Azərbaycan Prezidenti Heydər Əliyev Ukraynanın müdafiə naziri Vladimir Sikdçenkonu qəbul etmişdir - 30 yanvar 2003-cü il


Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev yanvarın 30-da Prezident sarayında Ukraynanın müdafiə naziri, ordu generalı Vladimir Şkidçenkonu qəbul etmişdir.

Prezident Heydər Əliyev qonağı salamlayaraq bildirdi ki, Ukrayna müdafiə nazirinin rəsmi səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin genişləndiyinə sübutdur. Ukrayna ilə Azərbaycan arasındakı dostluq möhkəmdir, əməkdaşlıq çox səmərəli, səmimi və etibarlıdır. Dövlətimizin başçısı vurğuladı ki, o, prezident Leonid Kuçma ilə yaranmış mehriban dostluq münasibətlərini yüksək qiymətləndirir. Azərbaycan prezidenti Ukraynanın müdafiə nazirini əlamətdar hadisə - prezident Leonid Kuçmanın MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının sədri seçilməsi münasibətilə təbrik etdi. Bildirildi ki, sədr vəzifəsinin bu cür rotasiya prinsipi Birliyin bütün tarixi ərzində ilk dəfə qəbul olunub və bu prinsipi dövlət başçılarının əvvəlki, 2002-ci ildə Kişinyovda keçirilmiş zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin təklif etmişdi.

Ukraynanın müdafiə naziri Vladimir Şkidçenko səmimi qəbula görə təşəkkürünü bildirərək, səfərin gedişində apardığı danışıqlar barədə məlumat verdi. O dedi ki, Bakıya səfər ərəfəsində prezident Leonid Kuçma nümayəndə heyəti qarşısında ölkələrimiz arasında hərbi əməkdaşlığın səviyyəsinin daha da yüksəldilməsi vəzifəsini qoymuşdur. Səfər zamanı müdafiə nazirləri danışıqlar aparmış, 2003-cü ildə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalanmışdır. Qonaq bildirdi ki, iki ölkə arasında hərbi təhsil sahəsində, hərbi-texniki sahədə yaxşı əməkdaşlıq yaranmışdır. NATO ilə əlaqələrin möhkəmləndirilməsi yolları barədə də fikir mübadiləsi aparılmışdır. Ukrayna müdafiə nazirinin fikrincə, belə fikir mübadiləsinin zəruriliyi hər iki ölkənin strateji məqsədlərinin oxşarlığından irəli gəlir.

Vladimir Şkidçenko Ali hərbi məktəbdə və təlim mərkəzində də olduğunu söylədi və Azərbaycanda hərbi təhsil sahəsində həyata keçirilən islahatı yüksək qiymətləndirdi. General bildirdi ki, o, Azərbaycanda gördüyü bir sıra müsbət yenilikləri Ukrayna Silahlı Qüvvələrində tətbiq etmək niyyətindədir. Nazir prezident Heydər Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda əldə olunmuş böyük nailiyyətləri də vurğuladı.

Prezident Heydər Əliyev vurğuladı ki, son vaxtlar Azərbaycanda hərbi təhsilin təkmilləşdirilməsi üçün böyük iş görülmüşdür. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə hərbi quruculuq Ermənistanla müharibə şəraitində getmişdir. O illərdə müəyyən şəxslər guya müdafiə məqsədləri ilə silahlı dəstələr yaradırdılar, əslində isə, həmin dəstələr bu adamların hakimiyyət uğrunda mübarizəsi ilə bağlı şəxsi məqsədlərinə xidmət edirdi. Ukraynanın isə Milli Ordu yaratmaq məsələlərində daha böyük üstünlükləri var idi, çünki sovet ordusunda ukraynalılar bir çox rəhbər vəzifələrdə təmsil olunmuşdular və sıravi heyətin xeyli hissəsini təşkil edirdilər.

Azərbaycan zabitləri Ukraynanın ali hərbi məktəblərində təhsil alırlar. Odur ki, hərbçilərimiz bu ölkənin təcrübəsindən hər vasitə ilə bəhrələnməlidirlər. Azərbaycan prezidenti bildirdi ki, Ukrayna nümayəndə heyətinin səfəri, Bakıda aparılmış danışıqlar ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm hadisədir. Hərbi sahədə daha sıx əməkdaşlığı inkişaf etdirməyə xüsusi zərurət var.

Vladimi Şkidçenko azərbaycanlı həmkarının MDB ölkələrinin müdafiə nazirləri arasında yüksək nüfuzu olduğunu söylədi və onu Ukraynaya səfərə dəvət etdiyini bildirdi.

Qəbulda müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, prezidentin köməkçisi Vahid Əliyev, Ukraynanın Bakıdakı səfiri Boris Aleksenko iştirak edirdilər.