Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavelin Azərbaycana rəsmi səfəri başa çatdıqdan sonra təntənəli yolasalma mərasimində söhbəti- 23 may 2002-ci il


Vatikan dövlətinin başçısı II İohann Pavel və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Binə beynəlxalq hava limanına gəldilər.

Azərbaycanın və Vatikanın dövlət bayraqları ilə bəzədilmiş Binə hava limanının binasında Roma papasının iri portreti asılmışdı.

Ali qonağın şərəfinə hava limanının uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Vatikan dövlətinin başçısı II İohann Pavelə və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə raport verdi.

Prezident Heydər Əliyev və Roma papası II İohann Pavel üçüş meydanında qurulmuş xüsusi tribunada əyləşdilər.

Hərbi orkestrin ifasında Vatikanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfessiyaların başçıları, Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavellə, ali qonağı səfərdə müşayiət edən şəxslər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə mehribancasına sağollaşdılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Roma papasına onun ölkəmizə rəsmi səfərini əks etdirən fotoalbom təqdim etdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Milli geyimli uşaqlar II İohann Pavelə gül-çiçək dəstəsi təqdim etdilər.

Heydər Əliyev: Sizə çox təşəkkür edirəm. Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdarlıq edirəm, səfəriniz çox yaxşı keçdi. Mən çox məmnunam. Sizin səfəriniz Azərbaycanda çox yaxşı qarşılanmışdır. Siz gördünüz, bu gün Sizinlə görüşməyə nə qədər adam gəlmişdi. Sizin səfərinizə çox böyük maraq var. Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar, cansağlığı və yaxşı yol arzulayıram.

II İohann Pavel: Bakıya səfərimin yüksək səviyyədə təşkil olunmasından məmnun qaldığımı bildirirəm. Mənə göstərilən qonaqpərvərliyə görə Prezident Heydər Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdı.

Roma papası Azərbaycan Dövlət Hava Yolları Şirkətinə məxsus xüsusi təyyarə ilə Bolqarıstana yola düşdü.

* * *

Klaudio Qucerotti (Vatikan dövlətinin Azərbaycandakı apostol nunsisi): Cənab Prezident, Sizin tərəfinizdən edilən bu xeyirxahlıq Müqəddəs Ataya böyük təsir bağışladı.

Siz onun da şahidi oldunuz ki, müəyyən çətinliklərə baxmayaraq, Müqəddəs Atanın özü istəyirdi ki, bu səfər baş tutsun. Biz böyük sevinc hissi ilə demək istəyirik ki, O, buraya gələndə hətta Sizin gözlərinizdən sevinc hissi duyulduğunun şahidi olduq.

Cənab Prezident, Bakıda katolik kilsəsinin tikilməsi üçün yer ayırdığınızı eşidəndə çox şad olduq. Hesab edirik ki, bu kilsə belə bir gözəl ölkədə belə gözəl xalq üçün öz töhfəsini verəcəkdir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, nəhayət, Roma papası, Zati-Müqəddəsləri II İohann Pavelin Azərbaycana səfəri baş tutdu. O, Azərbaycanda çox böyük sevinc hissi ilə qarşılanıbdır. Siz gördünüz ki, onu nə qədər məhəbbətlə, nə qədər hərarətlə qarşılayırdılar.

Dünən Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri ilə görüşümüz də çox yüksək səviyyədə keçdi və insanlar bunu çox müsbət qiymətləndirirlər. Bu gün İdman sarayında keçirdiyiniz tədbir də camaatda çox böyük maraq doğurmuşdur.

Poma papasının Azərbaycana bu səfəri tarixi hadisədir. Bu bizim xalqımızın tarixinə yazılıbdır. Mən bütün bunlara görə çox təşəkkür edirəm.

Klaudio Qucerotti: Cənab Prezident, çox sağ olun. Bircə onu demək istəyirəm ki, dünənki görüşümüzdə gördük ki, Azərbaycanın həqiqətən çox yaxşı uşaqları vardır. Onların oxuduğu mahnıları eşitdik. Bunlar həmişəlik bizim qəlbimizdə qaldı. Cənab Prezident, mən sevinirəm ki, Siz öz xalqınızla fəxr edirsiniz.

İosif Daniil Pravda (Bakıdakı katolik kilsəsinin rəhbəri): Cənab Prezident, Müqəddəs Atanı Azərbaycana dəvət etdiyinizə, səfərin yüksək səviyyədə təşkil olunmasına və bu ziyarətin uğurla başa çatmasına görə Sizə və Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Vatikan münasibətləri

Əlavə sənədlər

Azərbaycan - Avropa