Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Bi-Pi" şirkətinin prezidenti Con Braunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbətindən - Prezident sarayı, 22 iyun 2001-ci il


Hörmətli Con Braun, mənim köhnə dostum!

Hörmətli qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda salamlayıram və bugünkü görüşümüzü çox əhəmiyyətli hesab edirəm. Ona görə də Azərbaycana gəldiyinizə görə sizə "Xoş gəlmisiniz!" deyirəm.

Mən iki gün bundan öncə, Böyük Britaniyanın milli bayramı günü sizin ölkənin səfirliyinin təşkil etdiyi mərasimdə çıxış edərkən sizi xatırlayırdım. Bilmirəm, cənab Vudvord sizə çatdırıb, yoxsa yox. O mənada ki, biz ilk dəfə Azərbaycanın milli neft strategiyasını həyata keçirmək üçün sizinlə işə başlamışıq və Azərbaycana, onun təbii sərvətlərinin istifadə olunmasına gələn və çox gərəkli işlər görən ən böyük şirkət "Bi-Pi" şirkətidir və onun prezidenti cənab Con Braundur. Sizinlə birlikdə ilk müqaviləni imzalayandan bəri yeddi il keçibdir.

O vaxt bu müqaviləni imzalayanda bizim gözümüzün qabağına böyük bir yol gəlmişdi, həqiqətən, yol böyük və uzundur. Amma birincisi, biz bunun bir hissəsini keçmişik, ikincisi də, artıq keçdiyimiz bu hissə onu göstərir ki, gələcəkdə bizim yolumuz daha da uğurlu olacaqdır. Güman edirəm, sizin bu ziyarətiniz zamanı biz bu məsələləri müzakirə edəcəyik. Xoş gəlmisiniz.

Con Braun:Cənab prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Çox sağ olun. Sizinlə bir daha yenidən görüşmək mənə şəxsi zövq verir. Həmçinin uzun fasilədən sonra Azərbaycana yenidən gəlməyim mənə daha böyük zövq verir.

Mənə elə gəlir ki, bizim indiki görüşümüz işlərimizdə çox həlledici bir andır. Elə bir andır ki, burada, Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi ilə bağlı sizin gələcəyə baxışınızın və arzunuzun həyata keçməyə başladığı həlledici andır. Mən sizinlə bu haqda, yəni hazırda həyata keçirmək ərəfəsində olduğumuz layihələrlə bağlı uzun söhbətləri çox yaxşı xatırlayıram. Sizin bu sahədə göstərdiyiniz ardıcıl əzmkarlığı, gələcəyə olan arzu və baxışınızı çox gözəl xatırlayır və bilirəm. Xüsusilə o layihələr haqqında ki, indi biz onları həyata keçirmək ərəfəsindəyik, onların yeni mərhələsinə qədəm qoyuruq. Hesab edirəm ki, göstərdiyiniz həmin əzmkarlıq və arzunuz bizim indiki layihələrdə öz əksini tapır. Biz bunu birlikdə yenə irəli apara biləcəyik.

Cənab prezident, mənim şirkətim, "Bi-Pi" şirkəti Sizin bu əzmkarlığınıza və arzunuza tamamilə şərikdir. Biz Sizinlə o işlər barəsində şərikik ki, hazırda onların həyata keçirilməsi üçün aydın təsəvvürümüz var və işlərimiz başlayır. Bu işlər əsasən ondan ibarətdir ki, Azərbaycanın neft, qaz ehtiyatlarını hasil edək. Bakıdan Ceyhana neft kəməri çəkək və Bakıdan Türkiyəyə qaz kəməri çəkək. Ona görə də Sizinlə Azərbaycandakı işlərimizi, hazırda gördüyümüz layihələri, həmçinin biznesimizin hansı mərhələdə, hansı səviyyədə olduğunu daha təfərrüatlı müzakirə etməyi səbirsizliklə gözləyirəm.

