Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Literaturnaya qazeta"nın xüsusi müxbirləri ilə müsahibəsi - 12 avqust 2000-ci il


Sual: Cənab prezident, son vaxtlar dərc olunan çoxlu yazılar ölkələrimiz arasında münasibətlərdəki müsbət dəyişikliklərdən xəbər verir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara biləcək obyektiv şərait varmı? İqtisadi zəmin, siyasi vəziyyətdə dəyişikliklər mövcuddurmu? Yaxınlaşma prosesi yetişibmi?

Cavab: Əvvəla, deməliyəm ki, indi Rusiya ilə Azərbaycan arasında münasibətlərin guya pis olduğunu qəti şəkildə iddia etmək düzgün deyildir. Əlbəttə, Rusiya ilə məsələlərimiz var və onlar münasibətlərimizə müəyyən dərəcədə təsir göstərir, amma bunlar yalnız ayrı-ayrı məsələlərdir. Xarici siyasətimizin strateji mənafeləri bundan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri olmalıdır, bütün sahələrdə əməkdaşlıq olmalıdır və bu münasibətlər inkişaf etdirilməlidir, çünki onlar birgə həyatımızın çoxillik tarixinə əsaslanır. Unutmaq olmaz ki, biz XIX əsrdə də birlikdə olmuşuq, Azərbaycan xalqı çox şeyə - ümumbəşəri dəyərlərə və Avropa dəyərlərinə, dünyəvi təhsilə Rusiya vasitəsilə qovuşmuşdur. Belə şeylər unudulmur və heç kim bütün bunları amiranə surətdə ləğv edə bilməz. Bizim "xalq cəbhəsi" Rusiyaya düşmənçilik hissləri aşılamağa çalışdı, lakin bu, baş tutmadı. Şəxsən mən heç vaxt bunun tərəfdarı deyiləm.

Bununla belə, cəmiyyətimizə ağır təsir bağışlamış hadisələr baş vermişdir. Birincisi, bu, Ermənistanla Azərbaycan arasında münaqişəyə çevrilmiş Dağlıq Qarabağ məsələsidir. Sovetlər İttifaqının rəhbərliyi bu məsələyə lap əvvəldən qeyri-obyektiv, qərəzli münasibət göstərdi. Mən uzun illər Siyasi Büronun tərkibində olmuşam və o dövlətin imkanlarını çox gözəl bilirəm. Mən əminəm: əgər hökumət istəsəydi, bu münaqişəyə yol verməzdi. Bu, mənim rəyimdir.

Sual: Bunun kökündə hansısa şəxslərin insani səhvləri dururdu, yoxsa bu, o vaxtkı Sovet İttifaqının siyasətinin səhvi idi?

Cavab: Siyasət bəsitdən də bəsit idi: baş katib nə qərara gəlirdisə, o da siyasət idi. Az-az adam tapılardı ki, onun rəyi ilə razılaşmasın. Mən öz baxışlarımı bildirirdim, lakin onlar əslində nəzərə alınmırdı. Məsələn, 1986-cı ildə mən Qazaxıstan barəsində öz rəyimi bildirərək dedim ki, qazax millətindən olmayan adamı oraya respublikanın başçısı göndərmək olmaz. Mən şəxsən Qorbaçovla bu barədə yarım saat danışdım, lakin o, fərqinə varmadan istədiyi kimi etdi. Bunun nəticələri məlumdur. Əminəm ki, Ermənistanla bizim münaqişəmizə aid məsələlərdə də əsas məsuliyyəti Qorbaçov daşıyır. Ümumiyyətlə, onunla işlədiyim dövrdə mən onun müsəlman ölkələrinə subyektiv münasibət bəslədiyini hiss edirdim.

Xalqda mənfi münasibət doğurmuş birinci məsələ budur.

İkincisi, İyirmi yanvar, sovet qoşunlarının Bakıya yeridilməsidir ki, bu da günahsız insanlar arasında çoxsaylı tələfata gətirib çıxardı. Mən Sovetlər İttifaqının tarixini çox yaxşı bilirəm. Bu, İttifaqın respublika barəsində misli görünməmiş qəddarlıq hərəkəti idi.

Sual: Novoçerkasskda buna bənzər hadisə baş vermişdi...

