Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tokioda mətbuat konfransında çıxışı və suallara cavabları - Tokio, Milli Mətbuat Mərkəzi, 27 fevral 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Sizi, kütləvi informasiya vasitələrinin nümayəndələrini salamlayır və sizə öz dərin hörmətimi bildirirəm.

Yaponiyanın Baş naziri cənab Haşimotonun dəvəti ilə bu gün dördüncü gündür ki, mən sizin gözəl ölkənizdə rəsmi səfərdəyəm. Bu, müstəqil Azərbaycan prezidentinin Yaponiyaya ilk rəsmi səfəridir.

Bu səfəri başa çatdıraraq deyə bilərəm ki, Yaponiyada olmağımdan və burada görülən işlərdən çox məmnunam. Hesab edirəm ki, səfər uğurla keçdi. Mənim çox görüşlərim, söhbətlərim, danışıqlarım oldu.

Yaponiya imperatoru əlahəzrət Akixito tərəfindən qəbul edildim. Baş nazir cənab Haşimoto, Yaponiya hökumətinin üzvləri, o cümlədən xarici işlər, nəqliyyat, ticarət nazirləri ilə görüşlərim, danışıqlarım, söhbətlərim oldu. Mən parlamentdə oldum. Yaponiya-Azərbaycan dostluğu assosiasiyasını təmsil edən bir qrup parlament deputatı ilə görüşdüm. Yaponiyanın işgüzar dünyasının nümayəndələri ilə çoxsaylı görüşlərim oldu. Tokionu tərk edərək deyə bilərəm ki, fevralın 24-dən başlayaraq, bu günlər ərzində üst-üstə 38 görüş keçirdim. Onların hamısı çox faydalı, maraqlı oldu və məndə xoş təəssürat buraxdı.

Baş nazir cənab Haşimoto ilə görüş, danışıqlar, söhbət və təbii olaraq, Yaponiya ilə Azərbaycan arasında hökumətlərarası, dövlətlərarası sənədlər imzalanması xüsusi əhəmiyyətə malikdir. Yaponiyanın Baş naziri ilə mən iki mühüm sənəd - Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat və Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladıq. Bu bəyanatlarda iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əsas prinsipləri və istiqamətləri öz əksini tapmışdır. Qarşılıqlı məsləhətləşmələr haqqında Yaponiyanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında saziş, "Şimal" elektrik stansiyasının tikintisi üçün 20,7 milyard iena məbləğində ölkəmizə kredit verilməsi haqqında Yaponiya Xarici İşlər Nazirliyi ilə Azərbaycan hökuməti arasında saziş, Azərbaycana təmənnasız olaraq 400 milyon iena məbləğində yardım verilməsi haqqında notalar imzalanmışdır.

Biz "Azərikimya" Dövlət Şirkətində etilen istehsalı zavodunun tikintisi üçün Azərbaycan hökumətinin təminatı altında kredit ayrılması haqqında Yaponiyanın "Eksimbank"ı ilə saziş imzaladıq. Bu sazişi Yaponiyanın "Niçimen" şirkəti həyata keçirəcəkdir. Layihənin ümumi dəyəri təxminən 95 milyon dollardır.

Baş nazirin ofisində Xəzər dənizinin Azərbaycan sektorundakı "Kürdaşı" neft yatağına dair layihədə Yaponiyanın "Mitsui" şirkətinə bizim tərəfimizdən 15 faizlik iştirak payı verilməsi haqqında saziş də imzalandı.

Ümumyyətlə, Baş nazir Haşimoto ilə danışıqlarımız və imzalanmış sənədlər tarixi əhəmiyyətli hadisələrdir və gələcəkdə Yaponiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq üçün möhkəm bünövrə qoyur.

Biz Yaponiya ilə əlaqələrə və xüsusən onunla iqtisadiyyat sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Şadam ki, səfərim zamanı bu baxımdan yaxşı zəmin yaratmaq mümkün oldu.

