Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 1996-cı il


Hörmətli həmvətənlər, əziz bacılar və qardaşlar, Azərbaycan Respublikasının vətəndaşları!

1996-cı il başa çatır. Biz 1997-ci ili qarşılayırıq. 1996-cı il ilə vidalaşaraq, məmnuniyyət hissi ilə deyə bilərik ki, bu il Azərbaycan üçün bəhrəli, uğurlu il olubdur. Azərbaycan Respublikasının dövlət müstəqilliyi möhkəmlənib, inkişaf edibdir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi sahəsində dəyərli tədbirlər həyata keçirilibdir. Bu il Azərbaycan xalqı 1995-ci ilin noyabr ayında qəbul olunmuş Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyası əsasında yaşamış, işləmiş və yaratmışdır. Azərbaycanda demokratik prinsiplər bütün sahələrdə bərqərar olubdur. Azərbaycan iqtisadi islahatlar prosesini sürətlə həyata keçirir və bu sahədə böyük nailiyyətlər əldə edilibdir.

1996-cı il ölkəmiz üçün, xalqımız üçün sülh və əmin-amanlıq ili olubdur. Ölkənin daxilində ictimai-siyasi sabitlik günü-gündən möhkəmlənibdir və insanların rahat yaşaması üçün, əmin-amanlıq şəraitində yaşaması üçün gərəkli imkanlar yaranıbdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, ölkəmizə qarşı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması sahəsində çox işlər görülüb və müsbət nəticələr əldə edilibdir. 1996-cı ildə xalqımız, ölkəmiz sülh şəraitində, atəşkəs şəraitində yaşayıbdır. 1994-cü ildə əldə olunmuş atəşkəs rejimi 1996-cı ildə davam edibdir. İki il yeddi aydır ki, atəş yoxdur, döyüşlər getmir, qan tökülmür.

Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi üçün, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün, böyük sülh yaranması üçün görülən işlər öz nəticəsini verir. 1996-cı ilin sonunda ATƏT-in Lissabon Zirvə görüşündə sülh danışıqlarını sürətlə həyata keçirmək üçün və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək üçün çox tarixi əhəmiyyətli qərar qəbul olunubdur. Bunlar hamısı respublikamızın 1988-ci ildən Ermənistan təcavüzü nəticəsində düşdüyü ağır vəziyyətdən çıxarılması üçün görülən işlərdir. 1996-cı ildə bu sahədə görülən işlər, demək olar ki, yaxşı nəticələr veribdir.

Dünya Birliyində Azərbaycan Respublikasının mövqeləri möhkəmlənib, dünyanın bir çox ölkələri ilə əlaqələrimiz genişlənibdir. Dünya miqyasında Azərbaycan respublikasının nüfuzu günü-gündən artmaqdadır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda fəal iştirak edir. Bu təşkilatlarda və qəbul edilən qərarlarda Azərbaycanın mənafeləri daim müdafiə olunub və müdafiə olunur.

1996-cı ildə Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmlənməsi xalqımızın rahat yaşaması üçün şərait yaradıbdır. Ancaq eyni zamanda, bu sabitliyi pozmağa çalışan, Azərbaycanın dövlət quruculuğuna, ölkəmizdə demokratik proseslərin həyata keçirilməsinə maneçilik göstərən xarici və daxili qüvvələrin hərəkətləri də mövcud olmuşdur. Məmnuniyyət hissi ilə qeyd etmək olar ki, respublikamıza qarşı yönəldilmiş təxribatçı, terrorçu, düşmən qüvvələrin bütün hərəkətlərinin qarşısı alınmış və Azərbaycan vətəndaşlarının hüquqları, onların əmin-amanlıq şəraitində yaşaması təmin edilmişdir.

Respublikamızda həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatımızda müsbət dəyişikliklərin meydana gəlməsini təmin edibdir. 1996-cı ildə ilk dəfə daxili məhsul istehsalı azalmamış, hətta bir qədər - 1,2 faiz artmışdır. Sənaye istehsalının geriləməsi sürəti xeyli azalmış, kənd təsərrüfatı məhsulları istehsalı təxminən 3 faiz çoxalmışdır. Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşu 80 faiz, xarici sərmayə qoyuluşu isə 2 dəfə artmışdır. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatında müsbət meyllərin artıq mövcud olmasını göstərir. Azərbaycanda maliyyə, pul dövriyyəsi sahəsində aparılan tədbirlər və islahatlar öz müsbət nəticəsini vermiş, inflyasiya il müddətində 1 faizdən aşağı olmuşdur. 1994-cü ildə bu, 25 faiz, 1995-ci ildə isə 3 faiz olmuşdur. Milli valyutamızın - manatın dəyəri möhkəmlənmiş, dollara nisbətən onun məzənnəsi 7 faiz yüksəlmişdir.