Cavab: Yox, belə deyil. Oraya bu qədər qoşun yeridilməmişdi. Orada bu qədər adam həlak olmamışdı. Həm də Azərbaycan müttəfiq respublika idi. Ona görə bu, milli faciə idi.

Üçüncüsü, Ermənistanla Azərbaycan arasında hər halda müharibə başlayanda ittifaq rəhbərliyi bu müharibəni dayandırmaq üçün heç nə etmədi. Stepanakertdə yerləşən 366-cı alay hərbi əməliyyatlarda fəal iştirak edirdi. Bundan əlavə, Ermənistan Moskvadan çox keyfiyyətli silahla, döyüş sursatı ilə təchiz olunurdu. Siz Xocalıda törədilmiş soyqırımı yada salın.

Bax, bütün bunlar, əlbəttə, əhalidə böyük narazılıq doğururdu və "xalq cəbhəsi" də antirus əhval-ruhiyyəni qızışdırmaq üçün bundan istifadə edirdi. İş o yerə çatdı ki, Azərbaycan MDB-nin tərkibinə daxil olmadı. Mən buraya 1993-cü ildə gəldim. Heç bilirsinizmi, Azərbaycanın bu təşkilatın tərkibinə daxil olması üçün xalqın razılığını almaqdan ötrü mən nə qədər zəhmət çəkməli oldum! Bunun üçün bir neçə ay vaxt sərf etmək lazım gəldi.

Baxın, sonra nələr oldu. Müharibə dayandırıldı, sülh necə yox idisə, eləcə də yoxdur. Respublikanın ərazisində bir milyon qaçqın var, ərazinin iyirmi faizi işğal edilibdir...

Əminəm və bunu dəfələrlə bəyan etmişəm - Qarabağ probleminin həllinin, regionun normal həyata keçməsinin açarı Rusiyanın əlindədir. Ermənistana onun təsiri çox böyükdür və vəziyyətin qəti şəkildə nizama salınması Rusiyanın xoş məramından asılıdır. Konkret tədbirlər görülməsini Yeltsindən nə qədər xahiş etmişdim! Vədlərdən savayı, ayrı heç bir iş görülmədi. 1997-ci ildə Prezident Aparatının Nəzarət İdarəsi Ermənistana qeyri-leqal, qanunsuz, pulsuz olaraq bir milyard dollarlıq silah, döyüş sursatı, hərbi texnika verilməsi faktını aşkara çıxardı. Məsələ hətta Dumada müzakirə olunur və Duma işin istintaqının prokurorluğa tapşırılması haqqında qərar qəbul edir. Mən Yeltsinlə görüşürəm, o, hiddətlənir: "Bəli, bütün bunları mənim nəzarət idarəm aşkara çıxarıbdır. Mən göstəriş vermişəm". Bu, 1997-ci ilin martında baş verir. İyulun əvvəllərində mən Moskvaya rəsmi səfərə gedirəm. Orada bu məsələni qaldırıram, artıq Yeltsinin avazı başqa cür gəlir. Görünür, onu müdafiə olunmağa hazırlamışdılar. O, mənə deyir: "Bilirsinizmi, bunu araşdırmaq lazımdır, mənə deyirlər ki, Sovet İttifaqı dağılarkən Azərbaycanda Ermənistandakına nisbətən daha çox silah qalmışdır". Necə də qəribə məntiqdir. Deməliyəm ki, mən öz münasibətimi çox kəskin şəkildə bildirdim. Onda o, mənə deyir: "gəlin, birgə komissiya yaradaq". Mən güzəştə getdim, komissiyanı yaratdıq. Əlbəttə, hər şey bürokratik süründürməçilikdə itib-batdı. İstintaq gedir. Vəziyyət tamamilə aydındır, amma heç nə dəyişməyibdir.

Bütün bunlar yaxınlaşma üçün heç də yaxşı zəmin yaratmır.

Sual: Cənab prezident, amma etiraf edin ki, hətta ən yeni tarix də hər halda tarix olaraq qalır. Siyasətçilər irəliyə baxmalıdırlar.

