"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Supsada, Bakı-‎Supsa neft kəmərinin açılışına həsr olunmuş təntənəli mərasimdə nitqi" ‎‎(Gürcüstan, Supsa 17 aprel 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 17 aprel 1999-cu ildə Bakı-‎Supsa neft ixrac boru kəmərinin və Supsa yerüstü terminalının istifadəyə verilməsi ‎mərasimində iştirak etmək məqsədilə Gürcüstanın Poti şəhərində işgüzar səfərdə ‎olub.‎

‎20 sentyabr 1994-cü ildə Azərbaycan hökuməti ilə xarici neft şirkətləri arasında ‎imzalanan "Əsrin müqaviləsi"nin həyata keçirilməsi üçün müqavilədə bir neçə neft ‎boru kəmərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulurdu. Bu marşrutlardan biri ‎də Bakı-Supsa neft kəməri idi. Bakı-Supsa neft boru kəməri haqqında müqavilə ‎‎1996-cı ilin 6 martında Tbilisidə imzalanıb. Dəyəri 565 milyon ABŞ dolları olan ‎bu kəmərin uzunluğu 830 km, illik ötürmə qabiliyyəti 5,1 milyon ton, ‎gündəlik ötürmə gücü 115 min barel neftdir. Həmçinin boru kəmərinin tam gücü ‎ilə işləməsini təmin etmək məqsədilə Supsada hər birinin tutumu 250 min barel ‎olan 4 terminal da tikilib istifadəyə verilib.

Şərq - Qərb enerji dəhlizinin fəaliyyətə ‎başlamasında ilk real addım kimi tarixə düşən Bakı - Supsa neft kəməri enerji layihələri üzrə Azərbaycan və Gürcüstan hökumətlərinin əməkdaşlığının əsasını qoydu. Bu, 2006-cı ilin mayından istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft ‎və həmin ilin dekabrında istifadəyə verilən Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin də inşasına yol açıb. Həmçinin Bakı-Supsa neft kəmərinin təhlükəsiz və rentabelli fəaliyyəti xarici investorlarda bu beynəlxalq layihələrin maneəsiz ‎fəaliyyət göstərəcəyinə inam yaradıb. Bütün bu əzəmətli layihələrin həyata ‎keçirilməsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin əvəzsiz ‎tarixi xidmətləri olub. ‎

Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən 2005-ci ilin sonunadək kəmərlə 295 milyon barel neft nəql edilib. Bundan başqa, 2006-cı ilin 10 ayı ərzində isə 5,6 milyon ton neft ötürülüb. 2006-cı ilin noyabrında Bakı-Supsa boru kəməri üzrə neftin nəqli "bp" tərəfindən dayandırılıb. Buna səbəb neft kəmərinin yoxlanılması zamanı qüsurların aşkar edilməsi olub. Belə ki, Gürcüstanın qərbində yerləşən Zestafoni rayonunda neft kəmərinin istiqamət xəttinə baxış zamanı sürüşmə təhlükəsinin olduğu sahə aşkar edilib. Təhlükəli zonanı ötməyə imkan verən 1 km uzunluğunda boru kəməri xətti yenidən çəkilib, həmçinin Azərbaycanda da boru kəmərinin Kür çayından keçən hissəsi yenidən çəkilib. (http://www.azerbaijan.news.az/) 2008-ci ilin martında kəmərin fəaliyyəti bərpa edilib və 2008-ci ilin iyun ayının sonuna qədər kəmərdən 7700 ton neft ötürülüb. (http://www.az-customs.net/)

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Xəzər neftinin xarici ‎bazarlara çatdırılmasını təşkil edəcək neft boru kəmərinin tikilib istifadəyə ‎verilməsini "Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfə" ‎kimi qiymətləndirib.‎

Tarixi arayış 23 iyul 2008-ci ildə tərtib edilib.‎

***

Qərb İxrac Boru Kəməri Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Kəmər 1997-1998-ci illər ərzində tikilib. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanıb və 1999-cu ilin martına qədər davam edib.

Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Bakı-Supsa neft kəməri ilə ilkin Azərbaycan nefti 1999-cu il aprelin 17-də ixrac olunmağa başlanıb. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda “Azəri light” markası ilə dünya bazarına çıxarılmasıdır. Bu münasibətlə Gürcüstan Respublikasında keçirilən təntənəli açılış mərasimində Heydər Əliyev, Gürcüstan Prezidenti E.Şevardnadze və Ukrayna Respublikasının Prezidenti L.Kuçma iştirak ediblər.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.142