Heydər Əliyev: Çox gözəl. Mən bunu çoxdan gözləyirdim. Bir neçə ay bundan öncə burada sizin nümayəndələriniz, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti cənab Vudvord və "Şahdəniz" üzrə sizin təmsilçiniz böyük bir təqdimat mərasimi keçirdilər. Mənə, bizim hökumət üzvlərinə, eyni zamanda bütün ictimaiyyətə görülən işlər və gələcək perspektivlər haqqında yaxşı, ətraflı məlumatlar verdilər. Ancaq indi biz sizinlə birlikdə bu məsələni daha da ətraflı müzakirə etmək imkanı əldə etmişik. Birincisi, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarında gələcəkdə aparılacaq işlər haqqında, ikincisi, "Şahdəniz" qaz yatağı haqqında, üçüncüsü, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin tikilməsi barəsində və nəhayət, Bakıdan Türkiyəyə qazın ixrac olunması haqqında.

Biz 1994-cü ildə sizinlə müqaviləni imzalayanda ancaq "Azəri", "Çıraq", "Günəşli" haqqında düşünürdük. Biz iki il sonra, 1996-cı ildə "Şahdəniz" yatağına maraq göstərdik. İndi biz qaz ixrac etmək imkanına malik olan ölkəyik. O vaxt bu, bir fərziyyə idi. Amma indi reallığa çevrilibdir. Bilirsiniz ki, bu işlərin həyata keçirilməsində biz bir çox çətinliklərlə, maneələrlə rastlaşmışıq. Bu gün də rastlaşırıq. Bilirsiniz ki, Bakı-Tbilisi-Ceyhan ixrac kəmərinin çəkilməsində bizim bir neçə problemlərimiz oldu. Yəni bizim yox, bizimlə əməkdaşlıq edən digər ölkələrin. Biz Gürcüstana bu barədə yardım etmək məqsədi ilə onlara müəyyən güzəştlərə getdik. Ancaq indi Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasına başlamaq və həyata keçirmək lazımdır. Eyni zamanda qaz kəmərini. Bilirsiniz, mənim müşahidələrim nəyi göstərir? Bir şey olmayanda, yaxud da hələ çox uzaqda olan zaman ona həvəs göstərənlər çox olur. Amma məsələ reallaşandan sonra, əməli işlərin həyata keçirilməsində hərə əsassız çalışır ki, özü üçün daha da çox mənfəət götürsün. Hələ ki, iş başlanmayıb, bizə xahiş edirlər, müraciət edirlər, çox çalışırlar ki, bu işi edək. Ancaq iş reallaşanda gəlib deyirlər ki, bunu etmək olmaz, gəlin, bunu belə edək, onu elə edək. Biz bunu Bakı-Ceyhan layihəsində gördük. İndi də qaz kəmərində görürük. Ancaq bunlar bizim üçün elə bir problem deyil, biz öz işimizi aparırıq.

"Bi-Pi" olaraq indi artıq siz də ötən illərdə əldə etdiyiniz bütün məlumatlardan görürsünüz ki, biz düz yolla gedirik. Xatırlayırsınızmı, bir neçə il bundan öncə mübahisələr gedirdi - Bakı-Ceyhan olmalıdır, ya olmalı deyil. Hətta sizin adamlar da, hamısı bir yerdə deyirdilər ki, nə üçün Bakı-Ceyhan, gəlin, Supsaya gedən boru xəttini genişləndirək, ondan sonra baxarıq. Mən hamısını demirəm. Konsorsiuma daxil olan bəzi şirkətləri deyirəm. Amma biz mövqeyimizi dəyişmədik. Biz dedik ki, Bakı-Ceyhan olmalıdır. İndi siz də deyirsiniz ki, olmalıdır. Bilirəm, başqa ölkələrə izah edirsiniz ki, bu, çox real bir şeydir. Ona görə hesab edirəm ki, bizim gələcək işlərimizin hamısı uğurlu olacaqdır. Biz bu gün məsələlərin hamısını sizinlə müzakirə edib, ondan sonra işin gələcək mərhələsinə başlamalıyıq.

