Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livanın Baş naziri əl-Həriri ilə görüşdəki söhbətindən - Prezident sarayı, 12 fevral 1998-ci il


Heydər Əliyev: Hörmətli Baş nazir Rafiq əl-Həriri, Sizinlə görüşmək imkanından çox məmnun oldum və bir daha Sizə səmimi salamlarımı yetirir, hörmət və ehtiramımı bildirirəm. Azərbaycan ilə Livan arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da möhkəmləndirilməsi hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir.

Rafiq əI-Həriri: Cənab prezident, sizin ilə bir daha görüşmək imkanı qazanmağımdan şərəf duyduğumu vurğulayıram. Mənə və Livanın nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə, diqqət və qayğıya görə Sizə bir daha təşəkkürümü və minnətdarlığımı bildirirəm. İki gün ərzində Bakıda bizim çox səmərəli, əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Livan ilə Azərbaycan arasında ikitərəfli hökumətlərarası əməkdaşlığı təmin etmək üçün sənədlər, o cümlədən dostluq və əməkdaşlıq haqqında müqavilələr imzalandı. Respublika parlamenti ilə görüşüm məndə yüksək təəssürat yaratdı. Azərbaycanda aparılan demokratik dəyişikliklər, həyata keçirilən islahatlar, xüsusilə Azərbaycan Milli Məclisində ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edilməsini yüksək qiymətləndirirəm. Livanda isə çətin şəraitlə əlaqədar ölüm hökmü hələ də qalmaqdadır.

Heydər Əliyev: Ölkədə aparılan islahatların hüquqi bazasının yaradılması sahəsində görülən işlər mənim rəhbərliyim ilə aparılır. Azərbaycanda ölüm hökmü mənim təşəbbüsümlə ləğv edilib. Doğrudur, bizim ölkəmizdə də sərait o qədər asan deyil. Ancaq mən 1993-cü ildə prezident seçiləndən indiyədək Azərbaycanda ölüm hökmü icra olunmayıbdır. Bir halda ki, beş ilə yaxındır ölkədə ölüm hökmü icra edilmir, onu ləğv etmək daha yaxşıdır.

Rafiq əI-Həriri: Sizin dəvətiniz ilə Azərbaycana rəsmi ziyarətə gəlməkdən məmnun qaldığımı və bu səfərin çox uğurlu olduğunu, burada bizə göstərilən qonaqpərvərliyə görə sizə bir daha dərin hörmət və ehtiramımı bildirmək istəyirəm. Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın bundan sonra daha da sıxlaşdırlmasına, daha da intensiv inkişaf edəcəyinə ümid bəsləyirəm. Respublikanın Baş naziri Artur Rasizadə ilə də maraqlı görüşümüz oldu. Danışıqlarda ölkələrimiz arasında iqtisadi, mədəni, ticarət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyəti qeyd olundu.

Heydər Əliyev: Ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin durmadan inkişaf etdirilməsinə Azərbaycan da daim böyük maraq göstərir. Bir sıra sahələrdə əlaqələrin genişləndirilməsi üçün Azərbaycan və Livan hökumətləri arasında fevralın 11-də imzalanmış sazişlərin, xüsusilə hava əlaqələri, investisiyaların təşviqi və qorunması, ticarət-iqtisadi əməkdaşlıq, görüş məsələlərinə dair qarşılıqlı yardım haqqında və s. sazişlərin böyük əhəmiyyət daşıdığını bir daha vurğulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sazişlər dövlətlərimizin iqtisadi münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Rafiq əI-Həriri: Cənab prezident, dostcasına səmimi qəbula və qonaqpərvərliyə görə bir daha təşəkkürümü və minnətdarlığımı bildirirəm. Cənab prezident, biz sizi Livana rəsmi səfərə dəvət edirik. Livanda Sizinlə görüşmək bizim üçün böyük şərəf olacaqdır.

Heydər Əliyev: Dəvətə görə təşəkkürümü bildirirəm və məmnunluqla qəbul edirəm. Dediyiniz səmimi təbrik sözləri və xoş arzularınıza görə çox sağ olun.