ARDNŞ ilə ABŞ-ın "Monkrif oyl" və Türkiyənin "Petoyl" şirkətləri arasında "Mişovdağ" və "Kəlaməddin" yataqlarının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin nitqi - Vaşinqton, 12 sentyabr 2000-ci il


Hörmətli senator xanım Hadçison!

Hörmətli senator cənab Qrem!

Hörmətli senator cənab Stivens!

Hörmətli dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı burada, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda, Kapitolidə, bu tarixi binada, tarixi bir təşkilatın yerləşdiyi yerdə səmimi qəlbdən salamlayıram. Sizə həm öz salamımı, həm də bütün müstəqil Azərbaycanın salamını çatdırıram və hamınıza ən xoş arzularımı bildirirəm.

Biz bu gün Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi və irəliyə getməsində yeni bir əlamətdar hadisənin şahidiyik. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, 1994-cü ildən etibarən ölkəmizin enerji ehtiyatlarının - həm Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının, həm də quruda olan neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə, birinci növbədə Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri ilə müştərək işlənilməsi prosesinə başlamışıq. İlk addımlarımız çox çətin, ağır olubdur. Böyük müqavimətlərlə, böyük təzyiqlərlə rastlaşıbdır. Ancaq bunlara baxmayaraq, biz öz iradəmizdən dönməmişik və bu sahədə tutduğumuz yolun doğru olduğunu dərk edərək bu yol ilə getmişik və bu gün də gedirik.

1994-cü il sentyabr ayının 20-də biz ilk böyük müqavilə imzaladıq. Dünyanın 11 böyük neft şirkəti, - onların əksəriyyətini Amerika Birləşmiş Ştatlarının şirkətləri təşkil edirdilər, - bir yerə toplaşıb konsorsium təşkil etdilər və Azərbaycan dövləti ilə, Azərbaycan Dövlət Neft Şirkəti ilə ilk müqavilə imzaladılar. Bu müqavilə dünyada böyük əks-səda doğurdu, hay-küyə səbəb oldu və heç bilmirəm, kimsə bu müqavilənin adını "Əsrin müqaviləsi" qoydu. Hər halda bu ifadəni mən ilk dəfə Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun bu müqavilə münasibətilə mənə yazdığı məktubda gördüm. Ondan sonra "Əsrin müqaviləsi" adı, demək olar ki, dünyada "vətəndaşlıq" qazandı.

Çətin bir dövr idi. Biz cəmi üç il idi müstəqil dövlət idik. Ermənistan ilə Azərbaycan arasında müharibə gedirdi. Bilirsiniz ki, müharibə Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə əlaqədardır və təəssüflər olsun ki, müxtəlif səbəblərdən bu müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etməyə nail oldular. İşğal olunmuş ərazilərdən bir milyondan artıq azərbaycanlı zorla yerindən-yurdundan çıxarıldı. Onlar indiyə qədər çadırlarda yaşayırlar.

Mən xatırlayıram. 1994-cü il sentyabr ayının 20-də biz bu müqaviləni Bakıda, "Gülüstan" sarayında təntənə ilə imzalayanda o vaxt Azərbaycanda baş nazir olan, amma həqiqətən çox mənfi bir şəxs söyləmişdi ki, biz bunu bir-iki günə cırıb atacağıq. Müqaviləni cırıb ata bilmədilər. Ancaq həmin qüvvələr bu müqavilənin qarşısını almaq üçün, Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimizin yaranmasının qarşısını almaq üçün bir həftədən sonra Azərbaycanda silahlı dövlət çevrilişi cəhdi göstərdilər. Ancaq bizim xalqımız müstəqil Azərbaycan dövlətini, onun prezidentini müdafiə etdi. Silahsız bir milyon vətəndaş Prezident sarayının ətrafına toplaşdı. Ona görə silahlı adamlar bizə heç bir şey edə bilmədilər.

Sonrakı dövrlər də bizim üçün çox çətin idi. Çünki həm Azərbaycanın daxilində olan bəzi qüvvələr, həm də Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyən ölkələr Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə yaranmış və sürətlə inkişaf edən əlaqələrini istəmirdilər, bunun qarşısını almaq istəyirdilər.

Ötən altı il müddətində biz bu yol ilə gedərək çox böyük müqavimətlərlə rastlaşdıq. Əgər bu tarixi sizə danışsam, gərək məni beş-altı saat dinləyəsiniz. Amma mən bunu etmərəm. Sadəcə, onu demək istəyirəm ki, biz bu işləri nə qədər ağır vəziyyətdə başlamışıq. İndi isə biz qalibik. Tutduğumuz yolda çox böyük nailiyyətlər əldə etmişik.

Bu gün 20-ci müqavilə imzalanır. Onlardan bir qismi Azərbaycanda imzalanıbdır. Mən 1997-ci ildə Vaşinqtonda olarkən Ağ evdə dörd müqavilə imzalandı. "Monkrif oyl" ilə müqavilə keçən il bu binada imzalandı. İndiyədək bunların sayı 19 idi. 20-cisi bu gün imzalanır. Bunların böyük gələcəyi vardır. XXI əsrdə bizim övladlarımız, bizdən sonra gələn nəsil bunlardan çox səmərəli istifadə edəcəkdir. Ancaq indi də biz bunun müsbət nəticələrini görürük.

Bəli, "Çıraq" yatağından ilk neftin alınmasını biz qarşımıza məqsəd qoyduq və 1997-ci ildə oradan ilk neft aldıq. Çox gözəl, müasir bir platforma yaratdıq. Artıq indi orada 10 milyon tondan çox neft hasil olunub və iki boru kəməri ilə - Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri ilə bu nefti birlikdə xaric edirik.