Cavab: Mən həmişə Rusiya ilə dostluq və əməkdaşlıq mövqelərində durmuşam və indi də dururam. Səmimi dostluq və əməkdaşlıq mövqelərində. Azərbaycan da həmişə eyni mövqe tutmuşdur. Anlaşılmazlığa görə təqsirkar biz deyilik. İndi vəziyyət dəyişibdir: Yeltsin yoxdur. Onun komandasından çoxları da yoxdur. Məndə Putinə qarşı etimad yaranmışdır, ümid yaranmışdır ki, o, Azərbaycana daha obyektiv münasibətin formalaşmasına təsir göstərə bilər, Azərbaycanla Rusiya arasındakı kin-küdurətin aradan qaldırılması üçün addımlar ata bilər.

Sual: Sizin Putinlə şəxsi münasibətləriniz yaranıbmı?

Cavab: Münasibətlərimiz normaldır, hətta çox yaxşıdır, mən onunla söhbətimdən razıyam. Razıyam, amma konkret addımlar gözləmək və başlıcası - Ermənistan-Azərbaycan münaqişəsini həll etmək lazımdır. Qalan hər şeyi tarixin öhdəsinə buraxaq. Açar Rusiyanın əlindədir, heç yerdə - nə Amerikada, nə Fransada, nə də ATƏT-də deyildir. Ancaq Rusiyadadır.

Sual: Ermənistan lideri ilə Sizin birbaşa əlaqələriniz varmı?

Cavab: Bəli, əlbəttə. Ötən il biz bir neçə görüş keçirdik.

Sual: Mövqelərdə hansısa yaxınlaşma mövcuddurmu?

Cavab: Yaxınlaşma var idi, lakin siz bilirsiniz ki, oktyabrda Ermənistanda terror aktı törədildi, sonra orada vəziyyətin sabitliyi pozuldu və əlaqələr, əslində, kəsildi. Biz avqustun 18-də Yaltada görüşməliyik. Orada MDB dövlətləri başçılarının görüşü olacaqdır.

Sual: Axı bu münaqişə məşhur neft layihəsinə xeyli dərəcədə mane olur. İndi belə bir fikir var ki, Azərbaycan bütün Cənubi Qafqaz üçün hərəkətverici iqtisadi qüvvə ola bilər. Gürcüstan da, Ermənistan da neft hasilatının inkişafına, boru kəməri çəkilməsinə son dərəcə maraq göstərir. Layihənin indiki vəziyyətini və onun yaxın perspektivlərini qısaca səciyyələndirə bilərsinizmi? Daha bir sual. Bu layihə Azərbaycan üçün hər halda iqtisadi, yoxsa siyasi əhəmiyyətli layihədir?

Cavab: Bu, bizim üçün ilk öncə iqtisadiyyat məsələsidir. Təbii ki, bu layihənin həyata keçirilməsi təhlükəsizliyə müəyyən dərəcədə təminat verir, amma biz iqtisadi məqsəd güdürük. Ona görə ki, respublikamızı mürəkkəb vəziyyətdən çıxarmaq istəyirik. Çıxarırıq da. 1993-1995-ci illərdə və 2000-ci ildə olanlar arasında yerlə göy qədər fərq var. 1994-cü ildə imzalanmış ilk iri müqavilə planda nəzərdə tutulan müddətlər gözlənilməklə tamamilə həyata keçirilir. 1997-ci ildə biz ilkin nefti hasil etdik, neftin ixracı üçün həmin vaxtadək iki boru kəməri çəkdik. Yeri gəlmişkən, onlardan biri Bakı-Novorossiysk neft kəməridir. Mən Moskvaya getdim, Yeltsinlə, Çernomırdinlə xüsusi olaraq görüşdüm, neft kəməri haqqında saziş imzaladıq. Biz ilk nefti də məhz bu boru kəməri ilə ixrac etməyə başladıq. Sonra biz ikinci - Bakı-Supsa neft kəmərini çəkdik. Supsa Qara dənizdə Gürcüstanın limanıdır.

İndi layihənin hələlik birinci mərhələsi gedir, yəqin ki, gələn il ikinci mərhələyə başlayacağıq. Təkcə bu layihə bizə böyük mənfəət verəcək, biz isə daha 19 müqavilə imzalamışıq. Məsələn, dünən mən Kanadanın neft şirkətinin rəhbərliyini qəbul etdim. Bu şirkət bir il əvvəl buraya gəlmişdir və biz yataqların birinin 5 faizini onlara istismara vermişik.

