Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Xarici İşlər naziri İrakli Menaqarişvili ilə görüşdə söhbəti - Prezident sarayı, 15 avqust 2001-ci il


Heydər Əliyev: Görüşümüzə şadam. Siz çoxdandır burada olmamısınız. Bir-birimizə tez-tez gəlib-getmək, daha tez-tez görüşmək lazımdır. Sizin gəldiyinizi mənə Xarici İşlər naziri dedi. Dünən siz onunla görüşüb söhbət etmisiniz. Bizim neft şirkətində də görüşlər olubdur. Bir sözlə, bunların hamısı yaxşıdır, bütün bunlar Gürcüstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın getdikcə möhkəmləndiyini bir daha təsdiq edir.

İrakli Menaqarişvili: Zati-aliləri, cənab Prezident! Səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Müsaidənizlə ilk növbədə, prezident Eduard Amvrosiyeviç Şevardnadzenin tapşırığını yerinə yetirmək üçün görüşmək imkanına görə Sizə ürəkdən təşəkkür edim, dünən və bu gün görülmüş işlər barədə Sizə qısaca məlumat verim.

İcazə verin, ilk növbədə, Eduard Amvrosiyeviçin Sizə olan şəxsi rəğbətini bildirim və salamını yetirim. O mənə Bakıya işgüzar səfərə getməyi tapşırarkən xahiş etdi bildirim ki, onun iyul ayının axırlarına təyin edilmiş səfərinin Sizə məlum olan faciəli səbəblər üzündən təxirə salınmasına baxmayaraq, Eduard Amvrosiyeviç azərbaycanlı həmkarlarımız üçün, ilk növbədə, zati-aliləriniz üçün məqbul olan istənilən vaxtda səfərə gəlməyə hazırdır. O mənə səfərə tam hazır olmaq üçün bütün işləri görməyi də tapşırdı. Gürcüstan prezidenti bu səfərə xüsusi əhəmiyyət verir və bu da aydındır. O məndən xahiş etdi ki, qardaş Azərbaycanla qarşılıqlı münasibətlərimizi, əməkdaşlığımızı, Sizin rəhbərliyinizlə qardaş Azərbaycanda dinamik inkişaf edən prosesləri necə yüksək qiymətləndirdiyimizi, təşəbbüskarı olduğunuz və hazırda Sizin dəstəyinizlə uğurla gerçəkləşdirilən həqiqətən tarixi əhəmiyyətli layihələri necə yüksək dəyərləndirdiyimizi bildirim. Eduard Amvrosiyeviç məhz bunu vurğulamağı xahiş etdi ki, bu layihələr nəinki Azərbaycanın və regionun iqtisadi inkişaf amilləridir, həm də getdikcə daha çox regionda sabitliyin təminatçısı rolu kəsb edir. Ona görə də biz qəti əminik ki, bu proqram – Xəzər sahillərindən başlanan enerji dəhlizi də nəzərdə tutulur – və İpək Yolunun bərpası ilə bağlı layihələr inkişaf etdikcə bu funksiyanı daha çox daşıyacaqdır. Bu, Azərbaycan rəhbərliyinin apardığı siyasətin uzaqgörənliyini bir daha sübut edir və ona görə də icazə verin, ölkəmizdə şəxsən Sizə yüksək etimad, hörmət bəsləndiyini təsdiqləyim. Ona görə də Eduard Amvrosiyeviç xahiş etdi Sizə yetirim ki, o bu səfərin həyata keçirilməsi imkanını səbirsizliklə gözləyir.

Müvafiq iş görmək üçün biz həmkarlarımızla dünən və bu gün bir sıra görüşlər keçirdik. Biz ilk öncə hörmətli həmkarımla görüşdük və iştər ikitərəfli münasibətlərə aid, istərsə də regional xarakterli bir sıra məsələləri müzakirə etdik. Biz fikirlərimizin, baxışlarımızın və niyyətlərimizin tam uyğun gəldiyini bir daha təsdiqlədik. Zati-aliləri, burada mən Sizin tənqidi qeydinizə cavab vermək istərdim. Bəli, görünür, həmkarımla biz daha tez-tez görüşməliyik, amma Sizi əmin etmək istəyirəm ki, biz görüşmək, danışmaq, mövqelərimizi tutuşdurmaq üçün heç bir fürsəti əldən vermirik. Biz sonuncu dəfə Tokioda görüşmüşdük, orada keçirilən sərgidə həm Azərbaycanın, həm də Gürcüstanın ixrac malları nümayiş etdirilirdi. Məhz sərginin proqramında nəzərdə tutulmuş tədbirlərlə yanaşı, qarşılıqlı maraq doğuran məsələlər barəsində çox məzmunlu və müfəssəl söhbətimiz və müzakirəmiz də oldu. Dünən biz buna hazır olduğumuzu bir daha təsdiqlədik və çox güman ki, qarşıdakı səfər zamanı müzakirələrin mövzusuna çevriləcək bütün məsələlər barəsində, demək olar, əməli söhbət apardıq. Dünən və bu gün Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi və nümayəndələri ilə məsləhətləşmək imkanım oldu. Artıq əməkdaşlıq edilən enerji dəhlizinin ikinci, çox mühüm komponenti – Azərbaycandan başlayıb Gürcüstan vasitəsilə Türkiyəyə gedəcək Cənubi Qafqaz qaz kəməri barədə səhmdarların nümayəndələri ilə də görüş keçirildi. Bu gün biz işi davam etdirdik və ümidvaram ki, nəzərdə tutulan proqram tamamilə yerinə yetiriləcəkdir. Mən Sizə bunu məruzə edə bilərəm və həm də prezidentimizin adından təsdiqləmək istəyirəm ki, Gürcüstan layihəni dəstəkləməyə və Sizin təklif etdiyiniz kimi və Eduard Amvrosiyeviçlə görüşləriniz zamanı söhbətlərinizdə razılaşdığınız kimi, bu layihənin səmərəli şəkildə və vaxtında gerçəkləşdirilməsi üçün hər şey etməyə tam hazırdır. Eduard Amvrosiyeviç buna tam hazırlıq olduğunu təsdiqləyir, ona görə də mənə birgə iş üzrə bu addımlara hazırlığı yoxlamaq barədə xüsusi tapşırıq da vermişdir.