Bütün bunlar respublikamızda iqtisadiyyat sahəsində aparılan tədbirlərin və iqtisadi islahatların əyani nəticəsidir və bunların sayəsində əhalinin rifah halını yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirmək mümkün olmuşdur. 1996-cı ildə respublikamızda maaşlar, pensiyalar, müavinətlər ümumən 50 faiz, büdcədən ödənilən əmək haqları isə 70 faiz artmışdır. Son illərdə ilk dəfədir ki, respublikamız yeni ilə - 1997-ci ilə artıq təsdiq edilmiş büdcə ilə daxil olur. 1996-cı ildə büdcədə nəzərdə tutulmuş bütün vergilərə və rüsumlara 100 faiz icra edilmişdir.

Şübhəsiz ki, bütün bunlar respublikanın iqtisadiyyatında ilk müsbət addımlardır, müsbət meyllərdir. Ancaq əvvəlki illərlə müqayisə edərkən bizim bunları yüksək qiymətləndirməyə əsasımız var. Çünki, bildiyiniz kimi, son illər, təxminən 1989-cu ildən başlayaraq, Azərbaycanda həmin bu göstəricilər və digər iqtisadi göstəricilər ilbəil mənfi istiqamətdə olmuşdur. İndi isə biz müsbət meyllərin, müsbət nəticələrin şahidiyik.

Bunların hamısı respublikamızın ictimai-siyasi həyatında böyük canlanma yaratmışdır. Mən məmnuniyyət hissi ilə qeyd edirəm ki, ölkəmizin vətəndaşları, xalqımızın tam əksəriyyəti Azərbaycan dövlətinin xarici və daxili siyasətini ürəkdən bəyənir, alqışlayır və bizim bu siyasətimizin, tədbirlərimizin həyata keçirilməsində fəal iştirak edirlər. Bütün bunlar respublikamızı 1997-ci ildə daha sürətlə inkişaf etdirməyə yaxşı əsas yaradır. Mən əminəm ki, biz 1996-cı ildə əldə etdiyimiz nailiyyətlərə əsaslanaraq, 1997-ci ildə daha yüksək sürətlə respublikamızın iqtisadiyyatını inkişaf etdirə bilərik və ölkəmizin vətəndaşlarının rifah halının yaxşılaşmasını təmin edə bilərik. Əziz həmvətənlər, mən sizi əmin edirəm ki, bunun üçün əsas var və biz bunu təmin edə biləcəyik.

Respublikamızda yaranmış ümumxalq birliyi, həmrəyliyi, vətəndaş birliyi Azərbaycan Respublikasının müstəqil siyasət aparması üçün böyük dayaqdır və buna görə də biz beynəlxalq aləmdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq üçün, inkişaf etdirmək üçün çox təsirli addımlar atırıq və bunlar da öz nəticəsini verir. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, indi respublikamızda yüksək əhval-ruhiyyə var. Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, ölkəmizin ərazisinin bir hissəsinin işğal olunmasına baxmayaraq, əhalimizin bir qisminin köçkün vəziyyətində çadırlarda yaşamasına baxmayaraq, insanlar, vətəndaşlarımız gələcəyə nikbin əhval-ruhiyyə ilə baxırlar.

Biz 1996-cı ili bu göstəricilərlə, bu nailiyyətlərlə sona çatdırırıq. Ona görə də hesab edirəm ki, 1996-cı il Azərbaycanın dövlət müstəqilliyi tarixinə böyük nailiyyətlər ili kimi həkk olacaqdır.

1997-ci ildə ölkəmizin qarşısında, dövlətimizin qarşısında böyük vəzifələr durur. Mən əminəm ki, xalqımızın birliyinə və həmrəyliyinə əsaslanaraq, ölkəmizdə yaranmış sağlam ictimai-siyasi əhval-ruhiyyəyə əsaslanaraq, biz bu vəzifələrin öhdəsindən gələcəyik. 1997-ci ildə iqtisadi islahatlar geniş surətdə həyata keçiriləcək, özəlləşdirmə proqramı böyük vüsət alacaqdır. "Torpaq islahatı haqqında" Qanun əməli surətdə həyata keçiriləcəkdir. İnsanların sərbəst yaşaması üçün, sərbəst fəaliyyət göstərməsi üçün daha geniş imkanlar yaranacaqdır. Demokratiyanın, siyasi plüralizmin daha da inkişaf etməsi üçün lazım olan imkanlar yaranacaqdır. İnsanların bütün haqları, hüquqları qorunacaqdır.

Respublikamızın təbii sərvətlərinin və iqtisadi potensialının xarici şirkətlərlə müştərək istifadə olunması üçün, xüsusən neft və qaz yataqlarının müştərək istifadə olunması üçün imzalanmış müqavilələr, yaradılmış birgə müəssisələr artıq öz konkret nəticələrini verəcəkdir. Üzümüzə gələn 1997-ci ildə biz o konkret nəticələrin şahidi olacağıq. Bunlar hamısı ölkəmizin iqtisadiyyatının daha da sürətlə inkişaf etməsinə şərait yaradacaq, əhalinin rifah halının günü-gündən yaxşılaşmasına imkan verəcəkdir. Hesab edirəm ki, gələn ilin təsdiq olunmuş dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmlər 1997-ci ildə əhalinin əmək haqqının artırılması üçün imkanlar yaradır və mən bu barədə lazımi qərarlar qəbul edəcəyəm.