Con Braun:Cənab prezident, bu fikirlərə görə çox sağ olun. Mən Sizinlə görüşümü çox yaxşı xatırlayıram. Təxminən iki il yarım bundan əvvəl biz Sizinlə Davosda keçirilən konfransda görüşmüşdük. O vaxt Sizinlə Bakı-Ceyhan məsələsini müzakirə etdik. Yaxşı xatırlayıram ki, Siz o vaxt eyni əzmkarlıq, arzu və həvəslə bizə dediniz ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri mütləq baş tutmalıdır. Xatırlayırsınızsa, mən o vaxt Sizinlə razılaşmışdım. Amma bu işdə bizim yeganə problemimiz ondan ibarət idi ki, digərləri bi məsələ ilə razılaşmırdılar. Görürsünüz ki, onda razılaşmayan adamları razılığa gətirmək üçün xeyli vaxt getdi. Biz çalışdıq onlara izah edək ki, bu, həm kommersiya baxımından, həm ətraf mühitin qorunması, ətraf mühitə qayğı baxımından, həm də marşrutun düzgün seçilməsi baxımından yeganə düzgün yoldur. Mən inanıram ki, vaxt gələcək, indiki anda bu layihəyə qoşulmayanlar heyfsilənəcəklər ki, əvvəldən razılıqlarını bildirməyiblər.

Heydər Əliyev: Doğrudur.

Con Braun: Hətta onlar bunu etməsələr belə, hazırki anda bizim kifayət qədər gücümüz var. Kifayət qədər iştirak edən tərəflər var ki, biz bu işi reallığa çevirək. Mən buna inanıram, bu, elə bir imkandır ki, layihəyə qoşulmaq, onda iştirak etmək üçün bizim digərlərindən xahiş etməyimizə lüzum yoxdur. Əksinə, hesab edirəm ki, onların bu işə qoşulması üçün lüzum var. Düşünürəm ki, əgər onlar bu işə qoşulmaq istəyərlərsə, biz bunu alqışlayırıq. Yəni o adamlar indi bu layihəyə qoşulmaq istəklərini bildirsələr, - əlbəttə, bizim müəyyənləşdirdiyimiz düzgün şərtlər əsasında, - biz onları alqışlayırıq. Hesab edirik ki, onların qoşulması üçün münasib vaxtdır. Mən bu gün səhər cənab Vudvordla və cənab Birrellə, yəni "Bi-Pi"-nin Azərbaycandakı prezidentləri ilə həm Azərbaycanda, həm Gürcüstanda, həm də Türkiyədə işlərimizin vəziyyəti ilə yaxından tanış olduq. Səhər eşitdiklərimdən çox məmnunam ki, "Bi-Pi" ilə Azərbaycan Dövlət Neft Şirkəti arasındakı sıx əməkdaşlıq əvvəlki kimi yaxşı olaraq qalmaqdadır.

Mən inanıram ki, hazırda vəziyyət bu layihələrə baxış, birlikdə çalışmaq üçün praktiki işlər elə vəziyyətdədir ki, iki böyük boru kəməri çəkilişi layihəsinin - həm neft, həm də qaz boru kəmərlərinin tikintisinin birləşdirilməsində qarşımıza çıxacaq labüd problemlərin öhdəsindən gələ biləcəyik.

Hansı ölkə ilə götürsək, bunlar dünyanın ən böyük layihələri ilə müqayisə edilməlidir. İşlərin indiki vəziyyəti baxımından belə planlaşdırırıq ki, beş il ərzində biz bu layihələrə təxminən 13 milyard dollar sərmayə qoyacağıq. Biz, bu layihələrdə böyük sayda işçi qüvvəsindən istifadə edəcəyik. Bunun da çox hissəsi əsasən Azərbaycandan olacaqdır. Bu, Azərbaycanda hərtərəfli potensialın, işçi qüvvəsinin, bacarıq və səriştənin səfərbər olunması demək olacaqdır. Yəni həm işçilərin təlimatlandırılmasını, onların səriştə və bacarıqlarının artırılmasını, həm də layihənin idarə olunmasında bütün qüvvələrin səfərbər edilməsini və istifadəsini nəzərdə tuturam.