Mən Yaponiyanın bir çox şirkətlərinin rəhbərləri ilə görüşdüm. Onların əksəriyyəti energetika, neft-qaz sənayesi sahəsində işləyir. Mən bu şirkətlərlə ona görə görüşdüm ki, onlar Azərbaycana, onun iqtisadiyyatına, o cümlədən ölkəmizin neft-qaz sənayesinə böyük maraq göstərirlər. Xəzər dənizinin Azərbaycan sektorundakı üç perspektivli neft yatağının işlənməsi haqqında 11 neft şirkəti ilə 1994-cü ildə imzalanmış müqavilə üzrə yaradılmış ilk iri konsorsiumun üzvüdür. 1996-cı ildə "İtoçu" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Dan ulduzu" və "Əşrəfi" yataqlarının işlənməsi üzrə xarici şirkətlərin daha bir konsorsiumuna daxil olmuş və burada 20 faizlik iştirak payına malikdir.

Dediyim kimi, dünən başqa bir neft şirkəti - "Mitsui" Azərbaycanda işləmək hüququ aldı. Yaponiya şirkətləri bizə çox təkliflər vermişlər. Biz onlara baxacağıq. Şəxsən mən istəyirəm ki, onlar ödənilsin və biz əməkdaşlığımızı genişləndirə bilək.

Dünən biz cənab Haşimoto ilə razılığa gəldik ki, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın daha müvəffəqiyyətlə həyata keçirilməsi üçün xüsusi müştərək hökumətlərarası Yaponiya-Azərbaycan iqtisadi komissiyası yaradılacaqdır.

Bunu çox mühüm hesab edirəm ki, biz cənab Haşimoto ilə iqtisadi məsələləri müzakirə etməklə yanaşı, beynəlxalq vəziyyəti, o cümlədən Azərbaycanın yerləşdiyi Qafqaz bölgəsində şəraiti səciyyələndirən vəziyyəti də ətraflı şərh etdik. Sizə məlumdur ki, həmsərhəd olan Azərbaycanla Ermənistan arasında 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ üstündə hərbi münaqişə gedir. Qanlı müharibə kimi səciyyələndirilən bu münaqişə Azərbaycana olduqca böyük maddi və mənəvi ziyan vurmuşdur. Müxtəlif səbəblər üzündən bu münaqişənin gedişində Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər, oradan bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı qovulmuşdur və indi onlar ölkəmizin müxtəlif bölgələrində, əksəriyyəti də çadırlarda, çox ağır iqtisadi şəraitdə yaşayırlar.

1994-cü ilin mayında biz Ermənistanla atəşkəs haqqında saziş əldə etdik. O vaxtdan bəri döyüş əməliyyatları yoxdur, biz münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün danışıqlar aparırıq. Münaqişənin aradan qaldırılması üçün əsas 1996-cı ildə qəbul olunmuş ATƏT-in Lissabon bəyanatıdır. Bu bəyanatda münaqişənin aradan qaldırılmasının əsas prinsipləri göstərilmişdir: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüidarə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisi üçün - həm erməni, həm də azərbaycanlı əhalisi üçün təhlükəsizliyə təminat verilməsi. Bu prinsiplər əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri - ikimərhələli həllini təklif etmişlər. Birinci mərhələdə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı altı inzibati rayonundan Ermənistan silahlı birləşmələrinin çıxarılmasını və qaçqınların - həmin rayonların sakinlərinin oraya qayıtması nəzərdə tutulur. İkinci mərhələdə Azərbaycanın daha iki rayonunun - Laçın və Şuşa rayonlarının azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Biz bu təkliflərlə razılaşdıq, lakin bu təkliflərlə Ermənistanda rəhbərlərin bir hissəsi razılaşdı, bir hissəsi isə razılaşmadı. Minsk qrupunun bu təklifləri ilə razılaşmış olan Ermənistan prezidenti Ter-Petrosyan fevralın 3-də istefa verdi. İndi Ermənistanda yeni prezident seçilməsi prosesi gedir. Buna görə də danışıqlar prosesi dayandırılmışdır və görünür, Ermənistan prezidenti seçildikdən sonra davam etdiriləcəkdir.