Bu gün mənə dedilər ki, bizimlə əvvəllər də əməkdaşlıq etmək istəyən "Şell" şirkəti yenidən buraya gəlmişdir (onlar çıxıb getmişdilər, lakin sonra buraya qayıtdılar, iki şirkətin payını aldılar). İndi onların imkanlarını genişləndirməyi xahiş edirlər. Bu günədək imzalanmış müqavilələr 60 milyard dollar məbləğində sərmayə qoyulmasını nəzərdə tutur. Birinci layihədə sərmayələrin məbləği 8 milyard dollar həcmində nəzərdə tutulurdu və indiyədək təxminən 3 milyard dollardan istifadə edilmişdir. Biz iri qaz yatağı aşkara çıxarmışıq və orada işləri genişləndiririk. Bizdə geofiziki işlər çoxdan aparılıbdır, axı, biz 50 ildən çoxdur dənizdə işləyirik. Biz Xəzərin eninə də bələdik, uzununa da. Öz real imkanlarımızı bilirik, perspektivlərimizi bilirik.

Bakı-Tbilisi-Ceyhan müqaviləsi qəti şəkildə imzalanmışdır. Onun Türkiyə üçün əhəmiyyəti var, Gürcüstan üçün əhəmiyyəti var. Onlar tranzitdən böyük mənfəət götürəcəklər. Elə həmin Bakı-Ceyhan layihəsi ilə əlaqədar olduqca çoxlu şirkət müraciət edir və bu neft kəmərinin inşasına qoşulmağı xahiş edirlər, çünki onun dəyəri 2 milyard 400 milyon dollardır.

Yeri gəlmişkən, biz vaxtilə ermənilərə təklif etdik: gəlin, neft kəmərini Türkiyəyə Gürcüstandan deyil, Ermənistandan çəkək. Amma onlar məsələni həll etməkdən boyun qaçırdılar və çox şey itirdilər, çünki münaqişəyə əvvəl-axır son qoyulacaqdır.

Sual: Əlbəttə, hər bir müharibə hökmən sülhlə qurtarır. Yeri gəlmişkən, daha bir sual. Rusiya sərmayəsinin iştirakı ilə mümkün ola biləcək hansısa bir alüminium layihəsi Rusiyada çox qızğın müzakirə edilir. Bu, hansısa real niyyətdir, yoxsa hələlik söz-söhbətdir?

Cavab: Real imkanlar var. Sumqayıtda iri bir alüminium zavodumuz boş dayanmışdır. Vaxtilə Gəncədə iri gil-torpaq zavodu tikilmişdi. Alunit yataqlarımız var. Alunitin emalından gil-torpaq alınır. Yəni, bir vaxtlar bizdə texnoloji silsilə yaradılmışdı və bu gün o pozulubdur. İndi biz vahid kompleksi yenidən yaradırıq və xarici sərmayələr üçün tender elan etmişik. Danışıqlar aparılır. Namizədlik çoxdur, o cümlədən də Rusiyadan. Bu, böyük perspektivi olan real layihədir.

Sual: Hər halda tender həll edəcəkdir?

Cavab: Əlbəttə, söhbət, necə deyərlər, məhsul bölgüsündən gedir. Bundan başqa, bonus: kim daha çox bonus verirsə, kim maliyyələşdirməyə razıdırsa, üstünlüyü də o şirkətə veririk.

Sual: Heç bir siyasi üstünlük olmadan?

Cavab: Yox, yox. İndi hər şeyi tender həll edir. Amma, əlbəttə, bizim üçün yüksək texnologiyaya malik etibarlı şirkətləri cəlb etmək vacibdir.

Sual: Bir daha "siyasi iqtisad" barədə. Siz Kalyujnının Xəzərin problemləri üzrə Rusiyanın nümayəndəsi təyin olunmasını müsbət fakt hesab edirsinizmi?

Cavab: Çox müsbət faktdır, hesab edirəm ki, Rusiyanın keçmiş rəhbərliyinin səhvlərindən biri məhz bu sahədə idi. İnanıram ki, bu təsisat da, neft sənayesi sahəsində böyük təcrübəyə malik olan Kalyujnının özü də bir çox məsələləri tənzimləməkdə bütün Xəzəryanı ölkələrə kömək edə bilər.

Sual: Xəzər məkanının bölgüsü ideyasının özünə münasibətiniz necədir? 

Cavab: Əvvəlcə prinsiplərdən danışmaq lazımdır. Biz bu yaxınlarda məhz Kalyujnı ilə həmin məsələni müzakirə etdik. Mən bu fikirdəyəm ki, məsələni mərhələ-mərhələ həll etmək lazımdır. Birinci mərhələdə milli sektorlar müəyyən edilməlidir. İkinci mərhələdə sektor anlayışının özünün nəyə aid olduğu, - bu, ən əvvəl dənizin dibinə aiddir, - sonra isə qalan məsələlər: suyun səthi, balıq ovu, gəmiçilik barədə razılığa gəlinməlidir. Bunlar asan məsələlərdir, ən başlıcası sektorları müəyyənləşdirmək və bu barədə razılığa gəlməkdir.

Sual: Bu məsələ hələ həll edilməyib?

Cavab: Bizim üçün həll olunubdur. Məsələ Rusiya ilə Qazaxıstan arasında da həll edilib, amma bizimlə, Türkmənistan və İran arasında hələ həll olunmayıbdır.

Sual: Yeri gəlmişkən, İranın qeyri-adi ideyası olmuşdur. Guya o, Xəzərlə İran körfəzi arasında kanal çəkilməsini təklif etmişdir.

Cavab: Mən bunu eşitmişəm, ancaq, sözün açığı, bunu siyasi zarafat səviyyəsində qəbul edirəm.

Sual: Görünür, iqtisadiyyatın inkişafı üçün başlıcası regionda sabitlik məsələsidir.

Cavab: Bəli, regionda sabitlik təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan və Gürcüstan üçün vacibdir.

Sual: Sabitliyin əsas göstəricilərinə görə Azərbaycanın MDB-də tayı-bərabəri yoxdur.

Cavab: Elədir. Çoxsaylı qaçqınların olmasına, burada bir sıra dövlət çevrilişi cəhdləri edilməsinə, birbaşa terror əməlləri və s. törədilməsinə baxmayaraq, indi biz möhkəm ictimai-siyasi sabitliyə nail olmuşuq. Daxili işlər naziri ilin birinci yarısının yekunlarına həsr edilmiş geniş kollegiya iclası barədə bu gün mənə məlumat verdi. MDB ölkələri arasında cinayətkarlıqla mübarizədə ən yüksək göstəricilər bizdədir.

Sual: Mümkünsə, Qarabağdan sonra ikinci baş ağrıdan məsələ, Çeçenistan problemi barədə bir neçə kəlmə deyərdiniz.

Cavab: Mən bu suala belə cavab verəcəyəm - bizə bütün Qafqazda sabitlik gərəkdir. Çeçenistan Azərbaycanın yaxınlığında yerləşir. Çeçenistan hadisələri bizi, təbii ki, narahat edir. Biz istəyirik ki, orada qayda-qanun, sabit vəziyyət olsun. Amma, bununla yanaşı, biz separatçılığa yol verilməməsi mövqelərində möhkəm durmuşuq. Biz hər bir dövlətin ərazi bütövlüyü prinsipini qətiyyətlə dəstəkləyirik, çünki 12 ildən bəri bizə əzab-əziyyət verən separatizmin, dəfələrlə qarşılaşdığımız terrorizmin nə demək olduğunu gözəl bilirik. Hərçənd MDB-də hər hansı sənədlər hazırlanarkən biz oraya separatizmin pislənməsi barədə müddəa daxil etdikdə, Ermənistan isə razılaşmadıqda, bu müddəanın çıxarılması üçün bizi dilə tuturlar.

Sual: "Litqazeta"nın jurnalistləri sizinlə çoxdan görüşməmişlər. Respublikada çox şey dəyişmişdir. Nə vaxtsa ancaq uzaq gələcəyin planları hesab edilən planlar artıq həyatın reallıqlarına çevrilmişdir. Siz indi deyə bilərsinizmi, Azərbaycanı beş ildən sonra necə görürsünüz?

Cavab: Beş ildən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu, həddən çox "əgər"lərdən asılıdır. Əgər Ermənistanla münaqişə həll olunarsa, əgər işğal altındakı ərazimiz azad edilərsə, əgər bir milyon qaçqın öz yaşayış yerlərinə qayıdarsa və onlar öz torpağında işləyib çörək pulunu özləri qazanarsa.

Ancaq artıq bu gün sıçrayış üçün zəmin var. Kənd təsərrüfatımızda problemlər yoxdur. Biz qəti addımlar atdıq və torpağı kəndlilərə payladıq - nəticələr də göz qabağındadır. Artıq bu günədək ötən ilin həmin dövrünə nisbətən 400 000 ton çox taxıl yığılmışdır. Sovetlər İttifaqının ən yaxşı illərində biz təxminən 1 milyon 300 min - 1 milyon 400 min ton taxıl yığırdıq, bu il isə 1,5 milyon ton olacaqdır. Bizə başqa ölkələrdən çoxlu ərzaq gətirilirdi. İndi ərzaq problemlərini özümüz həll edirik. Daha ət gətirmək lazım deyil, çünki özümüzdə ət boldur. Kənd təsərrüfatının məhsuldarlığı 7 faiz artmışdır.

Bizdə ümumi daxili məhsul üzrə artım 7,5 faiz, sənaye üzrə 4,5 faizdir. Neçə illərdir inflyasiya yoxdur. İnflyasiya olmadığından alıcılıq qabiliyyəti yüksəlir, istehlak mallarının satışı artır, onların qiymətləri aşağı düşür. Ötən il və cari il ərzində mən büdcədən maliyyələşdirilən təşkilatlarda çalışan adamların bütün kateqoriyalarının əmək haqqını qaldırmışam. Tədricən emal sahələri yaradılır. Əvvəllər bizdə 120 şərab zavodu vardı, 2 milyon ton üzüm istehsal edirdik, çünki bütün bunlar Sovetlər İttifaqına lazım idi. Biz şərab materiallarını Sovetlər İttifaqının hər yerinə göndərirdik, orada şərabı şüşələrə doldurub satırdılar. İndi Rusiya bunların hamısını başqa ölkələrdən alır.

Şəhərlərin problemi sənayenin bərpası problemidir. Bu məsələ Bakıda tədricən həll edilir, çünki biz bir çox müəssisələri, əsasən, özəlləşdirmə yolu ilə dirçəldirik. Mən neft sənayesinin inkişaf edəcəyinə və ondan gəlir götürüləcəyinə əminəm. Məşğulluğu da unutmayacağıq - mədənlərdə əcnəbilər cəmi 10 faizdir, onda doqquzu bizim neftçilərdir.

Xidmət sahəsi genişlənir. Olduqca çox mehmanxana, restoran açılmışdır. Onlar adamla doludur - deməli, çox adam yüksək əmək haqqı alır.

Əlbəttə, Azərbaycan Rusiyaya dost dövlət olacaqdır.

Yeri gəlmişkən, burada mənə təzyiq göstərməyə çalışırlar: nə üçün Rusiyanın əslində bütün telekanalları translyasiya edilir? Bizdə rus dilində çoxlu qəzet çıxır, rus teatrı işləyir, Rusiya ifaçılarının müntəzəm surətdə konsertləri olur.

Lap bu yaxınlarda Moskva günləri keçirildi. Moskva hökuməti sədrinin müavini L.Şvetsova gəlmişdi. Biz onunla əslində bütün tədbirlərdə olduq. Bir deyin, hansı respublikada bundan çox edilir? Amma bütün bunları görmək, qiymətləndirmək lazımdır. Bəzi kütləvi informasiya vasitələrində edildiyi kimi, Azərbaycana qara yaxmaq lazım deyildir.

Müxalifət mətbuatı xüsusilə "fərqlənir", amma mən hesab edirəm ki, fəal müxalifətin və müxalifət mətbuatının olması respublika üçün, onun dövlət quruculuğu üçün müsbət əlamətdir.

Yəqin ki, Avropa Şurasında da belə hesab edirlər, axı, Azərbaycan bu mötəbər təşkilata doğru aparan yoldadır.

Biz sözlə, mən respublikanın nurlu gələcəyinə inanıram, inanıram və ümid edirəm.

"Azərbaycan" qəzeti, 14 avqust 2000-ci il.

Tarixi arayış