Bir sözlə, bizim əsas məqsədimiz ölkəmizdə sabitliyi, əmin-amanlığı təmin etmək, insanların rahat yaşaması üçün bütün şəraitləri yaratmaqdır. Əhalinin rifah halını yaxşılaşdırmaq üçün əldə olunan əsaslardan, imkanlardan 1997-ci ildə biz tam səmərəli istifadə edəcəyik. Ona görə də mən 1997-ci ilə böyük ümidlərlə, böyük nikbinliklə baxıram və sizi əmin edirəm ki, əziz bacılar və qardaşlar, 1997-ci ildə sizi xoşbəxt günlər, yaxşı günlər gözləyir.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün qəbul edilmiş sənəd 1997-ci ildə bu məsələnin həlli sahəsində təsirli tədbirlər həyata keçirilməsinə böyük imkan yaradır. Bu sahədə biz artıq əməli iş aparırıq və ümidvaram ki, 1997-ci il həmin məsələdə xalqımız üçün, ölkəmiz üçün dönüş ili olacaqdır. Bu ümidlərlə, bu arzularla biz 1997-ci ilə qədəm qoyuruq.

Ölkəmizin müdafiəsində, onun ərazisinin qorunmasında Azərbaycanın Milli Ordusu, Silahlı Qüvvələri keşikdədir. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, Silahlı Qüvvələrimiz öz fəaliyyətini gücləndirib və Azərbaycanın dövlətçiliyini, torpaqlarını, ölkəmizi qorumağa qadirdilər. Bir daha qeyd edirəm, bunlar hamısı bizi 1997-ci ildə daha da yaxşı nəticələr əldə etməyə sövq edir və bizə böyük imkanlar yaradır.

Əziz həmvətənlər, mən sizi qarşıdan gələn 1997-ci il münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət arzulayıram, bütün işlərinizdə uğurlar diləyirəm.

Azərbaycan torpaqlarının müdafiəsində olan, cəbhə bölgəsində Ermənistan silahlı qüvvələri ilə üz-üzə duran döyüşçülərimizə, Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən bütün övladlarımıza Yeni il salamlarımı və təbrikimi göndərirəm.

Azərbaycanın ərazi bütövlüyünün, torpaqlarının müdafiəsində, müstəqilliyinin və milli azadlığının əldə edilməsi uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin ailələrini xüsusi salamlayıram, Yeni il münasibətilə onları ürəkdən təbrik edirəm.

Respublikamızın ərazi bütövlüyünün müdafiəsi iştirakçılarını və torpaqlarımızı qoruyarkən fiziki zərər çəkmiş, şikəst olmuş və çətin vəziyyətdə yaşayan vətəndaşlarımızı xüsusi salamlayıram, Yeni il münasibətilə onları ürəkdən təbrik edirəm.

Yeni il salamlarımı və təbriklərimi veteranlara çatdırıram. Veteranlar - Azərbaycanın hörmətli insanları, ağsaqqalları cəmiyyətimizdə həmişə çox böyük rol oynamışlar və bu gün də rol oynayırlar. Onların hamısına cansağlığı, uzun ömür arzulayıram.

Azərbaycanın gələcəyi bizim gənclərə məxsusdur, gənclərin əlindədir. Müstəqil Azərbaycan dövlət müstəqilliyinin altıncı ilinə qədəm qoyubdur. Qarşımızda böyük yol var. Əminəm ki, xalqımız böyük çətinliklərlə əldə etdiyimiz dövlət müstəqilliyinin qorunub saxlanmasında bundan sonra da fədakar olacaqdır, öz səylərini əsirgəməyəcəkdir. Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır. Bu Yeni il axşamı Azərbaycan gənclərini ürəkdən salamlayıram, onlara səadət, xoşbəxtlik arzulayıram.

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, bir daha hamınızı Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə səadət və xoşbəxtlik arzulayıram. Hər bir evdə, hər bir ailədə bu Yeni il axşamı şən, xoşbəxt əhval-ruhiyyə olmasını arzulayıram. Mən sizinləyəm. Sizin mənə göstərdiyiniz etimad, mənim prezidentlik fəaliyyətimi dəstəkləməyiniz, onu müdafiə etməyiniz, mənə məhəbbətiniz mənə daha da güc verir, daha da çox inam verir və bu inamla biz sizinlə birlikdə ilbəil irəli gedəcəyik.

Yeni iliniz mübarək olsun.

"Azərbaycan" qəzeti, 3 yanvar 1997-ci il