Zati-aliləri, kiçik nümayəndə heyətimizin Bakıda görə bildiyi iş haqqında qısaca olaraq bu qədər. Sizin icazənizlə, sabah mən Tbilisiyə qayıdacaq və prezidentə məlumat verəcəyəm ki, dövlətlərimiz üçün və xalqlarımız üçün Sizin və Gürcüstan prezidentinin müəyyənləşdirdiyiniz yolla birgə getmək əzminin bir daha şahidi olduq. Təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Hər şeydən öncə, dostum prezident Eduard Şevardnadzenin salamını və xoş arzularını mənə yetirdiyinizə görə sizə təşəkkür edirəm. Mənim də salamımı və xoş arzularımı ona yetirməyi xahiş edirəm və bir daha bəyan edirəm ki, Gürcüstanla Azərbaycan arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir. Biz bu münasibətləri qiymətləndiririk və getmiş olduğumuz və indi də getdiyimiz yolla bundan sonra da gedəcəyik. Biz razılaşmalarımızın, sazişlərimizin prinsiplərinə sadiqik. Mən Eduard Amvrosiyeviçlə müxtəlif beynəlxalq tədbirlərdə tez-tez görüşürəm. Azərbaycanda ona çox böyük hörmət və ehtiram var. Bizdə baş verən hadisələri siz dostcasına izlədiyiniz kimi, təbii olaraq, biz də Gürcüstanda baş verən hadisələri dostcasına izləyirik və prezident Eduard Şevardnadzenin necə müdriklik və uzaqgörənlik göstərdiyini həmişə hiss edir və görürük. Ona görə də qarşılıqlı münasibətlərimizdə heç bir problem yoxdur, onları daha da inkişaf etdirmək, möhkəmlətmək və yaxşılaşdırmaq problemi var. Çünki heç vaxt bir yerdə dayanıb durmaq olmaz, axı indi dünya çox dinamik inkişaf edir, regionumuzda müxtəlif proseslər gedir, ona görə də biz bütün çağırışlara cavab verməliyik və bu baxımdan biz həmişə Gürcüstanla birlikdə olmuşuq, eləcə də Gürcüstan Azərbaycanla birlikdə olmuşdur. Gələcəkdə də belə olacaqdır. Ona görə də xahiş edirəm, mənim səmimi, qardaşlıq salamımı, ən xoş arzularımı Eduard Amvrosiyeviçə yetirəsiniz.

Onun səfərinə gəlincə, biz onu istənilən gün qəbul etməyə hazırıq. Əslinə qalsa, onda biz səfərə hazırlaşmışdıq və artıq hər yerdə bayraqlar, Eduard Amvrosiyeviçin portretləri asılmışdı, amma gecə həmin hadisə baş verdi. Səhəri mən Eduard Amvrosiyeviçlə danışdım və təbii ki, belə bir vəziyyətdə ölkəni qoyub ondan kənara getmək olmazdı. Biz razılığa gəldik ki, bu səfəri bir qədər sonraya keçirək. Bir çox məsələlər barəsində hərtərəfli fikir mübadiləsi aparmaq üçün, bəzi sənədləri imzalamaq üçün və təbii ki, Azərbaycandan qazın Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında sazişi imzalaya bilməyimiz üçün Eduard Amvrosiyeviçin Azərbaycana rəsmi səfərə gəlməsinə dair dəvətimi indi bir daha təsdiqləyirəm.

Bildiyiniz kimi, Türkiyə ilə bu cür saziş cari il martın 12-də, mən orada rəsmi səfərdə olarkən imzalanmışdır. Burada sərmayəçilərin qarşımıza qoyduqları şərtlər var. Ona görə mən həmin məsələ ilə məşğul olan bizim yoldaşlara tapşırmışam ki, bu danışıqların başa çatdırılmasına nail olmaq və sazişin imzalanması vaxtını təyin etmək üçün maksimum tədbirlər görsünlər. Həmişə olduğu kimi, yenə inanıram ki, siz hər şey barəsində bu dəfə də razılığa gələcəksiniz, biz isə Eduard Amvrosiyeviçlə sazişi imzalayacağıq.