Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin jurnalistlər üçün keçirdikləri birgə brifinqi - Prezident sarayı, 8 yanvar 1999-cu il


Sual: Cənab Kissincer, impiçment məsələsi ilə bağlı ABŞ prezidenti Bill Klintona qarşı başlanmış kampaniyaya sizin münasibətiniz necədir?

Henri Kissincer:  Bu proses Birləşmiş Ştatlarda bir ildir ki, davam edir. Razılıq duyuram ki, bu prosesə münasibətimi indiyədək jurnalistlərin yanında bildirməmişəm. Ona görə də istəməzdim ki, bu prosesə münasibətimi Azərbaycanda bildirməyə başlayım.

Sual: Siz tanınmış siyasətçi kimi deyə bilərsinizmi ki, Amerika Rusiyanın NATO-ya qarşı sipərə çevirdiyi Ermənistana Azərbaycanla müqayisədə niyə beş-altı dəfə çox yardım edir? Bundan əlavə, siz Rusiyanın Ermənistana bu qədər hərbi yardım göstərməsinə, onun Ermənistanda hərbi bazasının olmasına necə baxırsınız?

Henri Kissincer:  Bu, çox yaxşı sualdır və cavabı da sadədir. Cavab da ondan ibarətdir ki, Birləşmiş Ştatlardakı ermənilərin sayı azərbaycanlıların sayından daha artıqdır və onların konqresə təsir göstərmək gücü daha çoxdur.

Heydər Əliyev: (tərcüməçiyə): Bəlkə sən bu sualı düzgün tərcümə eləməmisən?

Henri Kissincer:  Mən Rusiyanın regionda sabitliyi pozmaq siyasəti aparmasının əleyhinəyəm və bu siyasəti düzgün hesab etmirəm.

Sual: Cənab Kissincer, bu gün siz Bakıda təmsil olunan neft şirkətlərinin nümayəndələri ilə görüşmüsünüz. Həmin şirkətlərin yaxın vaxtlarda Bakı-Ceyhan boru kəməri layihəsinə investisiya qoymaq ehtimalı necədir?

Henri Kissincer: Hər şeydən əvvəl, bu görüş çox yaxşı təəssürat yaratdı. Neft şirkətləri çox ətraflı məlumat verdilər. Lakin onu da başa düşməlisiniz ki, neft şirkətləri hər şeydən əvvəl iqtisadi problemə fikir verirlər. Mən isə siyasi tərəfi düşünürəm və bu baxımdan, əlbəttə ki, Türkiyəyə çəkiləcək kəməri daha çox dəstəkləyirəm. Elə fikirləşirəm ki, neft şirkətləri yalnız qiyməti düşünürlər. Lakin hesab edirəm ki, bu fərq tezliklə aradan götürüləcək və mənim fikrim həyata keçəcəkdir. Yeri gəlmişkən, mənim fikrim eyni ilə Amerika Birləşmiş Ştatları hökumətinin fikridir.

Sual: Cənab prezident, mən üzr istəyirəm ki, sualım bugünkü mövzuya yox, Qobustan həbsxanasındakı hadisəyə aid olacaqdır. Cənab prezident, 1996-cı ilin yayında Sizə qarşı terror aktı cəhdində ittiham olunmuş adamlar tərəfindən rəhbərlik edilən bu hadisənin müəyyən xarici dairələrin əli ilə törədildiyini ehtimal etmək olarmı? Sağ olun.

Heydər Əliyev: Bir halda ki, sualı rus dilində vermisiniz, mən də bu dildə cavab verəcəyəm. Bilirsiniz, bunun hansı qüvvələr tərəfindən törədildiyini indi birmənalı şəkildə demək çətindir. Əgər bu terror aktının bilavasitə təşkilatçılarının vaxtilə Azərbaycanda dövlət çevrilişi etməyə, Azərbaycan prezidentinin təyyarəsini raketlə vurmağa cəhd göstərmiş adamlar olduğunu nəzərə alsaq, hansısa ehtimallar söyləmək mümkündür. Ancaq mən hesab edirəm ki, bizim istintaq orqanları bunu araşdıracaq və sonra daha düzgün və obyektiv informasiya verəcəklər.

Sağ olun.