Məmnunluqla qeyd edirəm ki, dünən Baş nazir Haşimoto ilə mənim imzaladığımız birgə bəyanatda Yaponiya bəyan etmişdir ki, o, Azərbaycanın ərazi bütövlüyünü, habelə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında ATƏT-in Lissabon prinsiplərini dəstəkləyir.

Biz hesab edirik ki, bütün ölkələr beynəlxalq hüquq normalarını gözləməlidirlər, hər hansı bir ölkənin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol vermək olmaz, hər hansı bir ölkənin ərazi bütövlüyünün pozulması yolverilməzdir.

Dünən Baş nazir cənab Haşimoto ilə müzakirə etdiyimiz mühüm məsələlərdən biri də "İpək yolu" məsələsidir. Mən Baş nazir Haşimotonun "İpək yolu" barəsində diplomatiyasını, doktrinasını yüksək qiymətləndirirəm. Mən Baş nazir Haşimotoya məlumat verdim ki, bir çox ölkələr, o cümlədən Azərbaycan bu yolun bərpa olunması üçün artıq çox iş görmüşlər. Məsələn, Avrasiya nəqliyyat magistralı yaradılmışdır və bu magistral ilə Mərkəzi Asiyadan Avropaya və oradan Qara dəniz, Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə yüklər daşınır. Bütövlükdə "İpək yolu" üstündə 33 ölkə yerləşmişdir. Yaponiya ən şərq nöqtəsindədir. Azərbaycan bu yolun mərkəzindədir. Buradan o yana bu yol Avropa ilə İspaniya, Portuqaliya və İrlandiyaya qədər gedir. "İpək yolu"nun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün Avropa Birliyinin təşəbbüsü ilə cari il mayın axırlarında Bakıda bütün 33 ölkə nümayəndələrinin görüşünü keçirmək nəzərdə tutulur.

Burada olduğum vaxtda mən bir çox digər məsələləri də müzakirə etdim. Biz Yaponiyaya elə bir ölkə kimi baxırıq ki, o, öz iqtisadi və sosial inkişafında böyük uğurlara nail olur, bütün Dünya Birliyinin iqtisadi inkişafına çox böyük töhfə verir, dünya elmini və sivilizasiyasını çox mühüm ixtiralarla, yüksək texnologiyalar və texnika ilə zənginləşdirir.

Mən yapon xalqına, onun əməksevərliyinə, istedadına, olduqca böyük qabiliyyətinə dərin hörmət hissləri bəsləyirəm. Yaponiyanı tərk edərək yapon xalqına səadət, firavanlıq və sülh arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

Sual (RİTA-SÖTA Agentliyi): Heydər Əliyeviç, Siz bəzi son müsahibələrinizdə Bakı rayonundakı yataqdan əsas kəmər çəkilməsi məsələsinə öz münasibətinizi bildirmisiniz. Bununla belə, bu məsələ barəsində mövqeyi, o cümlədən, bununla əlaqədar Rusiyanın istəklərinə münasibəti bilavasitə Sizin özünüzdən eşitmək istərdim. Xəzər dənizinin statusunu müəyyənləşdirmək üçün Xəzəryanı beş ölkənin yüksək səviyyədə görüşünü çağırmaq haqqında Boris Yeltsinin təklifinə necə baxırsınız? Sağ olun.

Cavab: Məlumdur ki, Bakıdan Rusiya ərazisi ilə Novorossiysk limanına doğru şimal marşrutu üzrə artıq bir boru kəməri çəkilmişdir və biz onunla neft ixrac edirik. İkinci neft kəməri Gürcüstan ərazisi ilə Qara dənizin Supsa limanına çəkilir. Üçüncü neft kəmərinin inşası nəzərdə tutulur. Onu konsorsiumun səhmdarları Gürcüstan, Türkiyə vasitəsilə Bakı-Ceyhan marşrutu üzrə çəkməyi iqtisadi baxımdan daha məqsədəuyğun hesab edirlər. Məlumdur ki, bütün neft kəmərlərini neft çıxarıb ixrac edənlər öz vəsaitləri hesabına çəkirlər. Bu zaman iqtisadi məqsədəuyğunluq on sıraya çıxarılır. Həmin boru kəmərinin Aralıq dənizi sahilindəki Ceyhan limanına çəkilməsini nəzərdə tutmaq da məhz buradan irəli gəlir.