Hesab edirəm ki, çətinliklər olsa da, biz bunun hamısının öhdəsindən gələ biləcəyik. Yəni bunlar öhdəsindən gəlmək mümkün olan çətinliklərdir. Azərbaycan Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığımız davam edəcəkdir. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə də olacaqdır. Bu əməkdaşlıq sayəsində, həmçinin Gürcüstanda və Türkiyədə birlikdə işləyəcəyimiz podratçı şirkətlər arasındakı əməkdaşlıq nəticəsində biz bu çətinliklərin öhdəsindən gələcəyik.

Onu da deyim ki, mən Azərbaycanda Yanacaq və Energetika Nazirliyinin yaradılmasını alqışlayıram. Hesab edirəm ki, bu, bizim işlərimizə kömək olacaqdır. Şirkətimizin Azərbaycandakı daxili vəziyyətindən, işlərindən danışsam, onu deyə bilərəm ki, mən bundan çox razıyam. Onlarda öz işlərinə inam var və bu, onların uğurunun əsasıdır.

Mən bu səfərim çərçivəsində Türkiyədə oldum. Türkiyənin prezidenti cənab Əhməd Necdət Sezər ilə görüşdüm. Sonra eyni imkandan istifadə edib Gürcüstana da baş çəkdim, prezident cənab Şevardnadze ilə görüşdüm. Mən hamıya öz fikrimizi çox açıq şəkildə çatdırdım. Sanki bu, ictimaiyyətə çatdırılmış fikir oldu. Bu da ondan ibarətdir ki, biz işimizin elə bir mərhələsinə gəlib çatmışıq ki, bu, həlledici andır. Həmçinin çox mühüm addım atmaq ərəfəsindəyik, çox mühüm bir an yaşayırıq. Yəni böyük miqyaslı neft və qaz layihələrinin, həmçinin boru kəmərləri layihələrinin həyata keçirilməsi ərəfəsindəyik. Mən bunu onlara aydın çatdırdım ki, bu, işimizin həlledici anıdı. Onlara dedim ki, həm də bu bayram ediləsi bir andır. Yəni elə bir andır ki, biz bunu bayram etməliyik.

Heydər Əliyev: Doğrudur. Mən sizin fikirlərinizlə çox razıyam. Biz həmişə sizinlə eyni istiqamətdə hərəkət etmişik və eyni istiqamətdə düşünürük.

Məni məmnun edən odur ki, siz artıq əvvəlki zamanlara nisbətən bu işlərin geniş miqyasda aparılması haqqında əməli tədbirlər görürsünüz. Bu, mənim üçün çox vacibdir. Çünki iki-üç il bundan öncə əhval-ruhiyyə bir az başqa cür idi. Biri razı idi, biri razı deyildi. Amerika şirkətləri deyirdi Bakı-Ceyhan lazım deyil, biz deyirdik, lazımdır. Siz də ortada qalmışdınız, bilmirdiniz nə edəsiniz.

İndi, elə bu günlərdə də Amerika Birləşmiş Ştatlarında bəzi ermənipərəst konqresmenlər, hansılar ki, Azərbaycana qarşı düşmənçilik mövqeyində durublar, prezident Corc Buşa məktub yazıblar ki, Bakı-Ceyhan olmamalıdır, yaxud olsa da, gərək Ermənistandan keçsin. Güman edirəm, siz bunu eşitmisiniz. Amma eyni zamanda, gərək ki, bu gün "Nyu-York Tayms" qəzetində Bakı-Ceyhana çox böyük dəstək verildiyi bildirilibdir. Görürsünüz, hələ də bizə təzyiq etmək istəyirlər, mane olmaq istəyirlər. Amma indi sizdə bu işə böyük inam yaranıbdır və artıq konkret işlərə başlamısınız. İndi söylədiniz ki, bu layihələrin həyata keçirilməsinə bir neçə il müddətində 13 milyard dollar sərmayə qoyacaqsınız, artıq bu, hamının dilini kəsir.