Əsas ixrac boru kəməri isə Bakı-Tbilisi-Ceyhandır. Bunun üzərində biz bir neçə il işlədik və Amerika Birləşmiş Ştatlarının hökuməti, prezidenti və nazirləri bu sahədə çox çalışdılar. Nəhayət, biz keçən ilin noyabr ayında İstanbulda, ATƏT-in zirvə görüşü zamanı bu müqaviləni imzaladıq. Dörd respublikanın prezidenti ilə bərabər, Amerikanın prezidenti cənab Bill Klinton da imzaladı.

Bizim parlamentdə artıq bu müqaviləni ratifikasiya ediblər. İndi biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayırıq. Bu proqramın da qarşısını almaq istəyirlər. Ancaq bizim iradəmiz möhkəmdir. Xüsusən Amerika Birləşmiş Ştatları, onun hökuməti, Konqresi bu proqrama çox böyük əhəmiyyət verir. İndi artıq bizim üçün çətinliklərin qarşısını almaq əvvəlkilərə nisbətən asandır. O vaxt tək idik. Amma indi dünyanın 14 ölkəsini təmsil edən 30 böyük neft şirkəti Azərbaycanda iş görür.

İmzalanmış müqavilələr üzrə Azərbaycana bu sahədə 60 milyard dollara qədər investisiya qoyulacaqdır. Bu işlərin təxminən 30 faizi Amerika Birləşmiş Ştatlarının şirkətlərinə aiddir. Siz bəzi şirkətlərinizi əlinizdə saxlaya bilmədiniz. Çünki "Əsrin müqaviləsi"nin əsasını qoyanlardan biri olan "AMOKO" Şirkəti Bi Pi ilə birləşdi. "Arko"da Bi Pi ilə birləşdi. Amma bu, sizin işinizdir. Biz buna qarışmırıq. Əsas odur ki, biz bu şirkətlərlə əməkdaşlıq edirik. Amma hansı şirkət daha çox başqa şirkəti əlinə alırsa, təbiidir ki, o, hər şeyə nəzarət edir. Dünən öyrəndim ki, "Şevron" şirkəti hələ ki, öz müstəqilliyini qoruyubdur.

Müstəqillik bizim üçün çox müqəddəs anlayışdır. Biz dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyuruq və qoruyacağıq. Əgər Azərbaycan öz dövlət müstəqilliyini əldə etməsəydi, indi biz bu cür böyük işlər görə bilməzdik. Mən də Vaşinqtonda, Kapitolidə sizinlə bərabər otura bilməzdim. Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycan-Amerika dostluq, əməkdaşlıq əlaqələri bütün bu müqavilələrin həyata keçirilməsinin əsas təminatıdır.

Son beş ildə Amerika Birləşmiş Ştatlarının şirkətləri Azərbaycana 1 milyard 600 milyon dollar investisiya qoyublar. Bunun 1 milyard 400 milyon dolları neft sektoruna aiddir. Ümumiyyətlə, beş ildə Azərbaycana 5,2 milyard dollar xarici investisiya gəlibdir. Yəni inkişafımız üçün çox gözəl əsas yaratmışıq. Bu işlərimizdə biz Amerika Birləşmiş Ştatlarına arxalanırıq, güvənirik. Hesab edirik ki, Amerika Birləşmiş Ştatlarının dövləti, hökuməti bizi heç vaxt çətinlikdə qoymayacaqlar.

Keçən il biz burada "Monkrif oyl" şirkəti ilə bir müqavilə imzaladıq. Bu şirkəti mənə təqdim edəndə bir çox mötəbər insanlar şirkət haqqında, onun tarixi barədə çox gözəl fikirlər söylədilər. Bu şirkət bir ailəyə məxsus olan şirkətdir və bu ailə də Amerika Birləşmiş Ştatlarında çox böyük hörmətə malikdir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Müqaviləni imzalamaq haqqında təklif gələndə, təbiidir ki, bizim müəyyən suallarımız var idi. Amma onları da həll etdik və bu gün böyük məmnuniyyətlə ikinci müqavilənin imzalanmasında sizinlə bərabər iştirak edirəm.

"Monkrif oyl"un həm birinci, həm də ikinci müqaviləsi Azərbaycanın quru sektorunda olan neft yataqlarına aiddir. Bizim mütəxəssislər, geoloqlar hesab edirlər ki, 1848-ci ildən Azərbaycanda sənaye üsulu ilə neft hasil olur. Hələ indiyə qədər Azərbaycanın quru hissəsində neftin 70 faizi hələ çıxarılmayıbdır. Ona görə "Monkrif oyl" şirkətinin məhz bu yataqlara maraq göstərməsi bizim üçün həm konkret bu fakta görə, həm də gələcək işlərimiz üçün çox əhəmiyyətlidir. Əmin ola bilərsiniz ki, başqa müqavilələrdən fərqli olaraq, mən bu müqavilənin həyata keçirilməsinə xüsusi diqqət verəcəyəm və lazım olan bütün yardımları edəcəyəm.

Mən bu hadisə münasibətilə sizi təbrik edirəm. "Monkrif oyl" şirkətinə Azərbaycanda böyük uğurlar arzulayıram. Şübhə etmirəm ki, bu gün imzalanmış müqavilənin əməli nəticələrini yaxın vaxtlarda görəcəyik.

Sağ olun. Təşəkkür edirəm.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri