Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Niçimen" şirkətinin vitse-prezidenti İto Şunro ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 24 fevral 1998-ci il


Hörmətli cənab Şunro!

Mən sizi və şirkətin digər nümayəndələrini mehribanlıqla salamlayır, Sizə dərin hörmətimi və ehtiramımı bildirirəm. Mənim Yaponiyaya ilk rəsmi səfərimi tarixi bir hadisə hesab etdiyinizə və bu səfərin Yaponiya-Azərbaycan əməkdaşlığının inkişafında yeni mərhələ açacağım qeyd etdiyinizə görə sizə təşəkkür edirəm.

"Azərkimya" Dövlət Şirkəti ilə "Niçimen" arasında sıx əlaqələr yaradıldığını, əldə olunmuş razılığa əsasən Yaponiyanın İxrac-İdxal Bankı Sumqayıtdakı etilen-polietilen zavodunda EP- 300 qurğusunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 75 milyon ABŞ dolları məbləğində ən güzəştli kredit ayrıldığını, "Niçimen" bu layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün imkanlarından istifadə edəcəyini, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsi üçün şirkətin yeni təklifləri barədə verdiyiniz məlumatlardan xəbərim var.

"Niçimen" şirkəti ilə Azərbaycan arasında yaranmış əlaqələrdən məmnun qaldığımı bir daha bildirirəm.

Cənab Şunro, mən sizinlə Bakıda keçirdiyimiz görüşü, apardığımız danışıqları razılıqla xatırlayıram. "Niçimen" şirkətinin energetika sahəsində də müəyyən təcrübəyə malik olduğunu bilirəm. Bu sahədə də əlaqələr qurmaq üçün şirkətin hazırladığı külək elektrik stansiyasından istifadə olunması təklifini bəyənirəm. Söylədiyiniz bu və digər fikirlərə görə sizə təşəkkürümü bildirirəm. Azərbaycan ilə "Niçimen" arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə layihələrin diqqətlə öyrənilməsi üçün ikitərəfli mütəxəssislər qrupu yaradılmasını vacib hesab edirəm. Respublikamız "Niçimen" şirkəti ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət və maraq göstərir.