Con Braun: Cənab prezident, Sizinlə tamamilə razıyam. Düz buyurursunuz. Məlumat vermək istəyirəm ki, keçən cümə günü mən vitse-prezident Çeyni ilə görüşmüşəm və onunla Bakı-Tbilisi-Ceyhan boru kəməri haqqında söhbət etmişəm. Mənim zənnimcə, o tərəfdən həm bu layihəyə, həm də Azərbaycan qazını Türkiyəyə çatdıracaq qaz boru kəməri layihəsinə böyük dəstək var. İstər Türkiyə prezidenti ilə, istərsə də Türkiyədə digər tərəflərlə olan danışıqlarımdan, müzakirələrimdən belə başa düşdüm ki, Türkiyə tərəfdən də bu layihələrə böyük dəstək var. Türkiyə tərəfindən hiss etdiyim dəstək, təkcə neft boru kəməri üçün deyil, həm də qaz boru kəməri üçündür. Söhbətlərdən belə başa düşdüm, onların məqsədləri var ki, gələcəkdə Azərbaycandan alınacaq qaz Türkiyədən keçərək Avropaya çatdırılsın. Qaz kəməri haqqında danışıqlar Gürcüstanda hələ davam etsə də başa düşdüm ki, Gürcüstan da bu boru kəmərini özü üçün çox mühüm hesab edir.

Cənab prezident, həmişə bir şeyə də inanmışam və inanıram ki, ticarət əlaqələri digər bütün əlaqələri dəyişə bilər, onlara təsir edə bilər.

Ona görə ümidvaram ki, bu imkandan istifadə edərək, Siz, cənab prezident, həm öz vəzifənizdən, həm də öz nüfuzunuzdan istifadə edərək, bu regionda lazım olan, çox mühüm olan sabitliyin yaradılmasında öz sözünüzü deyəcəksiniz, bunu yaradacaqsınız. Regional sabitlik sərmayə qoymaq istəyən hər bir insanın beyninə həkk olunmuş bir şeydir. Əgər bu əldə edilərsə, inanıram ki, indiki sərmayələr uğurlu olacaqdır.

Bundan başqa bu, elə geniş imkanlar açacaq ki, bəlkə heç bizim düşünmədiyimiz yeni sərmayələri regiona, o cümlədən Azərbaycana cəlb edəcəkdir.

Heydər Əliyev: Elədir.

Amerikanın prezidenti cənab Corc Buş prezidentlik fəaliyyətinə başlayan kimi mənə ətraflı bir məktub yazmışdı. Ondan sonra, bu ayın əvvəlində Bakıda neft-qaz sərgisinin keçirilməsi münasibətilə də mənə məktub yazmışdı.

O, bu məktublarda çox açıq-aydın bildirir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti Azərbaycana böyük əhəmiyyət verir, Azərbaycanın Xəzər dənizindəki neft və qaz yataqlarının işlənilməsini dəstəkləyir. O, hər iki məktubda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Azərbaycan qazının Türkiyəyə verilməsi məsələlərini xüsusi deyir və dəstəkləyir. Yəni bu barədə Amerika Birləşmiş Ştatlarının hökuməti ilə bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Ancaq siz bilirsiniz ki, maneçilik göstərənlər də var. Mən bunu ona görə demirəm ki, maneçilik göstərənlər bir şeyə nail ola bilərlər. Yox, heç bir şeyə nail ola bilməzlər. Ancaq görürsünüz, çalışırlar. Amma bizim narahatçılığımız yoxdur və heç kəs də bizə mane ola bilməz. Ancaq indi kənarda bir az hürənlər var.