O ki qaldı Xəzəryanı ölkələrin yüksək səviyyədə görüşü və Xəzərin statusunu müəyyənləşdirmək barədə prezident Boris Nikolayeviç Yeltsinin təklifinə, - yeri gəlmişkən, bu təklifdən xəbərim yoxdur və onun barəsində sizdən eşidirəm, - belə düşünürəm ki, dövlət başçıları səviyyəsində zirvə toplantısı keçirilməzdən əvvəl, bu məsələni yaxşı hazırlamaq lazımdır. Yəni əvvəlcə razılığa gəlmək, artıq bundan sonra qəti qərar qəbul olunması üçün zirvə toplantısı keçirmək gərəkdir. Bir sözlə, mən zirvə toplantısının əleyhinə deyiləm. Lakin bu toplantı həmin məsələ hökumətlər səviyyəsində yaxşı hazırlandıqdan sonra çağırılmalıdır.

Sual ("Mayniti" qəzeti): Mənim sualım Dağlıq Qarabağa dair sülh prosesi haqqındadır. Məlumdur ki, əvvəllər Amerika da, Rusiya da Ermənistanın tərəfində olmuşlar. Lakin ötən ilin avqustunda Sizin Amerikaya səfərinizdən sonra Vaşinqtonun mövqeyi dəyişmiş və dövlət katibinin müavini Talbott Ermənistanı sülh prosesi ilə razılaşdırmaq üçün oraya getmişdir. Ermənistanla saziş imzalanmışdır. Hazırda bu saziş həyata keçirilirmi?

Cavab: Məgər o, Ermənistana gedibmi? Xeyr, bu, doğru deyildir. Bu, doğru informasiya deyildir.

Müxbir: Müəyyən razılıq var idi ki. Talbott sülh haqqında danışıqlar aparacaqdır. Bu təşəbbüs həyata keçirilirmi?

Cavab: Görünür, Siz dəqiq informasiyaya malik deyilsiniz. ATƏT-in Minsk qrupu var, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu qrupun həmsədrləridir. Cənab Talbott da Minsk qrupunda ABŞ tərəfindən həmsədrdir. Onun Ermənistana getdiyi barədə bizdə məlumat yoxdur. Lakin, dediyim kimi, danışıqlar müəyyən dərəcədə bununla əlaqədar dayandırılmışdır ki, Ermənistanda rəhbərlik dəyişmişdir. Biz ümid edirik ki, Minsk qrupunun həmsədrləri obyektiv olacaq və Ermənistanın da, Azərbaycanın da maraqlarına eyni münasibət göstərəcəklər.

Əvvəllər Azərbaycana çox ədalətsiz, qeyri-obyektiv münasibət bəslənilmişdir. 1992-ci ildə Amerika Konqresinin "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişi qəbul etməsi bu ədalətsizliyin nəticəsi olmuşdur. Həmin düzəliş Azərbaycana qarşı ayrı-seçkilik deməkdir. O, Amerikadakı ermənilərin təzyiqi altında qəbul edilmişdir. Ümidvaram ki, indi bütün ölkələr bu məsələyə ədalətlə yanaşacaqlar.

Sual (Mirosava- beynəlxalq mövzulardan yazan publisist): Xüsusən Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizdən sonra Avropa və Amerika şirkətləri ölkənizə axışmağa başladılar. Sizə elə gəlmirmi ki, yaponlar bu baxımdan gecikmişlər?

Cavab: Yaponlar ümumiyyətlə, gecikmişlər. Bu isə onlara heç yaraşan xüsusiyyət deyildir. Axı yaponlar həmişə və hər yerdə öndə gedirlər. Ümidvaram ki, mənim bu səfərimdən və biz burada bir çox məsələlər barəsində razılığa gəldikdən sonra yaponlar geriliyi aradan qaldıracaqlar, biz isə bu işdə kömək edəcəyik.