Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli Dövlətlər başçılarının birgə mətbuat konfransında jurnalistin sualına cavabı - Daşkənd, 21 oktyabr 1996-cı il


Biz Transqafqaz magistralının bünövrəsini bu il Sərəxsdə, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli saziş imzalayarkən qoymuşuq. Transqafqaz dəhlizi adlandırılan bu magistral artıq işləyir. Zənnimcə, hər cəhətdən, eləcə də iqtisadi baxımdan ən etibarlı, təhlükəsiz və faydalı olan bu magistral Mərkəzi Asiyanı Avropa ilə birləşdirir. Belə düşünürəm ki, bu magistralın gələcəyi çox böyük və genişdir. Məlumdur ki, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycana, sonra isə Gürcüstana rəsmi səfəri zamanı öz ölkəsinin bu sazişə qoşulduğunu bildirmişdir. Mən bunu alqışlayıram. Əslinə qalsa, biz bunu gözləyirdik. Bu gün Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayev də belə bəyanat vermişdir.

Gördüyünüz kimi, qısa bir müddətdə Transqafqaz magistralına böyük maraq göstərilmişdir. Bu isə təbiidir, çünki bu magistralla Mərkəzi Asiyadan Avropaya və oradan bu regiona yük daşınması daha qısa və dediyim kimi, həm iqtisadi cəhətdən sərfəli, həm də hər cəhətdən etibarlıdır. Buna görə də əminəm ki, ona regionun başqa ölkələri də qoşulacaqlar.

Hesab edirəm ki, bu magistralda Azərbaycanın öz yeri var və biz bu sahədə öz vəzifələrimizi, öhdəliklərimizi layiqincə yerinə yetirmək üçün lazımi tədbirlər görəcəyik. Digər ölkələr kimi, bizim də bu magistralın işləməsində və daha da inkişaf etməsində çox marağımız var.

Tarixi arayış

MÜSAHİBƏLƏR