Azərbaycan Prezidenti Heydər Əliyevin Pakistanın Baş naziri Nəvaz Şərif ilə görüşdəki söhbətindən - Tehran, 10 dekabr 1997-ci il


Heydər Əliyev:  Pakistanın hörmətli baş naziri cənab Nəvaz Şərif, Sizi mehribanlıqla salamlayıram, Sizinlə Aşqabaddakı görüşümü məmnunluqla xatırlayıram və İslam Konfransı Təşkilatının VIII zirvə görüşündə Sizin çıxışınızı yüksək qiymətləndirirəm.

Nəvaz Şərif: Cənab prezident, mən də Sizi səmimiyyətlə salamlayıram, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşümdən şərəf duyduğumu bildirirəm və Pakistanın haqq işini həmişə müdafiə etdiyinizə görə Sizə minnətdarlıq edirəm.

Heydər Əliyev:  Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının VIII zirvə görüşü müsəlman dövlətləri arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsində, bir sıra ölkələrin qarşılaşdığı ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.

Mən bu baxımdan, Azərbaycan-Pakistan əməkdaşlığının hazırkı vəziyyətindən razılıqla bəhs edirəm. 1996-cı ildə Pakistana səfərimi məmnunluqla xatırlayıram. İslamabadda, Lahorda keçirdiyim görüşləri, apardığım danışıqları ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imzalanan sənədləri yüksək qiymətləndirirəm. Nəzərə çarpdırıram ki, ölkələrimizin tarixi köklərə malik dostluq münasibətlərini gündən-günə yaxşılaşdırılmasının vacib olduğunu vurğulayıram. Ermənistanın Azərbaycana təcavüzü gənc müstəqil respublikamız üçün ən ağrılı problem olaraq qalır. Bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara biz böyük əhəmiyyət veririk, həmsədrlərin irəli sürdüyü təkliflər də bizim tərəfimizdən müsbət qarşılanmışdır.

Biz bilirik ki, Pakistan da uzun illərdən bəri ciddi problemlərlə qarşılaşmışdır. Vurğulayıram ki, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləmişdir.

Nəvaz Şərif: Hörmətli cənab prezident Heydər Əliyev mənim ölkəmə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlıq edirəm və bildirirəm ki, biz Azərbaycanın haqq işini daim müdafiə edirik və Ermənistanın təcavüzkarlığını qətiyyətlə pisləyirik. Söhbət zamanı bizim Azərbaycan-Pakistan əməkdaşlığının perspektivləri barədə geniş müzakirə aparmağımız, xüsusən iqtisadi münasibətlərimizin daha da canlandırılmasının vacibliyini qeyd etməyimiz, heç şübhəsiz, yaxın illərdə əməkdaşlığımızın sıxlaşdırılmasına ciddi təsir göstərəcəkdir.

Heydər Əliyev: Cənab Nəvaz Şərif, Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Nəvaz Şərif: Dəvəti məmnunluqla qəbul edirəm, bildirirəm ki, 1998-ci ildə mütləq Azərbaycana səfər edəcəyəm.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış