. Güman edirəm ki, bu əməkdaşlıq davam edəcəkdir. Yəqin ki, Xəzəryanı ölkələrin dövlət başçıları bir-birinin fikrinə hörmətlə yanaşaraq, bu məsələdə müəyyən bir razılığa gələcəklər.

Xəzərdən kənarda yerləşən dövlətlərin bu məsələyə qarışması barədə məndə məlumatlar yoxdur. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR